Georqi Qospodinov: Min bir adlı kişi – İlk dəfə

Daha.az Georgi Qospodinovun “Min bir adlı kişi” hekayəsini təqdim edir.

Georgi Qospodinov (1968) bolqar şairi, nasiri, ədəbiyyatşünası və ədəbi tənqidçisi. O, 2023-cü ildə “Zaman sığınacağı” adlı romanı ilə Beynəlxalq Buker mükafatını qazanıb. Müəllif son illərdə dünya miqyasında geniş şöhrət qazanıb. Bu hekayə müəllifin ana dilimizə tərcümə olunan ilk mətnidir.

Ancaq boş həmlələr uğur qazandırır.
Qoustin.

Qəsəbədə heç kim onun nə haradan gəldiyini, nə də əsl adını bimlirdi. Məşğul olduğu işə görə özünü müxtəlif adlar seçərdi. Qəsəbədə gecələdiyi ilk gündən bu yana iyirmi il keçmişdi. Bəziləri iddia edirdilər ki, qabaqlar, bir az normal olduğu vaxtlarda adının Qoustin olduğunu özündən eşidiblər. Amma xalq üçün Qoustin heç nəyi ifadə etmirdi, ona öz keflərinə uyğun bir ad seçdilər, Qoşo dedilər ona, Mərkəz Qoşo.

Onu həmişə qəsəbənin mərkəzində görərdiniz. O vaxtlar, az qala, təyin olunmuş kimi, hər kiçik qəsəbənin rəmzi olan, mülayim, xoşniyyət qəsəbə dəlilərindən biriydi. Dedi-qodu gəzirdi ki, cavanlığında çox oxuduğu üçün başı qaçıb (hamı həmrəy idi ki, oxumaq adamı dəli eləyir). Yunanca və latınca bilirmiş, bu dillərdə yazılmış hər şeyi mənimsəmişdi.

Qəsəbədə gəzən bu pıçılar insanlara niyə öz sağlamlıqlarının yerində olması və niyə başdan o söz olmadıqlarının sübutu kimi gəlirdi.

Qoustin və ya Mərkəz Qoşo meydandan başqa bazarda (öz diliylə desək, ovqatda) gəzməyi, hər cür mövzuda fəlsəfələməyi sevərdi. Onun ətrafına tez-tez məst olmuş halda maraqlı hekayələrinə qulaq asan balaca bir kütlə yığılardı. Qəsəbə xalqı onu sevirdi, hamı ona içki alırdı, o da borcunu yeni bir hekayə danışmaqla ödəyirdi. Belə dolanırdı, ac qalmaqdan qorxmurdu.

Dünənəcən milçək və soxulcan haqqında danışdıqları hələ hamının yadındaydı: onlar cənnətin iki yaxşı mələyi imiş, ölümsüzlüyün və əbədi dövranın. Dəyərləri bilinməsə də, onların vəzifəsi bütün leşləri təzədən torpağa qaytarmaq, orqanik olanı inorqanik olana çevirmək imiş, əsl orqanik olmayanın məhv olmadığını hamı bilsə də.

Onun qızılgül barədə söhbətini də xatırlayırdılar: Böyüyəndə qızılgülün insan boyundan qısa olması təsadüf deyilmiş, insanların onu iyləmək istəyəndə əyilməsi, yəni ona boyun əyməsi üçün imiş. “İnsan bir qızılgülün qabağında əyiləndə kimə boyun əyir, bilirsinizmi?” – deyə soruşurdu. Kimsə tələsik, “Kimə olacaq, qızılgülə də!” – deyə cavab versə, tezcə yeni bir sual verərdi: “Bəs yaxşı, təkcə o qızılgülə boyun əyər, yoxsa bağçadakı bütün güllərə – və ya başqa bir yerdə mövcud olan ideal bir qızılgülə?”

Və hamını yaxşıca çaşdırandan sonra düzgün cavabı özünün də tam bilmədiyini, bunu tapmaq üçün xeyli axtarmalı olduğunu etiraf edirdi. Qızılgülü iyləmək üçün əyilənin həm onu böyüdən bağbana, həm də qızılgülü və bağbanı böyüdən Bağbana boyun əydiyi də ortaya çıxa bilərmiş.

