Müəllifin doğuluşu… – Sərxan Xavəri

DAHA.az filologiya elmləri doktoru Sərxan Xavərinin “Müəllifin doğuluşu…” yazısını təqdim edir. 

 “Müəllifin intiharı” məqaləsinin müəllifi Səfa Qarayevə açıq məktub

“O-ho, qiyamət əhvalatdır, bu əhvalat”…

Səfa, sənin “Daha” platformasında təqdim etdiyin “Müəllifin intiharı” adlı məqaləni böyük maraq, emosional həzz və intellektual opponentlik emosiyası ilə oxudum. Məqalənin məndə doğurduğu təəssüratları, fikirləri, qənaətləri, əks-arqumentləri, təbii ki,  çay və ya qəhvə süfrəsi arxasında rahat şəkild,ə oturub səninlə bölüşə bilərdim. Açıq məktub formatına müraciətimin (şəstlə “Səfa Qarayevə” sözlərinin sərlövhəyə çıxarılmasının) səbəbi, səmimi etiraf edim ki, camiəmizi məqalədə qaldırılan məsələlərə  mümkün qədər daha çox cəlb etməkdir. İndi elmi yazılarda maraq oyatmaq baxımından “nə tutdun sərlövhədə tutursan”, “nə qazandın birinci cümlədə qazanırsan”. Heç birinci abzasın sonadək oxunmasına o qədər ümid yoxdur, məzmun, problem, yanaşma, gəlinən nəticə… bütün bunlar qalsın bir yana.

Dedim, qoy sərlövhəni və birinci cümləni oxuyub  desinlər, aha, axır ki, bunlar da… İslandiya nasiri Haldor Laksnesin (ən çox sevdiyim yazar) sözləri ilə ifadə etsək, dedim, qoy fikirləşsinlər ki, “0-ho, yəqin, qiyamət əhvalatdır bu əhvalat…”

Səfa, əvvəla,  yerə xoş gəlmisən. Sən psixoanalitikanın abstrakt göylərindən belə fəlsəfi-publisistik yer reallığına nadir hallarda enirsən. Qəribədir ki, bu  cümləni “tərsinə güzgü effekti ilə” belə də qurmaq olar:  psixoanalitikanın natural yer reallığından fəlsəfi-publisistik göylərə xoş gəlmisən! Qısası hardan hara gəlməyindən asılı olmayaraq, türklər demiş, “mənim məkanıma” xoş gəlmisən…

İlk təəssüratım: nə yaxşı ki, müasir Azərbaycan  elmi düşüncəsinin sənin timsalında dünya elminin çağdaş problemlərinə və narahatlıqlarına birincisi həssaslıqla, ikincisi və ən əsası isə peşəkarlıqla reaksiya verməyi bacaran elmi potensialı hələ ki  var.  Məqalənin intellektual enerjisi, problemin qoyuluşundakı cəsarət, ən əsası isə peşəkarlıq təqdirəlayiqdir. Bu belə …

Bilirsən ki, çoxdandır “elmi problem” anlayışı məni yaman məşğul edir. Bütün yayı “elmi problem” anlayışı bardaş qurub oturub aktiv yaddaşımın lap mərkəzində. Hətta payızda “Mənim elmi problemim” adlı AMEA doktorantlarının elmi konfransını keçirmək kimi bir niyyətimizin olduğundan da xəbərdarsan. “Mənim elmi problemim” aktiv yaddaş assosiasiyaların davamı olaraq ilk növbədə “sənin elmi problemin” haqqında.

Professor Yaşar Qarayevin analitik-metaforik humabitar elmi məktəbinə bütün sadiqliyimə baxmayaraq, məqalədəki elmi problemi “ölüm-intihar” metaforalarından tam arınmış şəkildə  ifadə etmək istərdim (məncə):

“Süni intellekt texnologiyalarının mətnyaratma prosesində iştirakı şəraitində müəllifin yaradıcı subyekt kimi statusu, mətn üzərində müəlliflik hüququ və müəllif–mətn münasibətləri hansı transformasiyalara məruz qalır?”

Vaxtilə dünyaca məşhur  fəlsəfi ironiya ustası Lets yazırdı ki, yer kürəsi sual işarəsi altındakı nöqtəyə bənzəyir. Yəqin ki, sosial tərəqqinin irəliyə dogru hərəkətində tarixən hər yeni kəşf, texnoloji yenilik bu sual işarəsini kiçiltmək əvəzinə bir az da böyüdübdür. Və bu qanunauyğunluğa müvafiq olaraq süni intelllekt texnologiyaları yenidən Letsin böyük sual işarəsini aktuallaşdırır. İxtisasından, peşəsindən, dini, irqi, milli mənsubiyyətindən asılı olmayaraq hamı Letsin böyük sual işarəsi qarşısındadır. Sənin unikallığın müasir milli humanitar elmi təfəkkür üçün sual işarəsini dəqiq müəyyənləşdirə bilməyin və bunu dəqiq elmi ənənə kontekstində (Rolan Bartın müəllif-mətn münasibətləri konteksti) qoymağındır. Olduqca həssas bir məqama toxunursan: ilk növbödə ona görə ki, indiyə qədərki digər texnoloji yeniliklərdən fərqli olaraq süni intellekt  birbaşa insanın əsrlər boyu formalaşdırdığı ən intim  məhrəminə – mətnə müdaxilə edir. Bu baxımdan toxunduğun problem həm sosial-mədəni, həm də elmi baxımdan kifayət qədər aktualdır, ən əsası isə onun metodoloji qoyuluşu elmidir.

