Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü ərəfəsində “Mərkəzi Asiya və Azərbaycanda mənəvi irs və maarifçilik” mövzusunda beynəlxalq konqres işə başlayıb.
Daha.az xəbər verir ki, konqresin təşkilatçıları yeni fəaliyyətə başlayan Özbəkistan İslam Sivilizasiyası Mərkəzi, ölkənin Xarici İşlər Nazirliyi, Özbəkistanın Mədəni İrsin Öyrənilməsi, Qorunması və Təbliği üzrə Ümumdünya Cəmiyyəti (WOSCU), Özbəkistan Elmlər Akademiyası və Mərkəzi Asiya Beynəlxalq İnstitutudur.
Konqresdə Azərbaycandan nümayəndə heyəti iştirak edir.
Daşkənddəki Özbəkistan İslam Sivilizasiyası Mərkəzində konqresin açılış mərasimi, mərkəzin muzey ekspozisiyaları, xəttatlıq məktəbi ilə tanışlıq olub.
Tematik bölmə iclasları ilə işini davam etdirən konqres noyabrın 15-də başa çatacaq.
Qeyd edək ki, 16 noyabrda keçiriləcək Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək. Dövlətimizin başçısı bundan öncə Aşqabad (2023) və Astanada (2024) keçirilən görüşlərə də fəxri qonaq qismində qatılmışdı.




