DAHA.az Aqşin Yeniseyin “Qovulmuş zaman” essesini təqdim edir.
Varlığın səbəbi kimi təqdim olunan tanrı hiss olunan deyil, dərk olunandır. Var olduğu yer zəkadır.
İnsan sonsuzluğun dərvişi yox, dərzisidir. O, sonsuz olanı sonlandırmaq, ölçüb-biçib özü ilə məhdudlaşdır-maq istəyir, saat icad edir və saatla ölçə bildiyi, özünə həbs etdiyi sonsuzluq qırıntısına zaman adı qoyur.
Ölçə bilmədiyini, işinə yaramayanı kənara atır, özündən qovur. Sonsuzluq qovulmuş zamandır. İnsan öləndən sonra da yaşaya biləcəyi sonsuzluğa inanır, yenə də sonsuzluğu öz varlığının məhdud ölümsüzlüyü içində görür. İnsanın ölümsüzlüyü yaşaya biləcəyinə inamı, ölümsüzlüyü ölçə biləcəyi inamından doğur. Xəyallarımız ölçə biləcəyimizə ümid etdiyimiz beynimizin hələ istifadə olunmamış əraziləridir. İnsan “qovulmuş zaman” haqqında heç nə bilmir. Öz məhdud varlığının əyninə ölçüb-biçdiyi tanrını dərk etmək üçün onu zehni ilə məhdudlaşdırır, obrazlaşdırıb kitaba sığdırır, insana dedikləri ilə sərhədləyir.
O, Tövratdan, İncildən, Qurandan kənardakı tanrının ateistidir.
Dərk olunan tanrı həbs olunan tanrıdır, həqiqət onun bizə dediklərində yox, demədiklərində gizlidir. İlk tanrı ilk heykəldir. Hisslərin axışı vücudda bədəndən başa doğrudur, başdan bədənə doğru axan ağıldır. Kitab göndərdiyinə inanılan tanrı əvvəlcə ağıla təmas edir, kitab bədənə ağılla yayılır. Arpa əkinindən qayıdıb bütlərinin sındırıldığını görən qəzəbli xaldeyləri İbrahim peyğəmbər möcüzənin deyil, məntiqin gücüylə susdurur: “Özlərini qoruya bilməyən bu aciz varlıqlar sizi necə qoruyacaqlar?” Daşlaşmış min illik inanc yenicə dil açan körpə məntiqin qarşısında aciz qalır. Möcüzə məntiqin gördüyü yuxudur. Tək tanrı bu məntiqin yuxusuna girən sındırılmış bütdür. Məntiq sussa, tanrı da susar. Unutmayaq ki, bizim sonradan ölçə bildiyimiz sonsuzluqla eyniləşdirib təsəvvürdən belə ilim-ilim itirdiyimiz tək tanrı onu ilk dəfə bizə tanıdan İbrahim peyğəmbərlə eyni süfrədə yemək yeyən yaşlı bir kişi idi. Bütyonan atasının evdən qovduğu İbrahimlə tanrı o gün üzbəüz oturub bir süfrədən yemək yeməsəydi, sonradan onun haqqında danışılanların, yazılanların heç biri olmayacaqdı. Varlığın səbəbi kimi götürülmüş tanrı zəkanın insanlığı yönələndirdiyi kosmik hədəfdir, hisslər, duyğular vasitəsilə onun yalnız illüziyasını təsəvvür etmək mümkündür. Kainatın özünü deyil, illüziyasını təsəvvür etdiyimiz kimi… Hisslərlə, duyğularla inanılan tanrı milyonlarla pasiyenti olan gözəgörünməz psixoterapevtdir.
Milyonların tanrı inancı batil inancdır!
Ona görə də hər yeni din lap başından milyonların inancına hücum edir, İbrahim əlinə balta götürüb milyonlarla insanın inandığı bütləri qırır. Çünki milyonların inancının adı faydadır, fayda gözləntisidir. Din bu batil inancın faydalılığını ölçüb-biçən inzibati qurumdur, bu qurumun arxivi faydasız elan olunub vəzifədən uzaq-laşdırılmış tanrıların şəxsi qovluqları ilə doludur. Bəşəri faydanın təqaüdə göndərdiyi yüzlərlə gərəksiz tanrı var dinin inventarında. Varlığın səbəbi kimi götürülmüş tanrının faydası varlığın özüdür. İstifadəyə yararsız külli olandır. Din onu cüzi olana çevirib istifadəyə yararlı hala salır. Üst dünyanın əlçatmazını alt dünyanın əlçatanı edir. Hisslər alt dünyaya aid olduğu üçün cüzi olanla kifayətlənir. Üst dünyadan göndərilən bilgilərin müəllifi zəkadır. Varlığın səbəbi kimi götürülən tanrı intellektual marağın obyektidir, başlanğıc nöqtəsi iman yox, şübhədir, cavabı axtarılan sualdır. Şəkk etmədən dərk etmək mümkün deyil. Din bu marağın şübhədən arındırılaraq inanc halına salınmış, məqsədi dəyişdirilmiş, institutlaşdırılmış, təsərrüfatlaşdırılmış, hər zaman bətnində adsız bir dövlət gəzdirən hamilə halıdır. Din bu ibtidai fəlsəfənin oğlu, sənət isə onun qızıdır.
Oxşar əhvalat dil və filologiya arasında da baş verir. Dil külli olandır, filologiya onu cüziləşdirir, konseptuallaşdırır, elmi təlimə çevirir. Din mistik iqtidardır və dünyəvi məqsədləri üçün tanrını istismar etdiyi kimi, filologiya da üzərinə qoyulan siyasi öhdəliklərə uyğun olaraq dili istismar edir. Məsələn, müstəmləkə xalqlarının assimilyasiya olunmasında ən uğurlu həmlə filoloji təcavüzdür. Ayağından zəncirə vurulan kölə qaçmağı, dilindən zəncirə vurulan kölə qalmağı üstün tutur.
Dini varlığın səbəbindən daha çox nəticəsi maraqlandırır, yəni külli olana inam yöndür, cüzi olana inam yöntəm. Külliyə inam yerdən baxıb göyü, cüziyə inam göydən baxıb yeri ələ keçirmək arzusudur.
Külliyə inam təbiət mənşəlidir, cüziyə inam cəmiyyət mənşəli… Təsadüfi deyil ki, din çox vaxt külli olana inananların, yəni tanrıya varlığın səbəbi kimi baxanların önünə inkivizitor libasında çıxır. Orta əsrlərdə dinin təqib etdiyi adamların çoxu külli olana inananlar idilər; dar ağaclarında şaqqalanan, tonqalda yandırılan bu adamlar tanrını külli, külçə şəkli ilə dərk etmək istəyir, dinin bu külçədən öz adına kəsdiyi sikkələri ciblərinə doldurmağı qəbul etmirdilər.