Bax belə şeylər danışırdı və adi bir çiçəkdən başlayaraq insanı istədiyi yerə çəkə bilirdi. İnsanlar ona diqqətlə qulaq asmazdılar, onsuz heç nəyi başa düşmürdülər, amma dediklərinin səfsətə olmadığını hiss edirdilər.

Adının, həqiqətən, Qoustin olub-olmadığını soruşadan belə deyərdi: “Bəzən, bazar qurulan günlərdə Sokratam”. Və Kratil adlı birinin adların təbiəti etibarilə düzgün olmağıyla bağlı iddiasını səmimi şəkildə izah edir, ancaq deyirdi, o Kratil bilmirdi ki, təbiət qətiyyən bir deyil və çoxsaylı təbiətlərə görə bir şeyin xeyli adı ola bilər. Və ya buna bənzər şeylər danışırdı. Sözlərini tam şəkildə xatırlayıb danışan yox idi.

Bir də görürdünüz, Qoustin, Mərkəz Qoşo və ya Sokrat bazarın qabağındakı səkiyə oturub, əzik dəftərini və ucu gəmirilmiş qələmini çıxarır, onu dili mavi olana qədər yaşlayır və dəftərinə nəsə yazır. O vaxt kimsə ondan soruşsa ki, “Hə, Sokrat, indi nə yazırsan?” – başını qaldırmadan belə cavab verirdi: “Yazı yazarkən mən artıq Sokrat yox, Platonam.”

Bax, belə şeylər danışırdı. Bu da qəsəbə sakinlərinə heç nə demirdi. Onlar üçün Platon çox bulanıq və qarışıq bir məsələ idi, az-maz oxumuşlar belə onu uzağı platonik sevgi ilə əlaqələndirirdilər ki, bu da qəti qəbul etmədikləri bir şey idi.

Kimisi onu çay qırağında, gözü Tuncanın durğun, bulanıq sularına dalmış halda balıq tutan yerdə tutsa və tutalım, “hey Qoustin, Qoşo, Sokrat və ya Platon, uğur olsun,” – desə, o sakitcə belə cavab verirdi: “Çay qırağında ikən mən Heraklitdən başqası ola bilmərəm.” Əlavə edirdi ki, heç kim eyni çaydan iki balıq tuta bilməz.

Bu adam adlarını paltarlarından daha tez-tez dəyişdirirdi, çünki yaz-qış həmişə eyni köynəyi geyinir, ayaqyalın gəzirdi. Yaxşı ki qış buralarda mülayim keçir. Saqqalı hələ qaraydı və azad şəkildə uzanırdı, milislər ictimai nizamı pozduğunu deyərək saqqalını bir neçə dəfə kəsmişdilər, amma sonra onlar da əllərini üzdülər. Gecələr yatmırdı, meydanda aramsızca gəzişirdi, söhbətləşməyə adam tapmayanda, qurbağalar üçün danışırdı.

Yeni il ərəfəsində həmişə Ayaz Dədə idi (sonralar qısa müddətlik Şaxta Baba da oldu.) Bələdiyyədəkilər ona qırmızı yorğan parçasından bir paltar geyindirib ayaqlarına çəkmə keçirirdilər, saqqalına da azca kəpək unu səpəndə uşaqlar şəkil çəkdirmək üçün onun başına dolanırdılar. Yeni paltarı ilə yeni adını bir neçə gün daşıyar, saqqalından təbəssüm əskik olmazdı.

Bu hekayənin təhkiyəçisi də həmin uşaqlıq fotolarından birinə çəkilmək şərəfinə nail oldu. Foto min bir adlı kişinin Şaxta Baba olduğu sonuncu ilə aiddir. Bir həftə sonra onu Tuncada, yanvar ayının soyuq sularında tapdılar onu, boğulmuşdu. Amma bunu sonraya saxlayaq. Bir neçə il qabaq bir ailə dostu olan Doktor Asizov mənə içində min bir adlı kişinin də olduğu bir hekayə danışdı. Doktorun (hadisənin şahidi kimi) danışdıqlarını o axşam qələmə aldığı şəkildə təqdim edirəm:

“Düz 1 Yanvar axşamı başımızı açmaq üçün Homerin yerində görüşmüşdük. Homer bir qarajı kafeyə döndərmişdi, adını da İlliada qoymuşdu, girişdə teatr səhnəsinin dekorundan götürülmüş sink örtüklü bir Axilles qalxanı asılmışdı, kompot qaynadılan qazanların qapağına oxşayırdı, amma bu başqa söhbətdir.