Rolan Bartın məşhur “müəllifin ölümü” tezisinin qarşısında süni intellekt dövrünün yeni reallığını ifadə edən “müəllifin intiharı” metaforasının tapılması uğurlu və düşündürücüdür. “Ölüm”lə “intihar” arasındakı məna məsafəsi burada bütöv bir problemin fəlsəfi miqyasını açır. Söhbət artıq müəllifin kənarlaşdırılmasından deyil, müəllifin öz iradəsi ilə öz müəlliflik məkanını başqa bir yaradıcı qüvvəyə verməsi ehtimalından gedir.

Səfa, sən məqalədə əsas problemə keçməmişdən əvvəl Rolan Bartın məsələyə münasibətini şərh etməyə başlayırsan ki, mənim də problemin qoyuluşuna konseptual opponentıiyim elə buradan başlayır.

Rolan Bartın qətlə yetirdiyi müəllif  hermenevtik reanimasiyada

Səfa, sən Rolan Bartın “müəllifin ölümü” metaforasınnı daha çox hermenevtik interpretasiya anlayışı işığında şərh edirsən. Bu istiqamətdə fikirlərin isə Rolan Bartın təqdim etdiyi mətnə münasibətdə elə hermenevtik interpretasiyanın ən gözəl nümunəsi kimi faktlaşır. Niyə? Çünki sənin həm məntiqi arqumentasiyan, həm də intelllektual intonasiyan “müəllifi” ölümdən xilas etməyə yönəlib.

Gəl, əvvəlcə, sənin “müəllifin ölümü”nü necə xilas etdiyinə birlikdə baxaq. Sən Bartın kifayət qədər radikal tezisini elə ehtiyatla hermenevtik çərçivəyə salırsan ki, axırda məlum olur ki, müəllif, sən demə, heç ölməyibmiş, sadəcə əsər üzərindəki bəzi interpretativ səlahiyyətlərini itiribmiş. Oxucu gəlib, mətn çoxmənalı olub, müəllifin bioqrafiyası və psixologiyası yeganə açar olmaqdan çıxıb, vəssalam. Belə çıxır ki, Bartın məşhur “ölüm” metaforası bir qədər gurultulu səslənən metodoloji xəbərdarlıqdan başqa bir şey deyilmiş. Halbuki Bartın mətninə öz nəzəri radikallığı daxilində yanaşsaq, məsələ bundan xeyli ciddidir. O, müəllifin yalnız interpretativ imtiyazlarını azaltmır, “müəllif” deyilən subyekt modelinin özünü sökür və onun yerinə skriptoru gətirir. Bartda “müəllifin ölümü” sadəcə hakimiyyətin müəllifdən oxucuya keçirilməsi deyil,  məna üzərində vahid hakimiyyət ideyasının özünün ölümüdür.

Qəribədir ki, sən “müəllifin ölümü” haqqında bu qədər danışırsan, amma “ölüm haqqında protokol tərtib edərkən hadisənin əsas şahidlərindən olan skriptoru  ümumiyyətlə dindirmirsən”. Halbuki Bartın məqaləsində skriptor təsadüfi termin, nəzəri dekorasiya deyil. O, müəllifin ölümündən sonrakı boşluğu izah edən əsas anlayışlardan biridir.

Ənənəvi təsəvvürlərə görə “müəllif” əsərdən əvvəl mövcuddur: yaşayır, düşünür, iztirab çəkir, niyyət edir, sonra bütün bunları əsərə köçürür. Əsər onun övladı, müəllif isə onun atasıdır. Skriptorun isə belə bir ata imtiyazı yoxdur. Bart açıq şəkildə bildirir ki, skriptor mətnlə eyni zamanda doğulur. Onun yazıdan əvvəl və yazıdan kənarda mətnin son mənasını özündə daşıyan suveren varlığı yoxdur. Sənin müdafiə etdiyin müəllif isə, görünür, bu nəzəri əməliyyatdan möcüzəli şəkildə sağ çıxıb.

Elə buna görə “postmodern düşüncədə müəllifin əsər üzərindəki rolu tam inkar edilmir, sadəcə onun interpretativ mütləqliyi azalır” hökmün Rolan Bartın radikallığını xeyli yumşaldır. Sən Bartın öldürdüyü müəllifi bir növ hermenevtik reanimasiyaya salırsan: bioqrafiyasını kənara qoyursan, psixologiyasının səlahiyyətlərini azaldırsan, interpretativ hakimiyyətini məhdudlaşdırırsan, amma axırda yenə müəllif olaraq saxlayırsan. Bart isə başqa əməliyyat aparır. O soruşur: mətnin arxasında həqiqətən öz mənasını ona bəxş edən belə bir suveren yaradıcı subyekt varmı? Cavabı da skriptor anlayışı ilə verir. Yazı artıq müəllif şəxsiyyətinin daxilindən axıb gələn saf başlanğıc deyil. Saysız-hesabsız əvvəlki mətnlərin, dillərin, sitatların və mədəni kodların kəsişdiyi sahədir.

