Anna Karenina boşansınmı? – Qismət

Daha.az Cefri Yevgenidesin “Evlilik əhvalatı” romanı haqqında Qismətin yazısını təqdim edir.

 

Çağdaş Amerika yazıçısı Cefri Yevgenidesin “Evlilik əhvalatı” romanındakı praqmatik və romantik kimliklərin qarşıdurmasını təhlil etməyə çalışarkən “evlilik” motivinin ingilisdilli ədəbiyyat tarixində keçirdiyi transformasiyalara baxmaqda fayda var.

“Evlilik” motivi üzərində qurulmuş bədii əsərlərin şəcərəsini roman janrından əvvəlki dövrə qədər aparmaq olar. Ancaq biz bu burada roman-öncəsi dönəmi yox, roman janrının ortaya çıxaraq təşəkkül tapdığı epoxaları əsas götürəcəyik. Bu baxımdan, sözügedən mövzunun ingilisdilli ədəbiyyatdakı ilk nümunəsini Samuel Riçardsonun “Pamela və Fəzilətin mükafatı” romanı hesab edənlər çoxdur. Riçardsonun 1740-cı ildə çap olunan romanı 15 yaşlı Pamela və ona elçi düşən Cənab B arasındakı məktublaşmalar üstündə qurulub; bu əsər anqlo-amerikan ədəbiyyatındakı ənənəvi romantik romanların başlanğıcı hesab edilir. Burada daim ertələnən, birləşmə anında hadisələrin yenidən geriyə dartıldığı bir mexanizm var. Əsərin finalındakı xoşbəxt sonluq üçün bu mexanizm vacibdir; çünki əvvəldən axıra qədər həm sinfi, həm də cinsi mənada qeyri-bərabər qüvvələrin mübarizəsi şəklində yazılmış romanda əvvəlcə qadın fəziləti ilə kişinin inadkarlığı arasındakı qarşıdurma erotikləşdirilir, axırda isə ictimai normalara uyğun olan evlilik iyerarxiyasında kişinin “ağa”, qadının isə “kölə” rolunda izdivacı baş tutur.

“Pamela” romanının birinci hissəsində məqsədə gedən yoldakı ümidsizlik patriarxal, kişi ehtirasının maddiləşmiş, ətə-qana gəlmiş forması olan Cənab B kimliyində ümumiləşdirilib; onun instinktiv şəkildə öz mənliyini qoruyan Pamelaya olan istəyi cavabsız qalır, buna görə də qızı yoldan çıxarmaq üçün atdığı hər addım onu daha çox depressiyaya salır. Qəhrəmanların münasibətləri arasındakı dramatizm, gərginlik artdıqca, təkcə Cənab B-nin yox, oxucunun gözləntiləri cavabsız qalır.

Cefri Yevgenides

İkinci hissədə romanın kişi qəhrəmanı Cənab B-nin ümidsizliyi onu var gücüylə, bütün varlığıyla cəzb etməyə və onu tam mənada öz arzularının köləsinə çevirməyə yönəldiyi üçün hadisələr daha da gərginləşir. Romanın dönüm nöqtəsi, əslində, Pamelanın da əvvəldən Cənab B-ni istədiyini anlamasıdır. Beləliklə, qadın onu məhkum edənə, köləyə çevirənə aşiq olur. Riçardson bu modellə bu günə qədər müxtəlif formalarda istifadə edilən bir proto-model yaradıb.

XX əsrdə bu mövzuya – evlilik temasına müraciət edən Henri Ceymsə və Virciniya Vulfa baxanda məlum olur ki, Ceyn Ostinin təsiri heç də Riçardsondan az olmayıb. Belə ki, Ostin ənənəvi evlilik anlayışına altdan-altdan tənqidi yanaşa bilirdi. Ostin Riçardsonun formal cəhətlərini dəyişdirərək çoxsaylı yeniliklər gətirib, alternativ bir model yaradıb.

