Mənim yerim haradır? – Gülər Qasımova

Daha.az Gülər Qasımovanın “Mənim yerim haradır?” yazısını təqdim edir.

 

Gündəlik həyatda tez-tez belə ifadələr eşidirik: “Nəsə, elə bil öz yerimdə deyiləm”“Hiss edirəm ki, hələ də yerimi tapmamışam.” Sadə görünən bu sözlər, əslində, dərin bir sualı gizlədir: bizim yerimiz haradadır, onu tapanda necə bilirik ki, tapmışıq və ümumiyyətlə, biz hansı yeri axtarırıq?

Filosofların cavabları fərqlidir. Bəziləri hesab edir ki, yerimiz bizə kənardan verilir — hakimiyyət, qanunlar və ya sosial quruluş vasitəsilə. Digərləri isə iddia edir ki, insan öz yerini özü düzəltməlidir — seçim və yaradıcılıqla.

Biçilən mövqe

Mişel Fukoya görə, yerimiz biz fərqinə varmadan çox əvvəl müəyyən olunur. Doğulduğumuz andan xəstəxanalar, məktəblər, ailələr bizi müəyyən kateqoriyalara yerləşdirir. Diskurslar — tibb, hüquq, təhsil, mədəniyyət — bizi, sadəcə, təsvir etmir, yaradır. Onlar bizi, sadəcə, təsvir etmir, mümkün olan hər şeyi müəyyənləşdirir.

Məsələn, bir müğənnini götürək. Onun “müğənni” olması yalnız şəxsi iradənin nəticəsi deyil. Onun yeri səs haqqında normalarla, musiqi haqqında ictimai gözləntilərlə, bazar, media və auditoriya tərəfindən tanınma ilə qurulur. Eləcə də bir mühəndis çox vaxt tam sərbəst qərar vermir: ailə təsiri, cəmiyyətin tələbatı onun yolunu müəyyənləşdirir. Fuko üçün yer bilgi və güc sistemləri tərəfindən əvvəlcədən biçilən mövqedir.

Mişel Fuko

Ölümlü tanrı

Tomas Hobbes isə başqa cür düşünür. Ona görə təbii vəziyyətdə insanlar xaotik, münaqişəli varlıqlardır. Belə dünyada həyat “təklik, kasıblıq, çirkinlik, vəhşilik və qısalıqla” doludur. Orada heç kimin sabit yeri yoxdur.

Yer yalnız o zaman yaranır ki, insanlar ictimai müqavilə vasitəsilə gücü suverənə verirlər. Suveren xalqın birliyini özündə cəmləyir və sadəcə, bir insan olmaqdan çıxaraq nizamın özünə çevrilir. Hobbes suvereni “ölümlü tanrı” adlandırır — Leviafan. Bu, onun yerini daha da mütləq edir: bütün qayda və nizama məhz o mənbə olur.

Məsələn, müğənni yalnız o halda yer tapır ki, qanunlar onun hüquqlarını qoruyur, musiqisinin oğurlanmasının qarşısını alır, ona sabit həyat şəraiti təmin edir. Hobbesın məntiqinə görə, suverenin yeri mütləqdir, qalan bütün yerlər isə onun gücündən törəyir.

Yersiz və yurdsuzlar

Emile Durkheim isə cəmiyyəti canlı orqanizm kimi təsəvvür edir. Hər bir insan bir orqan — ürək, ağciyər, əl — kimidir və ümumi bədənin sağlamlığı hər bir üzvün düzgün fəaliyyətindən asılıdır.

Burada vacib məqam odur ki, Durkheimin təsvir etdiyi sosial faktlar — normalar, institutlar, dəyərlər — fərddən kənarda mövcuddur və onun üzərində məcburedici qüvvə kimi işləyir. Bu məhdudiyyət fərdin azadlığını sıxışdırsa da, cəmiyyətin davamlılığı üçün qaçılmazdır. Bu bəzən ağır görünə bilər, amma nizam və davamlılıq üçün zəruridir.

Müğənninin funksiyası emosiyalar yaratmaq, əyləndirmək, mənəvi tərbiyə etməkdir. Cəmiyyət bu funksiyanı tanıdığı müddətdə onun yeri var. Oxumağı dayandıranda və ya cəmiyyət artıq həmin funksiyanı dəyərli görməyəndə, müğənni yerini itirir.

Durkheim anomiya anlayışını irəli sürür: normların zəiflədiyi və insanların rollarını itirdiyi vəziyyət. Bu, sürətli sosial dəyişikliklərdə, müharibələrdə, iqtisadi böhranlarda baş verir. Köhnə normalar dağılır, yeniləri isə hələ formalaşmır. İnsanlar özlərini artıq, mənasız və tərifsiz hiss edirlər. Durkheim hətta intiharların çoxalmasını anomiya ilə bağlayır: insan funksiyasını itirəndə yaşamaq istəmir. Deməli, yer sosial funksiyanın tanınmasıdır.

Emile Durkheim

Amor Fati

“Taleyini sev” deyir Nitsşe. Onun üçün yer nə suverendən, nə institutlardan, nə də funksiyadan gəlir. Sən özün öz yerini yaradırsan.

Hər bir insan instinktlərinə, yaradıcılığına, iradəsinə uyğun olaraq öz yerini cəmiyyətdə qurmalıdır. Müğənninin yeri əvvəlcədən təyin olunmur; o, yeni musiqi, yeni ideya yaradaraq, başqalarının həyatına təsir edərək öz rolunu özü biçir.

Nitsşeyə görə, “yer tapmaq” o qədər də əyləncəli fəaliyyət deyil. Bu çətinlikdən, incidilməkdən, yaralanmaqdan keçən yoldur. Filosof “Amor Fati” — taleyini sevmək prinsipini önə çəkir. Bu, həyata bütün hallarda “bəli” deməkdir. Yəni insan yalnız uğuru deyil, çətinliyi, müqaviməti də qucaqlamalıdır. Müğənni, həqiqətən, öz yerini yalnız o zaman yaradır ki, mübarizəni, tənqidi və əzabı da qəbul edib onları sənətə çevirir.

Nitsşe üçün əsas çağırış budur: heç kəsin fikrinə əsaslanmadan, kiməsə söykənmədən özünü yaratmaq və həyatın bütün çətinliklərinə baxmayaraq ona “bəli” demək. Ecce Homo. Özün ol. Özünü qur. Yer kəşf edilmir, yer sahibi tərəfindən qurulur.

OXŞAR XƏBƏRLƏR