DAHA.az məşhur türk tənqidçi Semih Gümüşün “Türk ədəbiyyatının ən yeni, ən gənc yazarları” essesini ixtisarla təqdim edir.
Çox da uzaq tarix deyil, yaxın illərdə “Gözlənilən yazıçı niyə gəlmir?” adlı bir esse yazmışdım və bu, xeyli müzakirələrə səbəb olmuşdu. Sualımın mənası, bəlkə də, yaxşı başa düşülməmişdi. Əslində, mənim yazımda yeni və gənc yazıçıların yoxluğundan söhbət getmirdi, yazılmasını gözlədiyimiz hekayələrin, romanların niyə gecikdiyini vurğulamaq istəyirdim. Məncə, hələ də bu mövzunu müzakirə etmək olar. Həmin sualı bu gün soruşsaq, belə bir problemin olmadığını deyənlər də tapılacaq.
Son dönəmin statistikasıdır: hər il, təxminən, 1000 roman, 300 hekayə kitabı çap olunur, artıq saysız-hesabsız romançı və hekayəçi var. Bəzilərinin əksinə, düşünürəm ki, nə qədər çox yazılsa, o qədər çox keyfiyyətli roman və hekayə yaranacaq, yaxşı yazıçılar da eyni ölçüdə çoxalacaq. Buna görə də yazılanların çoxluğuna ağız büzmək yersizdir.
Bundan başqa, bu günə qədər kəsə yoldan nəticə əldə etmək, işin asanına qaçmaq azarı ucbatından ədəbiyatımızın problemlərini müzakirə etməyə yetərincə vaxt ayrılmayıb. Lakin müzakirə olunmalıdır ki, inkişaf toxumlarının cücərməsi üçün normal ədəbiyyat mühiti var, yoxsa yoxdur?
Şübhəsiz ki, ədəbiyyatımız bu gün məhsuldar dövrünü yaşayır, amma öz zənginliyini parlaq şəkildə inkişaf etdirə bilməməyinin xeyli səbəbləri var. Sözügedən səbəblərdən biri məncə bir-birinin yaxınlığında dayanan, bu yaxınlığı nəzarətdə saxlayan, ayrılmağı gözə almayan yazıçıların və əsərlərin arasından bütün Cumhuriyyət dövrünə damğasını vuran, meynstrimdən (ana ədəbi istiqamət) tamamilə uzaqlaşıb ona göz vuran yaradıcıların və əsərlərin özlərini göstərməkdə çətinlik çəkməsidir. Bunu müzakirə olunası bir şərh kimi qəbul edə bilərik.
İndi dayandığımız yerdən ədəbiyyatımızın keçmişdəki yarımçıq tarixinə baxanda özünü yeniləmə əndişəsi hiss edən hər bir gənc yazarın qabağına əvvəlcə meynstrimin içindəki yazıçılar çıxacaq. Xüsusilə gənclərə həmişə deyirlər ha – “keçmişi bilmədən olmaz”, bunu bir doğru tərəfi var, bir yanlış. Öz kimliyini çağdaş türk ədəbiyyatının ana istiqamətini formalaşdıran müəlliflərdən alan gənc yazıçı orjinallıq qazanmaq üçün həmin ana istiqamətdən kənara çıxmağa məcburdur.
İndi haqqında danışdığımız ən yeni və gənc yazıçı nəslindən iki nəsil əvvəlki ədəbiyyatçılar, yəni bizim nəslimizin yazıçıları da ana ədəbi axına qoşulub onu möhkəmlətdi. Şübhəsiz ki, ədəbiyyatımızın son dövrünün yükünü çəkən bu nəslin içindən çıxan çoxsaylı yazıçılar da çağdaş türk ədəbiyyatının kanonuna əlavə olunacaq.

