Səlahəddin Hilav: “Fəlsəfəsiz cəmiyyətlərdə zorakılıq və hökmranlıq xalqın həyat tərzidir”

Daha.az türk filosof Səlahəddin Hilavın müsahibəsini təqdim edir.

FATMA ORAN: Siz Türkiyədə “sui generis” (lat. öz növünün yeganə nümunəsi) sayılan bir filosofsunuz. Buna baxmayaraq, Türkiyədəki oxucular fəlsəfi görüşlərinizdən çox da xəbərdar deyillər. Fikirlərinizi bir kitabda cəmləşdirib ölkəmizdəki müasir fəlsəfə irsinə (əgər varsa, əlbəttə) bir töhfə vermək istəməzdinizmi?

SƏLAHƏDDİN HİLAV: “Özünəməxsus” bir mütəfəkkir olduğumu deyirsiniz. Bu ifadəni həm “qəribə, əcayib”, həm də “orijinal” mənalarında, yəni hər iki mənada da qəbul edir və təşəkkürümü bildirirəm. Zənnimcə, “fəlsəfəmin” türkiyəli oxuculara çox da tanış olmaması məhz bu səbəbdəndir. Bu vaxta qədər ayrı-ayrı yazılarla açıqladığım fikirlərim tezliklə vahid bir əsərdə toplanacaq. Belə bir kitabın nəşrinin ləngiməsinə gəlincə (ən azından deyilənə görə), səbəb odur ki, bu fikirlər təkcə bir çoxlarını deyil, heç mənim özümü də qane etmir.
O ki qaldı ölkəmizdəki müasir fəlsəfə irsinə; deyə bilərəm ki, bu sahədə qırx il əvvəl əkilən toxumlar bu gün həm tərcümə, həm də orijinal əsərlər baxımından keyfiyyətli məhsullar verir, əsl fəlsəfəçilər yetişir və həm dil (forma), həm də məzmun (düşüncə) cəhətdən müəyyən bir fəlsəfi təcrübə formalaşır…

– Sokratdan soruşanda ki, “Otuz Tiran səni ölümə məhkum etdi”, o da cavabında: “Təbiət də onları!” – deyib… Fəlsəfənin insanlara həm həyata başlayarkən, həm də ölümə doğru gedərkən deyəcək bir sözü olduğunu nəzərə alaraq, sizin “ölüm” haqqındakı düşüncələrinizi öyrənmək istərdim…

– Ölümdən danışarkən, fəlsəfənin kökündə duran bəlkə də ən əsas məsələyə müraciət etməliyik. Əgər dünyanı “ikiqapılı bir karvansara” kimi görsəniz, ölüm o qədər də əhəmiyyətli deyil. Lakin belə olan təqdirdə yaşamağın da heç bir mənası qalmır.  Çünki nə də olsa, başqa bir aləmdə onsuz da yaşayacaqsınız. İdeallar uğrunda yaşayanlar üçün Ölüm, başqa bir aləmdə deyil, məhz gələcək nəsillərin timsalında, gələcək bəşəriyyətin varlığında davam etməkdir. Burada bir yerdəyişmədən çox, fərdiyyətin itməsi və mütləq bir tamlığa qovuşaraq yox olması nəzərdə tutulur. Amma hər iki halda da konkret fərdin (mövcudiyyətin) mütləq şəkildə aradan qalxmasından söhbət getmir.

Başqa sözlə, ölüm fərdlə bilavasitə üz-üzə deyil; onların arasında bir pərdə var. Bir başqa ifadəylə, yekun hökmü verən nə sizsiniz, nə də ölüm. Halbuki hər an ölümlə bir yerdə olduğumuzu; hər şeyə mənanı onun verdiyini, daha doğrusu, hər şeyin məhz ona görə bir məna daşıdığını; insanı insan edən şeyin ölüm olduğunu; insani mövcudiyyətin ümumilikdən, səthilikdən, aldanışlardan və özünü bu və ya digəri sanmaqdan ancaq ölüm faktından qaçmadığı təqdirdə xilas ola biləcəyini və nəhayət, əsl (autentik) insani mövcudiyyətin, Haydeggerin dediyi kimi, “ölümə yönəlmiş varlıq”da tapıla biləcəyini söyləmək lazımdır. Amma bu cür bir ölüm anlayışı müəyyən dəyərlərə bağlanmağa, Nitşenin dediyi kimi, “qəhrəmancasına bədbinliyə”, düşüncə və hiss erotizminə maneə törətmir. Deməli, əsl fərdiyyətlə ölümün qarşılıqlı münasibətindən bir əxlaq sistemi yaratmaq mümkündür və ola bilsin ki, əxlaqın bünövrəsini başqa bir yerdə axtarmaq heç lazım deyil.

– Bizim toplumumuz Şərq və Qərbdəki digər mədəniyyətlərdən fərqlənən özünəməxsus bir şiddət, hökmranlıq eşqi və meqalomanlıqdan əziyyət çəkir. Bu mövzuya toxuna bilərsinizmi?