Bu nöqtədən baxanda sənin “hər bir müəllif öz əsərinin metaforik obrazıdır” fikrin daha çox mübahisə doğurur. Çünki sən müəllifi qapıdan çıxarıb “metaforik obraz” adı ilə yenidən pəncərədən mətnə qaytarırsan. Əgər müəllif əsərin metaforik obrazı olaraq onun daxilində yaşamaqda davam edirsə, onda Bartın ölüm elanının nə mənası qalır? Bartın bütün nəzəri əməliyyatı məhz mətnin arxasında gizlənmiş həmin son şəxsiyyəti  “axırda bütün bunları deyən kimdir?” sualının cavabı kimi çağırılan müəllifi problemə çevirməkdən ibarətdir. Mətn müəllif şəxsiyyətinin böyüdülmüş portreti deyil, müxtəlif yazıların qarşılaşdığı çoxölçülü məkandır. Skriptor isə bu məkanı öz “daxili mən”indən yaradan dahi deyil, artıq mövcud dilləri və kodları bir-birinə qarışdıran yazı instansiyasıdır.

Məhəmməd Füzuli: fövqəlmüəlliflik iddiası ilə skriptor dramı arasında

Bartın nəzəri məntiqinə görə, ədəbiyyat tarixinin Tolstoy, Dostoyevski və Balzak kimi “böyük müəllif” adlandırdığı şəxsiyyətlər də mətnin mənasını özündə başlanğıcdan daşıyan suveren yaradıcı subyektlər deyil. Yazı aktında onlar müxtəlif dillərin, kodların və əvvəlki mətnlərin kəsişdiyi skriptor mövqeyində çıxış edirlər.

Məncə, milli bədii düşüncə tariximizdə bu paradoksun Tolstoydan, Dostoyevskidən, Balzakdan, elə Bartın özündən də əsrlər əvvələ təsadüf edən son dərəcə parlaq bir nümunəsi var. Bu kim ola, kim olmaya, elə Füzulinin özü ola. Özü də necə Füzuli: müəlliflik taxtına iddiası heç də kiçik olmayan, sözü “məna gövhəri”, qələmi həmin gövhəri deşən “almaz” sayan bir Füzuli! Amma gör bu fövqəlmüəlliflik iddiası skriptorluğun amansız reallığı ilə qarşılaşanda nə baş verir. Füzuli “Farsca Divan”inin dibaçəsində yazır: “Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaqlıq zəhərini dadmış və bağrımın qanı ilə bir məzmunu tapıb yazmışam. Səhər olanda başqa şairlərlə uyğun gəldiyini görüb, yazdığımı pozmuşam, ona sahib çıxmamışam. Elə vaxtlar da olmuşdur ki, gündüz axşama qədər düşüncə dəryasına dalıb, söz almazı ilə məna gövhərini deşmişəm. (Bunu görənlər:) bu məzmun anlaşılmır, bu ləfz xalq arasında işlənilmir və xoşagəlməzdir – deyər-deməz, o məzmun gözümdən düşmüş, hətta onun üzünü köçürməmişəm. Qəribə bir haldır, söylənmiş bir sözü söylənildiyinə görə, söylənməmiş bir sözü isə əvvəlcə söylənilmədiyinə görə işlətmək olmur.”

Bundan daha gözəl skriptor dramı təsəvvür etmək çətindir. Füzuli Müəllif olmaq,  başlanğıc olmaq, heç kimin demədiyini demək, sözün və mənanın ilk sahibi olmaq istəyir. Dil isə ona hər dəfə xatırladır ki, mən səndən əvvəl gəlmişəm. Deyilmiş sözü yazanda məlum olur ki, səndən əvvəl deyilib. Deyilməmiş sözü yazanda isə məlum olur ki, dil və mədəniyyət onu hələ öz dövriyyəsinə qəbul etməyib. Bir tərəfdə müəllifin “bu mənim sözümdür” iddiası, o biri tərəfdə dilin və mədəni yaddaşın “səndən əvvəl də burada idik” cavabı. Bartın əsrlər sonra nəzəri terminlə ifadə etdiyi skriptorluq reallığını Füzuli burada öz yaradıcılıq təcrübəsində, özü də kifayət qədər ağrılı şəkildə yaşayır: yazan subyekt boş səhifə qarşısında dünyanın ilk sözünü söyləyən yaradıcı deyil; artıq danışılmış dillərin, işlənmiş mənaların, poetik kodların və mədəni yaddaşın içərisində yazmağa məhkumdur. Paradoks isə bundadır ki, bunu yaşayan adam adi bir qələm sahibi deyil, Azərbaycan, ümumtürk, ümuşərq və dünya ədəbiyyatında fövqəlmüəllif obrazının ən möhtəşəm təcəssümlərindən biri olan Füzulidir.

