Qaçqın blyuzu – Uinston Hyu Oden

Daha.az Qismətin tərcüməsində Uinston Hyu Odenin “Qaçqın blyuzu”nu təqdim edir.

 

Bu şəhərdə ən azı on milyon qəlb döyünür,
Kiminin sarayı var, kimi it ömrü sürür:
Fəqət bizə yer yoxdu, canım, bizə yer yoxdu.

Bizim də bir zamanlar vətənimiz var idi,
Oranı xəritədə tapa bilərsən indi.
Gedəmmərik biz ora, əzizim, gedəmmərik.

Kənddəki məzarlığa kök salmış qoca çinar,
Yenə yaşıl geyinib, bəzənəcək bu bahar:
Köhnə xarici pasport bunu eləyə bilmir, canım, eləyə bilmir.

Konsul masanı döyüb belə dedi düppədüz:
“Pasportunuz yoxdusa, qanunən ölüsünüz!”
Amma biz yaşayırıq, əzizim, yaşayırıq.

Qaçqınkoma yollandım, yaman mədəniydilər,
Hörmətimi tutdular, “gələn il gəl” – dedilər.
Bəs bugün hara gedək, əzizim, hara gedək ?

Mitinqdə natiq dedi: “Onlara arxa dursaq,
Səhər bunlar hamısı loxmamıza cumacaq.”
Bizdən danışırdılar, bizdən danışırdılar.

Avropanın başında qıyya vuran şimşəklər,
Sən demə Hitleriymiş, deyirmiş: “Gəbərsinlər!”
Bizi deyirmiş, gülüm, bizi deyirmiş, bizi.

İt gördüm koftasından bər-bəzək saçılırdı,
Pişik gördüm üzünə qapılar açılırdı.
Onlar cuhud deyildi, gülüm, alman cuhudu.

O gün getdim limana, balıqlar üzürdülər,
Baxdım üzən balıqlar, azaddılar, hürdülər.
Cəmi on addımlıqda, cəmi on addımlıqda.

Meşəyə gedib gördüm quşlar yuva hörürlər,
Siyasət yoxdu deyə şənlənirlər, gülürlər.
Quşlar insan deyillər, gülüm, insan deyillər.

Yuxuda bir ev gördüm, evlərin ən yekəsi,
Min dənə qapısı var, min dənə pəncərəsi:
Heç biri bizim deyil, əzizim, bizim deyil.

Təlim meydançasına gəlinlik qar yağırdı,
On min əlisilahlı yanımda çığırırdı.
Bizi axtarırdılar, gülüm, bizi axtarırdılar.

(1939)

OXŞAR XƏBƏRLƏR