İlahi vəhdət və rasional doktrina – İbn Rüşd və həqiqət

Bu gün əndəlüslü ərəb filosofu, fəqih, riyaziyyatçı və təbib İbn Rüşdün doğum günüdür.
Daha.az bu münasibətlə AMEA-nın Fəlsəfə  İnstitunun doktorantı Rəhim Həsənovun “İbn Rüşdün fəlsəfəsində ilahi vəhdət və rasional doktrina” essesini təqdim edir.

 

Xülasə.
Rasional doktrinaya üstünlük verən İbn Rüşd İslam dünyasında “filosoflar f ilosofu” hesab olunur. Averroizm adlı fəlsəfi təlimin banisi olan İbn Rüşdün fikrincə, dünyada yaşamış yeganə filosof Aristoteldir. İbn Rüşd Qərbdə əsasən Aristotelin əsərlərini tərcümə etməsi və bu əsərlərə yazdığı müfəssəl şərhlərlə məşhurdur. Aristotelin fəlsəfi doktrinasına sadiq qalan İbn Rüşd İslam dünyasında “şarih”, latın dünyasında “commentator”, Qərbdə isə “Averroes” kimi tanınmışdır. Onun əsərlərinin latın dilinə tərcüməsi ilə Qərbdə Aristotelin mirası yenidən kəşf edilmişdir. İbn Rüşd mənalı ömrünün otuz ilini Aristotelin əsərlərinə şərh yazmağa həsr etmişdir. Bu dövrdə əldə edə bilmədiyi “Politika” əsəri istisna olmaqla “birinci müəllim”in bütün əsərlərinə izahat yazmışdır. Məşşai təliminin son böyük nümayəndəsi olan İbn Rüşd siyasət, din, hüquq, tibb və fəlsəfənin sahəsi üzrə 150-dən çox əsər ərsəyə gətirmişdir. Bununla yanaşı, İbn Rüşdün yaratdığı fəlsəfi sistem orjinal xüsusiyyətlərə də malikdir. Onun fəlsəfəsinin əsasında ağıl, iman və biliyin əlaqələndirilməsi problemi dayanırdı. Ümumiyyətlə, İbn Rüşdün düşüncəsində rasional bilik aparıcı mövqeyə malikdir. Mütəfəkkirin fəlsəfi sisteminin bu xüsusiyyəti Allah, dünya və insanın varlığını dərk etməyə imkan veri
r.

Dünyanın teleoloji araşdırılması fəlsəfədir və ilahi qanun da bizə fəlsəfəni öyrənməyi əmr edir.

Əndəlüslü ərəb filosofu, fəqih, riyaziyyatçı və təbib Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Məhəmməd ibn Əhməd ibn Əhməd ibn Rüşd əl-Kurtubi əl-Əndəlüsi 14 aprel 1126-cı ildə Kordovada zadəgan və dindar ailədə anadan olmuşdur. Babası Əbu əl-Valid Məhəmməd nüfuzlu hüquqşünas (fəqih), hakim (qazı) və Kordova məscidinin imamı idi. İbn Rüşdün atası da Kordovada baş hakim və müfti olmuşdur. Mütəfəkkirin adını babasının adından fərqləndirmək üçün ərəb müəllifləri ona “əl-hafid” (nəvə), babasına isə “əl-cəd” (baba) ləqəbini vermişdilər. İbn Rüşd öz dövrünün ən böyük elm adamlarından təhsil almışdır. İlk təhsilini atasından aldıqdan sonra hafiz Əbu Məhəmməd ibn Rızqdan fiqh, Əbu əl-Qasım ibn Beşküvaldan hədis, Əbu Cəfər ibn Harun ət-Tərcali və Əbu Mərvan ibn Curyuldan tibb və riyazi bilikləri öyrənmişdir.

