DAHA.az Könül Nuriyevanın “Yaxşı adamlara qısa, pis adamlara uzun ömür?” yazısını təqdim edir.
“Yaxşı pisdir, pis isə yaxşıdır; dumanlı havada, çirkli buludlarda uçub gedirik.”
“Bu dünya bir kölgədir, yeriyən bir kölgə; zavallı bir aktyor isə səhnədə bir saat öyünüb, qışqırıb, sonra da yoxa çıxır.”
“İnsanların üzündəki kədəri oxumaq üçün bir kitab gərəkdir, amma sən qəlbinin qapısını elə bağlamısan ki, heç kəs onun içərisinə boylana bilməz.”
Şeksir ”Maqbet”
(1-ci hissə)
Bu dərin mövzunu dünya və yerli ədəbiyyat üzərindən araşdırmışam, gücüm çatdıqca pisliyin mahiyyətinə enmişəm. Axı hər gün həyatımızda pis adamlarla qarşılaşmalı oluruq. Bəlkə, “niyə?” lərimizə bu mətn vasitəsiylə cavab tapdıq…
Şərdən və pislikdən danışırıqsa, onların mahiyyətinə bu günümüzdən başlaya bilmərik. Mifologiyada şər və pislik subyektiv xasiyyət deyil; o, kainatın nizamını pozmağa çalışan, xaos yaradan və insanoğluna zərər verməkdən zövq alan nəhəng qüvvə kimi təsvir olunur. Pisliyin mənşəyini, onun necə yayıldığını və insan ruhunu necə zəhərlədiyini anlamaq üçün müxtəlif əsatirlər var.
Bu mövzuda ən təsirli iki mifoloji hekayə yadıma düşür.
Bunlardan bir Pandoranın qutusundan pisliyin dünyaya yayılması barədədir. Bu mif dünyada pisliyin, xəstəliklərin və bədbəxtliklərin necə peyda olduğunu izah edən ən məşhur fəlsəfi hekayədir.
Yəqin, çoxunuz bilirsiniz ki, Prometey ilahi odu oğurlayıb insanlara verdikdən sonra, Zevs həm Prometeydən, həm də insanlardan intiqam almaq qərarına gəlir. O, tanrılara əmr edərək ağlasığmaz dərəcədə gözəl, cazibədar qadının yaradılmasını istəyir. Bu qadının daxilində yalan və hiylə gizlənir və o Pandora adlanır.
Zevs Pandoranı Prometeyin qardaşı Epimeteyə bəxşiş olaraq göndərir. Həmçinin Pandoraya toy hədiyyəsi kimi heç bir halda açılmaması şərtilə sirli bir qutu verir. Epimetey qardaşının xəbərdarlıqlarına baxmayaraq, Pandoranın gözəlliyinə aldanıb onunla evlənir.
Tanrılar Pandoranın daxilinə həm də güclü bir maraq hissi qoymuşdular. Bir gün Pandora marağına güc gələ bilmir və qutunun qapağını açır. Həmin andaca qutunun içindən o vaxta qədər dünyada mövcud olmayan bütün pisliklər – paxıllıq, nifrət, xəstəlik, ölüm, yalan, müharibə və qəddarlıq qara bir duman kimi dünyaya yayılır. Pandora qorxudan qapağı dərhal bağlasa da, artıq gec olur; qutunun dibində yalnız bir şey qalmışdı, o ümid idi…
Bu mif göstərir ki, pislik dünyaya bir dəfə buraxıldıqdan sonra onu yenidən idarə etmək və ya geri qaytarmaq qeyri-mümkündür. İnsanlığın əlində qalan yeganə silah isə o pisliklərin içində boğulmamaq üçün güc tapa biləcəyimiz ümiddir.
İkinci mif isə Skandinaviya mifologiyasına aid olan Baldrun ölümüdür.
