Düşüncəsizlik normaldırmı? – Əynimiz və beynimiz

Daha.az Salam Sarvanın “Park” nəşriyyatında işıq üzü görən “Fikir oyunları” adlı yeni kitabından növbəti hissəni təqdim edir.

əvvəli BURADA

 

Düşüncəsizlik normaldırmı? Alverçinin ironiyası

Əksəriyyət belə hesab edir: həyatı üzdən yaşamaq daha yaxşıdır və dərinliyə varmağa, düşünüş tələb eləyən yerlərə girməyə lüzum yoxdur. Bu mənada hətta kitab adamlarına gülənlər də olur. Məşhur bir filmdə alverçinin ironiyasını yada salaq: «yığılacey indi bura intiligentlər – kəllə dolu, cib boş».

Bu istehza yerindədirmi? Əvvala, pulun yalnız alverçidə olması barədə bu adamda yaranmış təəssürat məhəlli qənaətdir. Öz xırdaca aləminə qapılıb xırdavat satan həmin alverçi dünyada beyinin daha çox pul qazanmasını bilmir.

Həmin alverçi məhz beyinin yaratdığı komfortdan yararlana-yararlana beyinə istehza edir və bu məntiqsizliyə görə hansı gülünc hala düşdüyünün fərqinə varmır. Düşüncə adamlarına ironiya edərkən altındakı maşının, qolundakı saatın, cibindəki telefonun, dilinin altındakı həblərin məhz düşünən beyinlərin məhsulu olduğunu bilmir.  Bu, faciəvi bilgisizlikdir.

İndi məsələnin başqa tərəfini qurdalayaq. Həyatda orta statistik həzz mənbələri var: insan bəzi obyektlərdən bədən həzzi alır, həyatda qazandığı bəzi uğurlardan xoşhal olur, başqaları ilə müqayisədə üstün olduğu bəzi cəhətləri ilə eqosunu oxşayır. Məsələ də elə burasındadır: düşüncə adamları həmin mənbələrdən həzz alan bu alverçidən daim bir addım irəlidədir. Çünki orta statistik zövq intiligentlər üçün də əlçatandır. Amma düşüncə adamlarının bir üstünlüyü də var: onlar mətn oxumaqdan da, sənət əsəri yaratmaqdan da, elmi eksperimentlər aparmaqdan da zövq ala bilirlər.

Həm də axı orta statistik həzdə rəngarənglik yoxdur: məsələn, çeşidlərinin kəmiyyətinə görə fiziki qida ilə mənəvi qida müqayisəyə də gəlmir.

Problemə daha geniş kontekstdə baxanda da belədir. Məsələ orasındadır ki, orta statistik həzz proseduru dünyamıza əlavə detallar artırmır, onu zənginləşdirmir.  Məsələn, bir xörəyi ləzzətlə yeyəndən sonra özünün və bəşərin həyatına heç bir yenilik əlavə olunmur, mənəvi həzlər isə mədəniyyət xəzinəsini daim zənginləşdirir.

Düşüncəsizlik normaldırmı? Kartofun çürüyü

Həmin filmdəki alverçi sənətkarlıq keyfiyyəti yüksək olan kinodan, ədəbiyyatdan, musiqidən zövq almaq imkanından məhrumdur. Yalnız bəsit seriallara, adamda düşüncə təlatümləri yaratmayan hırıltılı tamaşalara baxır. Bu nə deməkdir? Yəni, pul dolu ciblə bazara girən bu adam yaxşıyla pisi ayıra bilmədiyinə görə daim kartofun çürüyünü alır.

Təbii, yolla gedərkən qarşına bir yüzlük və bir beşlik əskinas çıxdığı halda yüzlüyün dəyərini tanımadığına görə beşliyi götürəcəksən.

Başqa bir nüans… Adam düşünməyə ərinəndə onunçün hər şey inanca çevrilir və nəticədə konspirologiya düşkünü olursan. Belə adamlar bütün sualların cavabını bir neçə şablonun içində tapırlar: masonların əməlidir, Allahın işidir, Amerikanın oyunudur… Bu cür şablonlar hadisələr barədə düzgün nəticə çıxarmağa imkan vermir: adamlar əsl mahiyyətdən xəbərsiz qalırlar. Bilgisizlik isə başqalarına da zərər yetirən yanlış qərarların çıxarılmasına səbəb olur. Ona görə də düşünüb-düşünməmək sənin azad seçimin ola bilməz: sən düşünməyə borclusan. Yox?

