Anna Şrifl: “Silikon Vadisi yoqa kimi stoikliyi də satır” – Müsahibə

Daha.az Yunan fəlsəfəsi sahəsində mütəxəssis olan Humboldt Universiteti akademiklərindən Anna Şriflin müsahibəsini təqdim edir. 

Onların köhnə kapitalistlər kimi idman maşını kolleksiyaları yoxdur, əvəzində kənddə fermada yaşayırlar. Səhər gəzintisinə çıxmaqlarını belə ictimailəşdirərək ekzistensial dərinlik illüziyası yaratmağa cəhd edirlər. Stoik həyat tərzinin mahiyyətini izah edən əsərlər, müasir “ağ yaxalıqlı” təbəqənin, xüsusilə də maliyyə və texnologiya təşəbbüskarları ilə fərdi inkişaf mütəxəssislərinin marağına səbəb olub.
Nə baş verdi ki, Mark Avreli birdən-birə idarəçilərin favoriti oldu?
Və ya bu dəqiqə biznes mühitinin özünə məşğuliyyət tapmaq üçün paylaşdıqları düşüncələr, həqiqətən də, Stoisizmi ifadə edirmi?

Helena Şefer: Son illərdə Stoik fəlsəfəsindən qidalanan əsərlərin sayında kəskin artım müşahidə olunur. Onların arasında “Amazon”un ən çox satılanlar siyahısına daxil olanlar belə var. Maliyyə və texnologiya dairələri bu kitabları maraqla mütaliə edirlər. Bəs Stoik təfəkkür məktəbini “ağ yaxalıqlı” təbəqə üçün cəlbedici edən nədir?

Anna Şrifl: Bu, mənim üçün maraq kəsb edən bir fenomendir. Əvvəllər mənim tədqiqat sahəmə maraq göstərən çox az adam vardı – sonra birdən-birə bütün dünya Stoik təfəkkürdən bəhs etməyə başladı. Vəziyyət o yerə çatıb ki, Stoik fəlsəfəyə əsaslanan bir fərdi inkişaf kitabı yazmaq, artıq açıq-aşkar bir biznes modelinə çevrilmiş kimi görünür. Hər həftə heyrətamiz sayda kitab nəşr olunur və bu kitabların bir hissəsi də sürətlə “Amazon” siyahılarına daxil olur.

Düzünü demək lazımdırsa, maliyyə və ya texnologiya sektorunda işləyənlərin Stoik düşüncəyə maraq göstərməsinin yeganə səbəbi onların uğur qazanmaq vəsvəsəsidir. Məsələ çox sadədir. Stoik fəlsəfə onlara uğurlu bir fiquru, Roma imperatoru Mark Avrelini təqdim edir – tərkibində təsirli şəxsiyyətlər olan bir təfəkkür məktəbi həm işçilər, həm də rəhbərlər üçün həmişə maraqlıdır. Onlar yunan filosoflarının yazdıqlarını oxumurlar, heç bilmirlər də, lakin imperatorun hər bir kəlamını sözbəsöz əzbərləyir, sonra bunları iclaslarda, işgüzar dairələrdə işlədirlər. Elə bu marketinq möcüzəsinin arxasındakı səbəb də bu deyilmi? Məsələn, bu sahədə populyar müəllif olan Donald Robertsonun nəşr olunan son kitabının adı “Roma İmperatoru Kimi Düşünmək”dir (2019).

HŞ: Belə olan halda demək olarmı ki, Stoik fəlsəfə keçmişdə olduğu kimi bu gün də zənginlər və güclülər tərəfindən təqdir edildiyi üçün, eyni zamanda, qeyri-bərabər sərvət bölgüsünü legitimləşdirməyə də xidmət edir? Nəticədə, Stoiklər kainatın özünəməxsus bir nizamla fəaliyyət göstərdiyinə, insanın da öz taleyinə tabe olmasının zəruriliyinə inanırdılar. Bu motiv hətta müasir ədəbiyyatda belə təzahür etmirmi?

