Daha.az Qismət Rüstəmovun beynəlxalq “Dublin mükafatı”nın uzun siyahısı ilə bağlı yazısını təqdim edir.
“Dublin mükafatı”nın uzun siyahısı açıqlanıb və mən qərara gəldim ki, yenə Müftə Ziyalı Xidməti göstərim.
Reyçel Kuşner – “Yaradılış gölü” (“Creation lake”)
Kuşner mənə tanış müəllifdir, təxminən on il qabaq Orxan Pamukun bir müsahibəsində onun adına rast gəlmişdim, elə həmin ərəfələrdə onu məşhurlaşdıran “Alov püskürdənlər” romanını İstanbul kitab Yarmarkasından alıb oxumuşdum.
“Yaradılış gölü” bir casus romanıdır. Romanın baş qəhrəmanı özünü Sadi kimi təqdim edən, əslində, həqiqi kimliyi bilinməyən 34 yaşlı bir agent-casusdur. Sadi Fransanın Guyen bölgəsində industrial əkinçiliyə qarşı mübarizə aparan radikal bir solçu-aktivist icmanın içinə sızmalıdır. Bu icmanın üzvləri inanırlar ki, neandertalların məhv olmasından sonra sivilizasiyamız təbiətdən aralı düşüb, ona görə ibtidai, sadə, autentik həyat tərzinə qayıtmalıyıq. Roman böyük şirkətlərin su mənbələrini qəsb etməsindən və ideologiyaların insanları necə yoldan çıxarmasından bəhs edir.


Çimamanda Nqozi Adiçi – “Xəyal sayğacı” (“Dream Count”)
Adiçinin “Amerikanah” romanı dilimizə tərcümə olunub. Ancaq Adiçi mənim yadımda daha çox atasının ölümüylə bağlı yazdığı, kiçik və təsirli “Kədər barədə” kitabıyla qalıb. “Xəyal sayğacı” əsərində dörd qadının daxili dünyasında baş verənləri arxa fonda COVİD-19 pandemiyası, təcrid var müşayiət edir. Romanın mərkəzində varlı-hallı ailədən olan səyahət yazıçısı Çiamaka var. Əsər Çiamakanın karantin müddətində keçmiş münasibətlərini saf-çürük etməsiylə yanaşı, ən yaxın rəfiqəsi Zikoranın (hamilədir, tərk edilib), əmisi qızı Omeloqorun (Zimbabveyə qayıtmış vəkildir) və dayəlik edən Kadiotunun hekayələrindən ibarətdir. Adiçi çağdaş dünyada qadınların səadət axtarışını, bir ömürdə yaşanmış fərəhli günlərin sayını xəyal sayğacına vurur…

Mariya Reva – “Axırıncı” (“Endling”)
Ukrayna əsilli Kanadalı yazıçı Mariya Revanın bu əsərinin adını təxminən tərcümə etdim; çünki “endling” sözünün maraqlı tarixçəsi var, yazılana görə, 1996-cı ildə “Nature” jurnalındakı bir yazıda həkim Robert Vebsterin rəhbərliyindəki mütəxəssislər qrupu xəstəxanada və ya müalicə mərkəzində yatan, ömrün axırına çatmış, sağ qalan heç bir qohum-əqrəbası olmayan nəslin sonuncu fərdini ifadə etmək üçün bu sözü yaradıblar. O vaxtlar təxminən “nadir” mənasına gələn başqa-başqa sözlər təklif edilsə də, “endling” sözü işləklik qazanıb. Beləliklə, bəlkə də romanın adını “Sonqalan” kimi də düşünmək olar.
“Axırıncı” romanında hadisələr 2022-ci ildə Rusiyanın Ukraynanı işğal etməsindən bir az əvvəl baş verir. Romanın baş qəhrəmanı Yeva (Həvva) bioloqdur, ilbizlər üzrə mütəxəssisdir. Yeva ömrünü evlənməyə, bioloji baxımdan nəsilartırmağa yox, nəsli tükənməkdə olan ilbizləri xilas etməyə həsr edib. Onun səyyar laboratoriyası var, Ukraynanın meşələrini gəzib araşdırmalar aparır. Yeva bir tərəfdən Lefti adlı növünün axırıncı nümayəndəsi olan bir ilbizə “həyat yoldaşı” tapmaq istəyir, digər tərəfdən isə araşdırmalarına pul tapmaq Ukraynaya “feminist olmayan qız” tapmaq üçün gələn qərbli kişilərə “evlilik turları” təşkil edir. Tragikomik paradoks! Yevanın yolu itkin düşmüş aktivist analarını axtaran Nastiya və Solomiya ilə kəsişir. Bu üç qadın Ukraynada sevgi tapmağa gəlmiş 13 qərbli kişini qaçırıb nəsli kəsilməkdə olan ilbizin üçün axtarışlara cəlb edirlər. Ancaq müharibə başlayır və bu absurd, tragikomik macəranın rəngi, ruhu, məqsədi dəyişir…

