DAHA.az Simran Qədimin “Aqibət muzeyi” yazısını təqdim edir.
Hörməti Nobeldən az olmayan “Booker” mükafatı laureatı Culian Barnsın “Aqibət duyğusu” romanında Toni öz həyat hekayəsini danışır. Romanın sonlarına doğru məlum olur ki, onun nəql etdikləri heç də həqiqəti tam əks etdirmir. Yaddaş və zaman çox şeyi təhrif edib: nələrsə unudulub, nələrsə yanlış xatırlanıb.
Hörməti hörmət olan Nobel mükafatçısı Orxan Pamukun “Məsumiyyət muzeyi” əsəri əsasında çəkilmiş serialın ilk səhnəsi mənə məhz bu məqamı xatırlatdı. Toni kimi Kamal da öz həyat hekayəsini danışır. Amma oxucuya yox, müəllifə – Orxan Pamukun özünə!..
Aydın məsələdir, yaddaş və zaman Kamaldan da çox şeyi qoparıb. Üstəlik, Kamal bir çox məqamları qəsdən təhrif edə, bəzi sirləri gizlədə bilər. Serialın bu ilk səhnəsindən belə bir zəncirvari nəticə çıxır: Kamal başına gələnləri Pamuka danışır, Pamuk onun dediklərini romana çevirir (hadisələr yenə təhrif olunur), rejissor isə roman əsasında serial çəkir (növbəti təhrif, interpretasiya).
Digər tərəfdən, elə ilk səhnədəcə qat-qat fiksiyaya (yenidən qurulma) məruz qalmış hekayəni izləyən tamaşaçı təəccüblənir, çaşqınlıq keçirir. Ekranda iki nəfəri görürük: serialın qəhrəmanı Kamalı və müəllif Pamuku. Müəllif öz hekayəsində məhz özü kimi zühur edib beyinləri yandırır.

Beləliklə, bir həyat hekayəsi sanki üç fərqli süzgəcdən – Kamalın yaddaşından, Pamukun qələmindən və rejissorun kamerasından keçir. Postmodern dillə desək, təkrar-təkrar emal olunan fiksiya metafiksiyaya çevrilir. Gerçəkliklə yaddaşın, yazı ilə təxəyyülün, müəlliflə qəhrəmanın sərhədləri bir-birinə qarışır; iç-içə keçmiş qapalı dairələr intellektual girdab yaradır.
Bu məqamda romanı – Pamukun müəllif kimi ustalığını vurğulamaq vacibdir. Pamuk düşüncə sərhədlərini genişləndirən unikal uzun cümlələri ilə bizi yaddaş labirintlərinə salır. İlk baxışda primitiv görünən melodramatik eşq hekayəsinin fonunda Qərblə Şərq arasında vurnuxan Türkiyənin mədəni-psixoloji ikililiyi, burjua sinfindəki mənəvi boşluqlar ironik baxışla tənqid edilir. Bu çoxşaxəlilik hadisələr yumağını dərinləşdirir, çoxyozumlu edir. Melodramatik süjet Pamukun məharəti ilə sosial-fəlsəfi dərinliyə malik sofistik-obsessiv əsərə çevrilir.
Bəlkə də, elə bu mürəkkəbliyə görə həm “Aqibət duyğusu”, həm də “Məsumiyyət muzeyi” kinematoqrafik adaptasiya olaraq deyil, məhz ədəbi mətn kimi daha uğurludur. Çünki yaddaşın labirintləri ekranın çərçivələrinə sığmayacaq qədər qarışıqdır, dolanbaclıdır.
Xüsusən də, bu yaddaş əşyalarda gizlənibsə…




