Daha.az ədəbiyyatşünas Sərvanə Dağtumasın “Bədii ədəbiyyatda psixogenealoji elementlər” yazısını təqdim edir.
Genealogiya nəsil-şəcərə əlaqələri, nəsillərin tarixi və izlənilməsi haqqında elm olduğu halda, diqqət yetirəcəyimiz psixogenealogiya elmi insan psixologiyasının soy bağları ilə əlaqəsini, nəsillərarası travmaların, nəsil lənətlərinin insanın taleyinə təsiri mexanizmlərini və ailə sirrlərini araşdırır. Bu elm çili-fransız kinorejissoru, sürreal filmləri ilə məşhurlaşan Aleksandro Kodorovskinin adı ilə bağlıdır. Nəsillərarası travma ilk dəfə Holokost faciəsindən – yəhudi soyqırımından sağ çıxan uşaqlarda müşahidə olunub. Bundan əlavə, köləliyə məcbur edilən afro-amerikalıların, Kaliforniya soyqırımından sağ çıxanların, qaçqınların nəsilləri arasında da nəsillərarası travma müşahidə edilmişdir. Nəsil lənəti bir nəsildən digər nəsilə keçən vərdiş və ya davranışlardır. Bir nəsildən digər nəsilə əcdadların günahı, lənətlər, dualar, arzular, silsilə intihar və boşanma hadisələri, uğursuz təcrübələr, psixoloji və psixosomatik xəstəliklər ötürülür. Yeddi nəsil öncədən yaşanan “tale” bugün yeddi nəsildən sonra gələn nəsilin hər hansı bir üzvündə müşahidə edilə bilər. Bu, zəncirvari bir prosesdir.
Psixogenealogiya elmindən danışarkən “zeyqarnik effekti”, (yarımçıq qalan fəaliyyətlərin daha tez xatırlanması) “yubiley sindromu”, (travma ildönümləri) “bədən yaddaşı”, (travmatik bədən xatirələri) “ailə sədaqəti” kimi anlayışlar da diqqətə alına bilər. Psixogenalogiya elminə görə, insan cinayət törətməyə meyllidirsə, pis vərdişləri varsa, (maddə bağımlılığı, cinsəl istismara meyllilik və s.) bu zaman gen strukturları üzə çıxır, insanın genetik quruluşu buna imkan yaradır. Həmçinin, elm bəzi genlərin cinayətə, mənfi vərdişlərə meylli olduğunu qeyd edir. (dopamin hormonunun artması)
Bununla bağlı digər araşdırma da mövcuddur. Məsələn, darvinizmlə bağlı yaranan yevgenika nəzəriyyəsi insanın taleyinə müdaxilə edərək, sağlam nəslin formalaşmasını, irsi xüsusiyyətlərin nəsildən-nəsilə ötürülməsini, insan irqinin təkmilləşdirilməsini təmin edir. Həmçinin, atavizm də darvinizmə əsaslanır. Atavizm anlayışının müəllifi hesab olunan italiyalı həkim, frenoloq və kriminoloq Cesare Lombrosonun fikrincə, biokriminoloji nəzəriyyələr insanın cinayət törətməsində genetik və bioloji faktorları əsas götürür. (kriminoloji atavizm)
Xristianlıqda hamartiologiya (“günah doktrinası”) anlayışı mövcuddur. Hamartiologiya yunanca “işarəni qaçırmaq” deməkdir, əbədi və bağışlanmaz günahların, əcdadların günahlarının öyrənilməsi, nəsil lənətləri, nəsil qarğışları haqqında elmdir. Xristianlıq inancında “Yeddi ölümcül günah” (təkəbbür, şəhvət, paxıllıq, acgözlük, tamah, tənbəllik və qəzəb) anlayışı mövcuddur. “Yeddi ölümcül günah”a yeddi böyük günah, kardinal günahlar və ya əsas günahlar da deyilir. Hamartiologiya ədəbiyyatda və incəsənətdə geniş yayılıb. Məsələn, Hollandiyalı rəssam İ.Bosx “Yeddi ölümcül günah və dörd son şey” rəsm əsərinin müəllifidir. O, “dörd son şey” deyəndə ölümü, cənnəti, cəhənnəmi və qiyamət gününü nəzərdə tuturdu. Ədəbiyyatda nəsil lənəti motivlərinə Sofoklun “Çar Edip”, Şekspirin “Romeo və Cülyetta”, “Hamlet”, A. K.Doylun “Baskervillərin iti”, Q.Q.Markesin “Yüz ilin tənhalığı”, Orxan Pamukun “Qırmızı saçlı qadın”, Haruki Murakaminin “Kafka sahildə” əsərlərində rast gəlinir.