İbn Rüşd məşhur sufi mütəfəkkiri Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn əlƏrəbi əl-Hatımi əl-Tai əl-Əndəlüsi, məşhur filosof Əbu Bəkr Məhəmməd ibn Əbd əl-Malik ibn Məhəmməd ibn Tüfeyil əl-Kaisi əl-Əndəlüsi (1106-1186), təcrübi tibbin atası Əbu Mərvan Əbdülməlik ibn Əbil-Ala Zühr ilə yaxın münasibətdə olmuşdur. Əlmüvəhhidi hökmdarı Sultan Əbu Yaqub Yusif ibn Əbdülmöminin (1163-1184) sarayında yüksək vəzifələrdə çalışan İbn Rüşd əsasən Mərakeşdə, İşbiliyədə (Sevilya) və Kordovada yaşamışdır. Fəlsəfəyə böyük marağı olan Sultan Yusif Aristotelin əsərlərini anlamaqda çətinlik çəkdiyi üçün İbn Tüfeyildən izahat yazmasını istəmiş, İbn Tüfeyil isə hökmdara yaşlı olduğu üçün bu ağır işi görə bilməyəcəyini, ancaq İbn Rüşdün bu işin öhdəsindən gələ biləcəyini söyləmişdi.

Xəlifə İbn Rüşdün biliyini yoxlamaq məqsədilə fəlsəfədən suallar vermiş, İbn Rüşddün cavabları onu heyrətləndirmişdi. Bu hadisədən sonra 1169-cu ildə İşbiyliyəyə qazı təyin olunan İbn Rüşd hökmdarın tələbi ilə Aristotelin əsərlərinə şərh yazmağa başlamışdır. 1182-ci ildə Sultan Yusif onu İbn Tüfeylin əvəzinə yenidən özəl həkim kimi Mərakeşə dəvət etmişdir. Fiqh alimlərinin fəlsəfəyə qarşı çıxması səbəbindən İbn Rüşdün ömrünün son illəri çətin keçmişdir. Müxtəlif məsul vəzifələrdə çalışan və baş qazı vəzifəsinə qədər yüksələn İbn Rüşdü sevməyən qüvvələr onun ateist olması haqqında şayiələr uydurur. Sultan Yusifin ölümündən sonra hakimiyyətə gələn Əbu Yusif Yaqub ibn Yusif ibn Əbdülmömin əl-Mənsur (1184-1199)  İbn Rüşd haqqında gəzən şayiələrə inanaraq 1195-ci ildə onu yəhudilərin yaşadığı Elisana (Lusena) şəhərinə sürgün edir. Ona qarşı məhkəmədə müxtəlif ittihamlar irəli sürülür və məhkəmə İbn Rüşdün əsərlərinin yandırılmasına qərar verir. İşbiliyə əhalisi məhkəmənin bu qərarına kəskin şəkildə etiraz edir. Müasir alimlər bu iftiraları siyasi səbəblərlə əlaqələndirirlər. Sonralar fəlsəfə ilə məşğul olmağa başlayan Əlmüvəhhidi hökmdarı Əbu Yusif Yaqub əlMənsur filosofun günahsız olduğunu anlayıb onu əfv edir.

İbn Rüşd 11 dekabr 1198-ci ildə Mərakeşdə vəfat etmişdir. Əvvəlcə Mərakeşdə dəfn edilsə də, üç ay sonra meyitinin qalıqları məmləkəti Kordovaya gətirilmiş və İbn Abbas qəbiristanında ailə türbəsində dəfn olunmuşdur. Rasional doktrinaya üstünlük verən İbn Rüşd İslam dünyasında “filosoflar filosofu” hesab olunur. Averroizm adlı fəlsəfi təlimin banisi olan İbn Rüşdün fikrincə, dünyada yaşamış yeganə f ilosof Aristoteldir.

İbn Rüşd Qərbdə, əsasən, Aristotelin əsərlərini tərcümə etməsi və bu əsərlərə yazdığı müfəssəl şərhlərlə məşhurdur. Aristotelin fəlsəfi doktrinasına sadiq qalan İbn Rüşd İslam dünyasında “şarih”, latın dünyasında “commentator”, Qərbdə isə “Averroes” kimi tanınmışdır. Əsərlərinin latın dilinə tərcüməsi ilə Qərbdə Aristotelin mirası yenidən kəşf olunmuşdur. İbn Rüşd mənalı ömrünün otuz ilini Aristotelin əsərlərinə şərh yazmağa həsr etmişdir. Bu dövrdə əldə edə bilmədiyi “Politika” əsəri istisna olmaqla “birinci müəllim”in bütün əsərlərinə izahat yazmışdır.