1813-ci ildə Ceyn Ostinin ən məşhur romanı “Qürur və qərəz” çap edildi. Elizabet Bennet və Cənab Darsinin sevgi əhvalatından bəhs edən bu roman da ilk baxışdan ənənəvi modeldədir: əvvəlcə ümidsizlik, yanlış anlaşılmalar, sonra isə xoşbəxt sonluq. Bundan başqa səhv seçilmiş partnoylar (Mister Kollins və Vikhem), sinfi əngəllər (Bennetin orta təbəqədən olması), vasitəçilik edib işə qarışan valideynlər (Bennetin anası onu Kollinslə evləndirmək istəyir) hamısı ənənəvi xəttin elementləridir. Lakin zahiri qatdakı bu elementlərdən başqa Ostində özündən əvvəlki müəlliflərdən tamam fərqli bir cəhət var: onun qadın qəhrəmanları evliliyin məsuliyyətini öz üzərlərinə götürürlər. Bu, ciddi mərhələdir. Əslində, çağdaş feministlər məhz bu məqama görə Ostini bir az da anaxronist mübaliğə ilə proto-feminist hesab edirlər. Ostinin qəhrəmanları evliliyi məcburi görmək baxımından ənənəni davam etdirsələr, seçimlərinə, yəni bu seçim haqqını özündə saxlamaq və öz kimliyinə sahib çıxmaqla ənənəyə tənqidi yanaşdığını sezdirir.

XIX əsrin sonraları, XX əsrin əvvəllərində qadın haqları sahəsində ciddi irəliləyişlər baş verdi. Boşanma, qadınların səsvermə hüququ kimi məsələlərdəki dəyişikliklər qaçılmaz şəkildə sənətin bütün sferalarına öz təsirini göstərdi. Bu dövrdə çoxsaylı etirazlar, müzakirələr, nümayişlər dalğası başladı. Əvvəllər müzakirə edilməyən, yaxud qapalı yerlərdə müzakirə edilən məsələlər açıq səslə, ictimai müzakirəyə çıxarıldı. Məsələn, Britaniya və Amerikada qadınlarla kişilər arasındakı qeyri-bərabərlik, qadınların təhsil haqqı ilə bağlı xeyli panel təşkil edildi.

Virciniya Vulfa
Virciniya Vulfa

XIX əsrin sonlarında “evlilik böhranı” adı altında qadınların problemlərini ictimailəşdirən qadınlara “Yeni qadınlar” adı qoyulmuşdu. Əvvəllər etiraf edilməyən, üstü örtülən, ənənəyə və ətrafın qınağına görə boşanmadan başına gələnlərə dözən qadınlar özlərini ifadə etməyə başladılar. Geniş ictimaiyyət də, sosioloqlar da, sənətçilər də evlilik qurumundakı çatları görməyə başladıqca, get-gedə ənənəvi sevgi hekayələrindəki ideal münasibət dəyərdən düşdü. Bu, ənənədən qopma məqamıdır. Evlilik mövzusunda ənənədən qopmaq barəsində yazan ilk böyük ustalar Henri Ceyms və Virciniya Vulf hesab edilir.

Evliliklə bağlı kompozisiyada, süjetdə klişelərdən, məhdud qəliblərdən xilas olmaq üçün təhkiyənin strukturunda yeniliklər etməyə ehtiyac vardı. Burada əvvəla ənənəvi kişi-qadın iyerarxiyasında kişinin dominant və güclü roluna alternativ olan güclü qadın modelləri yaradılmalıydı. Beləcə, müstəqil, güclü, düşünən və mübariz qadın obrazları yaradılmağa başlandı.

