Pişik getdi, təbəssümü qaldı – Qeorqiy Daneliya

Daha.az Qeorqiy Daneliyanın “Pişik getdi, təbəssümü qaldı” essesini Babək Məmmədlinin tərcüməsində təqdim edir.

1979-cu ilin Moskva kinofestivalı zamanı “Mosfilm”dən zəng vurub səhər saat 10-da Frensis Ford Koppolaya “Payız marafonu” filmimi göstərəcəklərini və yoldaş Sizovun da (o vaxt “Mosfilm”in baş direktoru idi) israrla mənim iştirakımı istədiyini bildirdilər. Koppolanın Moskva festivalına “Apokalipsis” filmiylə gəlişi əməlli-başlı furor yaratmış, hamı “Xaç atası”nın rejissoruyla ünsiyyət qurmağa can atır, qonaq çağırmaq üstündə “qırğın” gedirdi.

Saat 9-da mən artıq Mosfilmdə idim. Otağa girəndə gördüm Sizov telefonda kiminləsə danışır:
– Bəs onu nə vaxt gətirəcəksiniz?.. Oldu, gözləyirik, – dəstəyi qoyub incik halda dedi: Dünən kiminsə qonağı olub, o qədər içirdiblər ki, indi yuxudan oyada bilmirlər. Bir saat gözləyək, gəlsin, filmi göstərək, sonra birlikdə nahar edərik.

Bir saat keçdi, Koppola gəlmədi. İki saat keçdi, xəbər yoxdu. Düz nahar vaxtı-ikinin yarısında gəlib çıxdı. Tək deyildi: qardaşı Djulio, qardaşının uşaqları, əmisi qızı, əmisi qızının əri, uşaqları, uşaqların dayələri, və tərcüməçi.

“Kino evi”nin restoranındakı nahar ziyafətində Koppolaya onun məşhur “Xaç atası” filminin Tbilisidəki nümayişi zamanı baş vermiş bir əhvalatı danışdım:
– Filmə baxmağa bütün şəhər can atırdı. Bir varlı adama poçt vasitəsilə beş bilet göndərirlər, adam sevincindən atılıb-düşür. Beləcə, ailəliklə seansa yollanırlar: arvadı, oğlu, qızı və Diqomidən gələn qohumu. Qayıdanda görürlər, evi süpürüb aparıblar: bahalı rəsm əsərlərindən tutmuş, antikvar mebelə, çex istehsalı unitaza qədər hər şeyi.
Əhvalat da, nahardan sonra göstərilən filmim də Koppolanın çox xoşuna gəldi. Sonra festivalın qonaqlarının qaldığı məkana -“Rossiya” mehmanxanasına yollandıq: Koppolanın ailəsi onlar üçün ayrılmış “Çayka”larda, Koppolayla tərcüməçisi isə mənim maşınımda.

Yolda məndən soruşdu:
– Filmdəki qəhrəmanınız saat yarım arvadına xəyanət etdi. Bu sizə problem yaratmadı ki?
– Yox.
– Qəribədir… Kolleqalarınız dünən mənə gileylənirdilər ki, sovet filmində belə şeylər göstərmək olmaz. Demək, yalandır…
– Nələrisə göstərmək olar, ancaq çox şeyi olmaz…
Mehmanxanada sağollaşıb ayrıldıq. O, öz nömrəsinə getdi, mən isə qeydiyyat bölməsinə: öyrənim görüm almanyalı prodüser dostum Serqey Qəmbərov hansı nömrədə qalır. Vestibüldə bacım (red. xalası qızı) aktrisa Sofiko Çiaureliylə rastlaşdım.
– Koka İqnatovu görməmisən? – həyəcanla məndən soruşdu.
– Yox, nə baş verib ki?
– Dünən Koppola Dviqubskinin qonağı idi. Kokayla mən bu gün üçün onu “İveriya” restoranına dəvət etmişik (Minsk şossesində belə bir gürcü restoranı var idi). İndi Koka yoxa çıxıb, mənim də cəmi altmış rublum var. Pul tapmalıyam təcili. Üstündə pulun var?
– Dünən Koppalanı elə içirtmisiniz, Kokanın dəvətini çətin xatırlaya.
– Necə yəni xatırlamaz, birdən xatırlasa?
– Gəl soruşaq.

