Meduzanın saçları – Xaqan

DAHA.az Xaqanın “Meduzanın saçları” hekayəsini təqdim edir.

– Ay kişi, sənə neçə dəfə demişəm ki, bu tamaşada qılınclar dəmirdən olmalıdır. Bu nədir, yenə taxta-tuxtanı yığıb tökmüsən səhnəyə?! Axırıncı görüşdəki sözləri təkcə aktyorlara demirdim axı. Bilirsən, Romeo ilə Tibaltın qılıncları bir-birinə dəyəndə çınqı çıxmalıdır. Döyüş başlayır, ətrafdakı insanlar qışqırışır, işıq azalır və onların başı üzərində bir-birinə çırpılan qılıncların qığılcımı havada oynaşır. Mənə bu lazımdır.

Rekvizitor “baş üstə, baş üstə, gözüm üstə”, – deyə-deyə taxta qılıncları qucağına yığıb kulisin labirintində gözdən itir. Rejissor səhnənin tərtibatına bir də göz gəzdirir, pərdələrə bir-bir toxunur, yerdə düzülmüş əşyaları ayağıyla sahmana salırmış kimi yüngülcə təpikləyir, səhnədən düşüb ən sonuncu tamaşaçı kreslosuna qədər gedir, oradan bir də səhnəyə baxıb razılıq əlaməti olaraq başını yelləyir, öz-özünə pıçıldayır:

– Mən ki tale yazan deyiləm. Lap yazsaydım belə… bunu heç zaman etməzdim. Çox talelər görmüşəm, ağını da, qarasını da. Heç səhnədə rol verib öldürdüyümü də, həyatın uçurumundan qurtarıb, dirildib xoşbəxt etdiyimi də mən yaratmamışam, nə yaratmaq, heç mən yazmamışam axı. Bəlkə, tamaşalarımın təkrar-təkrar oynanılmasının ahıdır məni tutan. Yazan bir dəfə  yazır, bir dəfə öldürür, dirildir, ayırır, qovuşdurur. Amma mən bunu, az qala, hər ay edirəm. Kral Liri hər ay öldürdüyüm, Qorio ataya hər mövsüm can çəkişdirdiyim, Ovoda hər edam zamanı dönə-dönə “Uşaqlar, pis nişan alırsınız… Yenidən cəhd edin!” dedirtdiyim üçün tamaşaçının qarğışı, lənəti bu günlərə qoyur məni.

Dionisin səltənətində axıb-axıb bir-birinə dəymiş və bu zaman, az qala, günəş tək parlamış iki ulduzun indi səhnənin qaranlığında sönməsi Rejissora əzab verirdi. Onun bəxt ulduzunun başqa səhnənin əngin səmasında parıldamağa başlaması isə dözülməz ağrıların və düşüncəsini daim didib parçalayan intiqam hissinin əsas səbəbi idi.

Aktrisanın xasiyyəti, peşəkarlığı və oynadığı rollarla tamaşalara gətirdiyi həyatilik Şəmistanı heyran etdiyindən o, hər tamaşadan sonra Aktrisayla evlənməyin ssenarisini düşünürdü. Amma qurduğu ssenarilər ilə Aktrisanın qəlbini fəth edə bilməyəcəyindən ehtiyat edib bu tamaşanı səhnələşdirməkdən qorxurdu.

Səhnə üçün döyünən iki ürəyin danışan gözləri hər dəfə toqquşanda hərarət başdan-ayağa kimi onları sarır, simalarını qarsır və ruhlarını titrədirdi. Bunu təkcə Dionis və səhnədə uçuşan tale ilahələri deyil, fəhlədən dublyorlara qədər hər kəs hiss edir və bu izdivacın baş tutması üçün dua vird edirdilər…

… Toydan sonra teatrın arif adamları, dostlar, hətta özləri də hiss etmişdi ki, Rejissor öz mənliyinin zirvəsinə çatmaq üçün Aktrisayla evlənmişdi. Çünki Aktrisa Resjissorun təsəvvüründə tamaşaçıların da, öz həmkarlarının da gözündə hər bir kişinin dırmanmaq istədiyi ən uca zirvə idi. O zirvədən baxanda ətrafda hər kəs səndən balaca, yaxud ən azından səndən bir addım da olsa aşağıda görünürdü.