Yenilənmə və axtarış
Əlbəttə, bu da həqiqətdir ki, öz modernizmini yaşaya bilməmiş, amma ədəbiyyatın nə olduğu ilə bağlı suallara özü cavablar tapmış bütün böyük yazıçılar ilə modernizmi öz ədəbiyyatının içində həll olunmuş ədəbi reallıq kimi yaşayan, onu aşmağa çalışan, ya da aşacaq yazıçılar üçün tramplin olan azsaylı yazıçılar arasında da qarşıdurma var.
Bu qarşıdurma olmadan ədəbiyyatımızın özünü yeniləməsi qeyri-mümkündür. Bu gün düşüncə yaratmaqdan uzaqlaşan, öz problemlərini müəyyənləşdirib həll etmək ayıqlığını və bacarığını göstərə bilməyən ədəbiyyatımız gənc yazıçılar üçün kifayət qədər yaradıcı nümunələr yarada bilmir.
Bundan başqa, gənc yazıçıların öz ədəbi irslərini kifayət qədər oxuyub öyrənmədikləri ilə bağlı tənqidlərdə də haqlılıq payı var. Belə demək olar ki, bu çatışmazlıq fundamental sıçrayışlara cəhd etmək üçün yetərli yanacağın tapılmamasına gətirib çıxarır, amma bu da var: oxunması tövsiyə olunan irs də əsasən meynstrimin içindəkilərdir.
Ənənəvi olan istər-istəməz ədəbiyyatın özünüformalaşdırma prosesinin özülüdür. Ənənəvi olan ana istiqaməti müəyyənləşdirir, daim ona apelyasiya edir, onun döşəməsinə daşlar düzür, status-kvonu təmsil edir. Buna görə də ədəbiyyatın ənənəvi dəyərləri qorunub saxlanarkən və biz onların faydalı tərəflərindən öyrənərkən onların öz yerində qalmağı daha faydalıdır. Onlar durduqları yerdə ağırlıqlarını hiss etdirsin, amma bu gün əvvəlki kimi irəli çıxmaq istəsələr, məlum olacaq ki, yeni arayışlardan çox geridirlər.
Xüsusilə, 1990-cu illərdən başlayaraq ədəbiyyatımızda yenilənmə və axtarış arzusu bütün qəlibləri qırmağa başladı. Görünür, yeni nəsillər öz yollarını özləri tapır və bunu edərkən, xüsusilə, köhnə nəsillərin kölgəsindən çıxmağı seçirdilər. Üstəlik, çox vaxt pozitiv olmayan tənqidlərə tuş gələn bu proses, təsnif edilməsi, az qala, mümkün olmayan (heç ehtiyac da yox idi) bir yığın yaratdı. Bəlkə də saf-çürük olunmalıdır, onu da ədəbi ictimaiyyətin xüsusi yanaşması və zaman öz-özünə həll edəcək, narahat olmağa dəyməz.
Bu proses bu gün ən yeni və gənc nəsil yazıçılarla davam etməkdədir. Prosesin hərəkət dinamikası da, xüsusiyyətləri də 90-cı illərdəkinə bənzəyir. Sayca daha çox yazıçı var, deyəsən, çoxu da hekayəçidir. Roman çoxluğun maraq dairəsində olsa da, hekayənin dominantlığı daha çox hiss edilir.
Əlbəttə, romanın bu gün get-gedə daha möhkəm bağlarla bazara pərçimlənməsi ürəkaçan deyil. Çünki populyar maraqların içində özünü formalaşdıran və onun içində istehlak edilməyə başlayan roman bu prosesdə tənqidin obyekti olmaqdan çıxır. Roman populyar dünyanın pilləkənlərini sürətlə çıxarkən, tənqidlə arasındakı körpüləri də yandırmağa başlayır. Bu şəraitdə tənqid populyar romanın qarşısında əlacsız qalır. Nə müəllif, nə oxucu, nə də naşir tənqidlə maraqlanır. Beləcə, bütün bağlar qopur. Bu gün ən yeni və gənc yazıçıların arasında yaxşı romançıların yaxşı hekayəçilərdən daha az olmağının səbəbi, deyəsən elə bu prosesdir.
Yeri gəlmişkən, xeyli romançının və hekayəçinin ayrı-ayrı dəyərləndirilməsi qeyri-mümkün olan oxşarlıq və məhsuldarlıqla ortaya çıxması, bəzən bir yorğunluq və durğunluq böhranının da xəbərdarlıq siqnalı olur. Fəqət gözlənən durğunluq baş vermədiyi kimi, maraqlananları düşünməyə vadar edən bir məhsuldarlıq və fərqlilik sürətlə artmağa davam edir.
Yeri gəlmişkən, deyəsən bu da var: ədəbiyyatı populyarlaşdırmaq və bazarı canlandıraraq bəzi kitabları yüz minlərlə satmaq artıq elə də asan deyil. Bunun müxtəlif səbəbləri var. Yazıçının siyasi-ideoloji hökmlər və önhökmlərlə əhatə olunması romanlarının satışına təsir edə bilir. Bəzən də oxucunun gözləntisini azaldan səbəblər ortaya çıxır. Bunun müsbət tərəfi odur ki, dar çevrələrə sığışmayan, get-gedə böyüyən oxucu kütləsi yığmağa imkan tapan romançıların sayı çoxalır.