Yazılı ədəbiyyatda “tale” və “qismət” motivlərinin işləndiyi ilk nümunə yunan dramaturqu Sofoklun “Çar Edip” faciəsi hesab olunur. (tərsinə çevrilmiş detektiv) Bu faciə əsasını eyni adlı mifdən götürüb. Qeyd edək ki, antik dövr ədəbiyyatı mifologiya üzərində qurulub. Bir məqamı vurğulayaq ki, “tale” və “qismət” mövzusuna ilk dəfə qədim Misir nağıllarında rast gəlinir. Qədim Misir ədəbiyyatının antik dövr ədəbiyyatından daha qədim olduğunu nəzərə alsaq, mifologiyanın Qədim Misir ədəbiyyatından bəhrələnməsi ehtimal oluna bilər.
Sofoklun “Çar Edip” faciəsində qaçınılmaz bir cinayətin anatomiyası təsvir olunur, əsərin qəhrəmanı Edipə (“şişmiş, topal ayaq”) bir tale biçilir və yazılan tale gerçəkləşir. Edip atası Layusu öldürür və anası Yokasta ilə evlənir. Beləliklə, insest əlaqə (Tanrının qadağan etdiyi qanun) yaşanır və qəhrəman lənətlənir. (nəsil lənəti motivi) Qeyd edək ki, insest latınca “natəmiz” deməkdir. Edip öz taleyi ilə mübarizə aparmağa çalışarkən taleyin qaçınılmaz olduğunu anlayır. O, ehtiraslarının, intim arzularının deyil, taleyinin qurbanı olur. Tragik qəhrəman olan Edip həm alın yazısına etiraz edərək, həm də yaşadığı əzabları ifadə edərək gözlərini kor edir, anası isə intihar edir. Gözlərin kor edilməsi Ziqmund Freydin fikrincə, axtalanmanı simvollaşdırır. Edipi faciəli taleyinə aparan yol əslində kamilliyə, mənəvi təmizliyə özünüdərkə gedən yoldur. Həm Edip, həm də oxucu katarsis yaşayır. O, taleyin hökmü qarşısında aciz bir varlıq olduğunu başa düşür. Edip görür ki, ona proqnoz verən kahin kor olsa da, əslində “görür”. Əsl “kor olan” Edipin özüdür. Qeyd edək ki, “qaçınlmaz tale” motivinə “Persey” və “Xron” miflərində də rast gəlirik.
Bəhs etdiyimiz faciənin əsasında Freydin “Edip kompleksi” anlayışı meydana gəlir. Freydə görə psixoseksual inkişaf mərhələlərinin fallik dövründə ortaya çıxır. (oğlanın ataya nifrəti, anaya qarşı cinsi sevgisi) Bu kompleks cinsi kimliyin formalaşdığı bir dövr olması baxımından önəmlidir. Freyd “Çar Edip” əsərində Edipin davranışlarını insest fəaliyyətlə əlaqələndirdiyi halda, psixoloq Erix Fromm isə bu kompleksi insest qadağası olaraq görmür. Onun fikrincə, Edip anasına aşiq deyildi, atasını öldürüb hakimiyyətin başına keçdiyi üçün anası ilə evləndirilmişdi və bu mif insest əlaqənin simvolu deyil, patriarxal ailədə atanın hakimiyyətinə qarşı bir etirazdır, Çar Edip daha çox atasına qalib gəlmiş bir kişinin obrazıdır.
Kolumbiyalı yazıçı Q.Q. Markesin “Yüz ilin tənhalığı” romanında nəsil lənəti motivlərini, karmanın izlərini aydın şəkildə görmək mümkündür. Belə ki əsərdə insest əlaqə adlı Yeddi böyük günahlardan birinin qurbanı olmuş lənətli bir nəslin taleyi təsvir olunur, eyni adları daşıyan qəhrəmanların taleləri təkrarlanır və adların üzərinə yığılan karmik borclar nəsildən-nəsilə ötürülür. Qəhrəmanların nəinki taleləri, hətta xarakterləri belə oxşardır. Melanxolik və depressiv atmosfer bütöv bir nəslin üzərinə kölgə kimi çöküb. Roman avtobioqrafik xarakter daşıyır. Markes uşaqlıq yaşantılarını, yaşadığı mühiti təsvir edir. Mövzu bir nəslin yüz il boyunca yaşadıqları, başlarına gələn hadisələrin təfsilatıdır. Romanın adı da buradan qaynaqlanır. Qəhrəmanların hər birinin sonu kədərli və tənha bitir. Xarakter baxımından obrazlar tənhalığa, səssizliyə, qapalı olmağa meyillidir, süst, sentimental, depressiv, melanxolik, introvert, şizoid (tip şəxsiyyət pozuntusu) xüsusiyyətlərə sahibdir. Eyni adı daşıyan qəhrəmanlar oxşar talelər yaşayır. Adın üzərində əcdadlardan, nəsillərdən qalan mənfi enerji, mənfi yüklər toplanıb. Enerji doğurdan da mirasdır. Bu miras sanki eyni adlarla insanlara ötürülür.

