24, 25, 26 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış rejissor Ələkbər Tağızadənin librettosu və quruluşunda hazırlanan “Sən kralsan” adlı müzikl-tamaşanın premyerası olacaq.
Daha.az xəbər verir ki, XX əsrin əfsanəvi amerikalı musiqiçisi və aktyoru – “Rok-n-rollun kralı” Elvis Preslinin (1935–1977) ölməz əsərləri əsasında ərsəyə gələn müzikldə onun həyat hekayəsi, kəşməkəşli ömür yolu obrazlı şəkildə təsvir olunub.
Səhnə əsərinin musiqi rəhbəri və quruluşçu dirijoru Cavad Tağızadə, baletmeysteri Kamilə Əliyeva, quruluşçu rəssamı Vüsal Rəhim, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Prezident təqaüdçüsü Kamil Həsənov, işıq rəssamı Rafael Vaqifoğlu, rejissor assistentləri Tamilla Aslanova və Polina Fyodorovadır.
Tamaşada Əməkdar artist İlham Nəzərov, Prezident təqaüdçüsü Atilla Məmmədov, Prezident mükafatçısı Mehriban Zaliyeva, aktyorlar Rauf Babayev, Leonid Klets, Olqa Georgieva, Aydan Həsənova, Sübhan Rüstəmov, Elçin Əhədzadə, həmçinin xor və balet artistləri iştirak edirlər.
Qeyd edək ki, biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket. az” saytından əldə etmək olar.