Ümumiyyətlə, İbn Rüşd siyasət, din, hüquq, tibb və fəlsəfənin müxtəlif sahələri üzrə 150-dən çox əsər yazmışdır. “İbn Rüşdün Aristotelin əsərlərinə yazdığı şərhlər Avropa f ilosoflarını antik fəlsəfə ilə tanış etməkdə böyük rol oynamışdır. Averroesin (averroizm) təlimini müsəlman və xristian ortodoksiyası amansız təqib etmişdir” [1, s.164-165]. Onun tibb sahəsi üzrə yazdığı 16 əsərin içərisində “Kitab əl-Külliyat Fi’t Tibb” (“Təbabət küliyyatı”) xüsusi əhəmiyyət kəsb edir.

Kitab latın dilinə tərcümə edilmiş və əsrlər boyu Avropa universitetlərində dərslik kimi tədris olunmuşdur. İbn Rüşd ingilis alimi Uilyam Harveydən (1578-1657) təxminən 5 əsr öncə “Kitab əl-Külliyat Fi’t Tibb” əsərində qan dövranı haqqında sanballı fikirlər irəli sürmüşdür. Həmçinin fransız mikrobioloq və kimyaçı Luiz Pasterdən (1822-1895) 7 əsr əvvəl mikrobların varlığını elmi şəkildə aydınlaşdırmışdır. İbn Rüşdün fizika, astronomiya, fəlsəfə, zoologiya, məntiq, siyasət və biologiyaya dair yazdığı əsərlər hələ XII əsrdən latın dilinə tərcümə edilmişdir.

Mütəfəkkirin qələmə aldığı əsərlərə “Kitab əl-Külliyat Fi’t Tibb”, “Fəsl əl-məqal və təqrir fi ma beynə əş-şəriət və əl-hikmə min əl-itt isal” (“Din ilə fəlsəfə arasında əlaqə barədə qərar çıxaran mühakimə”), “Təhafüt əttəhafüt əl-fəlasifə” (“Təkzibin təkzibi”),  “Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə” (“İcma ehkamlarının əsaslandırılması yollarının kəşfi haqqında kitab”) və s. misal çəkmək olar.

Məşşai məktəbinin məşhur nümayəndəsi olan İbn Rüşd 1179-cu ildə qələmə aldığı “Kitab əl-kəşf ən mənahic əl-ədillə fi əqaid əl-millə” əsərində dinlə fəlsəfəni uzlaşdırmağa çalışmışdır. Bu əsər fəlsəfənin dinə qarşı olduğunu düşünənlərə tutarlı cavab idi. Mütəfəkkir “Təhafüt ət-təhafüt əl-fəlasifə” əsərində isə əl-Qəzalinin fikirlərini tənqid edərək din-fəlsəfə əlaqəsi haqqında sağlam fikirlər irəli sürmüşdür. “İbn Rüşd din ilə fəlsəfə arasında münasibəti müəyyən etməkdən başlayır və şüurun bu formaları arasında əlaqəni elə şərh edir ki, bu, onların barışdırılmasına şərait yaradır.

Prinsip etibarilə İbn Rüşdün konsepsiyası din ilə fəlsəfəni barışdırmaq cəhdi hesab edilməməlidir, çünki müsəlman filosofları Kindi, Fərabi, İbn Sina, İbn Tüfeyl və İbn Rüşd üç əsr ərzində özlərini mömin müsəlmanlar kimi təsdiq etmişdilər, İslamda isə dini qanunlarla filosofluq arasında ziddiyyət yox idi” [2, s.69]. Aristotel ilə Platonun fəlsəfəsini uzlaşdırmağa çalışan İbn Rüşd din və fəlsəfəni eyni mənbədən qidalanan iki ayrı sahə hesab edirdi. İbn Rüşdün dediyinə görə, din vəhyin məhsulu olsa da, fəlsəfə insan ağlının məhsuludur, lakin hər ikisinin mənbəyi eynidir.

İbn Rüşdün fikrincə, fəlsəfənin məqsədi mövcud olanları düşünmək və Allahın varlığını araşdırmaqdır. Filosof görünən və görünməyən aləmi fərqləndirdiyindən hər iki aləmin öyrənilməsi üçün ayrıca metodlar təklif edir, metodların müxtəlifliyi vəhy ilə ağıl arasında olan fərq nəticəsində təzahür edir. Fəlsəfə öyrəndiyi üçün doğru yoldan sapan insanların olması fəlsəfəni qadağan etməyə əsas vermir, belə ki, fiqh oxuduğu halda da öyrəndiklərinə əməl etməyərək doğru yoldan çıxan insanlar vardır.

