Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yeni tamaşa – XX əsrin əfsanəvi müğənnisi, “rok-n-rollun kralı” Elvis Preslinin (1935–1977) ölməz mahnıları əsasında “Sən kralsan” müzikli hazırlanıb.
Daha.az xəbər verir ki, üç gün premyerası gerçəkləşən tamaşa maraqlı süjet, möhtəşəm musiqi, rəqs-xoreoqrafiya səhnələri və məharətli aktyor oyunu ilə sənətsevərlərə yüksək zövq və uzun zaman undulmayacaq xoş təəssürat yaşadıb.
Rus dilində hazırlanan və Elvis Preslinin repertuarından ən məşhur mahnıların səsləndiyi müziklin libretto və quruluş müəllifi tanınmış rejissor və prodüser Ələkbər Tağızadədir.
Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, quruluşçu rəssamı Vüsal Rəhim, baletmeysteri Kamilə Əliyeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Polina Fyodorovadır.
Qeyd edək ki, tamaşanın heyətində Əməkdar artist İlham Nəzərov və Prezident təqaüdçüsü Atilla Məmmədov (Elvin), aktyorlar Rauf Babayev (Elvis Presli), Leonid Klets və Elçin Əhədzadə (Mayor Braun), Olqa Georgieva və Prezident mükafatçısı Mehriban Zaliyeva (Rouz), Aydan Həsənova (Merilin), Sübhan Rüstəmov (Stiv), Mübariz Nağıyev (səs), həmçinin teatrın xor və balet artistləri yer alıblar.