Əli Smit – “Qliff”
Şotland yazıçı Əli Smitin “Qliff” əsərinin adını olduğu kimi saxladım, belə ki, “gliff” şotlandca “anlıq görüntü, şok effekti və ya parıltı” mənalarına gəlir, ancaq romanda Qliff bir atın adıdır. Roman anaları dəbdəbəli bir mehmanxanada işləməyə getdiyi üçün tək qalan iki qardaşın hekayəsidir. Əsərdə Oruelvari bir dünya təsvir olunub, cəmiyyət iki yerə bölünüb. Bu ikiyə bölünmüş dünyada dövlətlər (şirkətlər) bəyənmədikləri adamların evlərini və mülklərini qırmızı boya ilə işarələyir, onları sistemdən kənarda saxlayırlar. İki qardaş və Qliff adlı at bu nəzarət dövlətindən qaçmağa çalışarkən dillərin, mənaların necə şirkətlər tərəfindən işğal edildiyinə şahid olurlar. Əli Smitin bu romanı bütün insanları dataya, statistikaya müncər edən texnoloji totalitarizmə qarşı xəbərdarlıqdır.


Ariya Aber – “Yaxşı qız” (“Good girl”)
“Yaxşı qız” əfqan əsilli alman şair Ariya Aberin debüt romanıdır, bu, Berlinin andeqraund texno-mədəniyyətində baş verən özünükəşfetmə, özünütapma hekayəsidir. 19 yaşlı Nila mühacir bir ailənin qızıdır, Berlində böyüyüb, ancaq özünü nə alman cəmiyyətinə, nə də ailəsinin əfqan ənənələrinə aid hiss edir. İki daşın və yaddaşın arasında qalıb. Berlinin müharibə xarabalıqlarında təşkil olunmuş məclislərdə, narkotik və musiqinin təsiri altında öz kimliyini axtarır.
Madalena Blazeviç – Yayın axırlarında (İn late summer)
Xorvat yazıçı Blazeviçin bu romanı 1993-cü ildə Bosniya müharibəsindəki bir qətliamdan bəhs edir. Roman qətliamda öldürülən 14 yaşlı İvananın ölümündən sonrakı perspektivdən nəql olunur. Blazeviç Bosniyanın pastoral gözəlliyi olan məkanlarını qəfil gələn əsgərlərin vəhşiliyi ilə təzadda təqdim edir. Yazıçı İvana və dostu Dunyanın yayın qızmarındakı oyunlarını, ailələrin gündəlik rituallarını (toyuq kəsmək, yemək qoxuları) prustvari həssaslıqla işləyir. Roman Bosniyanın itkin nəslinə elegiyadır.

Salli Runi – “Intermezzo”
Salli Runi (1991) çağdaş irland yazıçısıdır. Debüt romanı “Dostlarla söhbətlər”dən başlayaraq böyük şöhrət qazanıb. Roman atalarının ölümündən sonra yas saxlayan iki qardaşdan bəhs edir, 32 yaşlı uğurlu vəkil Piter və 22 yaşlı asosial, şahmat dühası İvan. Roman ata itkisinin iki qardaşı necə formalaşdırdığını və bu cür “aralıq” məqamlarda (intermezzo) nə etməli olduğunu araşdırır. Salli Runinin bu roman da daxil olmaqla dalbadal bir neçə kitabını oxuyub heç birini bəyənməmişəm.

Bricit Jiro – “Sürətli yaşa” (“Live Fast”)
Fransanın prestijli “Qonkur” mükafatını qazanan bu roman avtobioqrafikdir. Yazıçı 1999-cu ildə bir motosiklet qəzasında həlak olan əri Klodu ölümə aparan 20 günü bütün detalları ilə analiz edib. Roman “bəs elə yox, belə olsaydı?” sualı ətrafında gəzişir: O evi almasaydıq? O gün telefon zəng çalmasaydı? Klod o motosikleti sürməsəydi? Jiro faciələrin əslində nə qədər kiçik və təsadüfi qərarlara bağlı olduğunu göstərir. Tənqidçilər romanı çox təsirli bir vida məktubu kimi ifadə ediblər.

Niv Ni Valyouin (Niamh Ní Mhaoileoin) – “Adi müqəddəslər” (“Ordinary saints”)
“Adi müqəddəslər” yazıçının debüt romanıdır, din, ailə və kvir kimlik mövzuları ətrafında qurulmuş dramdır. Əsas personaj Cey İrlandiyadakı hədsiz dindar (katolik) ailəsini tərk edərək Londonda sevgilisiylə yeni bir həyat qurub. Ancaq 13 il qabaq qəzada ölən rahib qardaşının “müqəddəs” elan olunma prosesi (kanonizasiya) başlayanda o, keçmişi və ailəsi ilə üzləşməli olur. Cey kilsənin ölmüş qardaşının xatirəsini “marka” kimi istifadə etməyinə etiraz edir. Roman əsrlər boyu Katolik kilsəsinin İrlandiya cəmiyyətində yaratdığı təzyiqin mirasını və bunun fərdlərin həyatını necə parçaladığını ifadə edir.