Dərk olunmuş tanrıdan fəlsəfə və elm yarandı. Hiss olunan tanrı isə insan beyninin cəhalətə aid çöllərində zəkanın yolunu kəsib yağmalayan bədəvi həyatı yaşamağa başladı.
Din mifdən törədiyi üçün nağıldır və bu nağılın əbədi mübarizə içində olan, bir-birinə heç vaxt qalib gəlmək istəməyən iki qəhrəmanı var: Tanrı və İblis. Xeyir və Şər… Nəticəsi olmayan istənilən ideoloji mübarizə ömrünü şəxsiləşmiş “qarın davası” olaraq davam etdirməyə məhkumdur. İdeoloji mübarizə uzandıqca tərəflər bir-birinə öyrəşib doğmalaşır və mübarizə həyat tərzi, daha doğrusu, işgüzar münasibətlər şəklini alır. Mübarizə həyat tərzi şəklini aldıqda ehtiyaca çevrilərək ideoloji qarşıdurma həddindən psixoloji asılılıq həddinə enir. İdeoloji mübarizənin şəxsiləşməsi onu arsızlaşdırır, ictimai əxlaqın nəzarətindən çıxarır, bəşəri məzmundan azad edir, şəxslərarası didişmə səviyyəsinə endirir.
İdeoloji mübarizə şəxsiləşəndə tərəfləri şəxsiyyətsizləşdirir. Şəxsiləşmiş Şərlə şəxsiləşmiş Xeyir arasında mübarizə isə gündüz otaqda döyüşlə başlayıb gecə yataqda öpüşlə bitən ər-arvad davası kimi bir şeydir; onları ayıran deyil, bir-birinə bağlayan neqativ asılılıqdır. Formaca ideoloji, məzmunca psixoloji asılılıq… Bir-birini yox etməkdən daha çox, bir-birini himayə etməyə məhkum olan Allah-Şeytan asılılığı… Bir tərəzinin iki gözünün asılılığı… Hermafrodit birlikdəlik… Şəxsiləşmiş mübarizənin silahı sui-qəsd, dedi-qodu, təhqirdir. Çünki şəxsiləşmiş mübarizənin gözləntisi ideoloji deyil, psixoloji qələbədir. Bütün müqəddəs ki-tablarda allah şeytanın kölgəsini qılınclayır, şeytanın da onun kölgəsini qılınclayacağını xəbər verir.
Din öz ambisiyasını içindəki ideoloji mübarizəni şəxsiləşdirib psixoloji qələbə və onun mükafatı gözləntisinə çevirərək nəsildən-nəsilə yoluxdurur. Dinə tapınan sorğu-sualsız inandığı allahın əsgəri olduğunu düşünüb hər an şeytanla qarşılaşmaq və ona öldürücü zərbə endirmək xıncıyla ətrafına qarşı hücum vəziyyəti alır. Şeytan olmayandan özünə şeytan düzəldir, qaşınmayan yerdən qan çıxarır. Bundan ötrü o, gerçək aləmə daxil olmur, əksinə, gerçək aləmi öz xəyal dünyası ilə əvəzləyir. Onun xəyal dünyasında apardığı şəxsi və psixoloji mübarizənin nəticəsi isə özünü gerçək aləmdə göstərir. O, xəyal dünyasında daşa basdığı şeytanın gerçək aləmdə totemik bir memarlıq nümunəsi olduğunu görmür. O artıq varlığını əsir alan “qara dəlik” tərəfindən udulub. Geri dönüşü olmayan bir nağılın içindədir. Bu nağılın adı isə dindir.
Nağılların axırında göydən düşən üç alma şifahi mətnin sonuna qoyulan üç nöqtəni simvolizə edir; bu üç alma nağılın və nağılın içindəki mübarizənin bitmədiyini göstərir. Bu günə qədər yazılmış bütün mətnlər sonuna üç alma şəklində üç nöqtə qoyulmuş nağılların davamıdır.
İnsanlığın mənəvi varidatı mövcud inanclarda, yəni Tövratda, İncildə, Quranda təqdim olunan halından qat-qat zəngin və qədimdir. İnsan mənəviyyatının yaşını mövcud dinlərin yaşı ilə eyniləşdirmək mədəniyyət tarixini unutdurmaq, insanı mədəni mənşəyindən məh-rum etmək cəhdidir. Məsələn, Quranın xitab etdiyi Şərq insanı sivilizasiyanın ilk yox, son həlqəsidir. Quran ərəb üçün yeni, bəşər üçün köhnə kitabdır. Yəhudi üçün
Tövrat, romalı üçün İncil də həmçinin… Bir yəhudi Qüds peyğəmbəri olmazdan öncə bir Babil məmurudur. Bir avropalı əvvəlcə Roma vətəndaşıdır, sonra xristian xaçlısı. Əsas məsələ Babil və Qüds, Roma və Vatikan arasındakı bəşəri seçimdə hansını seçdiyindir.
Varlığın xeyir-şər, allah-şeytan bölgüsü mədəniyyətin uydurması, bəşəri təxəyyülün sosial zərurətdən doğan icadıdır. Əxlaq sosial alətdir, din bu alətlə iş görən usta. Türklərin qədim “Yaradılış dastanı”nda deyilir: “Tanrı Qayra xan sularla örtülü bir dünya yarat-mışdı, yalqız olduğu üçün darıxdı və özünə oxşayan bir varlıq yaradıb ona “Şəxs” adını verdi”. Daha sonra dastanda “Şəxs”in tanrıya xəyanət edib itaətsizlik göstərməsindən və buna qəzəblənən tanrı Qayra xanın onu “Ərlik”, yəni şeytan adlandırıb özünün işıqlı dünya-sından qovmasından bəhs olunur. Adəmdən xəbərsiz olan bir irqin və bir çağın qovulma hadisəsindəki tanrı Qayra xan və onun palçıqdan yaradıb itaətsizliyinə görə Ərlik adı ilə damğalayaraq dərgahından qovduğu insan necə də semitlərin yaradılış əhvalatındakı tək tanrılarını və Adəm babalarını xatırladır. İnanclar fərqli, əhvalatlar eynidir! Bir dinində bəndələrinə qurban kəsdirən, o biri dinində qurbandan imtina edən, bir dinində insan surətinin çəkilməsini yasaqlayan, digərində kilsələrini insan surətləri ilə bəzəyən, bir dinində öz axunduna dörd ar-vad almağa icazə verən, o biri dinində öz rahibinə bir arvadı da çox görən eyni tanrı deyilmi? Bu ayrıseçkiliyi yaratmaqda onun məqsədi nədir? Yaxud rinqdə bir-birini əzişdirən bir ingilis və bir zənci boksçu təsəvvür edin, biri ağappaqdır, o biri qapqara. Tanrı yaratdısa, bunun niyə birini ağ, o birini qara yaratdı?