– Demokratik və dünyəvi mədəniyyət prosesindən keçməmiş, azad düşüncə və tənqidi (beləliklə də fəlsəfəni) tanımayan bütün cəmiyyətlərdə zorakılıq və hökmlülük hakimdir. Bununla yanaşı, avtoritarlığı təkcə hakim siniflər deyil, həmçinin birbaşa xalq kütlələrinin özü də könüllü olaraq qəbul edib. Böyüklük iddiasına gəlincə, bu daha fərqli bir məsələdir. Bu cür avtoritar, yəni ənənəvi toplumların daimi bir natamamlıq və aşağılıq kompleksi olur. Onlar özlərindən daha güclü bir cəmiyyət və ya mədəniyyətlə üzləşdikdə, həmin bu kompleks öz əksinə çevrilir və kor-koranə bir müdafiə mexanizmi olaraq ortaya çıxır.

Fərdlərdə psixoanalizlə “sağaldılan” bu obsesiyanın cəmiyyətlərə sirayət etdiyi halda “ictimai psixoanaliz”in mümkünlüyünə şübhə edirəm. Üstəlik, bu xəstəlikdən əziyyət çəkənlərin özlərinin belə bir müalicəni qəbul edəcəkləri də sual altındadır. Açığı, bilmirəm. Fəlsəfə və sosiologiyanın vəzifəsi həmişə müalicə üsulları təqdim etmək olmasa da, onlar tənqid gücü ilə bu ağrılı nöqtəni gündəmə gətirirlər. Məhz buna görədir ki, bu tip cəmiyyətlərdə fəlsəfə və sosiologiya arzuolunmazdır. Çünki onlar həm şiddətin, həm də hökmranlıq eşqinin pərdəarxasını göstərir, digər tərəfdən də meqalomanlığın kökündə nəyin dayandığını göstərirlər…

– Fəlsəfə və din arasında hansı münasibətlər mövcuddur?

– Fəlsəfə və din bir-biri ilə antoqonist (barışmaz) münasibətdə olan iki təfəkkür və həyat tərzidir. Fərqi yoxdur, istər ibtidai dinlər olsun, istərsə də səmavi dinlər (Yəhudilik, Xristianlıq, İslam), hamısının bünövrəsində inanc, yəni iman dayanır. Bir başqa ifadə ilə desək, dindar şəxs elə bilir ki, həqiqət ona bəxş edilib və o, bu həqiqətə sahibdir. O, kainata və insana məhz bu ehkamlar və doqmalar çərçivəsindən baxır. Din heç vaxt “görəsən, bu, həqiqətənmi belədir?” sualını vermir. Ona görə ki, dində bütün sualların cavabı hazırdır və dindar adam bu cavabları qəbul edib, onların doğruluğuna şübhə etmədən yaddaşına həkk edir.

Dinlər (xüsusən də, böyük dinlər) “Kainatı kim yaradıb? İnsan haradan və necə yaranıb? İnsanın bu dünyadakı yeri nədir, Allahla və digər insanlarla münasibəti necə olmalıdır? İnsan səadətə necə qovuşa bilər, “xeyir” və “şər” nədir, ölümdən sonra ruhumuzun aqibəti necə olacaq?” kimi sualların hamısına ətraflı şəkildə cavab vermişdir. Dindar şəxs bu suallara veriləcək cavabları hazır olan bir kəsdir. Halbuki fəlsəfə bunlara və bu kimi bütün digər suallara məntiqə və zəka gücünə əsaslanaraq cavab verməyə çalışır. O, heç bir hazır cavabı olduğu kimi qəbul etməz; əksinə, dinləri, inancları, ilkin mühakimələri və adət-ənənələri durmadan sorğu-sual edərək tənqid süzgəcindən keçirər.

Nəticə etibarilə, bu iki rəftar, yəni dinin və fəlsəfənin tutduğu yol, əsla bir-biri ilə barışmayacaq iki ayrı-ayrı təfəkkür biçimidir. Fəlsəfə dinin niyə, necə və nə üçün ortaya çıxdığını və nə səbəbə təsirli olduğunu araşdıra və izah edə bilər. Din fəlsəfəsi məhz bu cür məsələlərin tədqiqi ilə məşğul olur. Ancaq dinin və dini təfəkkürün gücü fəlsəfəni tam anlamağa və şərh etməyə yetməz. Din fəlsəfəyə münasibətdə sadəcə bəlli bir mövqedən çıxış edir. O, fəlsəfənin “dinsizlik” olduğunu, insan zəkasının Tanrı və kainat haqqında bilik əldə edə bilməyəcəyini, fəlsəfə ilə məşğul olmağın isə gərəksiz və əbəs bir cəhd olduğunu söyləyər…

“Çərçivə” jurnalı. Mart, 1989-cu il.

Tərcümə etdi: İbrahim Aziz

OXŞAR XƏBƏRLƏR