AŞ: Texnologiya mühitində Stoikliklə bağlı tanınan Rayan Holidey də bu düşüncə tərzinin bir davamçısıdır. Onun fikrincə, insanın kral və ya kölə olmasının fərqi yoxdur, istəyirsən həbsdə ol, istəyirsən azadlıqda, hər ikisi üçün də çətinlik eynidir. Mənim fikrimcə, o, bəzi məqamları olduqca yanlış təfsir edib. Amma yenə də öz dünyagörüşünü əsaslandırmaq üçün niyə Stoik fəlsəfədən kömək istədiyini başa düşürəm. Stoik filosoflar xoşbəxtliyin bir seçim olduğunu, ən qaranlıq zindanda belə ləyaqətli bir həyat sürə biləcəyimizi deyirlər, çünki ehtiyac duyduğumuz hər şey öz əlimizdədir. Fəqət, Stoik fəlsəfənin antik dövrdə yuxarı təbəqələrə, məsələn, Neron və Domisian kimi imperatorlara qarşı inkişaf edən siyasi müqavimət hərəkatları vasitəsilə yayıldığını unutmamalıyıq. Xoşbəxtlikmi istəyirəm? Onda ədalətsizliyə və ya sosial-iqtisadi şərtlərdəki bərabərsizliyə qarşı etiraz səsimi ucaltmaq, əlbəttə ki, mənim vəzifəmdir.
Məncə, dünyanı dərk etdiyini iddia edən və bununla fəxr edən bir fərd, ilk növbədə, əksər cəmiyyətlərin ədalətsiz prinsiplər üzərində qurulduğunu qəbul etməlidir. Və cəmiyyətlərin bu şəkildə qurulmasının səbəbi bir sıra təsadüflər deyil, bizim, yəni bəşər övladının etdikləridir. Beləliklə, “Stoik mövqe” bütün güc münasibətlərini sorğu-sualsız qəbul etmək deyil.

HŞ: Bəs texnologiya və maliyyə rəhbərlərinin Stoik fəlsəfədən gözləntisi nədir?

AŞ: Zənnimcə, gözləntiləri işçilərin özünü optimallaşdırmasıdır. Və bu, iş yerində daha məhsuldar, daha rəqabətədavamlı olmaq deməkdir. Antik dövr stoikləri fərdin öz xarakterinə görə məsuliyyət daşıdığını vurğulayırdılar. Silikon Vadisi və Voll-Strit stoikləri isə insanın öz uğuruna və ya uğursuzluğuna görə məsuliyyət daşıdığını söyləyirlər. Əslində, bunu başa düşmək olar. Çünki Stoiklərin dediklərini götürüb asanlıqla ofis həyatına uyğunlaşdırmaq olur. Yəni, müdirlər üçün bu, özünü təkmilləşdirməyə yarayan alət sandığıdır. Məsələn, bir az əvvəl bəhs etdiyimiz kitablarda deyilir ki, uğursuzluq qarşısında cəsarətimizi itirməməli, əksinə, soyuqqanlılığımızı qoruyaraq (buna “stoik xarakter” deyirlər) əzmlə davam etməliyik. Uğursuzluqlarınızı “aqressiv” şəkildə idarə etmək istəyirsinizsə, onda Stoik fəlsəfənin prinsiplərini tətbiq edə bilərsiniz və mövcud üsullar işə yaramasa, “Yaxşı, əgər belədirsə, mən də növbəti mərhələyə keçirəm” deyə bilərsiniz.

Bu şərhin başqa bir tərəfi də zamanın idarə edilməsidir. Yəni bir dəqiqəni də boşa verməmək, günləri ən səmərəli şəkildə qurmaq lazımdır. Lakin antik dövr stoiklərinin belə bir qayğısı yox idi. Onlar çox pul qazanmaq üçün günü planlaşdırmırdılar. Lakin Rayan Holideyə görə, qidalanmağınızı tənzimləməli, imkan daxilində fasiləli aclığı təcrübədən keçirməli və elektron poçtlarınızı yalnız saat on birdən sonra yoxlamalısınız. Əslində, bunlar olduqca adi tövsiyələrdir, yəni bunları düşünmək üçün kiminsə sözünə ehtiyac yoxdur. Lakin mövzu Yunan-Roma etiketi ilə “paketlənəndə”, yeni bir ixtira kimi cəlbedici ola bilir.