Canlı ağ-qara fiqurlarla şahmatmı oynayacaqdı? Yox, əgər tanrının qardaş olaraq yaratdıqlarını sonradan təbiət rəngləyib irqi düşmənlərə çevirə bilirsə, bu, ağ və qara, xeyir və şər qarşıdurmasının tanrıdan deyil, təbiətdən qaynaqlandığını göstərmirmi? Bəşəri narsisizm sindromu olan vəhdəti-vücud iddiası heç bir dəlili olmayan estetik bir fərziyyədir. İnsan təbiət oyunçularından biri kimi çıxdı səhnəyə və daha çox uduzan tərəf oldu; sürünən də onu ovlayırdı, uçan da. İnsanın təbiətdə ovçu deyil, ov olduğu dövrlər daha uzun zamanı əhatə edir. Bu zaman ərzində ov olmaqdan təsadüfən canını qurtara bilən insanda təsadüflərə inam yarandı. Bu inam təsadüf nəticəsində sağ qalanların həmrəy olduqları onları kiminsə qoruduğu düşüncəsiydi. Onlar “seçilmişlər” idilər. Hansısa yırtıcının qarnında olmalıykən arvad-uşaqlarının yanındaydılar, kim idi o xilaskar təsadüfün gözəgörünməz sahibi? Təsadüfən sağ qalanlar bu suala cavab axtaran ilk kahinlər oldular. Minnətdarlıq dolu bu kahin axtarışları insana düşmən kəsilən təbiətə alternativ olan daha üstün bir gücün olduğu inancına vardı. Onu yem olmaqdan qoruyan təsadüfdən qorxusunu ovudan tanrısını yaratdıqdan sonra bu dəfə qisas almaq üçün özü təbiətə qənim kəsildi.
“Biz və Başqaları” ayrıseçkiliyi də düşüncə olmazdan qabaq instinkt idi. Addımbaşı qaçana, uçana yem olan aciz insanın instinkti… Ağıl bu ibtidai instinktin tələbəsidir. Otyeyən idik, ağıl bizi ətyeyənə çevirdi. Ov idik, ovçu etdi. Təbiət üzərində qələbələrimizin şanlı dastanlarını yaratdı. Din təbiətə qalib gələn insanın ağılla ələ keçirdiyi və ağlı başdan alan dəyəri ölçülməz qənimətidir. Xilaskar təsadüfü tanrılaşdırmaqla təbiətdən güclü olanı yaradan ağıl “Biz və Başqaları” instinktini şüurun sifarişinə uyğun mənalandırıb xeyir və şər adlandırdı. Bizə, yeyilənlərə xeyir, başqalarına, bizi yeyənlərə şər adı qoydu. Gücün sağ qalmaq zəruriliyi Şər, zəifin sağ qalmaq təsadüfiliyi Xeyir oldu. Ağılsız dünyada xeyir və şər görüntülü əməllər olsa da xeyir və şər deyə bir bölgü yoxdur. Ağlın şər olaraq göstərdiyi hədəf insanlığın yaşamasını istəmədiyi başqasıdır. Qorxu hissinin ibtidai ünvanıdır. Mənşəyi zəifin qisas yanğısı olan bu mübarizənin sonucunda mədəniyyət yarandı. Mədəniyyət yox edilməsi mümkünsüz olan şərin əhliləşdirilməsi inancıdır.
Mədəniyyət təbiətin əhliləşdirilməsidir.
Mədəniyyət insana, sadəcə, özünə oxşamadığı üçün başqalarını öldürmək cəsarəti və hüququ verdi. İnsanlıq yaşamaq uğrunda şərəfsiz mübarizədə ona ağıl bəxş edərək yalnız özünə haqq qazandıran “Biz və Başqaları” instinktindən sənət, fəlsəfə, din, dövlət, futbol komandaları yaratdı. Xeyir və Şər Qayra xan və Ərlik oldu, Əhrimən və Hörmüz oldu, Allah və Şeytan oldu. Çünki insanlığın yaddaşında unuda bilmədiyi bir qorxu vardı: Biz və Başqaları. İnsanlığa kim yol göstərdisə, biz və başqaları ayrıseçkiliyi üzərindən göstərdi. Elə bir peyğəmbər göndərildimi ki, insanlığı “biz”ə və “başqaları”na ayırmasın? Elə bir din, mədəniyyət oldumu ki, insanlığa bu ibtidai instinkti unutdura bilsin, daha doğrusu, unutdurmaq istəsin? Çin, Roma, Sasani, Osmanlı mədəniyyətləri özlərindən olmayanları barbar, vəhşi sayırdı. İlahi mətnlərin heç birində bəşəri həmrəylik çağırışı yoxdur. Tövrat yəhudiləri, İncil xristianları, Quran müsalmanları bəşərə qarşı qoyur. Tövratın məqsədi bəşəri olanı yəhudiləşdirməkdir! İncilin məqsədi bəşəri olanı xristianlaşdırmaqdır! Quranın məqsədi bəşəri olanı müsəlmanlaşdırmaqdır! Ya inandıracaq, ya öldürəcək!
Din yəhudini, xristianı, müsəlmanı eyni bəşəri çətirin altına yığmaqda maraqlı deyil, bu missiyanı yalnız sənət öz öhdəsinə götürə bilər.
Bundan ötrü isə gərək insanın yazdığı ilahinin yazdığına müxalif olsun. Ancaq çox vaxt biz bunun əksini görürük, əksər hallarda sənət dinə vəkillik edir, sənət əsərlərinin qaynağı, adətən, bəşəri ayrıseçkiliyə xidmət edən dini mətnlər olur, gözəllik dünyasında qarın otaran sənət adamları fanatik kütlələrin tumarına yatmaq üçün cırtdan-peyğəmbər cildinə girirlər. – İyba düşündü ki, karantin günlərində kitabın əvvəl səsləndirilmiş fəsillərini də tapıb dinləsin, – Homer “Odisseya”da belə deyir: “Tanrılar insanların arasında müharibələr törədər ki, sonrakı nəsillərin nəğmələr söyləmək üçün bir şeyləri olsun”. Tanrı müharibələr törədir, sənət isə bu müharibələrə nəğmələr qoşur. Çünki ağlın həyata baxış nöqtəsi “Biz və Başqaları” qorxusudur. Çünki peyğəmbərlər allahın elçiləri yox, özlərindən əvvəlki mədəniyyətlərin övladlarıdır; başqasını barbar görən mədəniyyətlərin. İbrahim ölüm ayağında olan Babil, İsa yataq xəstəsi olan yunan-Roma, Məhəmməd bir-birini dueldə yaralayan Bizans-Sasani mədəniyyətlərinin oğlu idi. Bu həm də o deməkdir ki, mədəniyyət öləndə yerini din işğal edir. Bir cəhalət yalnız bir mədəniyyətin cəsədini udaraq dinə çevrilə bilir. Bu gün şəriət dediyimiz dini hökmlər toplusu tarixin ilk yazılı qanunları olan “Hammurapi qanunları”nın yəhudi kahinləri tərəfindən redaktəsidir. Oğurluq edənin əlinin kəsilməsi, iffətli qadınların başlarını örtməsi, yüngül günahlara görə şallaqlanma və bu kimi digər şəriət hökmləri Məhəm-məddən iki min üç yüz əlli il əvvəl yaşamış Babil kralı Hammurapinin – onun İbrahim peyğəmbərin özü olduğuna inananlar var, necə ki, Musanın da misirli olduğunu, ibrani dilində danışa bilmədiyini iddia edənlər var – daş kitabələrə yazdırdığı qanunlardır. Deyə bilərsiniz ki, Hammurapi də bu qanunları tanrıdan eşitdiyini söyləyib, amma Hammurapinin dövründə tanrılar fövqəlgücə sahib insanlar idilər, arvad-uşaqları vardı.