İbn Rüşdün fikrincə, hər kəsin vəhyə tabe olması məcburidir. Alim fəlsəfi düşüncə ilə Quran arasındakı ziddiyyətləri həll etmək üçün təfsir prinsipini təklif edirdi. “Onda aşkar ziddiyyətləri necə izah etmək olar? Burada İbn Rüşd Qərb fəlsəfəsində də əsas rol oynayan şərh (təfsir) prinsipini daxil edir. O, cavab verir ki, Quranda heç də hər şey hərfi mənada başa düşülməməlidir. Əgər Quran surələrinin izahı zəka həqiqətlərinə zidd görünərsə, onda surələr məcazi və ya alleqorik şərh edilməlidirlər” [3, s.337].

İbn Rüşd dünyanı canlı varlığa bənzədirdi. Bir canlı varlığın yaşaması üçün mütləq əbədi güc var olmalıdır. Əks təqdirdə, dünyada heç bir nizam olmaz və dünya öz varlığını və bütövlüyünü davam etdirə bilməz. Dünyada birliyi, bütövlüyü və nizamı təmin edən, onu yaradan və qoruyan əbədi güc Allahdır. İbn Rüşdün fikrincə, mütləq olan sadə, tək, əzəli və əbədidir, onun səbəbi, hərəkəti, cinsi təyin edilə bilməz. İbn Rüşdə görə, Allahın varlığını asanlıqla qəbul etməyə imkan verən iki dəlil vardır; bunlar dini mənbələrdə də yer alan inayət və ixtira dəlilləridir.

Filosofun fikrincə, inayət dəlili dünyadakı bütün varlıqların insana xidmət edəcək şəkildə qurulması ilə əlaqədardır. İnayət dəlili sayəsində hər bir insan dünyanın bilik, iradə, güc və hikmətə sahib olan bir qüvvə tərəfindən yaradılması qənaətinə gəlir. İnsan hiss və ağıl gücündən istifadə edərək ətrafındakı fiziki, kimyəvi, bioloji və kosmik hadisələri, üzvi və qeyri-üzvi varlıqları araşdırdıqda bunların hamısının öz varlığı üçün nə dərəcədə uyğun və faydalı olduğunu aydın görə bilir.

İbn Rüşd İslam mənbələrində inayət anlayışına ən çox əhəmiyyət verən mütəfəkkirdir, bu dəlil insana göstərilən ləyaqətə əsaslanan və bütün varlıqların bu konsepsiya səbəbindən yaradıldığını ifadə edən dəlildir. İnayət dəlili iki təməl faktora əsaslanır:

  1. Dünyada mövcud olan hər şey insanın var olması üçün uyğunlaşdırılmışdır.
  2. Bu uyğunluq təsadüfən baş verə bilməz, bu uyğunluğu tənzimləyən bir qüvvə olmalıdır.

İbn Rüşd dünyadakı varlıqların insan varlığı üçün uyğunluğunu göstərən nümunələr verir: gündüz və gecə, Günəş və Ay, dörd fəsil, insanların yaşadığı dünya, eləcə də heyvanlar, bitkilər və cansız maddələr, yağış, çaylar və dənizlər, nəhayət su, od və hava insanın yaşaması üçün yaradılmışdır. Allahın varlığını sübut etmək üçün hazırlanan dəlillərdən ikincisi olan ixtira dəlili bənzərsiz bir şey yaratmaqla xarakterizə olunur.

Mövcud olan bütün canlılarda, bitkilərdə və səmalarda özünü biruzə verən ixtira dəlili iki əsas prinsipə əsaslanır:

  1. Mövcud olan bütün varlıqlar yaradılmışdır.
    İbn Rüşd bu prinsipi əsaslandırmaq üçün Quranın “Həcc” surəsindən sitat gətirirdi: “Ey insanlar! Bir məsəl çəkildi. Elə isə onu dinləyin! Həqiqətən, Allahı qoyub dua etdiyiniz şeylər bir yerə yığışsalar da, bir milçək belə yarada bilməzlər. Əgər milçək onlardan bir şey alıb aparsa, onu geri ala bilməzlər. İstəyən də, istənilən də (müşriklər də, bütlər də) aciz qaldı” [4, s.202-203].