Alan Hollinqhörst – “Bizim axşamlarımız” (“Our Evenings”)
“Bizim axşamlarımız” romanı ingilis cəmiyyətinin altmış illik tarixinə güzgü tutur. Roman Birma əsilli ingilis aktyor Deyv Vinin 1962-ci ildən 2020-ci il pandemiya dövrünə qədərki həyatından bəhs edir. Deyvi anası Avril böyüdüb (bacarıqlı dərzidir), varlı bir ailənin təqaüdü ilə yaxşı bir özəl məktəbdə oxuyur, burada mühafizəkar siyasətçi və sonralar Breksit tərəfdarı bir nazir olan bir nəfərlə tanış olur və ömür boyu onun zorakılığına məruz qalır.

Loran Bine – “Perspektivlər”
Fransız yazıçı Binenin “Perspektivlər” romanında hadisələr İntibah dövründə, İtaliyada baş verir. Əsər epistolyar üslubda yazılmış detektivdir. 1557-ci ildə, Florensiyada bir kilsədə məşhur rəssam Pontormonun meyiti tapılır. Hadisə yerinin yaxınlığında Mediçilərin qızı Mariyanın çılpaq Venera kimi çəkilmiş tablosu ələ keçir. Qraf Mediçi cinayəti və tablo skandalını araşdırmaq üçün saray rəssamı və tarixçisi Giorgio Vasarini çağırır. Roman Mikelancelo da daxil olmaqla, dövrün məşhur sənət adamları arasındakı 176 məktublaşma şəklində qurulub. Yazıçı çağdaş dünyadakı “deepfake”, rəqəmsal məxfilik kimi mövzulara İntibah dövrünün güzgüsündən baxır.


Karen Rassel – “Antidot”
Karen Rasselin imzasını düz 10 ildir tanıyıram. Onun “Swamplandia!” romanını türkcə oxumuşdum (əsər türkcəyə “Timsah park” adıyla tərcümə olunub), o vaxtdan imzası xüsusilə hekayə müzakirələrində rastıma çıxırdı. Maraqlı yazıçıdır.
Antidot – el dilində zərdab dediyimiz şeydir, zəhəri neytrallaşdıran maddə. 1930-cü illərdə Kanada və ABŞ-da dəhşətli quraqlıq, erroziya nəticəsində azman toz fırtınaları hər yanı bürümüşdü, buna “Dust Bowl” – bizim dildə təxminən “Toz çanağı” dövrü deyirlər. “Antidot” romanı sözügedən dövr haqqında magik-realist əsərdir. Hadisələr Nebraskanın xəyalən yaradılmış Uz qəsəbəsində keçir. Romanın mərkəzində insanların atmaq, unutmaq istədikləri xatirələrini öz bədənində gizlədən Antonina var. Qəsəbə sakinləri yaddaşlarından silmək istədikləri hər şeyi Antoninaya təslim edərək “rahat amneziya” içində yaşayırlar. Ancaq bu kollektiv unutqanlığın içində qəsəbənin yerli xalqlara qarşı törətdiyi soyqırımlar, cinayətlər də var…

Donatella Di Pietrantonio – “Kövrək yaş” (“The Brittle Age”)
“Kövrək yaş” romanı nəsildən nəsilə ötürülən travma və ört-basdır edilənlərin bədəli haqqındadır. Əsər Abruttso dağlarının ətəyində baş verən, iki zaman dilimi arasındakı gedib-gələn bir əhvalatdan bəhs edir; 30 il qabaq baş vermiş vəhşi bir cinayət aktı və həmin hadisədən xilas olan, lakin həyatı zülüm-zillətə çevrilən Doralisin hekayəsini Lusiya adlı təhkiyəçinin dilindən oxuyuruq.
Siphive Qloriya Ndlovu – Yarım-qırıq insanların yaradılışı (The Creation of Half-Broken People)
Zimbabveli yazıçı Ndlovunun bu romanı “Afrika qotikası”nın ən yaxşı örnəklərindən sayılır. Roman varlı və irqçi Qud ailəsinə gəlin gələn adsız bir qadının hekayəsidir. Qadın ərinin ölümündən sonra “dəli” elan edilir və çardağa “atılır” – burada onu keçmişdən gələn üç qadının ruhları ziyarət etməyə başlayır. Adsız qadın bu qadın-ruhların hekayələrini yazdıqca öz kimliyini və azadlığını geri qazanmağa başlayır. Əsər müstəmləkəçiliyin təkcə fiziki işğal yox, eyni zamanda idraki, əqli, intellektual “parçalanma, bölünmə” kimi təqdim edir.