Romanla hekayə arasında müqayisə aparmaq çətindir, çünki satılan yeganə növ olan roman, təkcə yazıçılar üçün yox, naşirlər üçün də cəlbedicidir. Nəşriyyatlar hekayə kitabı çap etməkdənsə, roman çap etməyi seçirlər. Düşünmürəm ki, daha çox roman yazıldığı üçün daha çox roman nəşr edilir.
Əksinə, hekayə daha çox yazılır, amma hekayə kitabı hazırlamaq çox vaxt bir romanının bitməsindən daha uzun müddətə başa gəlir. Bu, qəribədir? Tək-tək hekayələrə xərclənən vaxtı düşünəndə görürsən ki, bir kitabın ərsəyə gəlməsi üçün yazılacaq hekayələrə sərf edilən vaxt əksərən roman yazmaqdan daha uzun çəkir.
Deməli, hekayə kitablarının fəhləliyi daha çox vaxt tələb edir. Yaradılış prosesi kimin əlində olur-olsun, bir neçə səhifəlik hekayə üçün göstərilən diqqət, məsuliyyət, neçə yüz səhifəlik romanın hər səhifəsi üçün göstərilmir.
Forma xüsusiyyətləri
Hekayə janrının son dönəmi ilə bağlı bir neçə konkret qeyd deyə bilərik. Bunu ədəbiyyatımızın konkret bir hekayə anlayışına yaxın və yatımlı olması ilə açıqlamaq olar.
Birincisi, sadə ifadə tərzinin xeyli yayğın şəkildə mənimsənilməsidir. Bizim ədəbiyyatımızın dünəndən bu günə seçdiyi ifadə forması da, əslində, budur. Bu ana yoldan ayrılan və bəzən qapalı, analiz edilməsi çətin, bəzən mənanı təkcə dil içində əmələ gətirən axtarışlar, geri çevrilib baxanda, nə hekayədə, nə romanda təcrübədən keçirilib. Bunun bizim ədəbiyyatın məxsusi halı olduğunu deyə bilərik. Deyə bilərək ki, bədii forma axtarışları Səid Faiq Əbasıyanıqdan, eləcə də 1950-ci illər ədəbi nəslindən bu günə qədər özünü daha çox hekayənin dünyasında göstərib. Yeri gəlmişkən, bizdə sadə ifadə tərzi öz başlanğıcını Səid Faiqdən, Çexovdan və gec kəşf edilən amerikan hekayəçilərindən götürüb. Bu gün dünyada hekayə ən çox harda yazılırsa, çağdaş gənc yazarlarımızın da üzünü ora tutması normaldır. Buna müsbət təsir dairəsində olmaq deyə bilərik.
İkinci əsas xüsusiyyət, daxili səsin bütövlükdə hekayəni əmələ gətirməsi, beləcə, əhvalatın arxa plana atılmasıdır. Bunu da müsbət saymaq olarmı? Şübhəsiz ki, daxili səs (daxili monoloq) qaçılmaz ifadə formasıdır. Eyni zamanda, daxili səs bir imkandır. O, personajları və hekayənin yükünü daşıyan gücü gün işığına çıxarmaq üçün istifadə ediləcək açarlardandır. Belə ki, çox vaxt hekayənin əsas personajının həm də təhkiyəçi olması yox, təhkiyəçinin bütün hekayəni öz beynindən keçirərək təsvir etməsi adətən vacib bir problem, yarımçıqlıq kimi ortaya çıxır. Şübhəsiz ki, bu hekayənin strukturunu bütöv saxlamaq üçün işin asanına qaçmaqdır. Hər şey təhkiyəçinin şüuru və baxış bucağı içində nəql olunursa, nəql edilənlərin ayrıca həyatda baş tutmasına ehtiyac qalmır. Bu problemi həll edən gənc yazıçıların yazdıqları həmişə bir addım öndə olacaq.
Yeri gəlmişkən, vacib bir problem daha: detallardan yox, gündəlik həyatın hamıya məlum münasibətlərindən və davranışlarından yararlanmaq. Tezcə ağlagəlməyən detallar yazının keyfiyyətini artırır. Bunun üçün həm həyat təcrübəsi, həm güclü müşahidə qabiliyyəti, həm də masa arxasında keyfiyyətli düşüncə istehsalı lazımdır. Halbuki başqalarının da görə biləcəyi detallar üstündə qurulmuş hekayələr get-gedə uzanmaqda olan ortabab bir xəttin yaranmasına səbəb olur. Bundan xilas olmaq üçün təhkiyəni başqalarının yazdığından fərqləndirmək üçün ciddi mətn fəhləliyi lazımdır.

