Daha.az Ernest Heminqueyin “Ağ fillər” hekayəsini təqdim edir.
Ebro vadisinin o tayındakı təpəlik uzun və ağşındır. Bu tərəfdə isə nə ağac, nə də kölgə var, iki dəmir yolu arasında qalan stansiyanın özünü isə günəş ağuşuna alıb. Burada yeganə kölgəlik binanın öz kölgəsidir. Barın açıq qapısında bambuk çubuqlu pərdə asılmışdı. Amerikalı və onun sevgilisi binanın kölgəsindəki masada oturmuşdular. Hava çox istyidi. Barselonadan gələn ekspress qırx dəqiqəyə gələsiydi. Bu stansiyada o, iki dəqiqə dayanır, sonra Madridə gedir.
— Nə içək? — qız soruşdu. Şapkasını çıxarıb masanın üstünə qoydu.
— Nə yaman istidir, – kişi dedi.
— Gəlsənə pivə içək.
— Dos cervazas! (İki bakal pivə!) — kişi pərdəni aralayıb, ispanca dedi.
— Böyük? — qadın qapıdan soruşdu.
— Bəli, iki böyük.
Qadın iki böyük bakal pivə və iki keçə altlıq gətirdi. Onları əvvəl masanın üstünə sərib, sonra bakalları üzərlərinə qoydu.
Qız uzaqlara, təpələrə baxdı; onlar şaxıyan günəşə görə bəyaz görünürdülər, ətraf isə qurumuş və qəhvəyiyə çalırdı.
— Sanki, ağ fildirlər, — dedi.
— Mən heç vaxt ağ fil görməmişəm, — kişi pivəsini içdi.
— Sən necə görəsən ki!
— Niyə də görməyim ki? Sənin deməyinlədi bəyəm?
Qız bambuk pərdəyə baxdı.
— Üzərində nəsə yazılıb, — o dedi. — Bu nə deməkdir?
— “Anis del Togo”. Likör kimi bir şeydir.
— Dadına baxaq…
— Bir dəqiqə olar sizi? — kişi çağırdı. Qadın bardan çıxdı.
— Sizin dörd rial borcunuz var.
— Bizə iki stəkan da “Anis del Togo” verin.
— Suyla?
— Necə istəyirsən? Suyla?
— Bilmirəm, — qız dedi. — Suyla dadlı olur?
— Pis deyil.
— Necə olsun? Suyla? — qadın təkrar soruşdu.
— Bəli, suyla.
— Biyan kökünün tamını verir, — qız bunu deyərək, stəkanını masaya qoydu.
— Hamısı belədir.
— Hə, — qız dedi, — Hər şey biyan dadı verir, xüsusən də çoxdan arzuladığın içkilər. Absentdə də belə idi.
— Bəsdir!
— Özün başladın, — qız dedi. — Mənə yaxşı idi. Heç də darıxmırdım.
— Yaxşı, darıxmağın başını buraxaq.
— Mən çalışdım da. Bayaq dedim ki, təpələr ağ fillərə oxşayır. Yaxşı bənzətmədim?
— Qəşəngdir.
Qız təpələrə baxdı.
— Gözəl təpələrdir, — dedi. — Bəlkə də, onlar ağ fillərə oxşamır. Mənə elə gəldi, ağacların arasından onlara bənzətdim….
— Bir az da içək?
— Olar.
İsti külək bambuk pərdəni masaya qədər yellədirdi.
— Pivə yaxşıdır, soyuqdur, — kişi dedi.
— Qəşəngdi, hə. — qız dedi.
— …Bu adi bir əməliyyatdır, Cik, — kişi dedi. — Buna, əslində, heç əməliyyat da demək olmaz.
Qız masanın ayağına baxırdı.
— Özün görəcəksən, Cik, bu çox rahatdır. Sadəcə, sənə bir iynə vurulacaq.
Qız susurdu.
— Mən səninlə gedəcəyəm, həmişə də yanında olacağam. Bir iynə vurulacaq, sonra hər şey öz yoluna düşəcək.
— Sonra bizimlə necə olacaq bəs?
— Sonra hər şey yaxşı olacaq. Hər şey əvvəlki kimi gedəcək.
— Sən niyə belə düşünürsən?
— Bizi elə narahat edən budur. Yalnız buna görə xoşbəxt ola bilmirik.
Qız pərdəyə baxdı, əlini uzadıb iki bambuk çubuğundan yapışdı.
— Demək, səncə, hər şey yaxşı olacaq və biz xoşbəxt olacağıq?
— Əminəm. Təkcə sən qorxma. Mən bunu etmiş çoxlarını tanıyıram.
— Mən də tanıyıram, — qız dedi. — Sonra hamısı yaman xoşbəxt oldular.
— Əgər istəmirsənsə, etmə. Səni məcbur etmirəm. Amma bilirəm ki, bu boş şeydir.
— Sən, doğrudan, istəyirsən?
— Məncə, bu ən yaxşı çıxış yoludur. Amma istəmirsənsə, etməyə də bilərsən. Belə götürəndə, istəmirəm.
— Əgər bunu etsəm, sən razı qalacaqsan və hər şey əvvəlki kimi olacaq? Yenə məni sevəcəksən?