Demək, bu qanunlar bütün hallarda fəzadan deyil, zəkadan daşa köçürülüb. Siz indi qalxıb şəriətin göstərdiyi yolla allahı axtarmağa yollansanız, gedib Hammurapinin sarayının xarabalıqlarına çıxacaqsınız, yolunuza davam etmək istəsəniz özünüzü bir gün mağarada görəcəksiniz. Ağlınız başınızdaykən bu yol sizi heç vaxt səmaya qaldırmayacaq. Bu gün bizi şəriətə qaytarmaq istəyənlər, ən azı, dörd min il geriyə, həm də insan sifətli, insan xislətli allahların çağına qayıtarmaq istədiklərindən xəbərsizdirlər. Şəriət çoxallahlı dünyanın qanunlarıdır. Babil kralı Hammurapinin göydəki kölgəsi olan yəhudi tanrısı Yahova sərt xarakterli bir kişidir, liderdir, tayfa başçısıdır, İbrahimlə yeyib-içir, ona göstərişlər verir. Xristianlıqda tanrı bir ata, ailə başçısı obrazına bürünür, yəni insani sifətini itirmir. İslamda isə tanrı hər hansı bir varlıq şəklində görünməkdən, var olmaqdan imtina edir, bir növ, obraz olaraq yoxa çıxır. İnsani xislətini saxlayır, amma insani sifətini itirir. İslamın inqilabı özəlliyi allahı bütpərəstlikdən gələn insan obrazından xilas etməsidir. Soruşmaq lazımdır ki, insani sifəti fəza boşluğuyla əvəzlənmiş bir allaha inanan müsəlman dörd min il əvvəlki bir mədəniyyətdə insanı bütün yaxşı və pis sifətləri ilə yamsılayan tanrıların qanunlarına niyə tapınsın?
Dahası da var, o qanunların kölələrə, cariyələrə aid olanlarına indi hansı mömin özünü layiq biləcək? İndi hansı avropalı qadını dinində icazə verilən çoxarvadlılığa razı salmaq olar? Qədim türklərin “Yaradılış dastanı”nıdakı tanrı Qayra və palçıqdan yaratdığı Ərlik əhvalatından gördük ki, dillər kimi, dinlər də zatən eyni kökdən gəlir və hər bir din keçmişdən özünə lazım olanları götürür. Əgər sizin İslamdan üç əsr əvvələ qayıdıb Ərəbistan yarımadasının cənubunu və Həbəşistan əra-zisini əhatə edən torpaqlarda Aksum krallığında dolaşmaq imkanınız olsaydı, krallığın əyalətlərində Kral Ezananın xristianlığı qəbul etdiyini və xalqının da qəbul etməsini istədiyini küçələrdə hər gün eyndi vaxtda car çəkən həbəş “müəzzin”lərin səsini eşidərdiniz. Onda başa düşərdiniz ki, müsəlmanlar niyə ilk azanı kral Ezanın torpaqlarından gələn Bilal adlı həbəş köləyə oxutdurublar. Başa düşərdiniz ki, müsəlmanları İslama çağıran azanın mənşəyi Bilalın dədələrini üç yüz əvvəl öz ölkələrində xristianlığa çağıran kral Ezanın çağırışıdır. Bunları bilmək üçün insanın bəsirət gözü gərək atmosferin üst qatlarına deyil, litosferin alt qatlarına, orada uyuyan qədim mədəniyyətlərə açıq olsun.
Gəlin bu qatların ən dərində olanına enək: “Yer ilahəsi Ninhursaq tanrıların cənnətində səkkiz ağac əkdi və meyvələrini yeməyi tanrılara qadağan etdi. Müdriklik tanrısı Enki tamahını saxlaya bilmədi, iki sifəti olan vəzirinə dedi ki, yığ, gətir o meyvələri yeyək, onsuz da, qalıb xarab olacaqlar.
Qadağanı pozduğu üçün Ninhursaq Enkini lənətləyib getdi. Enkinin bədəni ağrımağa başladı. Ninhursaqın ona yazığı gəldi, hər ağrıyan əzasından bir tanrı və bir ilahə yaratdı ki, Enki sağalsın. Axırda Enkinin ağrıyan bir qabırğası qaldı. Ninhursaq onu da bir ilahəyə çevirdi, adını da “Ninti” qoydu”. Bu, bir şumer əhvalatıdır. Sizcə, bu əhvalatdan Adəm və Həvva məsələsinin çoxallahlılıq dövrünün mirası olduğu üzə çıxmırmı? Şumer dilində “Nin” qadın, “Ti” qabırğa deməkdir. Sizin babanız Adəm inandığınız tək tanrıdan daha yaşlıdır və tək tanrı Adəmin deyil, Adəm onun yaranmasında əlindən gələni edib; ən azı, növbəti dəfə qabırğasından keçərək eyni ağrını yaşayıb. İndi isə “ilahi komediya”ların uyuduğu bu yeraltı dünyada eynən Dante kimi Beatriçeyə qoşulub bir qat yuxarı qalxaq, peyğəmbərlərin ən gənci olduğu üçün ən çox təhqir olunanından yapışaq.
İsa peyğəmbərin Tanrının oğlu olması inancı yunan mifologiyasındakı Heraklın tanrı Zevsin oğlu olması mifinin rekonstruksiyası deyilmi?