Frensis Ford Koppola

Festival xidmətinə yaxınlaşıb Koppolanın bu axşamkı planlarını öyrənməyi xahiş etdik. Az sonra onlar Koppolanın köməkçisindən dəqiqləşdirdilər ki, bir gürcü aktrisa əfsanəvi rejissoru bu axşam şəhər kənarında yerləşən hansısa restorana dəvət edib.

Demək məndə otuz rubl, Sofikoda altmış. Koppola və onun əhli-əyalına, üstəlik də şəhər kənarında qonaqlıq vermək üçün doxsan rubl heç nədir. Nə edək? Əmanət bankına gedib pul çıxartmaq? Çox gecdir, artıq bağlanıb. Kurs yoldaşım olmuş özbək rejissor Şöhrət Abbasovun nömrəsinə qalxıb ondan 190 rubl (onun da olanı bu idi) borc aldım və əlbəttə ki, qonaqlığa onu da dəvət etməli oldum.
Vestibülə düşüb Sofikodan soruşdum:
– Neçə nəfərik?
– Sən, mən, Kolya Dviqubskiy, səkkiz nəfər də onlar.
– Hələ Şöhrət də var.
– Hər ehtimal: on beş nəfər nəzərdə tutaq.
– “Kino evi”ndə olsa bəs edərdi, “İveriya”da bilmirəm.

Yenidən Koppolanın katibinə zəng etdik, soruşaq, bəlkə, Koppola “Kino evi”nin restoranına getmək istəyir. Katib aydınlaşdırıb bildirdi ki, cənab Koppola “Kino evi”ndə buna qədər olduğunu, bu axşam şəhər kənarındakı gürcü restoranına getmək istədiyini dedi.

“İveriya”ya zəng edib on beş nəfərlik masa sifariş etdim.
Koppola ailəsiylə aşağı düşəndə Sofikonun bacım olduğunu, şam yeməyinə məni də dəvət etdiyini bildirib tərcüməçiyə “İveriya”ya necə gedəcəklərini izah etdim.
– Televiziyadan kimsə olacaq? – tərcüməçi hündürdən soruşdu.
– Olacaq! – cins şalvar geyinmiş bir xanım cəld dilləndi.

Mehmanxanadan bu tərkibdə yola düşdük: iki ”Çayka”da Koppola ailəsi, üç “Volqa”da tərcüməçilər, festival xidməti əməkdaşları, Mosfilmin “raf”ında kinotənqidçilər, çəkiliş truppası və göy “Jiquli”də biz: Sofiko, rəssam Kolya Dviqubskiy, Şöhrət Abbasov və onun başına araqçın qoymuş, yaxasında isə “Əmək Qəhrəmanı” medalı asılmış balacaboy özbək dostu.

– Dəhşətə bir bax! Bütün bu şobla bizimlə bir masada əyləşəcək?! – Sofiko əsəbiliklə donquldandı.
– Başqa çarəmiz yoxdu.
– Dəhşət!