Henri Ceymsin “Qızıl kasa” romanının əsas qadın qəhrəmanı Meggi Drayv öyrənir ki, əri onu rəfiqəsi Şarlotta ilə aldadır. Amma o bu xəbəri eşidəndə özünü qurban, bədbəxt hesab etmir. Əksinə hadisəyə çox praqmatik və ağıllı yanaşır, düşünür ki, mən zəngin, öz ayaqları üzərində duran bir qadınam. Ceyms burada əvvəlki romanlarından fərqli olaraq sosial statusu da baş-ayaq edir. Əgər əvvəlki romanlarda, məsələn, Riçardsonda qadınlar zəngin ər axtarırdılarsa və bu işdə çox vaxt anaları vasitəçi olurdusa, “Qızıl kasa”da tərsinədir, bu dəfə kişi yüksək sosial statusa və var-dövlətə sahib olmaq üçün anasının bəyəndiyini alıb.

Ənənədən qopan bu yeni romanlar oxuculara yalançı xoşbəxt sonluq yox, daha real mənzərə göstərməyə çalışırlar. Bu məqamda evlilik mövzusuna ənənəvi yanaşan romanlardan fərqli ikinci cəhət üzə çıxır: Riçardson tərzi ənənəvi romanlarda əsərin finalı, adətən, eyni cür olurdu – xoşbəxt sonluq, ənənədən qopan yeni romanlarda isə final açıq ucludur, müəllifin hökmü geri plana çəkilib. Əsər viktorian ənənələrindən qopmasını elə başlanğıcdaca göstərir, əsər evliliklə bitmir, evliliklə başlayır, yəni artıq onun mövzusu evlilik baş tutandan sonranın problemləridir.

Henri Ceymsin yaradıcılığı ilə birlikdə evlilikdən bəhs edən əsərlərin repertuarına boşanma ehtimalı da daxil oldu ki, bu, tədqiqatçıların fikrincə, növbəti mərhələnin başlanğıcıdır. Ceymsin tənqidçiləri şoka salmasının səbəbi açıq uclu romanı kəşf etməsi və evlilik temasını boşanma ehtimalının qapısına qədər gətirməsiydi. Bu, Ostindən fərqlidir, onun əsərlərini “evlilik qiyaməti” adlandıra bilərik, çünki burada kompozisiya dünyasının axırı – qiyaməti evliliklə yekunlaşır. Henri Ceyms isə bir addım da atır və qiyamət qopur. Ostinin cəmiyyət üçün cilaladığını Ceyms darmadağın etdi ki, evliliyin içindəkiləri danışa bilsin.

Henri Ceymsin açdığı cığırda addımlayan Virciniya Vulfun “Missis Dollovey” romanıyla yeni mərhələni başlatdı. Artıq Ceyms sonrası dövrdə evliliyin daxilində baş verənlər, üstəlik, bu prosesin subyekti olan qadın və kişinin beynindən keçənlər romanın əsas mövzusuna çevrildi. Müəllifin obyektivi artıq həm evlilik sonrası evin, həm də qəhrəmanların içinə tuşlandı.

Virciniya Vulfun “Missis Dollevey” romanı evlilikdə sui-istifadə hallardan başqa, evliliyin davam etməsi üçün lazım olan bəzi şərtlərdən də bəhs edir. Vulf romanın adında “missis” – yəni artıq evlənib xanım olan qadını ön plana çıxartmaqla, artıq işarə vurur ki, bu, evin və evliliyin içi haqqında əsər olacaq.

Ceyms Coysun “Uliss” romanında olduğu kimi, Virciniya Vulfun “Missis Dollevey” romanı da bir günün içində baş verən hadisələrə paralel olaraq, qəhrəmanın şüurunda keçmişə və indiyə gediş-gəlişlər tərzində yazılıb. Romanın əsas obrazı Klarissa Dollevey fərdi kimliyi ilə həyat yoldaşının kimliyi arasında ekzistensial böhran keçirir və öz həyatını saf-çürük etməyə çalışır. Bu, bir-birinin yanında olan, amma bir-birindən uzaqlaşmış ər-arvad münasibətləri haqqında romandır.

