DAHA.az Anton Çexovun “Aptekçi” hekayəsini təqdim edir.
İki-üç dolanbac küçəli B. şəhərciyi dərin yuxuya dalıb. Donub qalmış havada dərin sakitlikdir. Yalnız haradasa uzaqda, yəqin ki, şəhərin kənarında bir it zəif, xırıltılı səslə hürür. Tezliklə dan söküləcək.
Hər şey çoxdan yuxudadır. B. aptekinin sahibi provizor Çernomordikin gənc arvadı yatmır. O, artıq üç dəfə yatağa girsə də, gözünə tərslikdən yuxu getmir – bilinmir də nədən. O, açıq pəncərənin qabağında, tək köynəkdə oturub küçəyə baxır. Onun ürəyi sıxılır, darıxır, narahatdır… Özü də elə pis darıxır ki, az qala ağlasın, amma nə səbəbə – özü də bilmir. Sinəsində sanki bir yumruq düyünlənib boğazına diyirlənir, nəfəsini kəsir… Qadından bir neçə addım arxada uzanan Çernomordik üzü divara, şirin-şirin xoruldayır. Acgöz birə onun burnunun üstünə yapışıb, ancaq o, bunu hiss etmir, hətta gülümsəyir də; çünki yuxusunda bütün şəhər sakinlərinin öskürdüyünü və fasilə vermədən ondan “Danimarka kralının damcıları”nı aldıqlarını görür. İndi onu nə paya ilə, nə top-tüfənglə, nə də sığal çəkməklə oyatmaq olar.
Aptek demək olar ki, şəhərin kənarında yerləşir, ona görə də aptekçi qadına çöl aydın görünür… O, şərq tərəfdə səmanın asta-asta ağardığını, sonra isə elə bil böyük bir yanğın düşübmüş kimi qızardığını görür. Qəfildən uzaq kolluğun arxasından iri, yumrusifət ay boy verir. O, qıpqırmızıdır (ümumiyyətlə, ay kolluqdan çıxanda nədənsə həmişə hədsiz utancaq görünür).
Birdən gecə sakitliyində kimlərinsə addım səsləri və mahmuzlarının cingiltisi eşidilir. Danışıq səsləri gəlir.
– “İspravnikdən gəlib düşərgəyə gedən zabitlərdir”, – deyə aptekçi qadın düşünür.
Bir azdan iki ağ kitelli zabit kölgəsi görünür: biri böyük və gövdəli, o biri bir qədər balaca boylu və ondan arıqdır… Onlar tənbəl-tənbəl, ayağını ayağına sürükləyə-sürükləyə çəpər boyunca gəzişir və nəyinsə barəsində ucadan danışırlar. Aptekin yanından keçərkən hər iki kölgə daha asta yeriməyə başlayır və pəncərələrə boylanırlar.
– Aptek qoxusu gəlir… – arıq olan deyir. – Aptekdir ki, var! Həə, yadıma düşdü… Ötən həftə mən burda olmuşam, gənəgərçək yağı almışdım. Buranı turşsifət, eşşəkçənə biri işlədir. Bax, qardaş, çənə deyirəm e sənə! Yəqin Samson filistimliləri belə çənələrlə əzişdirərmiş.
– A-ha… – deyə yoğun adam bas səsilə dillənir. – Əczaçılıq yuxuya gedib! Aptekçi qadın da yatıb. Bax, Obtyosov, burdakı aptekçi qadın çox qəşəngdir.
– Görmüşəm. Mənim çox xoşuma gəlib… Yəni, doktor, o, doğrudanmı bu eşşək çənəlini sevə bilərmi? Zənninizcə?
– Xeyr, güman etmirəm ki, sevə, – aptekçi qadına yazığı gəlirmiş kimi görkəmdə ah çəkdi. – Əminəm, indi qız pəncərənin ağzında yatıb! Obtyosov, hə? İstidən yayxanıb … ağzı yarıaçıqdır… ayağı da çarpayıdan sallanı. Güman ki, o səfeh aptekçi bu gözəlliyə biganədir… Onun üçün qadın, ya karbol şüşəsi – fərqi yoxdur!
– Bilirsinizmi nə var, doktor? – deyə zabit dayanaraq söyləyir. – Gəlin aptekə girək, bir şey alaq! Bəlkə qadını yenə gördük.
– Bu nəydi gecənin bu vaxtı!
– Niyə də yox? Onlar gecələr də işləməlidirlər. Bir zəhmət, girək!
– Girək…
Aptekçi qadın gizləndiyi pərdənin arxasından xırıltılı zəng səsini eşidir. Əvvəlki kimi şirin-şirin xoruldayıb gülümsəyən ərinə bir də nəzər salır və dərhal donunu əyninə ataraq, yalın ayağına da tuflilərini keçirərək aptekə qaçır.
