Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşəbbüsü ilə “Ana dili – Milli kimlik simvolu” mövzusunda elmi sessiya keçirilib.
Daha.az xəbər verir ki, tədbir 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə təşkil olunub.
Elmi sessiyada Mahmud Kaşqari adına Beynəlxalq Fondun prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Ana dili – Millətin varlığının əsas nişanı” mövzusunda məruzəsi dinlənilib.
Elmi sessiya məruzədən sonra müzakirələrlə davam edib. Müzakirələrdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli, tarixçi-alim Lətifə Məmmədova, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin müdiri Xədicə Heydərova, Bakı Dövlət Universitetinin Azərbaycan dili kafedrasının professoru Zemfira Şahbazova çıxış edərək vurğulayıblar ki, yaşadığı coğrafiyadan asılı olmayaraq 50 milyondan çox soydaşımızın ünsiyyət vasitəsi olan ana dilimiz xalqımızın milli və tarixi varlığını müəyyən və təsdiq edən mənəvi sərvətdir.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov dilin qorunması, yaşadılması, mənəvi miras kimi gələcək nəsillərə ötürülməsində bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.
Tədbirin bədii hissəsində vətənpərvər şairə Xuraman İsmayılqızının “Ana dilim” şeiri və tələbələrin ana dilinə həsr olunmuş şeirlərdən ibarət kompozisiyası alqışlarla qarşılanıb.
Tədbirin sonunda Mirzə Fətəlinin əlifba mücadiləsinə həsr olunan “Sübhün səfiri” ekran əsəri izlənilib.