Cefri Yevgenidesin “Evlilik əhvalatı” romanı isə ilk baxışdan sadə bir məhəbbət üçbucağı üstündə qurulub. Lakin o, qərb ədəbiyyatında son dövrlərdə dövriyyəyə buraxılan “chick literature” – 20-30 yaş arası qadınların romantik macəralarından bəhs edən yüngül romanlardan deyil. Romandakı sevgi, evlilik teması bu gün dünyada yüzlərcəsi yazılan bulvar ədəbiyyatı nümunələrində kimi yox, fəlsəfi qatda, bədii detal zənginliyi ilə işlənib.

Roman boyu Yevgenides təkcə Madelin Hanna və Leonard Bankhed arasındakı biri praqmatik-depressiv, digəri romantik iki müxtəlif kimlik arasındakı qarşıdurmanı nəql etmir, eyni zamanda, Madelinin ingilis ədəbiyyatında evlilikdən bəhs edən əsərlərlə bağlı elmi iş yazmasından bəhs edir və bu mənada sonsuz allüziyalarla zəngindir. Əsərdə çoxsaylı fəlsəfi və ya teoloji referanslar mövcuddur: Buddizm, Müqəddəs Avqustin, Jak Derrida, Ferdinand de Sössür, Rolan Bart və başqa elmi istinadlar.

Əsərin qadın qəhrəmanı Madelin anası Filiddadan fərqli olaraq öz xəyallarını gerçəkləşdirmək üçün çalışır, həm elmi karyera, həm də sevgi evliliyi baxımından. Nəzərə alsaq ki, roman ötən əsrin 70-ci illərin sonu 80-ci illərin əvvəllərindən, yəni qərbdə qadın hərəkatlarının, ikinci dalğa feminizmin, dekonstruksiya fəlsəfəsinin məşhurlaşdığı dövrdən bəhs edir, onda Madelinin özünə inamı başa düşüləndir. Əsərdə hadisələrin baş verdiyi dövr dünyada total şəkildə qadınların həmrəy olduğu bir perioddur. Bu dövr qadınların öz kimliklərini yenidən kəşf etdikləri, analiz və ifadə etdikləri zaman kəsiyidir.

Cefri Yevgenides bu əsərdə evliliyin hansı elementlərinin çağdaş dövrdə keçərli olduğunu, hansı ünsürlərin ənənədən ayrıldığını araşdırmağa çalışıb. Bu mənada Yevgenides də özündən əvvəlki müəlliflərin məqsədini – evlilik anlayışını, onun insanlararası münasibətlərə təsirini, insan kimliyinin formalaşmasına cəmiyyətdəki evliliklə bağlı ümumi qənaətlərin təsirini saf-çürük etmək istəyir. Bu bədii-intellektual əməliyyatı həyata keçirmək üçün Yevgenides romanın mərkəzinə Madelin fiqurunu qoyur və onun simasında bədii əsərlərin onurğasındakı romantik qadın kimliyini praqmatik müstəviyə keçirməyə çalışır, ən azı qəhrəmanı buna cəhd edir. Madelin ədəbiyyatı sevən, filologiya tələbəsi olan və elmi işi də evlilik təklifləri ilə bağlı olan bir qızdır. Müəllif bir az da ironik tonda onun bu ixtisası necə seçməsini belə ifadə edir: “İngilis ədəbiyyatını seçməyinin səbəbi səbəblərin ən safı və adisi idi: oxumağı çox sevirdi”.

Romandakı hadisələr 1980-ci illərdə baş verir və müəllif bu tarixi fonu təsadüfi seçməyib. Bu illərdə feminizm, gender bərabərliyi kimi anlayışlar geniş vüsət almışdı və bütün dünyada praqmatik, özü öz qərarlarını verən, öz ayaqları üzərində duran azad qadın fiquru ön planda idi. Madelin belə bir mühitdə tarixən bədii kitabların dünyasında romantizə edilən evlilik mövzusunu araşdırmaqla içindəki anadangəlmə romantiki praqmatik bir kimliklə əvəz etməyə çalışan bir personajdır.