Bu suala dərin və dəqiq cavab tapa bilməsək, avtomatik olaraq ritorik suala çevriləcək.

 

Düşüncəsizlik normaldırmı? İstinad yerlərimiz

İki nəfər məhəbbət barədə mübahisə eləyir. Onlardan biri  sevgini müqəddəs hesab eləyir və Füzulinin «Leyli və Məcnun»undan sentimental sitatlar gətirməklə mövqeyinin haqlı olduğunu göstərməyə çalışır. Digəri isə kişi ilə qadın arasındakı sevginin çarpayının üstündə olduğunu bildirir və elə həmin Füzulinin bir gözəli hamamda təsvir eləyən qəzəlinə istinad eləməklə özünü haqlı sanır.

Belə… Atalar sözləri və dahilərin fikirləri bütün polemikalarda təkzibolunmaz istinad yerinə çevrilib. Bu nəhəng irsdə manevr imkanları çox olduğundan hər hərəkətə bəraət tapmaq olar. Məsələn, daha çox inadkarlıq lazım gələn hallarda tənbəl oğullar «atalar üçdən deyib» fikrinə görə dördüncü cəhdi qəti eləməz. Çoxları namərd körpüsündən keçib-keçməməyi hələ də öz düşüncəsi ilə deyil, atalar sözüylə müəyyənləşdirməkdə. Hətta hansısa  məşhur heykəltaraş nə vaxtsa daş yonduğu zaman «çəkici» səhvən  barmağına  vurarkən dünyaya yağlı bir söyüş söyüb deyə çoxları dünyanın namərd olması barədə qənaətə də gələ bilər.

Adətən, belə hallarda yararlandığımız aforizmlərin əksərinin konkret bir dövrün reallıqlarını ifadə eləməsinə, ya da hansısa müəllifin ötəri ovqatından yaranan təəssürat olduğuna fikir vermirik.

Ya da, yararlandığımız fikirləri düşüncə süzgəcimizdən keçirmədən qəbul eləyirik – yəni, sadəcə, sözə inanırıq. Məsələn, neçə illərdir «dünyanı gözəllik xilas edəcək» deyib duranlar bircə dəfə də düşünməyiblər: zahiri görüntünün xoşagələn olması dünyanı necə xilas eləyə bilər axı?

Ya da hansısa fikrin gözəl ifadəsi bizi cazibəsinə salır – biz fikrin içini anlamır, sadəcə, zahiri görünüşünə vuruluruq: «sevgi iki nəfərin bir-birinə baxması deyil, iki nəfərin eyni istiqamətə baxmasıdır». Səslənişi gözəldir, hə? Amma azacıq qurdalayan kimi  yanlış olduğunu anlayırsan: axı fərqli istiqamətə baxanlar da bir-birini sevə bilir.

Ya da fikirlərin kontekstdən çıxarılmış variantını əlimizdə bayrağa çeviririk. Məsələn, Marksın mənfi çalarla istifadə elədiyimiz «din tiryəkdir» ifadəsi görün hansı kontekstdən çıxarılıb: «Din məzlumun havası, ürəksiz dünyanın qəlbidir… Din insanlar üçün tiryəkdir». Yəni, din zalım cəmiyyətlərdə adamlar üçün ağrıkəsici dərmandır.

Çoxları hələ də Makiavellinin «məqsəd vasitəyə haqq qazandırır» fikrini istənilən hərəkət üçün arqument sayır. Ancaq fikrin kontekstinə fikir versək nə görəcəyik? Makiavelliyə görə, əxlaq siyasətdən törənir. Necə? İnsanlar özlərini qorumaq üçün bir araya gəlib cəmiyyət yaradırlar. Sonra isə cəmiyyəti qorumaqçün əxlaq, əxlaqı qorumaqçün qanunlar, qanunları qorumaqçün güc strukturları yaradılır. Ona görə də əsas məqsəd  cəmiyyətə faydalı olacaq siyasi uğurdur: ona çatmaq üçün bütün vasitələr məqbuldur. Hansısa vasitənin əxlaqa zidd olduğunu desək, Makiavellinin məntiqi belə cavab verəcək: əxlaqı törədən siyasətdir – törənən törədənə arqument ola bilməz.