Bu izdivac baş tutandan bir müddət sonra Rejissor bir az mənəm-mənəm deyən kişi, bir az da vəzifə ədası ilə sıldırımdakı quşqonmaz gözətçi qalasına bənzəyən Aktrisanı məharətli strateq kimi fəth etdiyini ona hiss etdirməyə, hətta dilə gətirməyə başlamışdı: “Ən əzəmətli qalalar belə, satqınların əlilə də olsa, bir gün fəth edilir, səni gözlərin satdı, gözəlim”.

Gözəl peşəkar aktrisalığı ilə yanaşı, mükəmməl bildiyi sənət tarixinə görə də Rejissorun atmacalarına qarşılıq verəcək gücdə və qabiliyyətdə idi, amma onun fəth edilmiş qala kimi düşmən əsgərinə xidmətdən məmnun olmadığını Şəmistan heç zaman aşkarda hiss etmədi. Aktrisa ən yaxşı final və ana südündən doymayan körpə qızı üçün səbr etdi, ən gözəl məqamı gözlədi…

… Aktrisanın evdə və teatrda davamlı təkidlərindən sonra Dezdemona rolunu  öz gözəlinə verən Rejissor böyük həyəcanla “Otello” tamaşasının primyerasına hazırlaşırdı. Bu tamaşa sanki onun sənət deyil, həyat imtahanı idi. Primyeranın dəvətnamələri sayılıb-seçilən sənət adamlarına, ölkənin ən nüfuzlu şəxslərinə, sənətsevərlərə paylanmışdı. Bu tamaşa ona növbəti fəxri ad, yeni vəzifə qazandıracaq və bununla da sənət tarixində öz imzası ilə əbədi ad qoyacaqdı.

“Otello”nun məşqlərini teatrın digər rejissor və aktyorları, hətta incəsənət sahəsində təhsil alan tələbələr də izləməyə gəlirdilər. Məşq prosesi Rejissor və adlı-sanlı aktyorların ustad dərsinə çevrilmişdi. Otellonun məğrur, dürüst, bütün tamaşa boyu onu tərk etməyən emosional rəftarı, saflığı, Dezdemonanın əsilzadə qanunlarına meydan oxuyaraq sevgisini etiraf etməsi, keçdiyi ağrı-acılı döyüş yoluna görə Otellonun halına acıyaraq ona dərindən bağlanması, Yaqonun mənfur və hiyləgər davranışları, Kassionun avamlığı, Emiliyanın əri Yaqonun fitnəkarlığına dözməyən fəryadı, varlı-karlı venesiyalı tacir Rodriqonun Dezdemonaya olan ülvi hisslərinin qurbanına çevrilməsi, Rejissorun isə, az qala, hər obrazı oynamağa ani cəhdlər etməsi səhnədə sərgilənən əsl sənət dərsləri idi.

Rejissor sonuncu məşqdə söz vermişdi ki, tamaşadan əvvəl daha aktyorlara heç bir söz deməyəcək; çünki tamaşadakı hər bir detal üzərində dəfələrlə dayanmış, böyük zəhmət çəkmiş, tər tökmüşdü. Hələ Dezdemonanın məşqləri evdə də davam etmişdi. Bəzən Rejissor evdə Otello – köksünü qabardaraq müharibədən qalibiyyətlə dönmüş sərkərdə kimi cövlan edir, gözəlini də Dezdemonanı oynamağa vadar edirdi. Aktrisa evdəki hər məşqə taleyindən nigaran olduğu körpə qız anası, fəth edilmiş qala, teatrdakı məşqlərə isə hersoq qızı Dezdemona kimi çıxırdı.