Bu cür göydəndüşmə döllənmənin Çin mifologiyasındakı örnəyi çinlilərin ən uca tanrı kimi qəbul etdikləri imperator Huan-Didir. Hua-nın anası yolda gedərkən qədim türklərin Göy Tanrısının ona gözü düşür və ildırım şəklində şığıyıb zavallı qadını zorlayır. Göy Tanrısının ildırımsürətli şəhvətindən hamilə qalan qızcığaz doqquz aydan sonra Huanı doğur. Xristian dinində tanrı dülgər əri evdə olmayanda Məryəmi necə yoldan çıxarıb hamilə qoyursa, yunan mifində də tanrı Zevs döyüşçü əri evdə olmayan Alkmenanı bu cür tovlayıb altına basır. İsa və Heraklın doğulmaları kimi aqibətləri də oxşardır; biri çarmıxda can verərək, o biri isə tonqalda yanaraq göylərə çəkilib ölümsüzləşir. Sufilər çarmıxı və tonqalı aşiqin mükafatı adlandırırdılar. Qeybə çəkilən insan ruhunun ölməzliyi, yenidən diriləcəyi, zühur edəcəyi mifi də Herakldan İsaya, İsadan isə, məsələn, şiə müsəlmanlarının imam Mehdisinə ötürülür.
Bu yeraltı səyahətdə biz mədəniyyətin cəsədinin yanında daha bir cəsəd görürük. Bu, ilk daş atan insanla özünü göstərən şüurlu tarixin skeletidir – mədəniyyətin atasının. Mədəniyyət doğulmazdan qabaq tanrı mağarada yaşayan kortəbii bir varlıq idi, şifahi tarix onu himayəyə götürdü, onu öyüb ağacdan, daşdan heykəllərini yondu, ona məbədlər tikdi, yazıb-oxumaq öyrətdi, şəxsiyyətə çevirdi. Mədəniyyət doğulanda şifahi ta-rix öz əlləri ilə böyütdüyü tanrını onun ixtiyarına verdi. Mədəniyyət tanrıya qədim Şumer şəhərlərində uşaq əkib-doğmağı tapşırdı. Misirdə, Nil sahillərində ona əkib-becərməyi əmr etdi, Yerusəlimə dövlət qurmağa göndərdi, mədəniyyətin etimadını doğruldan tanrı Yunanıstana yerləşəndə artıq tarixi özünün əsgəri, mədə-niyyəti isə özünün hərəminə çevirəcək bir iqtidar sahibi idi. Amma bu gün dünyada elə qəbilələr var ki, onların tanrıları hələ də kortəbii varlıqlardır, daşdan, ağacdan heykəlləri var. Çünki o qəbilələrin nə tarixləri var, nə mədəniyyətləri, nə Adəmləri, nə Nuhları, nə İsaları var, nə də Məhəmmədləri… Onlar yazılı tarixi olan xalqların mətnlərini oxumağı bacarandan sonra öz Adəmlərini, Nuhlarını, İsalarını, Məhəmmədlərini yaradacaqlar. Axı Babil mətnləri ilə tanış olana qədər yəhudilərin də qoyun sürülərindən başqa heç nələri yox idi…
Tarix, yaxud mədəniyyət özünün yazmadığın mətnə öz imzanı atmaq cəsarəti ilə başlayır. Eynı zamanda bu imzanın arxasından qaçanda da bu tarix və mədəniyyət dağılıb məhv olur. Etrusk, yunan, Misir mədəniyyətlərini özününküləşdirib altına öz imzasını qoyan Roma imperiyası bu imzaya xristianlıqla xəyanət etdikdən sonra ölüm yatağına düşdü. Roma mədəniyyətini bar-barların qılıncı deyil, kölələrin inancı parçaladı. Ölüm ayağında olduğu günlərdə məlum oldu ki, Romada varlılar hələ də hüdudsuz hakimiyyət vəd edən əkişdirilmiş yunan tanrılarına, əsgərlər müharibələrdə ələ keçirdikləri, şərlə mübarizədən doymayan iranlı Mitraya, kasıblar isə varlıların və əsgərlərin yaxın durmadığı yə-hudi İsaya tapınırlar. Romalı intellektuallar isə yeni palto geyindirdikləri Platonun müqəvvasının başına yığışmışdılar, hətta Misirli Osiris belə bu parçalanmadan öz payını istəyirdi. İnancın parçalanması əvvəlcə Roma xalqını, sonra Roma torpaqlarını parçaladı. Altında imperatorun imzası olan mədəniyyət üstündə çarmıxa çəkilmiş peyğəmbərin şəkli olan dinlə əvəzləndi. Çarmıxdan ərşə çəkilən İsa qanuni atası Roma mədəniyyətini özüylə aparıb, onun torpaqlarını qeyri-qanuni atası tanrının ixtiyarına verdi.
Qədim mətnlərin izahını sakral aləmin mistik cəfəngiyyatlarında deyil, sosial həyatın zəruri şərtlərində axtarmalıyıq. Məsələn, Tufan əhvalatının yaşı oturaq həyata keçidin yaşı ilə üst-üstə düşür. Bu dövr icmanın ailələrə parçalanmağa başladığı dövrdür və Nuh əhvalatı varlığın ailələr şəklində xilasından bəhs edir. Gəmidəki heyətə və sərnişinlərə baxın: Nuhun ailəsi və hər canlıdan bir cütlük, yəni bir ailə… Sürülər, icmalar, toplu halında yaşayanlar ölümə tərk edilir. Düşünməyə əsasımız yaranır ki, Tufan əfsanəsi yaşayışın yeni şərtini, sürü, icma formasının məhvə məhkumluğunu, bəşəri xilasın ailə şəklində mümkünlüyünü simvollaşdırır və əhvalatın mədəni-sosial funksionallığına işarə edir. İstənilən bir dəyərin mədəni, tarixi funksionallığı yoxdursa, o dəyər bəşəri vücudun kor bağırsağıdır, gec-tez həyati təhlükə yaradacaq. Funksionallığının illüziyasına inandırılan şeyin nə olmasının isə insanlıq üçün heç bir fərqi yoxdur…
Koronovirus pandemiyasının tüğyan etdiyi günlərində mediada belə bir xəbər yayılmışdı ki, Hindistanda bütün insanlığa yoluxan virusa qarşı ən yaxşı peyvəndin müqəddəs inəklərin nəcisi olduğuna inanırlar və bu müalicəvi nəcis “ruhlar ölkəsində” çox baha qiymətə satılır. Müqəddəslik statusuna irsi yolla sahiblənən bu farmakoloq inəklər isə Hindistanın sərvətlərini kasta yalanları ilə əlində saxlayan varlı hind ailələrinin həyətlərində böyürür və yalnız onların nəcisinin virusa qarşı ən effektiv peyvənd olduğunu xalqa car çəkirlər. Hətta ölənlərin sayı kəllə-çarxa çıxanda əcinnə qələbəliyinin mədəniyyət adlandırıldığı bu Şərq ölkəsində adi inəklərin nəcisini “vaksin” kimi evində xəstəsi olanlara satanların peyda olduğu xəbərləri də yayılmışdı. Orta əsrlərdə hind mistisizmindən ilhamlanıb tanrının hər şeydə, hətta nəcisdə də var olduğunu söyləyən əzabkeş müsəlman sufilərinin hər şaqqasının bir atın quyruğunda dünyanı tərk etdiyini unutmayaq. Bu şaqqalanmanın səbəbi də müsəlmanın tanrının varlığı özündən deyil, xammal kimi istifadə etdiyi yoxluqdan yaratdığına inanmasıydı. İslama görə, tanrı varlığın içində yox, çölündədir.