HŞ: Bəs nə üçün məhz Yunan-Roma?

AŞ: İncil və ya digər müqəddəs mətnlər əvəzinə məhz bu dövrə istinad edilməsini təsadüfi saymıram. Qərb kimliyinin inşasında Yunan-Roma Antik Dövrü həmişə Xristianlığa qarşı bir alternativ funksiyası daşıyıb. Hazırda da qarşımızda adətən ateist olmaqla qürur duyan, sekulyar fərdlər var. Bu, həmişə belə olub: əgər fərd özünü ateist sayırsa və ya ateist olmasa da, dinlə əlaqəsinin olmadığını vurğulamaq istəyirsə, özünü Xristian ənənəsinin deyil, Yunan-Roma ənənəsinin içinə yerləşdirir.

HŞ: Fəqət, Stoik fəlsəfədə ateizmdən bəhs etmək mümkün deyil. Əksinə, orada hər şeyi əhatə edən və kosmosla bir olan ilahi idrakdan söz açılır. Onda, Stoik təfəkkürlə ateizm arasında niyə belə bir əlaqə qurulub?

AŞ: Stoiklərin ateist olmadığı doğrudur. Lakin görünən odur ki, Stoik fəlsəfə müasir dövrün dominant dünyagörüşü ilə olduqca uyğundur. Mənə qalsa, qurulan bu rabitənin səbəblərindən biri Stoikliyin çağdaş həyatın ehtiyaclarına uyğun tərzdə yenidən yozulmasıdır. Məsələn, tez-tez Stoiklərin materialist olduğunu oxuyuruq, lakin bu, geniş yayıldığı qədər də yanlış bir nəzəriyyədir. Düzgün olan budur ki, onlar dualist deyildilər. Onlar Platonun transsendental dünya ideyasını rədd edirdilər. Lakin onlar nə qədər əllə tutulan reallıqları müdafiə etsələr də, hər şeyin ilahi bir nizama və ağıla tabe olduğunu da qəbul edirdilər. Stoik filosoflara görə, kainat orqanik bir bütövdür, canlı bir varlıqdır. Və onlar bu ilahi ağıla “Zevs” adını verirlər. Beləliklə, dini tamamilə irrasional bir fenomen olaraq qəbul edən müasir ateistlərlə antik dövr stoikləri arasında bu aspektdən heç bir ortaq nöqtə mövcud deyil.

HŞ: Stoik fəlsəfə etik, fiziki və məntiqi konsepsiyalardan ibarət əhatəli bir təfəkkür sistemi təqdim edir. Bəs Stoikliyi bu kosmoloji çərçivədən təcrid etdikdə, ondan geriyə nə qalır?

AŞ: Stoiklərin Sokratın ölümündən sonra fəlsəfəni (fizika və məntiqlə birlikdə) Platon və Aristoteldən fərqli bir istiqamətə yönəldərək fəlsəfi düşüncəni yaymaqları belə özlüyündə çox böyük uğurdur. Lakin görünür ki, kiminsə fəlsəfəsini götürüb, arzuolunmaz tərəflərini təmizlədikdən sonra qalan hissəni mənimsəmək bəziləri üçün funksional üsuldur. Mənim üçün burada əsas sual bütün bunların qədim Stoikliklə əlaqəsinin olub-olmamasıdır. Məncə, burada bir fərqləndirmə aparmaq zəruridir. Rayan Holideyin təqdim etdiyi və texnologiya dünyasının da tənqidsiz şəkildə mənimsədiyi şeylərin həqiqi Stoikliklə heç bir əlaqəsi yoxdur. Bunlar, sadəcə Stoik mütəfəkkirlərdən gətirilən sitatlarla bəzədilmiş, əksər hallarda isə absurd praktikalara gətirib çıxaran fərdi inkişaf kitablarıdır.