Madelin romanın əvvəlində bir az Ostinin yaratdığı qadın personajlar kimi inadkar, intellektual görünüşdədir, ancaq aşiq olduğu üçün axırda öz həqiqi kimliyinə – qaçıb-qurtulmaq istədiyi romantik kimliyinə geri dönür. Roman evlilik temasının araşdırmaqla yanaşı, əslində, nüvədə cəmiyyətin bir qadına biçmək istədiyi ictimai kimliklə həmin qadının azad fərdi kimliyini əldə etmək istəyi arasındakı qarşıdurma üzərində qurulub. Bu mənada, Madelin personajı Virciniya Vulfun Klarrisasına bənzəyir: o da fərdi kimliyi ilə evdar qadın rolu arasında tarazlıq yaratmağa çalışır və bu onu ekzistensial daxili böhrana sürükləyir.

Yevgenides romanda əsərin mövzusunu metafiksiya fəndiylə əsərin içində də əyaniləşdirir. Romanın qəhrəmanı Madelin təhsil aldığı ilk ilində evlilik temasıyla bağlı bir seminara qatılır. Müəllif yazır: “Madelin birinci il Ceyn Ostin, Corc Eliot və Henri Ceymsin seçilmiş romanlarının təhlil edildiyi “Evlənmək teması” adlı bir seminara qatılmışdı. Bu dərsi K.Makkol Sonders adlı bir müəllim keçirdi. Sonders 79 yaşı olan bir Nyu Englandlı müəllim idi. At kimi uzun sifəti vardı; tüpürcək saçaraq güləndə ağzındakı protez dişlər bütün detalları ilə görünərdi. Pedaqoji metodu 20-30 il qabaq yazdığı mühazirələri yüksək səslə oxumaq idi. Madelin ona yazığı gəldiyi üçün bu dərsə girirdi, üstəlik, mütaliə üçün verdiyi siyahı çox yaxşı idi. Sondersin fikrincə, roman janrı evlənmək teması ilə öz kuliminasiyasına çatmış və onun sıradan çıxmasıyla bir də əvvəlki gücünə qayıda bilməmişdi. Əvvəllər həyatdakı uğur evliliyə, evlilik isə pula söykənirdi və bu, romançılar üçün zəngin material verirdi. Böyük epik əsərlər müharibəni, roman isə evlilik temasını işləmişdi. Qadınlar üçün yaxşı şey olan gender bərabərliyi, roman üçün pis idi. Və boşanma romanı tamamilə məhv etmişdi. Əgər sonra boşanacaqsa, Emma Bovarinin kiminlə evlənməsinin nə mənası vardı?”

Ceyn Ostin

Yevgenides bilərəkdən mühafizəkar qoca Sondersin vaxtı keçmiş fikirləriylə feminizm yüksəlişə keçdiyi tarixi dövr arasındakı fikir müxtəlifliyinə, dünyagörüş fərqinə vurğu salır. Yevgenides bir neçə müsahibəsində öz personajı Sondersin evlilik və roman haqqında fikirlərinə qatılmadığını deyib. Sondersin “əgər sonra boşanacaqsa” Emmanın kiminlə evləndiyi əhəmiyyətsiz olardı iddiası elə romanın özündəcə astar üzünə çevrilir. Çünki Yevgenidesin romanı artıq azad şəkildə boşanma ehtimalının mövcud olduğu bir dövrdən bəhs etsə də, yenə axıra qədər Madlenin kimi seçəcəyi öz marağını qoruyub saxlayır, yəni Sonders yanılır.

İlk baxışdan “Evlilik əhvalatı” romanı klassik, ənənəvi məhəbbət üçbucağı quruluşundadır: Madelin Hannah, Leonard Bankhed və Miçel Qrammatikus. Yevgenides romanında içində təhlil etməyə çalışdığı ənənəvi romanlardakı “bir qıza iki namizəd” ənənəsinə işarə vurmaq üçün belə bir struktur seçib. Müəllifin fikrincə, ənənədən gələn bəzi kompozisiya elementləri var ki, onlar bu gün də işlək ola bilər.