Tanrı özü də bunu bildiyi üçün göndərdiyi kitabında müsəlmanlara “mən sizin şah damarınızam” demək əvəzinə, “mən sizə şah damarınızdan da yaxınam” deyib aradakı mistik məsafəyə işarə edir. Hinduizmdə isə əksinə, varlığın mənşəyi tanrı Şivanın əzalarıdır. Kasta sistemi Şivanın yuxarıdan-aşağıya doğru anatomik quruluşunu əks etdirir. Yuxarı kastalar Şivanın dil-dodağından yaradılan seçilmişlər, Şivanın atılan dırnaqlarından yaradılanlar isə şudralar, paryalardır. Çünki başlanğıcda Şiva, bir növ, “big-bang” kimi partlayıb bütün Hindistan boyu səpələnib və onun hər tikəsindən bir kasta peyda olub. Bu ilahiləşdirilmiş ayrıseçkilik meyitlərin yandırıldığı Varnava şəhərində də öz əbədiliyini qoruyur. Bu şəhərdə oğru Promoteyin mirasına sahib çıxaraq müqəddəs odu satan nəsillər var ki, beş-altı min ildir atalarından miras aldıqları müqəddəs ocaqları sönməyə qoymurlar və ölüsünü yandırmağa gətirən varlı ailələrə bu müqəddəs odu “od qiymətinə” satırlar.
Bazar dilində bahalılığı mənalandıran “od qiyməti” ifadəsi də müqəddəs odu ucuzlaşmağa qoymayan atəşpərəst cəhalətin mirasıdır. Ölmüş doğmanız cənnətə düşsün deyə onun nəşini yalnız müqəddəs odla yandırmalısınız, əgər siz kasıb hindlisinizsə onu adi kibrit çöpü ilə yandırmağa məhkumsunuz. Bu da o deməkdir ki, kasıb müsəlmandan fərqli olaraq, kasıb hindli heç vaxt cənnət üzü görməyəcək – reinkarnasiya dəzgahından zəngin birisi kimi çıxana qədər.
İnsan şəklində təsəvvür olunması tanrını çılpaqlaşdırır, islam tanrını təsəvvürdən gizləyərək onu sirr örtüyünə bürüyüb dəyərini qaldırır. Göylərdə olan tanrının özü deyil, gizlilikdə qazandığı dəyəridir, daha doğrusu, dəyərsizliyi. Bilinən ölçüləndir, ölçülən isə sonsuz ola bilməz. İslam tanrını astronomik zəkanın əlindən alıb astrologiyanın fəzasına buraxır. Münəccimin gözündən uzaqlaşdırıb müəzzinin səsiylə haraylayır. İnsan ilk heykəli tanrı adına yonmaqla böyük səhvə yol verib, islama görə. İslamın tanrısı hinduizmin tanrısı kimi hər yerdə deyil, bir yerdədir və o yer varlığın kənarındadır. Tanrını varlığın kənarına çıxaran isə ağıldır. Ağıl fikri zehindən kənara çıxararaq yazıya çevirir. Varlığın kənarında tanrıya çevrilən də tanrı fikridir. İnsan tanrını ağlıyla axtarır. Filosofların sezgi dediyi hissetmə də ağlın xassəsidir. Hiss özlüyündə laldır, hissə dil verən ağıldır.
İnanc özünü kəmiyyətcə çoxaldaraq dinə çevirir. Din tarixçiləri Qüdsdə iyirmiyə yaxın İsanın əzabları metastaz vermədən edam edildiyini yazırlar. Son İsanın bəxti onda gətirdi ki, özünü ölümündən əvvəl çoxalda bildi və on iki həvarisinin hər biri müxtəlif ölkələrdə çarmıxa çəkildi. Matta Efiopiyada, Tomas Hindistanda, Faddey Qafqazda… Roma imperiyası xristianlığın ilahi soyuna deyil, insani sayına yenildi. Cəhaləti özü üçün maddi və mənəvi komforta çevirmiş adamların bir nömrəli istinad nöqtəsidir bu riyazi güc… Milyonlarla insanın min illərdir inandıqları həqiqət puç ola bilməz! Guya, inananı çox, ömrü uzundursa, həqiqət mütləq və inkarolunmazdır! Milyonlarla, milyardlarla insanın, bütün bəşəriyyətin əsrlər boyunca inandığı həqiqətlər olub ki, bu gün onların ağ yalan olduğunu uşaqlar da bilir. Məsələn, antik yunanlar deyirdilər ki, yer kainatın mərkəzindədir və hərəkətsizdir, günəş yerin ətrafında fırlanır. Təxminən iki min il bütün bəşəriyyət inanıb ki, bəli, günəş hərəkətsiz dayanmış yerin ətrafında dövr edir. Ta Qaliley gəlib bunun tam əksini sübut edənəcən! Qaliley gəldi və sübut etdi ki, bəşəriyyətin iki min ildir inandığı həqiqət ağ yalandır! Günəş yerin ətrafında yox, yer günəşin ətrafında fırlanır və heç biri hərəkətsiz deyil. Bütün bəşəriyyəti iki minillik cəhalətin xəcalət təri basdı, kilsədəkilərdən başqa. Bir həqiqətin ömrü növbəti bir həqiqətin doğuşuna qədərdir. O növbəti həqiqətin doğuşu bir gün də çəkə bilər, iki min il də! Milyonların inandığı həqiqət faydanın başqa adıdır və həqiqətin ömrünü uzadan tərkibindəki sosial faydası olan yalandır. İnsan təbiət hadisələrindən özünə iman düzəldə bilən canlıdır. Vəhdəti-vücud inancının dibinə ensək, fetişizmə dirənərik.