Elizabet Holmsa baxaq. 2015-ci ildə qan testinə əsaslanan bir biotexnologiya startapı ilə tarixin ən gənc milyarderinə çevrilən Holms öyünərək danışırdı ki, daim yanında Mark Avrelinin “Düşüncələr” kitabının bir nüsxəsini daşıyır. Hazırda isə o dələduzluqla həm müştəriləri, həm də investorları aldatmaqda təqsirləndirilir və məhkəmə qərarı nəticəsində onilliklər boyu azadlıqdan məhrum edilə bilər. İnkişaf etdirdiyi iddia edilən “inqilabi” texnologiyanın isə başdan-başa yalan olduğu üzə çıxdı. Stoik əxlaq paradiqmasından bundan daha uzaq bir davranış ola bilməz. Holms üçün hər şey onu uzaqgörən bir təşəbbüskar kimi göstərməyə xidmət edən sadə bir vasitə idi. Lakin elə məhz bu hərəkət dünya haqqında yanlış bir qənaətə gəlməmək üçün ilk növbədə biliyə çatmağı şərtləndirən Stoik fəzilət prinsipinin tam antitezisidir.

Bununla bərabər, müsbət misallar da vardır. İnsanların özünü Stoik hesab etdiyi yeganə sahə maliyyə və ya texnologiya deyil. Elə insanlar var ki, onlar həqiqətən də Stoikliyi mümkün qədər öz həyatlarına tətbiq etməyə çalışırlar. Məsələn, Stoik təfəkkürünün emosiyalara olan yanaşmasını təhlil edək. Bu, əksər fərdlər üçün funksional həllər təklif edə biləcək bir mövzudur – əlbəttə ki, lazımi səviyyədə idrak edilərsə. Əgər emosiyalarımızın təməlində əslində mühakimələrimizin dayandığını və mühakimələrimizi dəyişdirə biləcəyimizi idrak etsək, bunu da anlamış olarıq: Fikirlərimizi dəyişmək bizim əlimizdə olduğu üçün, özümüzü heç bir məntiqi əsası olmayan əzabdan, qorxudan və arzulardan xilas edə bilər, qısqanclıq kimi heç bir müsbət tərəfi olmayan duyğuları həyatımızdan çıxarmaq üçün özümüzdə güc tapa bilərik. Həmçinin, buna nail olmaq üçün Stoik məntiqini tamamilə bilmək zərurəti yoxdur. Buna görə də, özünü Stoik kimi təqdim edənlərin müdafiə etdiyi kimi, sistem necədirsə, elə də olmalıdır və ondan xilas olmaq üçün əlimizdən heç nə gəlmir iddiası, məncə, əsl həyasızlıqdan başqa bir şey deyil. Konkret nümunə görmək istəsəniz, Koqnitiv Davranış Terapiyasına baxmaq kifayətdir. Bu terapiya, Stoik əxlaq fəlsəfəsindən alınmış müəyyən prinsiplərə söykənir və həqiqətən də, olduqca müsbət nəticələr verir.

HŞ: Silikon Vadisi və ya Voll-Strit xaricindəki bu müasir Stoiklər kimlərdir?

AŞ: Amerika Birləşmiş Ştatlarında bu mövzu ətrafında müzakirə aparanların əksəriyyəti olduqca sıravi insanlardır. Nümunə olaraq, “New York City Stoics” adlı bir forum qrupu ilə tanış olmaq fürsəti əldə etdim. Onlar texnologiya və maliyyə mərkəzli Stoiklikdən çox fərqli bir mövqedə idilər. Hətta tamamilə şəxsi uğura yönəlmiş bu psevdo-hərəkatı “S” əvəzinə dollar simvolu ilə “$toicism” olaraq adlandırırlar. Digər fərqləndirici cəhətləri isə Stoikliyi mənimsədiyini iddia edənlər arasında sürətlə yayılan və “ağ kişinin” üstünlüyünə əsaslanan “bro-icism” hərəkatından özlərini ayırırlar.