Tənqidin çatışmazlığı
Ədəbiyyatımızın indiki səviyyəsinin ağıllı-başlı müzakirə olunmamasının səbəblərindən biri tək-tək kitablardan və bir neçə populyar yazıçının bestsellerləri ilə yaratdığı həvəs qarışıqlığından çıxa bilməməkdirsə, digər səbəb isə əsas problemləri müzakirə etmək istəyənlərin azlıqda olmasıdır. Nəticədə sözügedən azlığın başlatdığı keyfiyyətli mübahisələri və yazdığı kitabları müzakirə edərək daha irəli aparan yazıçılar da çıxmır.
Ədəbiyyatımızın bəzən sürətlənərək, bəzən yavaşlayaraq keçirdiyi çevrilmə onun bu gününü fasiləsiz şəkildə dəyərləndirməyi labüd edərkən, yaxın gələcəklə bağlı proqnozlara da yeni pəncərələr açır. Şübhəsiz ki, bu gün ötən dövrlərdən fərqlidir, ədəbiyyatımızın keçmişdə baş verənlərə oxşamayan bir dünyası var. Kimlər üçün belədir? O dünyanın yaradıcısı olan yazıçılar, ədəbiyyat kitablarının çapa hazırlanıb nəşr olunmağında əməyi olan naşirlər və redaktorlar, çap olunan kitabların mütaliə və qiymətləndirmə prosesinə qoşulan aktiv oxucular üçün.
İndiki dövrü, bu yeni zamanın mədəniyyətini, sözgəlişi, həmişə 1980-ci illərdən əvvəlki dövrlə müqayisə edənlər var, gəlin qəbul edək ki, bunun mənası yoxdur. Get-gedə bu günü 1980-1990-cı illər arasındakı keçid dövrü ilə yan-yana qoymaq da artıq qeyri-mümkünləşib. Bizim nəslimiz elə bir mədəni dövrü ifadə edir ki, onda yaşayış forması tamam başqaydı, ədəbiyyat kültürü yazıçıların və kitabların bir yerdə yaşamağından qidalanırdı, bədii həmrəyliklər dostluqlarla birgə ortaya çıxırdı. Bundan sonra həmin mədəniyyətin dağılmağa başladığı, yeni nəsillərin öz mədəniyyətlərini diqtə etdikləri, ədəbiyyatımızın parçalanma prosesi ilə yeni anlayışların və axtarış müxtəlifliyinin tək-tük örnəklərlə çoxaldığı bir dövrə qədəm basdıq.
Çağdaş ədəbiyyat deyəndə onu əvvəla yeni nəsillərin yaratdıqları ilə ifadə edirik. İndi yaşadığımız anı nəzərdən keçirəndə onun keçmişi ilə gələcəyi də gözümüzün qabağından keçir. Əgər bu günün ədəbiyyatı dünənin bir versiyasıdırsa (çox vaxt belə olur), onda onun bizə ancaq müsbət mənada təsir edəcəyini demək kifayət deyil. (…)
Son on ildə yazılanlara baxsaq, əsas məhsuldarlığını 1980-ci illərdə göstərməyə başlayan bizim ədəbi nəsildən sonra gələn və ən çox bizim ədəi nəslə yaxın olan, amma ədəbiyyatımızın hər hansı bir dövrünə bağlanmaq əvəzinə, özü-özlüyündə müstəqil yollar axtaran bir nəslin formalaşmağa başladığını görmək olar. Deməli, bir islahat dövründəyik. 1980-ci illərin ortalarından başlayıb, 1995-ci illərə qədər çəkən, əvvəla yeni romançıları ilə özünü ifadə etdiyi islahat dövrü, 1995-2010-ci illər arasından da fasiləsiz davam etdi. Son iki nəslin yaratdığı islahatın sərhədləri xeyli genişləndi, yeni forma və üsul axtarışları get-gedə çoxaldı, amma ələgələn bir anlayışdan danışmaq hələlik çətindir.
Gənc yazıçılar bəzən şüurlu seçimlərlə keçmiş dövrlərdəki ustalardan fərqli, özünəməxsus bir yol yaratmağa çalışırlar, bəzən isə keçmişlə düz-əməlli ünsiyyətə girib ondan qidalanmadan öz bacardıqlarıyla öz yollarını formalaşdırırlar. Ədəbiyyat ənənəmizin ən vacib çatışmazlığı novator axtarışların məhdud olmasıdırsa, gənc yazıçıların keçmişdən əvvəl özlərinə, daha doğrusu, öz gələcəklərinə baxması ehtimal ediləndən daha vacib olmalıdır.
Ən yeni nəslin müsbət yüksəlişi
Nəhayət bu gün deyə bilərik ki, bu yenilik axtarışları bütöv effekt yaratmadı. Bu səviyyədə effekt yaratmaq üçün ya gərək həmin anlayış geniş yayılsın, ya da o anlayışı təmsil edən yazıçı çoxluğu maraqlandıracaq aktivlikdə olsun. Vacib olan öz orjinallığını israrla davam etdirən hekayə və romançıların çoxalmasıdır.
Qabığını dəyişən orqanizmin ölməyini istəmiriksə, 2000-ci illərin əvvəlində baş tutan çevrilmədən sonra, ikinci çevrilmənin də bu illərdə baş verməli olduğunu deməliyik. Artıq o qədər çox kitab yazılır və istedadlı gənc yazıçılar o qədər artır ki, bu çevrilmənin keyfiyyətli şəkildə baş tutacağına inam da çoxalır. Deməli yeni bir qorunma dövrünə, güc toplamağa ehtiyac var. Bəlkə də kəmiyyət baxımından güc toplamağa ehtiyac yoxdur, əsas məsələ keyfiyyətin yeni anlayışlarla gücləndirilməsidir. (…)
Bu gün xüsusilə bir problemdən danışa, ya da problemləri bir başlıq altında toplaya bilərik. Ədəbiyyatın populyar mədəniyyətin və bazarın tələblərinə uyğun olaraq aşağı çəkilməsi, nəşriyyatların böyük ölçüdə bu prosesə dəstək verəcək formada dəyişməsi, belə görünür ki, təkcə bizim yox, başqa ölkələrin də problemidir. Bu elə prosesdir ki, qabağını almaq, az qala, mümkün deyil.
Gəncləri təqdim edərkən, əvvəla ən azı iki kitabı çap olunanları seçməyə qərar verdik. Sonra təkcə öz hökmlərimizə yox, son illərdə seçdiyimiz müəlliflərin haqqında yazılanları da nəzərə aldıq. Həmişə olduğu kimi burada da əyər-əskik olacaq. Vacib olan bu gəncləri tanımaq, onları oxumaqdır. Buyurun, tanış olun!