Şüşə qapının arxasında iki kölgə görünür… Qadın lampanın işığını artıraraq qapını açmağa tələsir; o, artıq nə darıxır, nə ürəyi sıxılır, nə də ağlamağı gəlir, sadəcə, ürəyi bərk-bərk döyünür. İrəlidə kök doktor və arıq Obtyosov aptekə daxil olurlar. İndi artıq onları yaxşı-yaxşı nəzərdən keçirmək olar. Qarınlı doktor qarabuğdayı, saqqallı və ləngdir. Onun hər kiçik hərəkətində əynindəki kitelin tikişləri çatırdayır və üzündən tər puçurlayır. Zabit isə çəhrayı bənizli, bığsız, qadınsifət və ingilis qamçısı kimi çevikdir.
– Sizə nə lazımdır? – deyə aptekçi qadın donunu sinəsinə sıxaraq onlardan soruşur.
– Verin… mmm, on beş qəpiyə, nanəli konfetdən!
Aptekçi qadın tələsmədən rəfdən bankanı götürür və çəkməyə başlayır. Alıcılar gözünü qırpmadan onun kürəyinə baxırlar; doktor tox pişik kimi gözlərini qıyır, poruçik isə çox ciddi görünür.
— Bir xanımın aptekdə işlədiyini ilk dəfə görürəm, – deyə doktor söyləyir.
— Burada qeyri-adi heç nə yoxdur… – deyə aptekçi qadın Obtyosovun çəhrayı sifətinə yanpörtü baxaraq dillənir. – Ərimin köməkçisi yoxdur, mən həmişə özüm ona kömək edirəm.
— Deməli, belə… Gözəl aptekiniz var! Nə qədər müxtəlif… bankalar var burda! Siz zəhərlərin arasında olmaqdan qorxmursunuz? Brrr!
Aptekçi qadın paketi qapayıb doktora uzadır. Obtyosov ona beşaltınlıq verir. Yarım dəqiqə sakitlik hökm sürür… Kişilər bir-birinə baxır, qapıya doğru bir addım atır, sonra yenə bir-birinə baxırlar.
— On qəpiyə də soda verin! –doktor deyir.
Aptekçi qadın yenə tənbəl-tənbəl və halsız hərəkətlərlə əlini rəfə uzadır.
— Yoxmu sizdə, aptekdə… nəsə bir şey… – Obtyosov barmaqlarını tərpadərək mızıldanır, – nəsə belə, bilirsinizmi, alleqorik bir şey, can dərmanı bir su, zelter suyu, ya nəsə belə bir şey? Zelter suyunuz var?
– Var, – deyə aptekçi qadın cavab verir.
– Bravo! Siz qadın yox e, pərisiniz. Bizə üç butılka təşkil edin, zəhmət olmasa!
Aptekçi qadın soda qabını tələsik qapayaraq qapının arxasındakı qaranlıqda yoxa çıxır.
– Kadr! – doktor göz vuraraq deyir. – Obtyosov, belə nüsxəni dünyanı gəzsən də tapa bilməzsən. Düz demirəm? Sən necə düşünürsən? Xorultunu eşidirsənmi? Bu, cənab aptekçinin özüdür, dincəlməyi yaman xoşlayandır.
Bir dəqiqə keçəndən sonra aptekçi qadın qayıdır və piştaxtanın üstünə beş şüşə qoyur. O, indicə zirzəmidən qalxdığından qıpqırmızıdır və bir az həyəcanlıdır.
– Sss… sakit, – qadın şüşələrin tıxacını açarkən tırtırı yerə salanda Obtyosov pıçıldayır. – Belə bərk səs salmayın, yoxsa ərinizi oyadarsınız.
– Oyansa nə olasıdır ki?
– Elə şirin yatır ki… yuxusunda sizi görür… Sizin sağlığınıza!
– Həm də ki, – doktor zelter suyunu içib gəyirərək bas səslə deyir, – ər olan şey elə darıxdırıcı tarixçədir ki, onların həmişə yatmaqları məsləhətdir. Eh, bu suyun üstündən bir az qırmızı şərab da olaydı!
– Yenə nə uydurdunuz! – aptekçi qadın gülür.
– Möhtəşəm olardı! Heyf ki, apteklərdə spirtli içkilər satmırlar! Əslinə qalanda… siz axı şərabı dərman kimi satmalısınız. Sizdə vinum gallicuni rubrum(1) var?
– Var.
– Nə gözəl! Verin, gəlsin, gətirin!
– Nə qədər?
– Quantum satis!(2) Əvvəl su ilə bir unsiya gətirin bizə, sonra ardına baxarıq… Obtyosov, hə? Əvvəl su ilə, sonra per se(3)…
Doktor və Obtyosov piştaxtaya yaxınlaşır, furajkalarını çıxarıb qırmızı şərab içməyə başlayırlar.
– Şərab da, mənə elə gəlir, ən iyrənçi içkidir! Vinum plochissimum! Buna baxmayaraq, sizin hüzurunuzda… öhöö… nektar kimidir. Siz heyranedicisiniz, madam! Xəyalən əlinizi öpürəm.
– Bunu xəyalən yox, gerçəkdə etmək üçün çox şeyimdən keçərdim! – Obtyosov deyir. – Vicdanımçün! Həyatımı verərdim!
– Bəsdirin, siz allah… – xanım Çernomordik qızararaq və ciddi sifət alaraq deyir.