Şair ruhlu adam idi. Adı da oradan qalıb. Gec idi, qarajda ancaq üçümüz qalmışdıq – mən, Homer və yerli qəzetin yumor səhifəsində redaktor olan, özü də epiqramlar yazan bir dost.

Bala-bala içib söhbətləşirdik, elə təzəcə bir əhvalat danışmağa başlamışdım ki, Sokrat qaraja girdi. O gecə qərar vermişdi ki, adı belə olsun, biz də onu elə çağırdıq.Tez masamıza dəvət etdik, onun üçün qırmızı şərab sifariş verdik, çəngəl təşkil elədik, o isə təklif etdi ki, həmin axşam dördümüz bir yerə yığılmışkən aramızda simpozium keçirək. Homer istədi, etiraz eləsin, çünki kommunistlərdən də, onların qurultaylarından da, simpoziumlarından da zəhləsi gedirdi, amma Sokrat izah etdi ki, “simpozium” sözü yunancadan gəlir, bir neçə adamın bir yerdə yeyib-içərək söhbət etməsi kimi bir şeydir, “şölən” də demək olar.

O saat qəbul etdik və şölən başladı. Sonra Sokrat hamımıza adlarımızı payladı. “Sən Eriksimax olacaqsan,” –mənə dedi. “Sokrat, Eriksimax kimdir?” – soruşdum. “Sənin kimi bir həkim” – dedi qısaca. Sonra bizim yumorist dostumuza, həqiqətən, ona yaraşan bir ad verdi: Aristofan. Məkanın sahibi Homerə isə bizə tamamilə yad gələn Aqafon adını qoydu, çünki Platonun şölənində ev yiyəsinin adı beləymiş.

Sokrat gəlməmişdən qabaq uşaqlıqda başıma gələn bir əhvalatı və necə biabır olduğumu danışırdım, qərar verdik ki, hekayəmə davam edim, sonra hərəmiz başımıza gələn ilk biabırçılığı və ya Sokratın diliylə desək, ilk fiaskomuzla bağlı şəxsi bir əhvalatı danışacaqdıq. Xəbərdarlıq elədim ki, mənimki bir az iyrəncdir, süfrəlik deyil, amma təkidlə danış dedilər. Mən də başladım:

Uşaq vaxtı xiyar turşusuna nifrət edirdim. Nifrətimin bircə səbəbi vardı: hər dəfə evə qonaq gələndə atam məni böyük bidondan sevimli rakı məzəsi – xiyar turşusu gətirmək üçün təkrar-təkrar zirzəmiyə göndərirdi. Nə qədər qorxduğumu bircə mən bilirəm.

Bir dəfə həm şəhərin varlı-hallı, həm də partiya xəttindən olan nüfuzlə şəxsləri tərəfindən qonaq dəvət edildik. Yadıma gəlir ki, bizimkilər həmin şam yeməyinə günortadan hazırlanmağa başladılar. Anam broşuna ən yaxşı gedəcək paltarı seçənə qədər üç paltar dəyişdi, atam üzünə ikiqat lezva çəkdi, burnunun altını kəsib hamamda söyüş söyməyə başladı, mənə məktəb bayramlarındakı orkestrda çalarkən geyindiyim kostyumu dürtüşdürdülər.

Az qala, gecikəcəkdik. Axırda ünvana çatdıq və zəngi basdıq, zəng yarıya qədər “Katyuşa” çalandan sonra içəri dəvət edildik. İçəridəki şəraitdən, yekə-yekə dəri divanlardan danışmaq fikrim yoxdur. Hiss elədim ki, bizimkilər də narahatdır. Ancaq ailənin qızını görəndən sonra ağlım başımdan getdi. Fövqəladə sarışın – deyim ki, az qala, rus sarışını – bir varlıq, üstəlik, adı da Zinaida. Böyüklərin yanında bizim üçün yer ayrılmışdı, masaya bir boşqab xiyar turşusu ilə vişnə siropu gətirdilər, Zinkanın anası dedi ki, bir-birinizlə söhbət edin. O qədər utancaq idim ki, ağzımdan bircə kəlmə belə çıxmadı, axmaqlığımın bəhanəsi kimi mexaniki şəkildə basıb xiyar turşusu yeyirdim.