Romanı oxuyarkən Braziliya, Kolumbiya adət-ənənələri ilə Azərbaycan mentalitetini qarışdırmamalıyıq. Bəzi məqamlar dünyagörüşümüzə, Şərq təfəkkürünə zidd ola bilər, lakin mental dəyərlərimizi bir kənara qoyub romanı obyektiv şəkildə analiz etməliyik. Talelərin qabaqcadan müəyyən edilməsi nəsil mifi xarakteri daşıyır, yəni onlar artıq bu taleləri ilə barışıb. yüz illik lənətli bir nəsildə demək olar ki, hamı bir-birinin oxşarıdır, dəyişən sadəcə zamandır, hisslər, duyğular, xatirələr isə dəyişməyib. Psixologiyada buna uyğun qavramlar var: “doğulduğun ev qədərindir”, “ailə dizimi”, “zəncirlənmiş həyat”, “öyrənilmiş çarəsizlik”, “nəsil ağacı”, “karma”. Ailəmizin, nəsillərimizin bizdə yaratdığı blokajlardan xilas ola bilməyəndə bu “zəncir” uzana-uzana gedir və biz bu çarəsizliyə alışırıq, onu “alnıma belə yazılıb” deyib qəbul edirik. Romanda da Aureliano fərqində olmasa da nəslin mənşəyindəki təcrübə və travmalar ona miras olaraq, ötürülüb. Polkovnik Aureliano (adının mənası “qızıl”dır, yazıçının prototipidir) obrazını təhlil etsək, görərik ki, onun istəklərinin hər biri yerinə yetirilir, hətta ağlına belə gəlməmiş icra edilir. Polkovnik artıq bir həqiqəti dərk edir ki, insanın dünyaya gəlməyi, həyatı, ölümü özündən asılı deyil. Hər kəs istər bir gün olsun, istərsə də yüz il olsun, həyatda tək-tənhadır. Buna görə də o, köhnə işinə qayıdır, otağına girib özünə qapanır, hamı ilə əlaqəsini kəsir. Travmanın fərqindədir, lakin həll edə bilmir.
Romanda bənövşəyi, boz, ağ, yaşıl, qara, mavi, sarı rənglərin adı çəkilir. Ən çox üstünlük təşkil edən rənglər mavi və sarıdır. Mavi məsumluğu, sarı Günəşi simvollaşdırır. Yazıçı romanda adını çəkdiyi padaqra (oynaqların xroniki iltihabı), sinqa (diş əti xəstəliyi), cüzam, beri-beri (vitamin B1 çatışmazlığı), qasıq taunu xəstəliklərinin yaranmasında da genetik faktorlara işarə edir.
Böyük bir nəsilin lənətlənməsinə səbəb insest evlilikdir. Lənətin səbəbini qohum evliliklərində görən yazıçı İncildə keçən Yeddi böyük günahın üzərində dayanıb. Nəsil arasında yaşanan karmaların, əcdadlardan miras qalan mənfi enerjilərin təmizlənməsi üçün biri bu zənciri qırmalıdır ki, eyni ssenarini yaşamasın. Karmik borclar ödənilməlidir, həmin borclar eyni insanlara qoyulan adlarla nəsildən-nəsilə ötürülür.