Səfa, deməli, məsələ müəllifi bir metafora ilə öldürüb, başqa metafora ilə diriltməkdən bir qədər mürəkkəbdir. Bəzən müəllif taxtında Füzuli oturur, amma taxtın altında Bartın skriptoru çoxdan öz işini görür.

“Fəzlin xilası mümkün deyil…”

Səfa, indi keçək əsas məsələyə. İşin ən maraqlı, bəlkə də, Bart üçün ən ironik tərəfinə. Bartın dövründə skriptor yenə heç olmasa insan idi, taxtından salınmış müəllif idi, “düha” statusundan məhrum edilmiş yaradıcı olsa da,  hər halda insan idi. İndi isə süni intellekt Bartın skriptora verdiyi funksiyaların mühüm bir hissəsini heyrətamiz dərəcədə uğurla yerinə yetirməyə başlayıb. Mövcud mətnləri, dilləri, üslubları və mədəni kodları birləşdirir, onların arasından yeni mətn qurur. Tarixin ironiyasına bax ki, Bart insanı müəllif taxtından endirib skriptor etdi, texnologiya isə indi gəlib həmin skriptorun da kreslosuna göz dikib.

Ona görə mən sənin “artıq zaman bizi müəllifi öldürməyə yox, diriltməyin yollarını axtarmağa sövq edir” həyəcanlarını başa düşürəm. Amma öncə kimi diriltdiyimizi  dəqiqləşdirməliyik. Bartın öldürdüyü köhnə, suveren, mətnin bütün mənalarının sahibi olan müəllifimi? Yoxsa süni intellekt qarşısında yenidən müəyyənləşdirməyə məcbur olduğumuz insan yaradıcı subyektinimi? Mən hesab edirəm ki, XXI əsrin problemi Bartın məzarından köhnə müəllifi çıxarmaq deyil. Problem insan müəllifliyinin maşın tərəfindən asanlıqla təqlid edilə bilməyən fərqləndirici əsaslarını yenidən tapmaqdır.

Səfa, aşağıda ifadə edəcəyim dilemma mənim sənə opponentliyimin ən kəskin oppozisiya nöqtəsidir: sən rəqəmsal epoxa mərhələsində müəllifi maşın intiharından çəkindirib şəxsiyyət olaraq qoruyub saxlamaq istəyirsən, mən isə hesab edirəm ki, İsa  Hüseynov demiş,  “Fəzlin xilası mümkün deyil”. Niyə?

Çüünki Süni intellekt ayrı-ayrı insanların seçib-seçməməsindən asılı olan lokal bir texnoloji yenilik deyil, qarşısıalınmaz miqyasda gedən ümumdünya prosesidir. Bu proses artıq kiçik bir axın deyil – qarşısına çıxanı öz hərəkətinə qatan nəhəng bir seldir. Və bu selin töküldüyü okean süni intellektin yaratdığı yeni kommunikasiya və fəaliyyət məkanıdır. Kimsə sahildə dayanıb selə müqavimət göstərməyə, özünü onun hərəkətindən kənarda saxlamağa çalışa bilər. Lakin tarixi prosesin istiqaməti bundan dəyişməyəcək. Gec-tez həmin sel elmi də, ədəbiyyatı da, incəsənəti də, təhsili də, sosial və ictimai fəaliyyətin bütün sahələrini də öz axarına qatacaqdır. Ona görə məsələ artıq “süni intellektdən istifadə etmək, yoxsa etməmək?” şəklində qoyula bilməz. Bu seçim imkanının özü getdikcə aradan qalxır. Süni intellektdən istifadə fərdi seçim olmaqdan çıxıb yeni kommunikasiya epoxasının ümumi fəaliyyət şərtinə çevrilir. Belə bir tarixi selin içərisində dayanıb “kim istifadə etdi, kim istifadə etmədi?” deyə müəlliflik və plagiatlıq axtarmaq, məncə, prosesin miqyasını onun ayrı-ayrı təzahürləri ilə qarışdırmaqdır. Sel artıq gəlib. Onun qarşısında sədd çəkmək deyil, onun hansı okeana axdığını anlamaq lazımdır. Çünki bu sel yalnız müəllifin yazı üsulunu dəyişmir; elmi fəaliyyətin də, bədii yaradıcılığın da, ümumən ictimai fəaliyyətin də daxil olduğu yeni intellektual mühit yaradır. Belə bir prosesin qarşısında əsas sual “süni intellektdən istifadə olunubmu?” deyil. Bu sualın özü bir müddətdən sonra tarixi mənasını itirəcək. Çünki hamı həmin okeanın içində olacaq.

Elektron epoxanın müəllifi kim olacaq?

Məncə, metaforik olaraq işlətdiyimiz selin elmi mahiyyətinin anlaşılması baxımından, üsusən yeni mərhələdə müəllifin kəsb etdiyi yeni tipoloji keyfiyyəti müəyyənləşdirmək üçün Kanada filosofu, elektron epoxanın peyğəmbəri adlandırılan Marşall Makluyenin ümumbəşəri kommunikasiyanın tarixi inkişaf mərhələləri aqqında təqdim etdiyi modelə diqqət etmək lazımdır.