İbn Rüşdə görə, həyatı yaradan və onu canlılara əta edən bir səbəbkar vardır, bu səbəbkar Uca Tanrıdır. Gözlərimizi göyə çevirdikdə eyni vəziyyəti görə bilərik, bütün gerçəklik mütləq başqası tərəfindən yaradılmışdır.

  1. İxtira olunan hər bir varlığın mütləq bir ixtira edəni olmalıdır.

Deməli, yaradılan hər şeyin bir yaradıcısı vardır. İbn Rüşdün fikrincə, inayət və ixtira dəlilləri dinin dəlilləridir, şəriət bütün insanları Allahın varlığını dərk etməyə dəvət edir. Bu iki dəlil həm alimlərin, həm də adi insanların asanlıqla anlaya biləcəyi dəlillərdir. İbn Rüşd epistemologiya ilə bağlı önə sürdüyü fikirlərdə Aristoteldən təsirlənmişdi.

Mütəfəkkir insanların danışıq qabiliyyətinin digər qabiliyyətlərdən fərqli olduğunu sübut etməyə çalışırdı. Bu nöqteyi-nəzərdən də İbn Rüşd rasionalist filosof hesab olunur. O, nəzəri ağıl ilə əməli ağlı bir-birindən fərqləndirirdi. İbn Rüşd sufilərin bilik əldə etmə metodunu ciddi şəkildə tənqid edir, sufilərin zöhd və tərki-dünya yolunun düzgün metod olmadığını irəli sürürdü. İbn Rüşdün fəlsəfi sistemində zəka həmişə ön plandadır. İnsanı digər varlıqlardan fərqləndirən onun zəkasıdır. “İbn Rüşdə görə, zəka ayrıca bir insana məxsus deyildir. O, bütün insanlarda eynidir. Bütün ayrı-ayrı insanlar bu ümumi zəkaya qovuşduqları dərəcədə zəkalı hesab olunurlar. Zəkanın bu cür ümumi, obyektiv, vahid qəbul olunması və onun ayrıca bir şəxsin ruhuna daxil olduğunun göstərilməsi averroizm adlanır” [4, s.59]. İbn Rüşd ilahi vəhdət (tövhid) doktrinasını dəstəkləyir və Allahın yeddi ilahi xüsusiyyətə sahib olduğunu iddia edir: bilik, həyat, güc, iradə, eşitmə, görmə və nitq.

Ən çox bilik atributuna diqqət ayırır və ilahi biliklərin insan biliklərindən fərqləndiyini iddia edir, çünki Allah kainatı bilir və Allah onun səbəbidir, insanlar isə kainatı yalnız Onun təsiri ilə tanıyırlar. İbn Rüşd həyatın atributunu Allahın istədiyi cisimləri meydana gətirmə istəyi ilə xarakterizə edirdi. Allahın məxluqları meydana gətirmə qabiliyyəti isə ilahi güclə müəyyən edilə bilər. İbn Rüşdün fikrincə, yalnız müdrikliyə istinad edən dövlət ideal dövlət ola bilər.

Müharibə qaçılmaz olduğundan dövlət öz vətəndaşları arasında qəhrəmanlığı təbliğ etməlidir. Dövlətin əsas vəzifəsi vətəndaşları arasında fəzilətlərin geniş yayılmasını təmin etməkdir. Bunun üçün dövlət iki metoddan istifadə edə bilər: inandırma (təhsil) metodu, məcburiyyət metodu. İnandırma metodu ritorik və dialektik üsullarından ibarət olduğu üçün daha təbii üsuldur. İnandırma metodu mümkün olmayanda isə məcburiyyət metodundan istifadə etmək lazımdır. Bu metoddan dövlətin düşmənlərini doğru yola gətirmək üçün istifadə etmək lazımdır. İbn Rüşdün siyasi fəlsəfəsi Platonun “ideal dövlət” konsepsiyası ətrafında cərəyan edir.

İbn Rüşd Platonun “ideal dövlət” konsepsiyası ilə İslam ənənələrini birləşdirir. “Platonun “Dövlət” əsərinə yazdığı təfsirdə İbn Rüşd göstərirdi ki, ən yaxşı quruluş elə dövlət hesab edilməlidir ki, onun əsasında etik dəyərlər ilə praktiki fəaliyyətin təbii əlaqəsi dayanır. Praktiki fəaliyyət və əxlaqi dəyərlər ali xeyirxahlığın (fədail) əsasıdır. İbn Rüşd hər şeydən əvvəl ictimai sferanın şəxsi həyat qarşısında üstünlüyünü xüsusi qeyd edir” [5, s.106]. İbn Rüşdün filosof-hökmdarın xüsusiyyətlərini izah etməsi əl-Fərabinin izahı ilə eyniyyət təşkil edir; filosof-hökmdar bilik sevgisi, yaxşı yaddaş, öyrənmə və həqiqət sevgisi, həssas zövq, cəsarət, dözümlülük, fərasət kimi üstün qabiliyyətlərə malik olmalıdır.