Şimal mifologiyasında pisliyin və xəyanətin canlı simvolu Loki adlı fəndgir tanrıdır. Onun törətdiyi ən böyük pislik isə mütləq xeyirxahlığın ölümü ilə nəticələnir.
Baldr – işığın, gözəlliyin, yaxşılığın və saf sevginin tanrısı idi. Onu bütün tanrılar və canlılar çox sevirdi. Bir gün Baldr yuxusunda tezliklə öləcəyini görür. Anası Friqq dünyadakı bütün canlı və cansız varlıqlardan,— oddan, sudan, daşlardan, heyvanlardan, bitkilərdən Baldra zərər verməyəcəklərinə dair and alır. Yalnız bir kiçik bitkini – öküzotunu (mistletoe) çox gənc və zərərsiz olduğu üçün unudur.
Baldrun ölməzliyini görən tanrılar əyləncə üçün ona qılınc, ox və daşlar atırdılar, lakin heç nə ona təsir etmirdi. Bu mənzərə mütləq şəri təmsil edən Lokini qəzəbləndirir və o, paxıllıqdan partlayır. Loki hiylə ilə Friqqdən and içməyən yeganə bitkinin öküzotu olduğunu öyrənir. O, həmin bitkidən iti bir ox düzəldir.
Loki tanrıların əyləncə məclisinə gəlir. Orada Baldrun kor qardaşı Hödrün kənarda kədərli dayandığını görür Çunki, kor olduğu üçün qardaşına heç nə ata bilmirdi. Loki Hödrə yaxınlaşır, guya ona mərhəmətli davranaraq öküzotundan düzəltdiyi oxu onun əlinə verir və hədəfi nişan almağa kömək edir. Hödr oxu atır və ox Baldrun ürəyinə sancılaraq onu öldürür.
Bu hekayə Skandinaviya mifologiyasında dünyanın sonunun başlanğıcı sayılır. Mif bizə çatdırır ki, pislik çox vaxt birbaşa deyil, hiylə ilə, ən zəif və məsum nöqtələri taparaq, bu mifdə olduğu kimi kor qardaşın əliylə hərəkət edir. Dünyadan mütləq yaxşılıq getdikdə, qaranlıq və xaos qaçılmaz olur.
Hər iki mifoloji hekayədə pisliyin doğulma və yayılma səbəbi eynidir: paxıllıq, eqoizm və qadağan olunmuş sərhədləri aşmaq. Pislik həmişə xeyirxahlığın və nizamın mövcud olduğu yerdə onu qısqanan qüvvə olaraq ortaya çıxır.
***
Dünya ədəbiyyatında “pis adam” və şər konsepsiyası sadəcə qorxulu personajlar yaratmaq üçün deyil. İnsan təbiətinin ən qaranlıq künclərini, eqoizmi və mənəvi aşınmanı araşdırmaq üçün yazıçıların müraciət etdiyi ciddi mövzudur. Yazıçılar çox vaxt şəri bəsit bir xasiyyət kimi deyil, daxili bir fəlakət kimi göstərirlər. Bəzən bu fəlakətdən qaçmaq mümkün olmur. Özünün daxili fəlakətini özü yaradanlara real həyatda da rast gəlirik. Bəzi hallarda isə insanlar pisliyi şüurlu olaraq seçirlər.
Bu mövzuda dünya ədəbiyyatının zirvəsi hesab olunan və pisliyin fərqli formalarını işləyən iki dahi əsəri diqqətinizə çatdırmaq istəyirəm. Bunlardan biri Vilyam Şekspirin “Maqbet” əsəridir. Həmin əsərin kökündə şüurlu pislik və hakimiyyət ehtirası dayanır.
Şekspir dünya ədəbiyyatında pislərin psixologiyasını ən dərindən işləyən dramaturqdur. Onun yaratdığı Yaqo və ya III Riçard kimi obrazlar saf şərin simvollarıdır. Çox vacib sual yaranır, — saf şər nə deməkdir?