Telefon-avtomatın qarşısında maşını saxlayıb “İveriya”ya zəng vurdum və xahiş etdim ki, on beş nəfərlik yox, otuz nəfərlik masa hazırlasınlar. Əlavə altı nəfərlik bir masa da sürücülərə açsınlar.
Restorana çatıb yerbəyer olandan sonra Sofiko üzünü Koppolaya tutdu:
– Burda iki seçimimiz var, Frenk. Ya dünən sənin yediyinə bənzər adi şam yeməyi sifariş verə bilərik, ya da gürcü kəndlilərinin hər axşam yediyi sadə kəndli yeməyi.
– Mən sadə yeməyi sevirəm, – Koppola dedi.
– Ordan lobiya, göyərti, suluquni pendiri, çörək, yeddi şüşə araq və otuz “Borjomi” gətirin,- cəld sifariş verdim.
– Vəssalam? – ofisiant soruşdu.
– Yox, tələsmə, – başına araqçın qoymuş balaca özbək dilləndi. – Qeorqiy, kənd yeməklərinin içində bir də bilirsiniz nə dadlıdır? Satsivi. Bu qozlu toyuq soyutmasıdır, – üzünü tərcüməçiyə tutub izah etdi, o isə öz növbəsində qonaqlara tərcümə etdi.
– Hamıya gətirim satsivi? – ofisiant soruşdu.
– Mən istəmirəm, – dedim.
Sofikoyla Dviqubskiy də istəmədilər. Yerdə qalan hamı sifariş etdi.
Mən menyunu açıb satsivinin qiymətini axtardım.
– Vəssalam? – ofisiant soruşdu.
– Vəssalam! – Sofiko dedi.
– Yox, dayan, – balaca özbək özünə yığışmırdı, – Sofya Mixaylovna, bilirsiniz gürcü kəndliləri bir də nəyi sevir? – Gürcü kəndliləri qıp-qırmızı, bütöv qızardılmış quzunu sevirlər.
– İndi mövsümü deyil, ay yoldaş. Sənə nə sifariş etmişiksə onları gətir, – Sofiko ofisianta göstəriş verdi.

Ofisiant sifarişləri gətirməyə getdi.
– Bu idiot hardan gəldi çıxdı? – Sofiko gürcü dilində məndən soruşdu.
– Şöhrət gətirib, – mən də ona gürcü dilində cavab verdim.

Şöhrət öz adını eşidib məyusluqla çiyinlərini çəkdi, yəni bilirəm nə deyirsiniz, ancaq, əlimdən heç nə gəlmir.
Ofisiantlar “Stoliçnaya” arağı və “Borjomi” gətirəndə balaca özbək soruşdu:
– Qeorqiy Nikolayeviç, bəs “Kindzmarauli” çaxırı necə? Qonaqlar dadını bilirlər?
– Bilmirlər, – tərcüməçı dedi.
– “Kindzmarauli” çaxırı neçə şüşə gətirək? – ofisiant cəld soruşdu. Sofiko mənə baxdı, ah çəkdi və dilləndi:
– Beş şüşə gətir, sonrasına baxarıq.

Birdən gözüm sataşdı: digər ofisiant siniyə düzülmüş altı banka qara və qırmızı kürünü aparıb sürücülərin masasına qoydu. Bu, balaca özbəyin də gözündən yayınmadı.
– Qeorqiy Nikolayeviç, burda qara kürü də var! Soruş, gör, onlar qara kürünü sevirlər? – tərcüməçidən soruşdu.
– Sevirlər, – tərcüməçi əminliklə dedi.
– Qara kürü nə qədər? – ofisiant soruşdu.
Sofikoyla mən bir-birimizə baxdıq. “Cəhənnəm olsun, pasportumu girov qoyaram, sabah da əmanət kassasından pulumu çıxardıb hesablaşaram”, – qərarlaşdırandan sonra, nəhayət, rahatlanıb məclisə qoşuldum.

Məclis gözəl keçir, əhvalımız isə olduqca şən idi. Cazibədar və itizəkalı Sofiko gözəl tamadalıq edir, orkestr dayanmadan “Xaç atası” və “Mimino”dan musiqilər səsləndirirdi. Məclis sona çatanda ofisiantdan hesabı gətirməsini xahiş etdim.
– Hesabınız ödənilib, – ofisiant bunu deyib gözləriylə balaca özbəyə işarə etdi. Balaca özbək çiyinlərini çəkib utancaqlıqla gülümsədi.

OXŞAR XƏBƏRLƏR