Bilirdim ki, dolu ağızla danışmaq olmaz. Boşqabı silib süpürdüm. Soruşdular ki, yenə ürəyim turşu istəyirmi, mən də razılıqla başımı yellədim. İkinci, dalınca üçüncü boşqabı necə hopstop eləməyim yadıma gəlmir. Zinka mənə təlaşla baxırdı, amma yenə də bacarıqlarımdan təsirlənmişdi elə bil.

Atam bir neçə dəfə mənə qəribə şəkildə baxdı, anam da əvvəllər xiyar turşusuna nifrət etdiyimi danışmağa çalışdı, amma nə xeyri, bəxtimdən qızın anası təklif elədi ki, gedin uşaq otağında oynayın. Bu dəfə etirazım yox idi, amma otağın qapısı örtülən kimi, aşağı tərəfdə, mədəmdə elə sərt ağrı hiss etdim ki, iki qat oldum və… üzr istəyirəm, o andaca şalvarıma sıçdım.

Dəhşətdən gözləri bərəlmiş halda qarşımda duran qıza bir neçə saniyə lom-lom baxdım və özümü tualetə atdım. Qapını içəridən bağladım, krantı açıb ağlamağa başladım. Bir az keçmiş valideynlərim tualetin qabağını kəsdirdilər, qapını açmağım üçün məni razı salmağa çalışdılar, amma mən qapı sürgüsünü qətiyyətlə çəkmişdim, dünyada heç nə məni oradan çıxara bilməzdi. O an, elə oradaca tualetdə ölmək arzusundaydım, özümü unitazın içinə atıb suyu çəkmək və sonsuz qədər yoxa çıxmaq istəyirdim. Bir saatdan sonra danışmaq qərarına gəldim və ağlamsına-ağlamsına çölə çıxmaq üçün şərtlərimi dedim.

Bütün işıqların söndürülməsini və hamının getməsini istədim. Dəhliz səssizləşəndə qəfildən qapını açdım, qaçaraq şəkildə özümü giriş qapısına çatdırdım və məhlənin qaranlığında gözdən itdim. Hekayə, bax, bu idi, necə biabırçı, belə demək olarsa, həyatındakı ilk qadının qabağında altını batırmaq…

Bu hekayəyə hamı, xüsusilə də, Sokrat gözlərindən yaş gələnə qədər güldü. Beləcə, hekayə danışmaq sırası Homerə, bağışlayın, Aqafona keçdi. Xüsusilə, deməliyəm ki, onun az-maz yazı-pozu bacarığı vardı, amma bunu gizlində edirdi. Halbuki yazdıqlarını hardasa çap etdirsəydi, bu məşğuliyyətindən o qədər çox adamın xəbəri olmazdı, amma nəysə.

Aramızda ən cavanı o idi, təzəcə tərxis olunmuşdu. Danışdı ki, məktəbli olanda bir sinif yoldaşının ad günündə, üstünə acika çəkilmiş çörək dilimlərini və qurabiyələri yeyəndən sonra şüşə fırlatmaca oynamağa necə qərar veriblər. O illər üçün ən cəsur oyun idi, Aqafon etiraf etdi ki, bu oyun sayəsində həmin axşam ilk dəfə bir qızı öpüb. Və bu ilk öpüş qarşı cinsin qabağında başına gələn ilk rəzalətə və fiaskoya çevrilib.

İşıqları söndürübmüşlər, Aqafon qızı öpmək üçün ayağa durub, onu birtəhər tapıb, dodaqlarını sadəcə yanağına toxundurub və işıqlar yananda hamının gülməkdən yerə yıxılıb, çünki Aqafonun acikalı ağzı qızın yanağında bir iz qoyubmuş. Bu hadisə dostumuzun ikinci öpüş cəhdi üçün düz səkkiz il gözləməyinə səbəb olub.

Aqafonun hekəyəsini qəbul etdik və Aristofanı dəvət etdik ki, öz hekayəsinə başlasın. Yadıma gəlir, onu danışdığı mənə tanış bir lətifə kimi gəlmişdi, amma Aristofan bu hadisənin həqiqətən öz başına gəldiyinə and-aman elədi, əgər lətifəyə çevrilibsə, bununla fəxr edəcəyini dedi. Kəsəsi, əhvalat Aristofanın bir neçə ərzində otel restoranında aşbaz kimi işlədiyi dövrə aid idi.