– Siz necə də nazlısınız! – doktor ona altdan-altdan, hiyləgərcəsinə baxaraq astadan qıkkıldayır. – Gözləriniz atəş açır! Pax! Pax! Təbrik edirəm: siz qalib gəldiniz! Biz məğlubuq!
Aptekçi qadın onların qıpqırmızı sifətlərinə baxır, boşboğazlıqlarını dinləyir və tezliklə özü də canlanır. Bu ona məzəli gəlir! Söhbətə qoşulur, gülür, nazlanır və hətta alıcıların uzun-uzadı xahişlərindən sonra bir-iki unsiya qırmızı şərab içir.
– Kaş ki, siz zabitlər düşərgədən şəhərə daha tez-tez gələrdiniz, – deyə o bildirir, – yoxsa burada dəhşətli dərəcədə darıxdırıcıdır. Mən burda sadəcə ölürəm.
– Təbii ki! – həkim dəhşətə gəlir. – Belə bir tip… təbiət möcüzəsi və – ucqar yer! Qriboyedov nə gözəl deyib: “Ucqarlara! Saratova!” Hə, getmək vaxtıdır. Tanış olmağıma çox şadam… çox! Borcumuz nə qədərdir?
Aptekçi qadın gözlərini tavanı dikir və xeyli müddət dodaqlarını tərpədir.
– On iki rubl qırx səkkiz qəpik! – o deyir.
Obtyosov cibindən qalın pulqabısını çıxarır, pul dəstəsini xeyli qurdalayır və hesablaşır.
– Əriniz şirin-şirin yatır… yuxular görür… – o, vidalaşarkən aptekçi qadının əlini sıxaraq mızıldanır.
– Mən belə axmaq söhbətləri dinləməyi sevmirəm…
– Bunun nəyi axmaqlıqdır ki? Əksinə… heç də axmaqlıq deməzdim… Hətta Şekspir də deyib: “Xoşbəxt o kəsdir ki, gəncliyində gənc olub!”
– Buraxın əlimi!
Nəhayət, alıcılar uzun-uzadı söhbətlərdən sonra aptekçi qadının əlini öpürlər və tərəddüdlə, elə bil nəsə unutduqlarını düşünürlərmiş kimi aptekdən çıxırlar.
O isə tez yataq otağına qaçır və həmin pəncərənin qabağında əyləşir. O görür ki, doktorla poruçik aptekdən çıxandan sonra tənbəl-tənbəl iyirmi addım aralanır, sonra dayanıb nədənsə pıçıldaşmağa başlayırlar. Nədən? Ürəyi döyünür, gicgahları da zoqquldayır, özü də bilmir nədən… Ürəyi bərk-bərk döyünür, elə bil o ikisi orada pıçıldaşaraq onun taleyini həll edirlər.
Beş dəqiqə keçəndən sonra doktor Obtyosovdan ayrılıb gedir, Obtyosov isə geri qayıdır. O, aptekin yanından bir-iki dəfə keçir… Ya qapının yanında dayanır, ya da yenə addımlamağa başlayır… Nəhayət, ehtiyatla qapının zəngi səslənir.
– Nədir? Orada kim var? – qəflətən aptekçi qadın ərinin səsini eşidir. – Orada zəng çalırlar, sənsə eşitmirsən! – deyə aptekçi sərt şəkildə bildirir. – Bu nə özbaşınalıqdır!
O qalxır, xalatını geyinir və yarımyuxulu halda yellənə-yellənə, tuflilərini sürükləyə-sürükləyə aptekə gedir.
– Sizə nə lazımdır? – o, Obtyosovdan soruşur.
– Verin… mənə on beş qəpiklik nanəli konfet verin.
Aptekçi ağır-ağır nəfəs ala-ala, əsnəyə-əsnəyə, ayaq üstə yuxulaya-yuxulaya və dizləri ilə piştaxtaya çırpıla-çırpıla rəfə dırmaşır və bankanı götürür…
İki dəqiqə keçəndən sonra aptekçi qadın Obtyosovun aptekdən çıxdığını və bir neçə addımdan sonra nanəli konfetləri tozlu yola tulladığını görür. Doktor küncdən burulub ona tərəf gəlir… Görüşüb yola düzlənərək, əl-qollarını ata-ata səhər dumanında gözdən itirlər.
– Mən necə də bədbəxtəm! – deyə aptekçi qadın yenidən yatağa girmək üçün tələsik soyunan ərinə qəzəblə baxaraq söyləyir. – Ah, necə də bədbəxtəm! – o, qəflətən acı göz yaşlarını axıdaraq təkrar edir. – Və bunu heç kəs, heç kəs bilmir…
– Unutdum on beş qəpiyi, piştaxtanın üstündə qaldı, – deyə aptekçi yorğanı başına çəkərək mızıldanır. – Zəhmət olmasa, kassada gizlət…
Və dərhal yuxuya gedir.
1886
_
1) “Vinum gallicum rubrum” — qırmızı Fransa şarabı
2) “Quantum satis” — nə qədər lazımdırsa / qədərincə
3) “Vinum pessimum” — ən pis şərab
tərcümə etdi: İlqar Tağı