O, bəşəriyyətin sosial tərəqqisinin energetik əsasını təşkil edən kommunikasiyanın tarixi inkişafında 3 mərhələni ayırırdı:

  • Verbal;
  • Yazılı;

Marşall Maklüenin kommunikasiya tarixini şifahi, yazılı və elektron mədəniyyətlərin bir-birini əvəz etməsi kimi düşünməsi müəllif–mətn münasibətinə də başqa rakursdan baxmağa imkan verir. Burada çox mühüm bir sual meydana çıxır: kommunikasiya vasitəsi bu qədər köklü şəkildə dəyişirsə, yazılı mədəniyyətin yaratdığı müəllif modeli necə dəyişmədən qala bilər? Məncə, süni intellekt məsələsini də məhz bu tarixi perspektivdə düşünmək mümkündür. Biz hesab edirik ki, süni intellekt epoası müəllifliyin sonu deyil, spiralın növbəti dövrəsində yeni müəllifin doğuluşudur. Burada spiralın növbəti pilləsi xüsusi açar anlayışdır.

Şifahi mədəniyyətdə müəllif bizim sonrakı əsrlərdə öyrəşdiyimiz mənada mətnin mütləq və fərdi sahibi deyildi. Mətn kollektiv yaddaşda yaşayır, ifa zamanı yenidən doğulur, söyləyicidən söyləyiciyə keçdikcə dəyişirdi. Söyləyici burada yalnız yaradan deyil, eyni zamanda daşıyan, ötürən, seçən, dəyişdirən, aktuallaşdıran idi. Başqa sözlə, müəlliflə mətn arasında sərt sahiblik münasibətindən daha çox mediatorluq münasibəti vardı. Mətn bir fərdin daxilində başlayıb bitmirdi, kollektiv yaddaşdan gəlir, fərdi ifadan keçir və yenidən kollektiv yaddaşa qayıdırdı.

Yazılı mədəniyyətdə isə bu münasibətin strukturunu dəyişdi. Söz yaddaşdan ayrılıb maddiləşdi, mətn ifadan ayrılıb sabitləşdi. Mətn sabitləşdikcə onun müəllifi də sabitləşdi. “Bu mətn kimindir?” sualı əvvəlkindən daha prinsipial əhəmiyyət qazandı. Yazılı və xüsusən çap mədəniyyəti fərdi müəllifliyi gücləndirdi: mətn müəllifin adı, fərdi üslubu, bioqrafiyası, intellektual və estetik iradəsi ilə daha möhkəm bağlandı. Şifahi mədəniyyətin axıcı, kollektiv və variantlı mətni tədricən sərhədləri müəyyənləşdirilmiş müəllif mətninə çevrildi.

Elektron mədəniyyətdə isə həmin sərhədlər yenidən hərəkətə gəlir. Mətn yenidən dəyişən, şəbəkədə dolaşan, başqa mətnlərlə birləşən, müəlliflə oxucu arasındakı sərhədi zəiflədən bir hadisəyə çevrildi.

İnsan şifahi mədəniyyətdə kollektiv yaddaşın qarşısında dayanırdı: oradan alır, seçir, dəyişdirir, özündən keçirərək yenidən dövriyyəyə buraxırdı. Süni intellekt dövründə insan yenidən müəyyən mənada mediator mövqeyinə qayıdır. Lakin spiral eyni nöqtəyə qayıtmır. Həmin münasibəti daha yuxarı mərtəbədə təkrar edir. Bu dəfə insanın qarşısında tayfanın, nəslin, icmanın kollektiv yaddaşı deyil, nəhəng mətn və bilik massivlərini özündə cəmləşdirən süni intellektual sistem dayanır.

Və burada qəribə tarixi simmetriya yaranır:

  • Şifahi mərhələ: kollektiv yaddaş – söyləyici/mediator – mətn/ifa.
  • Yazılı mərhələ: fərdi müəllif – sabit mətn – oxucu.
  • Süni intellekt mərhələsi: böyük intellektual informasiya məkanı – insan/mediator – yeni mətn.

Amma bu, ilkin şifahi müəllifliyə sadəcə qayıdış deyil, spiralvari qayıdışdır. Birinci halda insan kollektiv yaddaşın mediatoru idisə, indi o, maşının emal edə bildiyi nəhəng informasiya və mətn dünyası ilə öz fərdi niyyəti arasında mediator mövqeyinə keçir.

Əgər müəlliflik tarixən dəyişən kommunikasiya sistemlərinin daxilində müxtəlif formalarda mövcud olubsa, onun yazılı mədəniyyət dövründə aldığı fərdi formasını müəllifliyin əbədi və dəyişməz forması hesab etmək olmaz.

Deməli, süni intellekt fərdi-yazılı müəllif modelini sarsıdırsa, bundan dərhal “müəllif intihar edir” nəticəsi çıxmaya da bilər. Bəlkə intihar edən müəllif deyil, tarixən yazının yaratdığı müəlliflik forması öz dominantlığını itirir. Müəllif isə yox olmur, kommunikasiya tarixinin yeni mərhələsində funksiyasını dəyişir.