“Otello” oynanılan gün teatrda iynə atsan yerə düşməzdi, tamaşaya bir şəhər adam gəlmişdi. Rejissoru tamaşadan əvvəl təbrik edənlər, çiçək göndərənlər o qədər çox idi ki, artıq o, özünü təkcə Aktrisanın deyil, bütün səhnənin fatehi sanırdı. Lakin sən saydığını say, sandığını san. Gör ayların-illərin əzabına, düşmən sərkərdənin talançılığına səbrlə dözən Aktrisa nə sayır.

Rejissor Otello ilə Dezdomona arasında əsərin orijinalında verilən qucaqlaşmaq, öpüşmək səhnələrini demək olar ki, tamamilə çıxarmış, ən yaxşı halda onları əl-ələ tutmaqla əvəzləmişdi. Lakin əsərin orijinalını əzbərdən bilən Aktrisa primyerada məşqlərdə olmadığı kimi davranaraq Otello ilə qarşılaşdığı əksər səhnələrdə ona sarılmaqdan, hətta Otellonu dəfələrlə öpməkdən belə çəkinmədi. Səhnələr bir-birini əvəz edəndə nə baş verdiyini anlayan Rejissor olanlara rəğmən, benuardakı kreslosundan heç qımıldanmadı da, daş kimi kresloya yapışıb qaldı.

Otellonun “Ah, mənim nazənin, gözəl əsgərim!” xitabına cavab olaraq Dezdemonanın şövqlə söylədiyi “Ah, mənim Otellom, əziz sərvərim!” sözləri Rejissorun qulaqlarında tamaşanın sonuna qədər kilsə zəngi kimi guruldadı. Finalda Otello Dezdemonanı boğarkən əllərini bir-birinə bərk-bərk sıxan Rejissor bütün qorxularına qarşı gedərək ürəyindən bu sözləri keçirirdi: “Kaş, həqiqətən, ölərdi, sağ çıxmazdı bu tamaşadan…”.

Pərdələr sonuncu dəfə enəndə qopan gurultulu alqışlar Rejissoru arzusunda olduğu məqama yüksəltməklə yanaşı, gözləmədiyi və heç zaman görə bilmədiyi bir uçuruma da yuvarladı. Bu tamaşada öz rolunun öhdəsindən məharətlə gələn Aktrisa Rejissora tarix üçün ən yüksək qalibiyyəti, həyat üçün isə ən ağır məğlubiyyəti gətirdi. O, tamaşaçıların gözü önündə qazandığı Aktrisanı elə onların gözləri önündə də birdəfəlik itirdi.

…Aktrisa Rejissordan ayrılandan sonra həm güclü aktyor, həm də tamaşaçıların rəğbətini qazanmaqda olan yeni sənət fədaisi ilə ailə qurdu. Rejissorla münasibətlərini qızı Meduzanın gözlərindəki işığın əbədi parlaması üçün heç zaman kəsmədi. Aktrisa Fədai ilə daha xoşbəxt, Meduzanın varlığı ilə bəxtəvər idi. Çünki Fədai Aktrisanı Tanrının neməti, Meduzanı isə ailənin ən zərif və ən gözəl bəzəyi kimi qəbul etmişdi. Teatr, səhnə, bir-birini əvəz edən rollar, tamaşaçı sevgisi və xoşbəxt günlər dağ çayı kimi axıb gedirdi…

…Ata-anası Rejissorun uzun illərdən bəri çalışdığı teatrdakı vida tamaşası “Romeo və Cülyetta”ya baş rollara dəvət alanda Meduza yeniyetmə idi. Sonuncu məşqdən sonra Meduza anasını da, Rejissor atasını da və ona atası qədər doğma olan Fədaini də səhnədə, kulisdə doyunca və heyranlıqla seyr etdi. Gah atasına sarıldı, gah anasına, gah da səhnədə qılınc döyüşdürən, ölüb-dirilən atalığı Fədaiyə. Məşq bitər-bitməz Meduza anası və atalığı ilə birgə teatrın yaxınlığındakı salxım söyüdün altında qoyulan masada əyləşərək çay və dondurma yolu gözləməyə başladılar. Bu zaman gözü sonsuzluğa millənən Fədai bədənindən keçən ani üşütməyə diksindi.