Lakin “Maqbet” şirin insan ruhunu addım-addım necə ələ keçirdiyini göstərən bədii nümunədir. Cəsur və hörmətli bir şotland sərkərdəsi olan Maqbetə cadugərlər onun kral olacağı barədə xəbər verir. Bu məsələdə onu arvadı Ledi Maqbet də təhrik edir. Bundan sonra o, hakimiyyətə gəlmək üçün o, öz evinə qonaq gələn xeyirxah Kral Dunkanı yuxuda qətlə yetirir.
Bu əsərdə Maqbet anadangəlmə cani deyil. Əslində seri qatillər də anadangəlmə cani doğulmayıblar. Əsərin dahilyi ondadır ki, Şekspir bizə hərisliyin insanı necə caniyə çevirdiyini göstərir. İlk cinayətdən sonra Maqbet öz taxtını qorumaq üçün daha da qəddarlaşır, dostlarını, günahsız qadın və uşaqları öldürtməkdən çəkinmir. Cinayət cinayəti doğurur. Pislik qarşısında Maqbet məğlub olur. Yenə vacib sual yaranır,— kimlər pisliyə məğlub olur, bəs kimlər pisliyin ağır pilləsini atlayıb, təmiz qalır?
Əsər göstərir ki, pislik insanı daxildən çürüdür. Maqbet və Ledi Maqbet sonda etdikləri pisliklərin vicdan əzabında və qorxusunda boğulurlar. Biz bu vicdani çırpınışları bir çox əsərdə görə bilirik. Ledi Maqbet dəli olur, Maqbet isə həyatın heç bir mənası qalmadığını anlayaraq mənəvi cəhətdən tamamilə məhv olur.
İkinci məhşur əsər isə Şoderlo de Laklonun “Təhlükəli Əlaqələr” dir. Burada isə pislik zövq üçün edilir. Baxdığım bir filmdə də eyni ssenari var idi. Filmin adı “The Lovely Bones” adlanırdı.
Fransız ədəbiyyatının bu şah əsəri pisliyin ən qorxulu formalarından birini – manipulyasiyanı və mənəvi qəddarlığı təsvir edir. Burada pislik qan tökməklə deyil, insanların duyğularını, inanclarını və təmizliyini məhv etməklə törədilir. Bu pisliyin ən qorxunc formasıdır. Çünki, ilk mərhələdə qarşındakı insanın fikrini anlaya bilmirsən, o sənə xeyirxah sözlərlə və davranışla yanaşır.
Əsərdəki baş qəhrəmanlar olan Markiza de Mertey və Vikont de Valmon iki aristokratdır. Onlar çox ağıllı, cazibədar, lakin tam mənası ilə mərhəmətsizdirlər. Onlar üçün həyat böyük bir şahmat taxtasıdır. İnsanlara piyadalar kimi baxırlar. Onlar darıxdıqları üçün öz aralarında mərcə girirlər: ətrafdakı saf, dindar və məsum insanları yoldan çıxarmaq, onların duyğuları ilə oynamaq və sonra cəmiyyət içində rüsvay edərək həyatlarını məhv etmək.
Onlar qurbanlarının ən zəif və ən təmiz duyğularından onlara qarşı istifadə edirlər. Sevgi və etibar kimi mənəvi məsələləri oyuna çevirirlər. Bu əsərdəki pislik heç bir maddi qazanc güdmür; bu, sırf başqasının üzərində güc nümayiş etdirməkdir. Həmin aristokratlar mənəvi dağıdıcılıqdan zövq almaq üçün şüurlu şəkildə şərlə məşğul olurlar. Roman oxucuya xəbərdarlıq edir: pislik hər zaman qorxulu və eybəcər formada gəlmir; bəzən o, ən kübar maskaların, heyranedici intellektin və şirin sözlərin arxasında gizlənir, eyniylə adını çəkdiyim filmdəki kimi…
(Ardı var)