Şifahi mədəniyyətdə müəllif yaddaşla mətn arasında idi. Yazılı mədəniyyətdə müəllif mətnin başında dayandı. Süni intellekt epoxasında isə yenidən mətnlə böyük yaddaşın arasına qayıdır. Lakin tarix çevrə deyil, spiraldır, qayıtdığımız yer əvvəlki yer deyil. Dünən müəllif kollektiv yaddaşın mediatoru idi, bu gün isə nəhəng intellektual yaddaşla fərdi insan iradəsinin qovşağında dayanır. Bəlkə də müəllif intihar etmir, sadəcə, yazının ona verdiyi taxtdan enib kommunikasiyanın yeni qovşağında özünə başqa yer tutur.

Şəxsiyyət nostalgiyası…

Səfa, sən məqalənin sonunda Azərbaycan modernist epoxasının nəhəng simalarından olan Yaşar Qarayevə istinadən yazırsan: “Beləliklə, texnoloji imkanların genişləndiyi, yazı prosesinin texniki baxımdan asanlaşdığı bir şəraitdə hər bir müəllif “İnsan nədir?” sualına artıq “Müəllif nədir?” diskursu daxilində cavab axtarmalıdır. Bu cavabın istiqamətini və dəyərini isə texniki bacarıqlar deyil, şəxsiyyət meyarı müəyyənləşdirəcəkdir. Çünki görünən odur ki, texnoloji meyarlar hələ də süni zəkanın mətn istehsalının zahiri tərəflərini ölçə bilsə də, yaradıcılığın mənəvi-intellektual dərinliyini, müəllifin yaradıcı işinin miqyasını və etik məsuliyyətini müəyyənləşdirməkdə hələ uzun müdət aciz qalacaqdır. Başqa sözlə, texnologiya yazını təqlid edə bilər, amma müəllifi əvəz edə bilməz,  burada həlledici olan yenə də şəxsiyyətdir.”

Səfa, sənin Azərbaycan modernist humanitar düşüncəsinin ən nəhəng simalarından biri olan Yaşar Qarayevin şəxsiyyətə – fərdi müəllifə, onun yaradıcı suverenliyinə bağlılığından gələn nostalgiyanı anlamaq mümkündür. Bu, əslində, yalnız bir müəllif üçün deyil, bütöv bir epoxanın müəllif obrazı üçün nostalgiyadır. Modernizm müəllifi mətnin mərkəzinə gətirmiş, fərdi yaradıcı iradəni, şəxsiyyəti, təkrarsız “mən”i yaradıcılığın əsas ünvanına çevirmişdi. Ona görə həmin böyük müəllif epoxasından yeni kommunikasiya epoxasına baxanda müəllifin əvvəlki mövqeyini itirməsi təbii olaraq itki, hətta faciə kimi görünə bilər.

Məqalənin sonda Yaşar Qarayevin “meyar şəxsiyyətdir” xəttinə gəlməsi də problemin texniki deyil, məhz şəxsiyyət və müəlliflik problemi kimi qoyulduğunu göstərir. Yaşar Qarayevə aid istifadə olunan formulda “mən” və şəxsiyyət əsas meyar kimi təqdim edilir.

Bu mənada sənin “müəllifin intiharı” metaforanızın arxasında mən bir qədər də “böyük müəllif” üçün nostalgiya görürəm – mətninin arxasında bütün əzəməti ilə dayanan, sözünə sahib olan, imzası ilə mətnini möhürləyən fərdi müəllif üçün nostalgiya! Bəlkə, fikir ayrılığımız da elə buradan başlayır: Sən yeni epoxaya köhnə müəllifin taleyi tərəfindən baxırsan, mən isə yeni epoxanın öz müəllifini necə doğurduğunu görməyə çalışıram.

Sizifdən daşı dərənin dibində, yoxsa dağın dikində qəbul etmək?

Səfa, əsas söhbətimizdən bir qədər kənar olsa da, ikimizin də içində olduğumuz elmi mühitin artıq yan keçə bilməyəcəyi bir problem var. Süni intellektin mövcud olduğu yeni şəraitdə tədqiqatçı ondan hansı həddə qədər istifadə edə bilər? Bu istifadənin elmi-etik sərhədi haradan keçir? Ümumiyyətlə, belə bir sərhədi əvvəlcədən müəyyənləşdirmək mümkündürmü və lazımdırmı? Dissertasiya, məqalə, monoqrafiya hazırlanarkən süni intellektin iştirakı müəllifliyin hansı nöqtəsində problemə çevrilir? Və nəhayət, istifadə artıq elmi fəaliyyətin reallığıdırsa, belə şəraitdə elmi nəticə və müəlliflik hansı yeni meyarlarla ekspertiza olunmalıdır?

Hazırda məsələyə yanaşmada, məncə, kökündən yanlış bir istiqamət formalaşır. Problemin ağırlıq mərkəzi elmi nəticənin keyfiyyətindən süni intellektdən istifadənin özünü aşkarlamağa keçir: istifadə edib, ya etməyib, özü yazıb, yoxsa maşın yazıb, neçə faizini maşın yazıb? Bunun ardınca detektorlar, antiplagiat proqramları, müxtəlif “tutmaq” mexanizmləri axtarılır. Beləcə, elmi ekspertiza yeni elmi keyfiyyəti ölçmək əvəzinə getdikcə texnoloji izlərin kriminalistikasına çevrilir.