İbn Rüşdün gəldiyi qənaətə görə, filosoflar Əlmürabi və Əlmüvəhhidi imperatorluqlarının olduğu dövrdə dövləti idarə edə bilməsələr də, ideal dövlət prinsiplərini həyata keçirmək üçün hökmdarlara təsir göstərməyə çalışmalıdırlar. Hökmdar dövləti idarə etmək və ölkənin müdafiəsini təmin etmək üçün həm hikmətə, həm də cəsarətə sahib olmalıdır. Platon kimi İbn Rüşd də qadınları dövlətin idarəçiliyində iştirak etməyə çağırırdı. Mütəfəkkir müsəlman cəmiyyətində qadınların ictimai rolunun məhdudlaşdırılmasına görə çox təəssüflənir, bu məhdudiyyətin dövlətin rifahı üçün zərərli olduğunu qeyd edirdi. İnsanın qabiliyyətləri (kamalat) nəzəri fəzilət, incəsənət, mənəvi fəzilət və iradi hərəkətlər olaraq dörd növə bölünür.

Əslində, bəşəriyyətin əsas məqsədi nəzəri fəzilət qazanmaqdır, digər fəzilətlərin hamısı yalnız yaxşı fəzilətləri həyata keçirmək üçündür. İnsan fəziləti ilə ictimai rifah arasında birbaşa əlaqə mövcuddur. İbn Rüşdün fikrincə, ədalət fəziləti sayəsində hikmət, cəsarət, iffət və alicənablıq fəzilətləri reallaşır. Onun sözlərinə görə, əxlaq və qanun arasında zəruri əlaqə mövcuddur. Xalqın mənəvi və fiziki sağlamlığı üçün həkim və hakimlərə ehtiyac vardır. Fəzilətli cəmiyyətdə bu iki peşəyə ehtiyac yoxdur, çünki fəzilət və ədalət eyni nöqtədə kəsişir. İbn Rüşd göy cisimlərin dairəvi şəkildə hərəkət etdiyini bildirirdi.

Mütəfəkkirin gəldiyi qənaətə görə, üç növ planetar hərəkət vardır:

– Adi gözlə görülən;
– Alətlərlə müşahidə edilən;
– Yalnız fəlsəfi düşüncə yolu ilə dərk edilən.

İbn Rüşd Allahda əbədi həqiqətin mövcudluğuna inanırdı. Aristotel fəlsəfəsini İslamla uzlaşdırmağa çalışan mütəfəkkir İslam və Buddizmdən fərqli olaraq, ruhun əbədiliyinə inanmırdı. İbn Rüşddə nəfs anlayışı fiziologiya ilə sıx bağlıdır. Müxtəlif quruluş, forma və funksiyaya malik olan üzvi varlıqların bir arada yaşamasına imkan verən bir güc var, bu güc nəfsdir. Onun f ikrincə, nəfs bədənin birliyini və bütövlüyünü təmin edən əsas prinsipdir. Buna görə də nəfs bədəndən məhrum ola bilməz.

İbn Rüşd ruhun və cismin eyni olduğunu iddia edirdi. Onun f ikrincə, beş növ nəfs vardır:

– Nəbati nəfs – bitkilərin böyüməsini, qidalanmasını və artmasını təmin edir.
– Hassasə nəfs – heyvanların duyğu qabiliyyətinə malik olmasını təmin edir.
– Mütəhayillə nəfs – xəyal gücünün və yuxunun mövcud olmasını təmin edir.
– Natiqə nəfs – mücərrəd düşüncənin meydana gəlməsini təmin edir və insanlarda mövcud olur.
– Nuzuiyyə nəfs – heyvanlarda və insanlarda mövcud olan bu nəfs növü canlıların nəyə meyil etməsini təmin edir.