— Mən indi də səni sevirəm, bunu bilirsən.
— Bilirəm. Bunu edəndən sonra yenə hər şey düzələcək və yenə desəm ki, təpələr ağ fillər kimi görünür, bəyənəcəksən?
— Mən heyran qalacağam. İndi də heyranam. Sadəcə, indi əsəbiyəm. Bilirsən ki, əsəbi vaxtı belə oluram.
— Demək, bunu etsəm, əsəbiləşməyəcəksən?
— Yox, bu boş şeydir, dedim axı.
— Onda, edəcəyəm, nə olursa olsun.
— Necə yəni?
— Nə olacaqsa da, olsun, fərq etməz.
— Amma mənim üçün fərq edir.
— Hə, hə. Amma nə olacaqsa olsun, mənimçün fərq etmir. Edəcəyəm, hər şey də yaxşı olacaq.
– Belədirsə, onda mən də istəmirəm ki, bunu edəsən!
Qız ayağa qalxıb platformanın qırağına kimi getdi. Dəmir yolu xətlərinin o biri tərəfində əkin tarlaları və Ebro çayının kənarı boyu sıralanmış ağaclar görünürdü. Uzaqda, çayın o tayında dağlar ucalırdı. Buludun kölgəsi yaşıl zəmilərin üzərində sürüşür, ağacların arasından çay görünürdü.
— Bütün bunlar bizim ola bilərdi, — qız dedi. — Hər şey bizim ola bilərdi, amma biz özümüz günahkarıq ki, bu, gündən-günə daha da mümkünsüz olur.
— Sən nə danışırsan?
— Deyirəm ki, hər şey bizim ola bilərdi.
— Onsuz da hər şey bizimdir.
— Yox, bizim deyil.
— Bütün dünya bizimdir.
— Yox, bizim deyil.
— Biz hara istəsək, gedə bilərik.
— Yox, gedə bilmərik. Bunlar artıq bizə aid deyil.
— Bizimdir.
— Xeyr. Bir dəfə əldən çıxan şey bir də heç vaxt geri qayıtmır.
— Amma hələ heç nə itirməmişik.
— Baxarsan.
— Qayıdaq kölgəyə, — kişi dedi. — Belə həyəcanlanmağa dəyməz.
— Mən həyəcanlanmıram, — qız dedi. — Sadəcə, hər şeyi başa düşürəm.
— Sənin arzulamadığın bir şeyi etməyini istəmirəm…
— Yaxud, mənə zərərli olanı. Bilirəm. Bir pivə də içək?
— Olar. Sən ancaq başa düşməlisən…
— Mən başa düşürəm, — qız dedi. — Bəlkə, bu söhbəti dayandıraq?
Onlar masada əyləşdilər. Qız çayın o tayındakı yanmış təpələrə baxırdı, kişininsə nəzərləri həm qıza, həm də masaya tuşlanmışdı.
— Başa düşməlisən, — kişi dedi, — sənin arzulamadığın bir şeyi etməyini də istəmirəm. Əgər bunu etməmək sənin üçün çox vacibdirsə, mən bunu qəbul edərəm.
— Sənin üçünsə heç bir əhəmiyyət kəsb eləmir?
— Əlbəttə, mənim üçün də kəsb edir. Amma mən yalnız səni istəyirəm. Mənə başqa heç kim lazım deyil. Və bilirəm ki, bu, boş şeydir.
— Əlbəttə. Sən boş olmasını bilərsən!
— İstədiyin cür deyə bilərsən, amma mən bilirəm ki, belədir.
— Səndən bir xahiş edə bilərəm?
— Sənin üçün hər şeyi edərəm.
— Onda, səndən çox-çox xahiş edirəm, – Sus!
Kişi heç nə demədi və divarın dibindəki çamadanlara baxdı. Üzərlərində onların gecələdiyi bütün otellərin etiketləri vardı.
— Mən istəmirəm ki, sən bunu edəsən, — kişi dedi. – Mənə bu heç lazım deyil.
— İndi qışqıracağam, — qız dedi.
Qadın bardan iki böyük pivə gətirib süfrəyə qoydu.
— Qatar beş dəqiqəyə gələcək, — dedi.
— O nə dedi? — qız soruşdu.
— Qatar beş dəqiqəyə gələcək, — kişi cavab verdi.
Qız qadına təşəkkür dolu təbəssüm etdi.
— Mən çamadanları o tərəfə aparacağam, — kişi dedi.
Qız gülümsədi:
— Yaxşı. Sonra qayıt, pivəni bitir.
Kişi ağır çamadanları götürərək, stansiyanın o biri platformasına apardı. Dəmir yoluna baxdı, amma qatar görünmürdü. Geri qayıdanda bardakı qatar gözləyən sərnişinlərin arasından keçdi. Bar masasına yaxınlaşıb bir stəkan “Anis del Togo” içdi və adamlara baxdı. Hamı sakitcə qatarı gözləyirdi. O, bambuk pərdəni aralayıb bayıra çıxdı. Qız masada oturmuşdu və ona gülümsəyirdi.
— Özünü necə hiss edirsən? — kişi soruşdu.
— Möhtəşəm, — qız dedi. — Hər şey qaydasındadır. Yaxşıyam.
1927
Tərcümə: İlqar Tağı