Evi Vayld – “Əks-sədalar” (“The Echoes”)
Evi Vayld avstraliyalıdır. “Əks-sədalar” əsəri yas və ailə zorakılığı haqqındadır. Romanın təhkiyəçisi Londondakı bir qəzada ölən, ancaq ruhu yaşadığı evi tərk etməyən Maksdır. Maks sevgilisi Hannanın yas saxlamasını izləyir, əslində, onu nə qədər az tanıdığını başa düşür. Əsər Avstraliyada yerli uşaqların ailələrindən zorla alındığı “oğurlanmış nəsil” faicəsindən bəhs edir. Yazıçı “Əvvəl”, “Sonra” və “O an” hissələri ilə faciənin necə irsi mirasa çevrilməsini araşdırır.

Ouşen Vuonq – “Şadlıq imperatoru” (“The Emperor of Gladness”)
Vyetnam əsilli amerikalı yazıçının bu əsərinin qəhrəmanı 19 yaşlı bir gəncdir, o, narkoloji reabilitasiya mərkəzindən təzə çıxıb və intiharın astanasındadır. Bu ərəfədə 82 yaşlı litvalı dul Qrazina ilə tanış olur, onun evinə köçür və ona baxmağa başlayır. Əsər eyni zamanda bir fast-food restoranında işləyən və cəmiyyətin kənara atdığı bir qrupun bir-birinə dəstək olması haqqındadır.

Olqa Tokarçuk – “Empusium”
Romanın adı yunan mifologiyasındakı Empusadan düzəldilib. Empusa – yunan mifologiyasında cilddən cildə girə bilən, Hekatenin əmrində olan bir qadın varlıqdır.
“Empusium” romanı Tomas Manın “Sehrli dağ” əsərinin feminist manerada yenidən yazılmasıdır. Əsərdə hadisələr 1913-cü ildə baş verir, əsas qəhrəman tuberkulyoz müalicəsi üçün sanatoriyaya gedən gənc mühəndis Mistislav Voyniçdir. Sanatoriyadakı kişi pasiyentlər hər axşam likör içir, fəlsəfə, din və “qadınların natamamlığı” haqqında mizoginist müzakirələr edirlər. Ancaq bu kişi-mərkəzçi dünyanın kənarında, meşədə gizlənən və kişilərlə bəslənən dişi iblislər (Empusalar) var. Roman Birinci Dünya Müharibəsinin astanasında Avropa çöküşünü və ictimai cinsiyyət rollarının süniliyinə həcvdir.


Cemima Vey – “Orijinal qız” (“The Original Daughter”)
Sinqapurlu yazıçı Cemima Veyin debut romanı “Orjinal qız” ailə, həsəd və bacılıq münasibətləri haqqında dramdır. Jeneveva ailənin tək qızı kimi böyüyür və günlərin bir günü məlum olur ki, atasının başqa qadından bir qızı da var – 7 yaşlı Arin; o da ailəyə daxil olur. İki qız Sinqapurun sərt təhsil sistemi içində, “qazanan hər şeyi sahibidir” mədəniyyətinin içində bir-birinin həm rəqibi, həm də arxa-dayağı olur…

Əlif Şəfəq – “Göy üzündə çaylar var”
“Göy üzündə çaylar var” Mesopatomiyadan Londona qədər gedib çıxan, üç fərqli əsri və üç fərqli personajı bir-birinə bağlayan bir romandır. Romanın qəhrəmanı əslində “su”dur, göy üzündən düşən bir damla suyun zamandakı səyahətidir – XIX əsrdə Nineviya xarabalıqlarını axtaran bir arxeoloq, 1970-ci illərin Türkiyəsində yaşayan gənc bir qadın və çağdaş Londonda bir potamoloq (çayları araşdıran alim). Əlif Şəfəq Mesopatomiyanın qədim mifologiyasını, Qilqamış dastanını, Dəclə və Fərat çaylarının kulturoloji yaddaşını çağdaş dünyanın ekoloji böhranı çərçivəsində ifadə edir…

Erik Şakur – “Sənin haqqında bildiklərim” (“What I Know About You”)
Erik Şakur Misir əsilli Kanadalı yazıçıdır. “Sənin haqqında bildiklərim” əsəri Qahirənin burjua məhəllələrindən Monreala qədər gedib çıxan bir ailə saqasıdır. 1980-ci illərdə Misirdəki siyasi təbəddülatların ortasında bir həkimin atası ölür və onun ölümündən sonra həkim qəhrəmanımız indiyə qədər gizli qalmış ailə sirlərini kəşf edir…