Allah ilə dünya arasındakı sudur nəzəriyyəsini qəbul edən əl-Fərabi və İbn Sinadan fərqli olaraq, İbn Rüşd bu nəzəriyyəni qəbul etmir. Buna baxmayaraq, Aristotelin görüşlərini qəbul etdiyi üçün Allah haqqındakı bilikləri ümumi mənada Məşşai filosofları ilə oxşarlıq təşkil edir. İbn Rüşd Allahı uca varlıq kimi ifadə edir, dünyanın bir xaliq tərəfindən yaradıldığını və bu yaradıcının Allah olduğunu qeyd edirdi. Alim mövcud olan hər şeyin Allahın elminin və qüdrətinin işi olduğunu vurğulayır, fikrinin doğruluğunu Quran ayələri ilə əsaslandırırdı.

Allahın bilgisinin insandan daha üstün olduğunu ifadə edən İbn Rüşdə görə, varlıqlar üstün və aşağı keyfiyyətlərə malikdir. Mütəfəkkir üstün varlığın aşağı varlıqların səbəbi olduğunu deyirdi. Bu baxımdan üstün varlıq olan Allah “İlk səbəb”dir. Göründüyü kimi, İbn Rüşd varlıq barədə düşüncəsini irəli sürərkən Allahın biliyinə xüsusi dəyər verir. İbn Rüşdün 1179-1180-ci illərdə yazdığı “Fəsl əl-məqal və təqrir fi ma beynə əş-şəriət və əl-hikmə min əl-itt isal” (“Din ilə fəlsəfə arasında əlaqə barədə qərar çıxaran mühakimə”) əsərində filosof dini əsasları inkar etmədən fəlsəfəni təbliğ edir. Filosof fiqh və məntiqdəki metodlar arasında oxşarlıq əlaqəsinin olduğunu bəyan edir, bunların dini baxımdan da düzgün olduğu qənaətinə gəlir.

İbn Rüşd bu əsərdə məşhur sufi Əbu Hamid Məhəmməd ibn Məhəmməd əl-Qəzalinin İslam filosoflarını təkzib etməsini tənqid edir və əl-Qəzalinin filosofları təkzib etdiyi mövzuları ayrı-ayrılıqda müfəssəl şəkildə aydınlaşdırır.

İbn Rüşdün sözlərinə görə, insanlar həqiqətə üç yolla çata bilərlər:

– Burhan (sübut) –  bu yol ilə həqiqətə çatanlar filosoflardır;
– Cədəl – bu yol ilə həqiqətə çatanlar kəlamçılardır;
– Xitabə – bu yol ilə həqiqətə çatanlar adi insanlardır, dəqiq intellektual dəlilləri (burhan) başa düşmək iqtidarında olmayan kütlələri razı salmaq üçün qurulan müqayisəli meyarlardan ibarətdir.

Məşşai təliminin son böyük nümayəndəsi olan İbn Rüşdün yaradıcılığında Aristotelin əsərlərinə yazdığı şərhlər mühüm yer tutur. Bununla yanaşı, İbn Rüşdün yaratdığı fəlsəfi sistem orjinal xüsusiyyətlərə də malikdir. Onun fəlsəfəsinin əsasında ağıl, iman və biliyin əlaqələndirilməsi problemi dayanırdı.

Ümumiyyətlə, İbn Rüşdün düşüncəsində rasional bilik aparıcı mövqeyə malikdir. Mütəfəkkirin fəlsəfi baxışının bu xüsusiyyəti Allah, dünya və insanın varlığını dərk etməyə imkan verir.

_________
ƏDƏBİYYAT

Fəlsəfə ensiklopedik lüğəti. Bakı: NPB, 1997.
Mehdiyev R.Ə. Fəlsəfə. Dərs vəsaiti. Bakı: “Şərq-Qərb”, 2010.
Skirbekk Q., Gilye N. Fəlsəfə tarixi: Müasir dünyanın fəlsəfi qaynaqlarına bir baxış. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı: “Zəkioğlu”, 2007
Qurani-Kərim (ərəb dilindən tərcümə edələr: V.Məmmədəliyev və Z.Bünyadov). “Qismət”, 2004.
Hacıyev Z. Fəlsəfə. Ali məktəblər üçün dərslik. Bakı: “Turan evi”, 2012.
Rüstəmov Y. Fəlsəfənin əsasları (mühazirə kursu). Bakı: “Nurlar”, 2007.

OXŞAR XƏBƏRLƏR