Daha.az Bob Dilanın “Yuvarlanan daş təki” şeirini təqdim edir.
Bir vaxt zor geyinərdin
yaman göylə gedərdin,
kasıblara üçdən-beşdən verərdin, eləmi?
Belə deyərdi hər kəs:
“bu qədəri bəsdir, bəs;
uçurumdur bu həvəs”.
Bunlar sənə gələrdi tamam zarafat kimi
Evsiz-eşiksiz görsən,
şaqqıldayıb gülən sən,
indi nəsə dinmirsən,
qürur-zad hərləmirsən,
müftə nahar gəzirsən, bu da səninçün bəsdir.
De, görüm, necə hissdir,
de, görüm necə hissdir?
Evin-eşiyin səki,
heç olmaq küçədəki
diyirlənən daş təki…
Bildik də, Yalqız xanım, təhsilin babat olub,
Fəqət kefə baxmısan, gözəl bilirsən bunu,
Kimsə sənə keçməyib küçədəki qanunu
İndi çalış və alış, belə imiş yekunu…
Bəs güzəştə getmirdin o naməlum evsizə,
iş budur ki, indiysə
baxa-baxa qalmısan bəhanəsiz o kəsə –
o dərin gözlərdəki boşluq dolu qəfəsə,
Deyirsən ki, de görüm, güzəştin nəyi pisdir?
De, görüm, necə hissdir,
de, görüm necə hissdir?
Olmaq təklərin təki,
evin-eşiyin səki,
heç olmaq küçədəki
diyirlənən daş təki…
Qəti çevirmədin yana başını,
bilmədin ki, hamı çatıb qaşını –
jonqlyorlar, təlxəklər – sənə hoqqa verənlər.
Qanmadın ki, insan başqa bəşəri,
öz kefindən ötəri
gülünc hala gətirməz!
Xrom “at”ına mindiyin bir nəfər çəkərdi keşiyini;
Görən kimi çiynindəki Siyam pişiyini
Asan idi bilmək işini –
Özünü alayı cür göstərən o kişinin.
O sənin yanında səndən xəbərsizdi.
De, görüm, necə hissdir,
de, görüm necə hissdir?
Olmaq təklərin təki,
evin-eşiyin səki,
heç olmaq küçədəki
diyirlənən daş təki…
Qaladakı şahzadə, bir də ki, bər-bəzəkli varlı-hallı adamlar
tez-tez badələşirlər,
eyni fikrə düşürlər, udmuşuq deyə-deyə.
Hədiyyələr dəyişir, hamı hədiyyələşir,
Sənsə brilyantını, girov qoy sələmçiyə.
Bir vaxt məzə tutardın, yaman gülərdin ona:
Cır-cındır içindəki o pəltək Napalyona!
İndi səni səsləsə, qaçmalısan yanına,
İtirmək qorxun olmur heç nəyin olmayanda.
Artıq yoxa çıxmısan, yoxdur heç nəyin gizli
De, görüm, necə hissdir,
de, görüm necə hissdir?
Olmaq təklərin təki,
evin-eşiyin səki,
Heç olmaq küçədəki
diyirlənən daş təki…
Tərcümə etdi: Qismət