Bəzən sual verirlər ki, bəs indi niyə o möcüzələrdən baş vermir? Baş verir, sadəcə, indi ona “möcüzə” deyib faydalanmaq istəyən həmin qədim insanlar yoxdur. Bu gün də Çindo dənizi Cənubi Koreya sahillərində hər il Musanın əsasına ehtiyac olma-dan ikiyə bölünür. Amma çağdaş koreyalılar qədim yəhudilərdən fərqli olaraq bu “möcüzə”dən özlərinə din yox, festival düzəldiblər. Qabarma-çəkilmə nəticəsində ikiyə bölünən Çindo dənizində eni bir neçə kilo-metrə çatan bir yol əmələ gəlir və bu dəfə Tövratın Çindo dənizində gerçəkləşən “Eksodos” mifinə canlı baxmağa gələn turistlər hər il qədim yəhudilərin Misirdən qaçış təcrübəsini sınamaq üçün bu yolda gəzişirlər. Mistikada şou elementləri çoxdur. Qədim dinlərdə lap çox idi. Bu teatrallıq inancın emosional təsirini artırmaq, məntiqi qabaqlayıb kütləni hipnoz etmək üçündür. Sənətin dindən törədiyini və bu gün də çox vaxt kütlələri ovsunlamaq üçün “dinin instrumental alt qatı” kimi əzilib-büzüldüyünü heç kim dana bilməz.
Tanrı insanlığın qarşısına özünün mələklərdən, cinlərdən, cənnət-cəhənnəm dekorasiyalarından ibarət səmavi teatr truppası ilə çıxdığı kimi, insan da tanrı qarşısına çıxanda teatral olmalıdır, rol oynamalıdır, çünki ona kainatın ən kamil gözü tamaşa edir.
İnanclı insan təkbaşına olsa belə, o mütəvazi ibadət monotamaşasını qurmalıdır. İnanc görüntü ilə təsdiqlənməlidir. Eşq varsa, teatr var, tamaşa var, şou var. İslam tarixindəki “Şiə əsri”nin davamçıları deyirlər ki, eşq varsa, ağıl yoxdur, qəlb var, duyğu var, emosiya var. Əksinə, gerçəklikdən eşq yoluyla qaçan zəkadır, hisslər və duyğular canlıları gerçəkliyə, bir-birinə bağlayan instinktlərdir. Məcnun ağlıyla allaha bağlıdır, hissləriylə Leylinin qəbrinə. Bizi gerçəkliyin fövqünə qaldıran ağlımız, zəkamızdır. Tanrı ağlın kəşfidir və ağıldan kənarda Tanrı yoxdur. Eşq divanələri Məcnunun, Mənsurun uzunqulaqdan fərqi budur ki, onlar gerçəkliyin fövqünə qalxmaq üçün səmavi nərdivan düşünəcək ağla sahibdirlər. Eşq bu nərdivanın adıdır. İrfan inanmaq istəyənin yox, bilmək istəyənin fəlsəfəsidir. İnanan bildiyini biləndir. İnanmaq istəyən tanrını öz ayağına gətirir, bilmək istəyən tanrının ayağına gedir. İnanandan aşiq olmaz. Aşiq zəkanın fədaisidir. “Tanrının Məcnunu” Həllac bir teoloqdur, müəllimləri, şagirdləri, kitabları, kitabxanası var. Aşiq məktəb məzunudur. Aşiqin fədailik instinktinin mənşəyi də təbiətdən mədəniyyətə ötürülüb əfsanələşdirilən hadisələrdir. Bu əfsanələrin birində şərqlilərin “Divanə quşu” adlandırdıqları dənizlərdə yaşayan Albatrosların erkəklərinin yalnız bir dəfə aşiq olduqları, dişiləri öldükdə erkək albatrosların daş yeyərək intihar etdikləri söylənilir. Məcnun qanadları olmayan, amma xəyallarıyla uça bilən Albatros quşudur. Mədəniyyət əfsanədən uzaqlaşdıqca aşiqlərin sayı azalır və nəsli kəsilir. Bu gün möcüzə icad edənlər ona görə yoxdur ki, mistik şoular elit qrupların ərdəmi yox, əyləncəsidir.
Varlıqlar dünyasında insanın hiss edib dərk etmədiyi heç bir şey mövcud deyildir. Ağlımızdan kənarda var olan heç bir varlıq yoxdur. Bu, Nəsimi ilə ağacdələnin möhtəşəm fərqidir. Nəsimi ağacdələndən fərqli olaraq hiss etdiyini həm də dərk edir. Çünki insanın ad qoymaq kimi Adəmə xas olan bir özəlliyi var. Varlıq özlüyündə adsız mühitdir. İnsan hiss və dərk edə bilmədiyi şeylərə ad qoya bilmir. İnsan ad qoya bildiyi hər şeyi dərk edir. Ad qoya bilmədiklərimiz dərk edə bilmədiklərimizdir. Hiss edə bilmədiyimiz alçaq və yüksək hersli səslərin sayı milyonlarla olduğu kimi, dərk etmədiyimiz şeylərin də sayı milyonlarladır. Ad qoya bildiyimiz hər şey isə maddi dünyaya aiddir, materiyadır. Biz ad qoyduğumuz hər şeyi maddiləşdiririk, maddiləşdirəndən sonra isə onların içindən mənəvi olanları ayırırıq. Maddiləşdirə bilmədiyimiz dünya mənəvi də deyil, çünki ad qoya bilmirik, çünki onu dərk etmirik. Maddi dəyərlər kimi mənəvi dəyərlərin də öz ölçüləri var. Maddi dəyərlər üçün meyar “az” və “çox”dur, mənəvi dəyərlər üçün isə “yaxşı” və “pis”. “Yaxşı” “çox”un, “pis” “az”ın qarşılığıdır.
Bir qram qızıl azdır, yəni “pis”dir, bir kilo qızıl çoxdur, yəni “yaxşı”dır. Eləcə də pis adam vicdanı az olandır, yaxşı adam vicdanı çox olan. Biz “pisdir” dedikdə “az yax-şıdır” demək istəyirik. İnsan üçün ölçə bilmədiyi şey mövcud deyil. İstər maddi olsun, istər mənəvi. İnsanlar bu və ya digər formada ölçüb ad qoyduqlarına, həm də ən azı doxsan doqquz ad qoya bildiklərinə tanrı deyirlər. Tanrı varlığın dərkinin son həddidir. Şüurumuz tanrı ilə sərhədlənir. Yoqa, zen fəlsəfəsi tanrını aşmaq cəhdləri olsa da, ümumi şüurun qət edə bildiyi məsafə hələ ki tanrıda başa çatır. Sonsuzluq dediyimiz şey tan-rıdan, yəni şüurumuzun sərhədlərindən sonra başlayan dərkedilməz “ərazilər”dir. Yuxarıda dediyimiz kimi, sonsuzluq qovulmuş zamandır. Şüur bu “ərazilər”ə yuvarlanıb itkin düşməmək, yolunu azmamaq üçün həmin sonsuzluqdan özünə düşən ərazini tanrı ilə ayırır və tanrı ilə dəyərləndirir. Necə ki insan doğulduğu şəhəri daha yaxşı tanıdığı üçün digər şəhərlərdən üstün tutur və sevir. Yaşadığımız şəhəri, kəndi bizə sevdirən onun digər şəhər və kəndlərdən daha üstün arxitekturaya, relyefə malik olması deyil, onun hər küçəsini, hər binasını ovcumuzun içi kimi tanımağımızdır. İtkin düşə biləcəyimiz yerdə azad və rahat deyilik. Azadlıq sərhədlər daxilində mümkün haldır.
