Ədəbiyyat və psixologiya arasında görünən insan – Rövşən Nəcəfov

Daha.az klinik psixoloq Rövşən Nəcəfovun “Ədəbiyyat və psixologiya arasında görünən insan” yazısını təqdim edir.

 

Elmi yanaşmada ədəbiyyat psixologiyanın alternativi deyil. Psixologiyada psixoanaliz ədəbiyyatla daha çox qovuşur. Çünki ədəbi mətnlər insan psixikasının simvolik və şüuraltı anlayışlarını araşdırmaq üçün materialdır. Ədəbiyyat psixologiyanı izah etmir, onu ifadə edir. Psixologiya isə bu ifadəni elmi çərçivəyə salır. Ədəbiyyat insanın düşüncələrini hiss etdirir, psixologiya onu anlamağa çalışır. Bu əlaqə romantik deyil, tarixi zərurətdir.

Ədəbiyyat və psixologiya insanın daxili aləmini anlamağa yönəlmiş iki fərqli, lakin kəsişən sahədir. Psixologiya gec yarandı, ədəbiyyat isə insanın hisslərini və kimlik böhranını çoxdan yazırdı. Psixiatriya və psixologiya institusional şəkildə mövcud olmadığı dövrlərdə insanlar öz mənəvi böhranlarını anlamaq, adlandırmaq və paylaşmaq üçün məhz ədəbiyyata müraciət edirdilər.

Tragediyalar, romanlar və poetik mətnlər fərdi şüurun parçalanmasını, vicdan əzabını, travmanı və mənəvi dilemmanı təsvir edərək həm kollektiv psixoloji təcrübəni formalaşdırır, həm də kimliyin yaranmasına təsir göstərirdi. Klassik ədəbiyyat psixoloji müşahidələrin sistemsiz, lakin dərin forması kimi çıxış edirdi.

Psixologiyanın mütləq hədəfi insandır, ədəbiyyatın hədəfi isə bəzən insan, bəzən ideya, bəzən isə heç nə olmaya bilər. Psixologiya konkret insanın psixi statusunu ölçür və analiz edir. Ədəbiyyat qarşısında heç kimi görmədən də danışa bilir. Ədəbiyyat bəzən heç kimə lazım olmayan düşüncələrə belə yer ayırır. Psixologiyada lazımsız düşüncə anlayışı yoxdur. Hər ifadə müəyyən çərçivəyə, situasiyaya və mənaya bağlı olur. Psixologiya insanı çərçivə və metodlarla təhlil edir. Ədəbiyyatda çərçivə yoxdur. Psixologiya tədqiqat, nəzəriyyə, metodologiya ilə işləyir. Ədəbiyyat hisslərlə düşünür. Psixoloq qarşısında pasiyent görür, yazıçı isə bəzən obrazı belə görmədən yaradır.

 

Ədəbiyyat insan davranışını təsvir etməklə kifayətlənmir, onu təcrübəyə çevirir. Yazıçılar keçmişdə öz dövrünün psixoloqu rolunu oynayıb. Bir çox psixoloji anlayışların daha sonralar elmi terminologiyaya çevrilməsi, hətta konkret ədəbi obrazların sindromlaşdırılması bu tarixi əlaqəni təsdiq edir. Rus ədəbiyyatı bu baxımdan xüsusi nümunədir. Rusiya dünyaya psixologiya ilə deyil, ədəbiyyatla təsir edib.

Dostoyevski, Tolstoy, Çexovun təsvir etdiyi daxili parçalanmalar Freyd və onun varisləri tərəfindən nəzəri çərçivəyə salındı. Raskolnikovun günahkarlıqla azadlıq arasında qalması, Anna Kareninanın emosional parçalanması psixoloji konseptlərin ədəbi laboratoriyasıdır. Ancaq Freydə və psixoanalizə gedən yol rus realizmindən daha qədim idi. Freyd rus yazıçılarına gələndə artıq Şekspir və Yunan faciələrindən keçmişdi. Rus ədəbiyyatı psixoanalizin ədəbi tərəfini gücləndirdi.

Psixologiya ədəbiyyatın müşahidələrindən uzaqlaşaraq, artıq insanın nə hiss etdiyini deyil, qarşısında insanın hissini ölçmək və müalicə etmək tələbi qoydu. Çünki insanlar psixologiyadan yalnız təhlil deyil, nəticə istəyirdi: diaqnoz, protokol və müdaxilə. Bu tələb psixologiyanı tibb, psixiatriya və nevrologiyanın yanına apardı. Psixologiya klinik praktikaya keçdikcə tibb, psixiatriya və nevrologiya ilə inteqrasiya olundu.

Psixologiyanın formalaşması fəlsəfə ilə biologiyanın kəsişməsində baş verdi və klinik psixologiya bu kəsişmənin praktiki nəticəsi deyil, məcburiyyəti idi. Ədəbiyyat insanın daxili parçalanmasını təsvir edir, psixologiya isə “klinik psixologiya” ilə həmin parçalanmaya müdaxilə etməyə çalışdı. Bu mərhələdən sonra psixologiyanın dili elmə, ədəbiyyatın dili isə təcrübəyə çevrildi.

Müasir dövrdə ədəbiyyatın depressivləşməsi və sitatlaşması ayrıca simptom kimi ortaya çıxır. Ədəbi obrazlar kino dilinə keçir və kino psixoloji və fəlsəfi məna daşıyan formaya çevrilir. Fikrə deyil, fikri deyənin kimliyinə diqqət yetirilməsi bu prosesin başqa tərəfini göstərir. Bu, ədəbiyyatın təsirinin fərqli formada davam etdiyinin müşahidəsidir. Ədəbiyyat heç kimlə mübahisə etmir, polemikaya girmir və cavab tələb etmir. Ona qarşı çıxmaq praktik olaraq mümkün olmur, çünki qarşı tərəf yoxdur. Yəni insan dəyişmirsə, ədəbiyyat insanın dəyişə bilmədiyi yerdə dəyişir. Ədəbiyyat insanla mübarizə aparır.

Psixologiya isə insanla mübarizə aparmır, hissləri müalicə edir və düşüncəni dəyişir. Ədəbiyyat olmasa insanın taleyini müşahidə edə bilməzdik. Psixologiya olmasa həmin taleyin insanı necə dəyişdirdiyini anlaya bilməzdik.

Ədəbiyyat insan təcrübəsini yazdı, fəlsəfə bu təcrübəni düşündü, psixologiya isə həmin düşüncəni elmə və müalicəyə çevirdi. İnsan ədəbiyyatda təcrübə, fəlsəfədə düşüncə, psixologiyada diaqnozdur. İnsanı anlamaq cəhdi yekunlaşmadı. İnsan bəzən, sadəcə, görünür…

OXŞAR XƏBƏRLƏR