Mən məhz problemin belə qoyuluşuna etiraz edirəm.

Birincisi, ona görə ki, bu “tutmaq” yarışının texnoloji perspektivi yoxdur. Süni intellekt artıq mətni sadəcə yazmır: təhlil edir, sintez edir, tərcümə edir, üslubu dəyişir, faktları və mətn fraqmentlərini ayırır, birləşdirir, yenidən strukturlaşdırır, eyni materialı müxtəlif intellektual əməliyyatlardan keçirərək yeni mətn konfiqurasiyalarına salır. İnsanla maşının çoxsaylı qarşılıqlı müdaxiləsindən sonra ortaya çıxan mətnin hansı qatında insanın, hansı qatında maşının dayandığını başqa bir maşın vasitəsilə dəqiq müəyyənləşdirmək getdikcə mümkünsüzləşir. Deməli, “Sİ-ni Sİ ilə tutmaq” üzərində qurulan ekspertiza modeli metodoloji baxımdan elə başlanğıcdan öz quyruğunun dalınca qaçan texnoloji çevrədir: texnologiya iz yaratdıqca başqa texnologiya onu axtarır, biri izi tanımağı öyrəndikcə o biri izsiz işləməyi öyrənir. Bu yarışın finişi yoxdur. Ona görə elmi ekspertizanın gələcəyi maşının mətndə qoyduğu izi tapmaqda deyil, insanın elmdə qoyduğu izi ölçməkdədir.

Mən bütün diplom, dissertasiya, məqalə yazan tələbələrin, magistrlərəi, doktorantların, elmi işçilərin eçidcəyi səslə deyərdim: buyurun, istifadə edin! Maksimum istifadə edin! Süni intellekt elmi düşüncənin imkanlarını nə qədər genişləndirə bilirsə, o qədər istifadə edin. Sabah onsuz da hamının istifadə edəcəyi intellektual aləti bu gün qadağan etməyin nə elmi, nə də tarixi mənası var. Sel gəlib. Sabah hamının üzəcəyi suda bu gün ayağını islatmağa görə adamı günahlandırmaq bir az qəribə görünür.

Amma bunun müqabilində ekspertiza qurumlarına da eyni uca səslə demək lazımdır: siz də tərəzinizi dəyişin!

Süni intellekt dünən alimin illərlə çiynində daşıdığı Sizif daşını bu gün dağın yarısına qədər qaldıra bilirsə, həmin daşı yenidən aşağı yuvarlayıb tədqiqatçıya “indi özün qaldır, alimliyini sübut et” demək elmi prinsipiallıq deyil. Bu, Sizif əzabını elmi ekspertiza metodologiyasına çevirməkdir. Daha qəribəsi isə zirvəyə baxmaq əvəzinə daşın üstündə maşının barmaq izlərini axtarmaqdır.

Halbuki yeni metodoloji prinsip başqa olmalıdır: texnologiyanın çata bildiyi hündürlük artıq insanın elmi nailiyyətinin ölçüsü ola bilməz. Maşının çatdığı yer bundan sonra insan üçün zirvə yox, baza düşərgəsidir. Texnologiyanın imkanları yüksəldikcə elmi yeniliyə qoyulan tələb də onunla birlikdə yüksəlməlidir.

Ona görə ekspertizanın əsas sualı “daşı kim qaldırdı?” yox, “daş hara qaldırıldı?” olmalıdır.

Sİ səni dağın yarısına qədər gətirib? Lap yaxşı. İndi sən oradan hara qalxdın? Hansı yeni problemi qoydun, hansı yeni ideyanı yaratdın, mövcud biliyin sərhədini nə qədər irəli apardın? Aldığın nəticəni anlayırsanmı, əsaslandıra və müdafiə edə bilirsənmi, onun elmi və etik məsuliyyətini öz üzərinə götürürsənmi?

“Tutaq–tutmayaq”, “istifadə edib–etməyib”, “özü yazıb–maşın yazıb” – bunlar yeni elmi ekspertizanın meyarları deyil, köhnə ekspertizanın yeni dünya qarşısındakı çaşqınlığıdır. Gələcəyin ekspertizası maşının izini deyil, insanın maşından sonra elmdə qoyduğu izi axtarmalıdır.

Maşın daşı qaldıra bilirsə, qoy qaldırsın. İnsandan isə daşın necə qaldırıldığını yox, elmin zirvəsini nə qədər yüksəltdiyini soruşun.

Müəllifin doğuluşu

Səfa, məktubun əvvəlində sənin elmi problemini bir suala çevirmişdim: süni intellektin mətnyaratmaya daxil olması müəllifin statusunu və müəllif–mətn münasibətlərini necə dəyişir? İndi, məktubun sonunda, həmin suala daha ümumiləşmiş şəkildə mən belə cavab verərdim: dəyişən müəllifliyin mahiyyəti deyil, onun tarixi formasıdır.