Ruh bədəndə azaddır, bədənsiz ruh bilinməzliyin itkinidir. İnsan buna görə ölümdən, ruhunu itirməkdən qorxur, ruhuna cəsarət vermək üçün ölümsüzlük məkanları uydurur. Sərhədsiz azadlıq qorxu mühitidir. Tanrı bizim itkin düşə biləcəyimiz sonsuzluq içində məhdud azadlığımızın sərhədidir. Azadlığımız hər tərəfdən tanrı adlı bir hasarla əhatə olunub. Tanrı aşmaqdan qorxduğumuz hasardır, çünki o hasarın o biri üzündə nələrin olduğunu bilmirik. Buna görə də var olan tanrı insanın enini, uzununu, hündürlüyünü ölçə bildiyi tanrıdır. Ölçülməsi mümkünsüz tanrı peyğəmbərlərin özü üçün də yoxdur.
Bir ateistin “yoxdur” dediyi tanrı da ölçülməsi mümkünsüz olan tanrıdır. Onun “yoxdur” dediyi tanrı cild-cild kitabları, sinaqoqları, kilsələri, məscidləri, milyonlarla fanatları olan, İbrahimlə duz-çörək kəsən, adı İsanın anası ilə hallanan, Məhəmmədin məişət qayğılarını yoluna qoymaq haqqında fikirləşən tanrı deyil. Ölçülə bilən tanrılar həmişə var, həmişə də var olacaqlar.
Ölçülə bilməyənin var olması mümkün olmadığı kimi, ölçülə bilənin də yox olması mümkün deyil. Qısası, ağlımıza gələn heç nə yox deyil, yox olan ağlımıza gəlməyəndir. Bir ateist var olana yox demir, yox olana yox deyir. Ateistin “yoxdur” dediyi tanrı, həqiqətən, yoxdur. İnsanlar həmişə fiziki mənada var olan tanrılara inanıb-lar, başqalarını da inandırmağa çalışıblar. İnsanın inandığına başqalarını da inandırmaq üçün canfəşanlıq etməsi onun daxilindəki əminlikdən deyil, şübhədən doğur. İnanan inandığına başqalarını da inandırmaqla içindəki şübhəni basdırmaq istəyir; inananların sayı çoxaldıqca şübhə yerini əminliyə verir. İnam başqaları da inanandıqdan sonra inanca dönüşür. Yalan ona inananların sayı çoxalandan sonra həqiqət libasında ortaya çıxdığı kimi. İnanan öz inandığına inandıra bildiyi başqalarını sonradan öz inacının sübutuna çevirir. İnsanlar tanrının varlığına gah heyvan, gah da daşdan, ağacdan yonduqları büt şəklində tapınıblar. Yəhudilikdən əvvəl tanrılar dənizləri üfürüb tufanlar yaradan, dağları bir şapalaqla toz edən insan sifətli mistik pəhləvanlar idilər. Yəhudilikdə də allah insani bir varlıqdır. Az öncə dediyim kimi, İbrahimlə bir süfrədə çörək yeyir. Xristianlıqda allah yenə bir insani varlıqdır: İsanın atasıdır. Yalnız İslamda allah varlıq olmaqdan, var olmaqdan imtina edir. Təsəvvürdən itir. Obrazsızlaşır. Tanrı islamda “yoxa çıxır”. Yəni tanrının İslamda özünü yoxluqla eyniləşdirməsi, yox-luqla ifadə etməsi inqilabi bir hadisədir. Ancaq İslam yerüstü obrazı olmayan bir allahın göydə də bir işə yaramayacağını bilirdi, ona görə də bütpərəstliyin bir çox elementlərini qoruyub saxladı. Məsələn, on min ilə yaxındır Asiya və Avropada öpülə-öpülə dindən dinə ötürülən Qara daşı tanrının rəmzi olaraq qibləsinə çevirdi. Əslində, təkallahlılıq insanlığın göydə apardığı islahatdır, yerdəki bütün işlək dini mexanizmlər çoxallahlılığın mirasıdır. Qara Daşı öpən müsəlman islamı deyil, matriarxal çağın Bərəkət kultunu təmsil edən daha qədim bir şərqlidir. Amma tanrının varlığı və ya yoxluğu məsələsində daha aqressiv davranış sərgiləyən hə-min müsəlman öz dinini dərindən öyrənsə, görər ki, yoxluqla ifadə olunmaq istəyi onun inandığı allahın öz seçimidir və allahı varlıq kimi təsəvvür etmək İslama görə küfr sayılmalıdır. Çünki o özü bunu istəməyib. İstəsəydi, digər ibrani dinlərdəki kimi bir yolunu tapıb bunu gerçəkləşdirərdi.

Bu gün insanın varlığına inandığı tanrı mütaliə yolu ilə var olan tanrıdır. Tanrının kitab göndərdiyinə inanmamaq mövcud sivilizasiyanı təhdid edən bir qorxudur. Halbuki sivilizasiya ölmür, bir şəkildən başqa şəkilə keçir – dili ölən, assimilyasiyaya uğrayan bir xalqın ölməyib bir addan başqa ada keçdiyi kimi. Çoxallahlılıq dövründə müxtəlif peşə sahibi olan insanları yamsılayan tanrılar və ilahələr vardı: tibb tanrısı, əkin tanrısı, xəbər tanrısı, yeyib-içən tanrı… Beş min il əvvəl yazı ixtira edildi və çox keçmədi ki, kitab yazan tək tanrı peyda oldu. Çünki artıq kitab yazan insan da vardı. On min il əvvəl buğda becərmək insan üçün necə üstün bir səviyyə sayılırdısa, beş min il qabaq kitab yazmaq da insan üçün fövqəladə bir bacarıq sayılırdı. Əlbəttə ki, kitab yazan insanın gözündə hərf tanımayan proletar tanrılar aşağı sinif sayılmalı idi.
Odur ki, insanlıq özü kimi kitab yazan elit və tək bir tanrı yaratdı: heç kim də sual vermədi ki, kitablarında varlığın bütününü yaratdığını iddia edən bu tək tanrı yaradılışın başlanğıcında var idisə, min illərdir cürbəcür peşə sahibi olan, ağacdan, daşdan heykəlləri yonulan insanabənzər tanrıların dolaşdığı dünyada o haradaydı və niyə yazının kəşfindən bütün tanrılardan ən axırda, məsələn, Misirin leylək başlı, insan bədənli yazı tanrısı Totdan sonra xəbər tutdu? Çünki kitab yazan tanrını yaradanlar onun bəşəri bilgilər əsasında din düzəldən ilk süni zəka olduğunu bilirdilər.