Ədəbiyyatda psixogenealogiya ilə bağlı digər nümunə müasir Türkiyə ədəbiyyatının nümayəndəsi, yazıçı Orxan Pamukun postmodernizm cərəyanında yazdığı “Qırmızı saçlı qadın” romanıdır. Yazıçı “Çar Edip” faciəsindən və Firdovsinin “Şahnamə” dastanından bəhrələnərək, sevgi, qısqanclıq, ata-oğul münasibətlərini, Şərq-Qərb motivlərini araşdırmışdır. Psixogenealoji əlamətlərin olduğu romanda ata-oğul münasibətləri, Akın-Cem-Ənvər üçbucağında, yəni baba-ata-oğul üçbucağında əks olunan irsi xüsusiyyətlər romanın əsas hadisələridir. Cem də atası kimi oğluna atalıq edə bilmir. Cemi həyatı boyu həll edə bilmədiyi travmaları, iztirabları izləyir, içinə basdırdığı duyğuları ona əzab verir. Oğlu Ənvər də atasını tanımadan yazıçı olmaq istəyir. (“yubiley sindromu”) Cemlə Ənvər arasındakı şəcərə bağı romanın psixogenealoji tərəflərinə işıq salır. Qırmızı Saçlı Qadın obrazı münasibətləri üzə çıxaran əsas vasitə hesab olunur: Akının gənclik sevgisi, Cemin yeniyetməlik sevgisi və Ənvərin anası. Akının həmin qadınla yaşadığı sevgi, bu yarımçıq sevginin tamamlanma cəhdi psixogenealoji əlamətləri üzə çıxarır. Romanda qadının saçının qırmızı rəngdə olması təsadüfi deyil. Rəng görürük ki, qadının taleyinə təsir edir. Daha əvvəllər qırmızı saçlı qadınlar Avropada yandırılırdı, çünki onların ruhlarının şeytana satıldığı haqqında mif yayılmışdı.
Sovet ədəbiyyatında psixogenealogiya, nəsil travmaları problemi ön planda deyildi. Filologiya üzrə fəlsəfə doktoru, dosent Fərrux Məmmədov deyirdi ki, “sovet insanı cəmiyyət insanı, ateist insanı və xoşbəxt insan idi. O, fabrik, kolxoz qurmalı, özü çalışmalı, öz həyatının məsuliyyətinə özü cavabdeh olmalı idi. Sovet ədəbiyyatında yalnız bir cərəyan mövcud idi – realizm. Sovet ədəbiyyatında faciə janrında yazılmış əsər belə yox idi”.
Çağdaş dövr ədəbiyyatımıza nəzər salsaq, indiyə kimi oxuduğumuz bədii nümunələrdən çıxış edərək deyə bilərik ki, psixogenealoji elementlərə rast gəlmirik.
İnsan qarşılaşdığı hadisələrlə, yaşadığı hisslərlə üzləşdiyi an taleyinin iplərini əlinə ala, şemalarının (şema uşaqlıqdan başlayan və yaşamımız boyunca təkrarlanan davranışların toplusu, sxemi və qəlibidir) fərqində ola bilər. Uşaqlığımızda yaşadığımız travmalar yetkişkinlik dövründə təkrarlanır, daha doğrusu biz şüuraltı olaraq, təkrarlayırıq və bu döngüləri, təkrar yaşadığımız hadisələrin adını “tale” qoyuruq. Meditasiya texnikası hesab olunan “Theta Healing” insanın düşüncə, hiss və davranışlarını dəyişdirərək şüuraltında olan mənfi inancları və maneələri aradan qaldırmağı kömək edir.
Ədəbiyyat siyahısı:
- Darwin C. “İnsanın türeyişi”. İstanbul: Melisa, 2023, 279 s.
- Erdem M.Y. Psikosoybilim bağlamında “Kırmızı saçlı kadın” romanı. https://dergipark.org.tr/tr/download/article-file/1547011
- Erkan A.Y. Şema Nedir? Şema Terapi. https://youtu.be/4N6fmI0QvDE?si=D-5Q5OQqPuF8Lkp_
- Freyd Z. Psixoanalizlə ilkin tanışlıq. Bakı: Qanun, 2023, 320 s.
- Gillespie C. What Is Generational Trauma? https://www.health.com/condition/ptsd/generational-trauma
- Moulin M. What ıs psychogenealogy, or transgeneratıonal analysıs? https://www.carenity.co.uk/condition-information/magazine/news/what-is-psychogenealogy-or-transgenerational-analysis-2075
- Nickerson C. Biological Theories Of Crime. https://www.simplypsychology.org/biological-theories-crime.html#:~:text=Biological%20theories%20of%20crimes%20state,%2C%20neurology%2C%20or%20physical%20constitution
- Şizoid Kişilik Bozukluğu Nedir? https://www.medicalpark.com.tr/saglik-rehberi/sizoid-kisilik-bozuklugu
- Theta Healing Nedir Ve Ne İşe Yarar? Teta Şifası Nasıl Yapılır? https://www.hurriyet.com.tr/egitim/theta-healing-nedir-ve-ne-ise-yarar-teta-sifasi-nasil-yapilir-41841398#:~:text=Theta%20Healing%2C%20s%C4%B1n%C4%B1rlay%C4%B1c%C4%B1%20inan%C3%A7lar%C4%B1%20ve,eri%C5%9Fim%20sa%C4%9Flayan%20bir%20meditasyon%20tekni%C4%9Fidir
- Евгеника и эволюция человека. https://dzen.ru/a/YKVj2-KL0AB1CR5_




