DAHA.az Alexandra Pizarnikin “Sükutun qızıl olduğu yuxu…” – seçmə şeirlərini təqdim edir.
Alexandra Pizarnik 29 aprel 1936-cı ildə Argentinanın Buenos-Ayres şəhərinin yaxınlığında yerləşən Avellaneda şəhərində dünyaya gəlib.
Buenos-Ayres Universitetində ədəbiyyat, fəlsəfə, jurnalistika təhsili alıb. Lakin yarımçıq qoyub. İlk şeir kitabı 1955-ci ildə çap olunub. Ondan sonra daha iki şeir kitabı nəşr etdirib.
1960-64-cü illərdə Parisdə yaşayıb. Həmin vaxtlar Parisdəki ədəbiyyat jurnalları üçün yazılar yazıb, Fransız dilindən şeirlər tərcümə edib. 1962-ci ildə Oktavio Pazın ön sözüylə El arbol de Diana (Diananın ağacı) adlı şeirlər kitabı çap olunub.
Buenos-Ayresə qayıtdıqdan sonra 1965-ci ildə Los trabajis las noches (İşlər və Gecələr), 1968-ci ildə Extraction de la piedra de locura (Dəlilik daşını çıxarmaq), 1971-ci ildə El infierno musical (Musiqili Cəhənnəm) adlı şeir kitabları nəşr olunub.
Yetkinlik dövründə klinik olaraq şizofreniya diaqnozu qoyulub. İki dəfə intihara cəhd etdikdən sonra Buenos-Ayresdəki bir klinikada psxiyatrik müalicə alıb.
Pizarnik 25 sentyabr 1972-ci ildə, 36 yaşında, sekobarbitalın həddindən artıq dozasını qəbul edərək həyatına son qoyub. Buenos-Ayres əyalətində yerləşən La Tablada şəhərindəki Yəhudi qəbiristanlığında dəfn olunub.
Haqqında yazılanlar
“Pizarnik özünə qapanıqlıq və məcazi dəlilik poeziyasının ən böyük təmsilçisidir”.
– İtalo Kalvino
“İçində bircə yalan zərrəsi belə yoxdur”.
– Oktavio Paz
“Alexandrísima: Kitabların məni yaralayır. Onlar o qədər sənə məxsusdur ki; hər sətirdə o qədər sənsən ki, bütün susqunluğunla belə o qədər açıq-aşkar görünürsən ki…”
– Xulio Kortasar
“Alexandra Pizarnik mifinin sürətlə böyüməsinin səbəbi şairin gənc yaşda özünü öldürməyi yox; dilinin gücüdür – o “tənha, kimsəsiz qadınların” – zamana qarşı dirənməyidir”.
– Enrike Vila-Matas
“Alexandra Pizarnik təkcə böyük bir şair deyildi, şairlərin ən böyüyü və sonuncusu idi. Şeir onunla birlikdə öldü və bu dediyimin ondan sonra gələn şairlərlə heç bir əlaqəsi yoxdur, bu, yalnız onun əsərində daşıdığı şeylərlə bağlıdır”.
– Sezar Aira
Pizarnikin xəstəxanadan Kortasara yazdığı məktub
“Xulio, çökürəm. Amma bunun dibi yoxdur.
Xulio, daha bu alçaq sözlərə dözə bilmirəm.
Dəlilik, ölüm. Nadya yazmır. Don Kixot da yazmır.
Xulio, Artoya nifrət edirəm (bu yalandır), çünki istəməzdim ki, onun mümkünsüz olanla bağlı imkanlarını insanı xoflandıracaq qədər yaxşı anlayım.
Deyəsən, həddindən artıq irəli getdim. Və, qədim dostum, təkcə dəlilikdən və ölümdən qorxan (indi, ah Xulio) sənin o köhnə Alexandranı itirmişəm.
(İki aydır xəstəxanadayam. Maksimalizm və dalınca intihara cəhd – o da ki alınmadı, heyif)
Alexandra
Qeyd: Xəstəxanada əskik adamlarla yaşamağı öyrənirəm. Ən yaxın dostum oğlunu öldürən on səkkiz yaşlı bir qulluqçudur”.
Şeirlər
Başgicəllənməsi, yaxud sona yetən bir şeyin seyrinə dalmaq
Yarpaq tökür bu yasəmən.
Özündən qopub düşür
və gizlədir öz qədim kölgəsini.
Belə şeylərdən olacaq mənim də ölümüm.
Kar fənər
Qeybdən köks ötürürlər və zülmət qatıdır. Gecə ölülərin kirpikləri rəngindədir.
Bütün gecə gecəni yaradıram. Bütün gecə yazıram. Sözbəsöz yazıram gecəni.
Tete de jeune fille
(Odilon redon)
Andre Piyer de Mandiyarq üçün
Musiqi yağışı yada salır,
sükut ötən illəri
keçib-gedən gecədə
bədənim bir də heç vaxt
yad edilməyəcək.
El Escorialda yazılan
Səni çağırıram
keçmişdə dost dostu necə çağırırdısa, elə.
xırdaca nəğmələrdə
sübhün qorxusundan titrəyəndə.
Siluetlər və səssizliklər
Gərilmiş əllər sürgünə göndərir məni.
Kömək et mənə ki, kömək istəməyim.
Qaranlığa çevirmək istəyirlər məni, öldürməyə aparırlar məni.
Kömək et mənə ki, kömək istəməyim.
Olum
Bu otaqdan tamaşa edirsən hər şeyə
yanındakı qorxunc kölgə sənindir.
Burda sükut yoxdur,
yayındığın cümlələr var sadəcə.
Divarlardakı işarələr
gözəl bir uzaqlıqdan danışır.
(İcazə vermə ölüm,
səni görmədən)
Qədim bir payızda
Mari-Jan Nuaro üçün
Adı nədir o adın?
Tabut kimi bir rəng, keçilməz bir şəffaflıq.
Yaxşı, necə mümkün olur bu qədər şey bilməmək?
Nuit du coeur
Bir divarın maviliyindəki payız: sığın ölü qız uşaqlarına.
Hər gecə, bir fəryad əsnasında, yeni kölgə peyda olur. Rəqs edir o sirli, özbaşına, tənha varlıq. İlk ovuna çıxan heyvancığazın qorxusunu hiss edirəm.
Sükutun qızıl olduğu yuxu
Böyük çillə iti çöhrəmdəki təbəssümü qapacaqdı. Körpüdə olmuşdu bu. Çılpaqdım, başımda güllü şlyapa vardı, cəsədimi sürüyürdüm. O da çılpaq idi, quru yarpaqlarla bəzənmiş şlyapası vardı.
– Neçə-neçə sevgim olub, – dedim, – fəqət ən qəşəngi güzgülərə olan sevgim idi.
Günəş, şeir
Doğulduğum suda qayıqlar.
Qapqara su, unutqanlığın heyvanı. Yasəmən rəngli su, tənha keşikçi.
Parkdakı səslərin günəşə bürünmüş sirri. Hamısı nə qədər qədimdir.
Sadəcə bir ad
alexandra alexandra
aşağıdıyam mən
alexandra
***
İçəri girmək istəyərkən içəri dəvət olunan insanın sevincindən başqa heç nə qalmasın məndən. Nəğmə budur, ölüm budur, budur meşənin rəngləri kimi al-əlvan gecələrdə demək istədiyim şey.
Tərcümə edən: Vüqar Van