“Evlilik əhvalatı” romanında tez-tez fransız mütəfəkkir Rolan Barta və onun “Sevgi diskursu” kitabına istinadlar edilir. Rolan Bart dekonstruktivist idi və o, ədəbi, fəlsəfi mətnləri dekonstruksiya yoluyla təhlil edərək mətnlərin alt qatındakı paradoksları üzə çıxarırdı. Bu qəbildən olan “Sevgi diskursu” kitabı da sevgi anlayışını dekonstruksiya edir. Yevgenides də bu kitaba istinad etməklə, eyham vurur ki, öz romanında o da evlilik anlayışının alt qatındakı cəhətləri dekonstruksiya edir və bunun çağdaş ədəbiyyat üçün imkanlarını araşdırır.

Yevgenides Madelinə Rolan Bartın sevgini dekonstruksiya edərək praqmatik bir dünyagörüşə müncər etməyə çalışdığı kitabını oxutdurmağa çalışmaqla, onun Leonarda olan hissləri arasında bir qarşıdurma yaradır. Bir yanda içindən gələn, Leonarda bəslədiyi romantik kimliyi var, digər yanda isə ağlın təcəssümü olan məşğul olduğu iş, araşdırdığı məsələlər. Madelin Leonardla ayrılandan sonra onun romantik dünyagörüşündə çat baş verir və ağlına etibar etməli olduğunu düşünür. Romantik sevgi “xəstəliyi”ndən xilas olmaq üçün Rolan Bartın kitabını diqqətlə araşdırmağa başlayır.

Yevgenides müsahibələrində deyir ki, əvvəlcədən məqsədim Madelin vasitəsilə azad qadın olmağa çalışan bir personaj yaratmaq idi, bunun üçün o, romanların ona öyrətdiyi “romantik” olmağı tərk edərək ağlına etibar etməli idi; beləliklə, Madelin Rolan Bartı oxuyaraq başa düşməliydi ki, sevgi də sadəcə bir konstruksiyadır, vaxtilə sevgi əhvalatlarını eşitməsəniz, oxumasanız, aşiq olmazdınız. Ancaq Madelinin beyni bunu qəbul etsə də, hissləri ona başqa şeyi diqtə edir. Xeyri olmur, çünki Madelin təbiətən romantik kimliyi olan bir qadındır və Leonarda olan sevgisində zərrə qədər azalma olmadan Rolan Bartı oxuyub anlaya bilər.

Romanın ilk hissəsində ənənəvi xoşbəxt sonluq baş tutur, ancaq bu, müvəqqəti olur. Lakin iki sevgili arasına üçüncü şəxsin – Mitçel Qrammatikusun daxil olmasıyla və Leonardın psixi problemlərinin, çatışmazlıqlarının ortaya çıxması ilə vəziyyət dəyişir. Romanın ilk hissədən müəllif əvvəldən qurulan münasibətləri yenidən dekonstruksiyaya məruz qoyur. Belə demək olar ki, “Evlilik əhvalatı” romanı münasibətlərin inşası, dekonstruksiyası, sonra yenidən qurulması formatında qurulub. Yevgenidesin bu romanda həm ənənəvi ədəbiyyatdakı evlilik modellərini analiz edir, həm də bu temanın XXI əsrdə necə yazılmalı olduğu üzərində düşünür, bir model təklif edir.

Yevgenides nə qədər bəzi müsahibələrində öz personajı Sondersin evlilik və roman arasındakı fikirlərinə qatılmadığını, şübhə etdiyini desə də, bir başqa müsahibəsində belə deyir: əgər siz “Anna Karenina”, hətta “Madam Bovari”, “Midlmarç” kimi romanları oxusanız, bunlar qeyri-adi romanlar olduğunu görəcəksiniz; bəzən şərtlər dəyişdiyi üçün bu romanlardan birini yaza bilməyəcəyimi hiss edib kədərləndim. İndi boşanmaq çox asandır. Anna Karenina boşanacaq və ərindən təzminat alacaq.

Qismət Rüstəmov

Qismət Rüstəmov

OXŞAR XƏBƏRLƏR