Bəhs etdiyim “New York City Stoics” qrupu özündə fərqli şəxsiyyətləri birləşdirir. Məsələn, onlar Pyer Hadonu (Pierre Hadot) və Stoiklərlə bağlı aparılmış akademik tədqiqatları müzakirəyə çıxarırlar. Əlavə olaraq, Stoik təfəkkürünün prinsiplərini əsas götürərək fərdlərarası həmrəyliyi təmin edən onlayn qruplar da var. Tutaq ki, kimsə ailə üzvünü itirib. Bununla bağlı bir mesaj paylaşılır və qrup üzvləri mesaja, ölümü bir faciə kimi deyil, təbii bir proses kimi qəbul etməyin vacibliyini vurğulayaraq cavab verirlər. Heç kim şəxsi təfərrüatlarla maraqlanmır. Bitmiş bir dostluğa, ya da münasibət çətinliklərinə olub-keçənlər üzərindən deyil, məsələnin kökü baxımından yanaşırlar. Onlayn platformalarda gördüyüm bu səmimi və konstruktiv təfəkkür tərzi mənə həqiqətən çox təsir edir. Nəticə etibarilə, bunların hamısı bir növ psixoloji dəstək qrupudur, lakin fərqləri Stoik filosofların tövsiyələrini əsas götürmələridir.

HŞ: Yaxşı, bəs bu fəlsəfədən ancaq “fərdi inkişaf” üçün istifadə etmək, əslində, onu mövcud sistemin bir alətinə çevirmirmi?  Bu formada o, insanları öz vəziyyətlərindən məmnun qalmağa və daha məhsuldar olmaq üçün yollar axtarmağa sövq etmirmi? Əgər elədirsə, neoliberalizmin Stoikliyi assimilyasiya etdiyini iddia etmək olarmı?

AŞ: Bəli, biznes modelinin həmişə eyni olduğu doğrudur: oxucuları motivasiya etmək və onları daha yaxşı istehlakçılara çevirmək. Və bütün bu praktik həyat bələdçiləri eyni zamanda kapitalizmin pozulmuş imicini bərpa etməyə cəhd göstərirlər. Bu, açıq-aşkar bir problemdir, çünki son illərdə şirkətlərin əsas dərdi kapitalizmi daha məqbul bir hala gətirməkdir. “Greenwashing” fenomeni buna ən yaxşı misallardan biridir. Onların ritorikasının yeganə məqsədi sizə satdıqları məhsullara görə özünüzü pis hiss etməməyinizi təmin etməkdir. Bu kremi istifadə edirsiniz? Şirkət sizə onun ekoloji prinsiplər əsasında istehsal olunduğunu bəyan edir, yaxud ayağınızdakı “Nike” ayaqqabısı birdən-birə “davamlı” olur, çünki onun istehsalında okeandan çıxarılan bir ədəd plastik butulkadan istifadə olunub.

Məncə, Rayan Holidey üslubundakı Stoiklik də bu fenomendən fərqlənmir. Mahiyyət etibarilə, o və onun oxucu kütləsi ortastatistik bir kapitalistdən fərqlənmir. Satmaq istədikləri məhsullardan mənfəət əldə etmək istəyirlər, lakin bu məhsulları ticari bir əmtəə kimi təqdim etmək primitiv göründüyü üçün, onları mənalı bir həyat tərzinin atributu kimi təqdim edirlər. Onların köhnə kapitalistlər kimi idman maşını kolleksiyaları yoxdur. Əvəzində kənddə fermada yaşayırlar. Səhər gəzintisinə çıxmaqlarını belə ictimailəşdirərək ekzistensial dərinlik illüziyası yaratmağa cəhd edirlər. Yoqa düşərgələri və meditasiya mərkəzləri hansı məqsədlə marketinq edilirsə, Stoik fəlsəfə də eyni məqsədlə marketinq edilir. İnsanların psixoloji problemlərinin səbəbi çox vaxt iş şəraitidir, lakin heç kim bu şəraiti dəyişdirməyə təşəbbüs göstərmir. Çünki iş qanunlarını humanistləşdirmək əvəzinə, işçiləri axşamlar yoqa və ya meditasiya emalatxanalarına dəvət etmək daha asandır.
Tərcümə etdi: İbrahim Aziz

OXŞAR XƏBƏRLƏR