“Müəllifin intiharı”nın elmi dəyəri də ilk növbədə bu tarixi keçidi problemə çevirməsindədir. Sən süni intellektə baxıb yalnız maşının nə edə bildiyini deyil, onun qarşısında insanın kimə çevriləcəyini soruşursan. Bəzən elmdə doğru qoyulmuş sual verilmiş cavabdan daha uzunömürlü olur.

Bizim yollarımız cavabda ayrılır: sən yazılı mədəniyyətin yetişdirdiyi müəllifin geri çəkilməsini intihar, mən elektron mədəniyyətin öz müəllifini yaratmasını doğuluş kimi görürəm. Çünki kommunikasiya tipi dəyişirsə, müəllif tipi də dəyişməlidir. Şifahi söz öz söyləyicisini, yazı öz müəllifini yaratdığı kimi, elektron mətn də öz yaradıcı subyektini yaradacaq.

Bu müəllif hələ tam doğulmayıb. Ona görə onun portretini çəkmək tezdir. Amma eskizinin ilkin cizgiləri artıq görünür. Rəssamın ağ kətan üzərində əvvəlcə bir neçə xəttlə gələcək şəklin konturlarını müəyyənləşdirdiyi kimi, yeni müəllifin də bəzi tipoloji əlamətlərini indidən seçmək mümkündür: o, mətnin mütləq sahibi olmaqdan çox intellektual seçimlərin subyekti, hər şeyi özü yazan şəxs olmaqdan çox, məna və istiqamət verən yaradıcı iradə, informasiya istehsalçısından çox informasiya bolluğunu yeni mənaya çevirən mediator olacaq. Onun müəllifliyi “bütün sözləri mən yazdım” iddiasında deyil, “bu mətnin ideyasını, seçimini, mənasını və məsuliyyətini mən daşıyıram” mövqeyində təcəssüm edəcək. Məktub boyu axtardığımız yeni müəllifin hələlik görünən eskizi budur.

Bart müəllifi mətnin taxtından endirmişdi. Süni intellekt isə, görünür, taxtın özünü mənasızlaşdırır. Yeni müəllifin yeri artıq taxt deyil, qovşaqdır: insanla maşının, yaddaşla yeniliyin, sonsuz informasiya ilə fərdi iradənin kəsişdiyi yer. Müəllifliyin yeni ontologiyası da məhz bu qovşaqda başlayır.

Deməli, qarşımızdakı hadisəni yalnız ölüm, intihar, yoxolma metaforaları ilə ifadə etmək azdır. Tarix köhnə formanı dağıdanda həmişə mahiyyəti məhv etmir; bəzən onun yeni şəklinin eskizini çəkir.

Sel gəlib, Səfa. Amma selin fəlsəfəsi boğulmaq deyil. Sel köhnə sahilləri dağıdır, yeni məcranın konturlarını çəkir.

Bəlkə də, sənin qoyduğun problemin mənim üçün ən qısa cavabı budur:

Müəllif ölmür. İntihar da etmir. Sadəcə, yazılı epoxanın hazır portretindən çıxıb elektron epoxanın hələ tamamlanmamış eskizində yenidən doğulur.

Bəs görəsən, köhnə sahilləri yuyan bu tarixi selin açdığı yeni üfüqdə elektron epoxanın hələ yalnız eskizi görünən müəllifi insanın sözlə yaratdığı minillik mədəniyyətin davamı olacaq, yoxsa insan–söz–mətn münasibətlərinin tamam başqa bir sivilizasiya sahilini yaradacaq? Bunu gələcək göstərəcək.

Yekun haşiyə

Səfa, yadındadır, bu yaxınlarda gəlib sənə dedim ki, Aqşin Yenisey Dostoyevskini “primitiv” adlandırıb, aləm dəyib bir-birinə. Məni təəccübləndirəcək şəkildə dedin ki, əla eləyib. Dedim, niyə. Dedin, bununla Dostoyevski primitiv olası deyil ki? Bəyəm bununla o, dünya ədəbiyyatında iki əsrə yaxın tutduğu yerdən bircə qarış aşağı düşəcək? Qətiyyən yox! Dostoyevski öz yerində qalacaq. Əvəzində biri etiraz edəcək, biri müdafiəyə qalxacaq, biri gedib Dostoyevskini yenidən oxuyacaq, biri, bəlkə, ilk dəfə onun kitabını açacaq. Mühitdə Dostoyevski haqqında mübahisə yaranacaq.

İndi düşünürəm ki, bizim “müəllif” mübahisəsinin də, bəlkə, ən nikbin tərəfi elə bu bədbin zarafatın içindədir. Sən müəllifin intiharından danışdın, mən doğuluşundan, Bart onu öldürdü, Füzuli isə beş əsrin o tayından sözün heç birimizdən başlamadığını xatırlatdı. Kim haqlıdır? – qoy açıq qalsın. Bəlkə, bundan sonra biri etiraz edəcək, biri razılaşacaq, biri Bartı yenidən oxuyacaq, biri müəllif haqqında tamam başqa söz deyəcək.

Bəlkə, bizim mübahisənin də ən böyük qazancı elə bu olar. Qapını açıq saxlayaq. Görək, bu mübahisəyə qoşulmaq istəyənlər olacaqmı…

OXŞAR XƏBƏRLƏR