Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü şamları” tammetrajlı sənədli filmi və onun nümayişi layihəsinin icrası başa çatıb.
Daha.az xəbər verir ki, adıçəkilən filmin gənclər, yeniyetmələr üçün dörd xüsusi qapalı nümayişi Biləsuvar rayon Gənclər evi, Xəzər rayonu Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə Məktəbi, Sumqayıt şəhəri Gənclər Evi, Lənkəran şəhəri Gənclər Mərkəzində baş tutub.
Bu film könüllü yollandığı İkinci Qarabağ müharibəsində məhz öz doğum günündə hər iki gözünü itirən qazi Kamran Baxşızadənin həyatından, ümidlərindən, müharibədən sonrakı həyat əzmindən və mübarizəsindən bəhs edir.
Filmin hər nümayişindən sonra tamaşaçılarla müzakirə keçirilib.
Nümayişlərin keçirilməsində əsas məqsəd, gənc nəsildə vətənpərvərliyin təbliği ilə yanaşı müasir kinematoqrafçılar və onların işləri, müasir Azərbaycan kinosu ilə gəncləri və yeniyetmələri yaxından tanış etmək, gənc nəsildə xüsusilə sənədli kino mədəniyyətinin formalaşmasına töhfə vermək olub. Layihə öz məqsədinə, dörd xüsusi nümayiş ərzində 214 nəfər gənc tamaşaçıya filmi təqdim etməklə nail olub.

Filmin quruluşçu rejissoru Murad Allahverdi, prodüserləri Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy, quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq Yusifli, xətti prodüseri Elşad Rzayev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir Mahmudov, koloristi Edka Kızıltepedir.
Filmin çəkilişləri Bakı, Sumqayıt və İstanbul şəhərləri, Xızı rayonu və onun Xələnc,Qızılqazma, Baxışlı, Fındığan kəndlərində, Altıağac qəsəbəsi və s. yerlərdə baş tutmuşdur. “Buta Film” şirkətinin istehsalı olan film həm də Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin” 2025-ci il üzrə qalib iştirakçılarındandır.
Qeyd edək ki, layihə Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu Gənclər evi, Lənkəran şəhəri Gənclər Mərkəzi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilib.