“Kiminsə həyat yarpağı ömür ağacından düşəndə sənin yarpağına toxundu, əzizim”, – Aktrisa, az qala, bu sözləri heç kimin eşidə bilməyəcəyi tonda pıçıldadı. Fədai gülümsəyərək Meduzanın saçlarına toxundu, onun kürən hörüklərinin sonundakı düyünü açmağa çalışdı, qızcığaz başının ani hərəkəti ilə uzun hörüklərini atalığının barmaqları arasından yel kimi alıb sinəsinə atdı.

… Rejissor fikirlərə qərq olduğu kreslodan qalxıb rekvizitorun toz-torpaq içində gətirdiyi gümüşü rəngli dəmir qılınclara baxdı, birini əlinə aldı, digərini rekvizitora verib, “vur görüm, möhkəm vur”, – dedi. Qılınclar bir-birinə toxunanda qığılcım çıxdı. Gözləri parıldayan Rejissor “o biri zir-zibilləri də tapıb düzəldə bildin?” – deyib, qılıncı səhnəyə tulladı.

– Tapdım, tapdım, hamısı burdadır. Kəhrəba rəngli ştanqlas da, zəhər də, tfu… zəhər nədir, su da burdadır, qəməlti də, hələ Axillesin biz tərəfi gülüb, siz tərəfi ağlayan qalxanı da.

– Canına and olsun, belə çoxbilmişliyinlə hələ çox qabağa gedəcəksən. Bu tamaşadan sonra sənin də adını ən azından mükafata yazdırıb sonra cəhənnəm olub gedəcəm. Vallah, belə qoçaqlığınla, rekvizitor nədir, rəssam da olarsan, lap belə rejissor da. Axillesin qalxanı nədir, a kişi, o hardan düşdü yadına?!

… Vida tamaşasına Rejissorun bütün sənət dostları, tanınmış simalar, onun tamaşalarını heyranlıqla izləyən ən sadiq tamaşaçılar və yenə keçən dəfə olduğu qədər – bir şəhər adam gəlmişdi. Səhnənin önünü, az qala, bağlayan çiçəklər, arası kəsilməyən alqışlar Rejissoru qürur dolu dünyasına sonuncu səfərə çıxarmışdı. Sanardın ki, Rejissor təkcə bu teatrla deyil, ümumiyyətlə, sənətlə vidalaşır. Baş verənlər elə bil səhnədə doğulan günəşin elə səhnədə də sonuncu qürubu idi.

Tamaşa başlamazdan bir an əvvəl qonaqlarından aralanıb səhnənin arxasına tələsən Rejissor aktyorları bir-bir qucaqladı, Aktrisanı – Cülyettanı isə heç üzünə baxmadan heysiz qollarının var gücü ilə bağrına basdı. Sonra qollarını bir-birinin çiyninə qoyub çevrələnən aktyorların “Ura, ura, ura” səslərinin sədasına bürünüb rekvizitorun yanına tələsdi:

– Mən keçirəm lojaya, unutma ha, sənə verdiyim dərman şüşəsini beşinci pərdədən əvvəl Romeoya ver. Qoy çıxsın səhnəyə, Cülyettanın cansız bədəni önündə çəksin başına, doyunca içsin eşq şərbətindən, yadından çıxmasın ha, (bir az uzaqlaşaraq) eşq zəhərindən…

OXŞAR XƏBƏRLƏR