Bir axşam Sofiyadan bərkgedən bir qonaq gəlib, aşbazı çağırıb və şam yeməyi üçün nələr bişirə biləcəyini soruşub. Aristofan özündənrazı əda ilə deyib ki, onu ürəyi istəyən hər şeyi bişirə bilər. Sofiyalı isə məzə üçün, zarafata deyib ki, onda soğanlı dəvə gözü istəyirəm. Aristofan bir az düşünüb və iki saat sonra hazır olacağını deyib.

Sofiyalı donub qalıb, sonra deyib ki, əgər iki saar sonra soğanlı dəvə gözü gətirsən, yerindəcə sənə yüz leva verəcəm, gətirə bilməsən, mikrofonla səhərə qədər məndən üzr istəyəcəksən. Mərcləşirlər, qonaq da dəvə gözü hazır olana qədər şəhəri gəzməyə çıxır. Sofiyalı bir saatdan sonra geri qayıdanda heyrətə düşür, çünki bir dəvə hotelin qabağındakı bənövşələri ahəstə-ahəstə içəri ötürürmüş, gözünün biri də qara bir bantla bağlanıbmış.

Adam təslim olmuş halda içəri girir və pulu çıxarıb masaya qoyur. Amma Aristofan onun qabağına bezgin halda gəlir və pulunu geri götürməsini istəyir, çünki dəvəni tapıb, amma o vaxtlar bölgədə elə dəhşətli soğan böhranı varmış ki, bir baş belə soğan tapa bilməyib.

“Bir baş soğana görə yüz leva uduzdum” – dedi, Aristofan, “və səhərə qədər mikrofonla üzr istəməli oldum. Şükür ki, heç olmasa o günlərdə şəhərə gəlmiş sirkin dəvəsini yaralamadım. O ədəbaz sofiyalıya dərs vermək dəvənin gözünü yalandan bağlamışdım.”

Aristofanın hekayəsi bu idi, amma hələ də uydurma olduğuna inanıram. Nəysə, hekayə danışmaq sırası Sokrata gəldi. Bir-iki dəqiqə sudu, hamımız gözləyirdik ki, başlasın, qəfildən hönkürməyə başladı. Balaca uşaq kimi ağlayır, göz yaşları yanaqlarından süzülürdü, bilmədik, neyləyək. Bir müddət sonra sakitləşdi, üz-gözünü sildi və özünə aid bircə hekayəsi belə olmadığını dedi.

Oxuduğu kitablardakı bütün hekayələri danışa biləcəyini, bizdən eşitdiyi hekayələr haqqında səhərə qədər şərhlər verə biləcəyini, amma yaddaşını nə qədər qurdalayır-qurdalasın, oradan özünə aid bircə hekayə belə çıxara bilməyəcəyini dedi.

“Halbuki şəxsi hekayələrimiz əlimizdəki yeganə həmlələrdir, axırı əvvəldən məlum olan bir oyunun finalını bir müddətlik də olsa, ertələyə bildiyimiz yeganə həmlələr. Strateji baxımdan oyunu uduzsaq da, hekayələrimizin boş həmlələri aqibəti daim ertələyir. Bunlar fiaskodan bəhs edən hekayələr olsa belə.” – dedi, Sokrat gülümsəyərək, – gözlərində  hələ də yaş parlayırdı. Və o anda heç birimiz bilmirdik ki, bu, onunla axırıncı görüşümüzdür.

Doktorun mənə danışdığı uğursuz simpozium əhvalatı budur.

Bir neçə gün sonra min bir adlı kişini çayda tapacaqdılar, boğulmuş halda. Bədəni bağça körpüsünün yaxınlığındakı qamışlara ilişib qalmışdı.

Bəlkə də, səhəri dirigözülü açdığı gecə növbələrindən birində, o vaxtlar qəsəbədə geniş yayılmış oğurluq və ya cinayətlərdən birinin şahidi olmuşdu deyə onu öldürmüşdülər. Ya da bəri başdan bir həmləyə cəhd etmişdi və indi cənnətdə axan Tunca çayında Heraklitlə balıq tuturdu.

Səhəri gün qəsəbədə Qoustin, Mərkəz Qoşo, Sokrat, Platon, Heraklit, Ayaz Dədə və Şaxta Babanın vəfat xəbərini bildirən nekroloq yayımlandı.


Tərcümə edən: Qismət

OXŞAR XƏBƏRLƏR