Murad Özyaşar
Murad Özyaşarın yazdıqlarını ilk dəfə oxuyan kimi, onun öz ədəbi nəslinin hekayəçiləri arasında çox keçməmiş fərqlənəcəyini düşünmüşdüm. Onun mətnlərində şərqin içindən çıxıb ədəbiyyatın kapilyar damarlarında yerimək cəsarəti var. Ən tez o başa düşdü ki, içindən çıxdığı mədəniyyətlə öz ədəbiyyat anlayışını yan-yana qoymağın yaratdığı problemlərdən xilas olmaq üçün bədii dərinliyə baş vurmaq lazımdır. Bəzəkli cümlələrlə yazmır. Açıq görünür ki, dili və təhkiyəsi ustadı saydığı müəlliflərdən gəlir.
Öz nəslinin ən yaxşılarındandır, amma az yazır. Az yazmaq sizi həmişə ucaltmaz, unutdura da bilər. Məhsuldarlaşdıqca, dəyəri daha da artacaq.
Sinə Ərgün
Sinə Ərgün qısa, hadisəsiz, amma şeirin ərazisinə də keçməyən hekayələr yazır. Hekayənin bu ərazisində dolaşmaq təhlükəlidir; çünkü, məncə, uğurlu alındıqca, onun yazdığı əsl bu günün, çağımızın hekayəsidir. Az yazır, deməli yazdıqlarının fərqindədir.

Handə Gündüz
Handə hekayə seçimində də (hekayə fikri də deyə bilərik), yazısında da fərqli, özünəməxsus yollarda gəzir. Dünyaya da, hadisələrə də, yazıya yanaşması da, ictimaiyyət üçün bir az “tərs”dir. Bu tərslik, yabanılıq gündəlik həyatla onun yazıçılığı arasındakı ziddiyəti qidalandırır.

Nəslixan Öndəroğlu
Sadə dillə və mürəkkəb kompozisiyası olmayan hekayələrində ifadə etdikləri personajların gündəlik həyatlarından balaca, qısa parçalardır, amma bu parçalarda bəşəriyyətin əsrlərdir içindən çıxa bilmədiyi böyük məsələr gizlənib. Məsələn bu sual: əməllərimiz, qərarlarımız, hətta başımıza gələnlər, iradi seçimlərimizin, yoxsa məcburiyyətlərimizin nəticəsidir? Seçimlərimizdə həzzə, yoxsa uyğunluğa meyillənmək daha doğrudur? Bu cavabsız sualların verildiyi hekayələr bizi narahat etsələr də, onları ittiham etmək də mümkün deyil.

Bəhri Vardarlılar
Qapalı, anlaşılmaz yox, gücünü sadəlikdən alan yazıçıdır. Onun sadəliyi çətin sadəlikdir. Əyləncəli, qeyri-adi hekayələr yazır.

Yazıçı, tərcüməçi Kərəmin hekayələri son dörd ildə bir xeyli jurnalda çap olundu. Hekayələrin əsas mövzusu üsyan duyğusudur. Söz oyunlarını, ironiyanı çox sevir.
2012-ci ildə “Cəmiyyət böcəyi” adlı kitabı ilə “Haldun Tanər” mükafatını qazandı.

Özləm Akıncı
O, təsadüfən seçilmiş konkret bir anın personajların dünyasında adekvat qarşılığı olan daha geniş bir zamanı əks etdirdiyini, altdan alta baş vermiş, amma fərqində olmadığımız üçün səsləndirilməmiş şeylərdən bəhs edir.

Mahir Ünsal Əriş
Onda yazmaq iştahı var. Həyatın künc-bucağında qalmış anları bir kolleksioner həssaslığı ilə toplayır. Təbiiliyinə, saflığına toxunmur həyatın. Heç kimə təsir etməyə çalışmır.
Heç nəyi şişirtmir. Sadə olanın gücündən istifadə edir.

Türkər Ayulduz
Şeirlə başlayıb. Ardınca səs-küy yaradan “Vapurlara küsmək” adlı hekayə kitabını çap etdirdi, sonra isə 2011-ci ildə “Orxan Kamal” hekayə mükafatını qazandı.
Realist üslubla adi insanın həyatını yazır. İnsanın faciəsini melodrama keçmədən yazmağı sevir.
Xarakterləri özünü heç yerə aid hiss etməyən, həyatda axtardığını tapmamış adamlardır.

Semih Ərəlvanlı
Uşaqların məsumluqla dəcəllik arasındakı dünyasında ikisindən birini seçməyi yox, ikisini də birdən seçir.
Qaydaları riayət etməkdənsə, onları dağıtmağı sevir.
Eksperimentallığa meyllidir. Tabu tanımır.

Şənay Əroğlu Ağsoy
Şənay cümlələr, paraqraflar, ya da hadisələr arasında asanlıqla bağ qura biləcəyimiz sözləri ixtisar etməyi sevir.
Əvvəlcə aralarında heç bir əlaqə olmayan cümlə və görüntülərin dağınıq bir beynin məhsulu olduğu təəssüratı yaransa da, oxuduqca bağlar qurulmağa başlayır.
O, daha çox evlərin içindəki kənardan görünməyən gizli savaşları yazır.
Nazlı Qarabıyıkoğlu
Yazmağı sevir.
Sənətçi depressiyasını da yaza bilir, bir maralı da.

Birgül Oğuz
Qarşılaşdırmalı ədəbiyyat üzrə təhsil alıb, tərcümələr edir, nəzəri yazılar yazır, iki hekayə kitabı çıxıb.
Frankfurt kitab yarmarkasında hər il bir yazıçıya verilən Avropa Birliyini Ədəbiyyat mükafatını “Hah” kitabı ilə qazanıb.
dilimizə uyğunlaşdıran: Qismət