Ya da özümüzü adekvat olmayan anologiyalar üzərində qurulmuş mühakimələrə təslim edirik. Məsələn, pis adamarla oturub-durduğunu bir filosofa irad tutanda  belə cavab verirdi: «noolsun, həkimlər xəstəylə təmasda olarkən özləri xəstələnmirlər axı». O boyda filosofun bu cürə izahatı necə də bayağıdır: çünki analogiya adekvat deyil. Özünüz fikirləşin: pis mühitdən uzaq durmağı məsləhət gördüyümüz adam özünə bu deyimlə bəraət qazandıra bilərmi: «günəş zir-zibilin üstündən keçəndə çirklənmir axı».

 

Düşüncəsizlik normaldırmı? Əynimiz və beynimiz

Paltarın meydana çıxdığı qədim zamanlarda «qadın paltarı» və «kişi paltarı» bölgüsü olmayıb. Yəni qədim qadını ceyran dərisindən, qədim kişini pələng dərisindən paltar geyinməyə məcbur eləyən qayda yox idi.  Yəni qədim zamanlarda dişi şirin dərisindən paltar geyən kişiləri mağaraların birində xəlvətə çəkib süngüylə yortmurdular.

Belə yerdə adamın ibtidai dövrlərə üz tutub səslənməyi gəlir: ey qədim insan, sən necə də müasir imişsən.

Yuxarıdakı qeydləri zarafata yazdım: fikir verməyin.

XXI əsrdir. Məşədi İbad isə hələ də güzgü qarşısında dayanaraq papağı başa necə qoymaq haqqında düşünməkdədir. Hə, paltar məsələsi bəzi toplumların həssas yeridir: belə toplumlar  bütün tarixləri boyu əxlaqa hansı don geyindirmək suallarıyla girinc olublar.

Məsələn, illər qabaq iki aktyorumuzun qadın paltarında reklama çəkilməsi əksərini möhkəm qıcıqlandırmışdı: gənclərin tərbiyəsinin pozulacağından qorxmuşdular. Ancaq bu narahatlığın arxasında zərrə qədər də düşüncə dayanmamışdı və ona görə də xeyli sual ortaya çıxırdı…

Birinci məqam: görəsən, aktyorlar həmin reklama çadrada çəkilsəydilər və ya əyinlərindəki qadın donu hərbi geyimin parçasından olsaydı, cəmiyyətin etirazı bu səviyyədə olacaqdımı?

İkinci məqam: indi başqa zamandır – informasiya sərhədləri açıqdır və gənclərin tərbiyəsi dünyadan təcrid olunmuş qapalı mühitdə formalaşmır. Həmin reklamdan qəzəblənən adamların məntiqi ilə biz gərək şotland kişilərinin qadın paltarına oxşayan milli geyimdə adam arasına çıxmasına da etiraz eləyək. Absurd deyilmi?

Üçüncü məqam: indi gənclər vaxtlarının çoxunu qadın paltarı geyinmiş aktyorların reklamlarının asıldığı küçələrdə yox, internet məkanında keçirirlər: oralar isə qadın paltarı geyinən kişilərlə doludur. Bu reallığı çözmək mümkündürmü?

Bu suallara dərin və dəqiq cavab tapa bilməsək, avtomatik olaraq ritorik suallara çevriləcəklər.

Düşüncəsizlik normaldırmı? Dil və dilçək

Televiziyalarımızda dörd ildən bir havasat dəyişir. Parlament seçkiləri vaxtı camaatımız başlayır danışmağa. Və dəhşətli  gerçəklik çıxır ortaya:  heç demə, namizədlərin əksəri danışa bilmirmiş. Heç demə, əksərinin qabiliyyəti təkcə alış-verişdə qiymət danışmağa, əyri-əyri işləri danışıb düzüb-qoşmağa çatırmış. Yəni, bunların dili yoxmuş, dilçəyi varmış. Niyə?

Çünki bunlar ömür boyu standart məişət vəziyyətlərindən kənara çıxmayan adamlardır. Düşüncə tələb eləməyən bu hallarda hazır ünsiyyət şablonlarından istifadə edildiyinə görə ifadə rəngarəngliyi də yaranmır.

Düşüncəsizliyin başqa bir fəsadı… Bizim anlayışlar barədə təsəvvürlərimiz çox hallarda başqalarının təəssüratı sayəsində formalaşır. Məsələn, telejurnalist müsahibə aldığı adama deyir: bu qaçaqaçda bizə vaxt ayırmanız qəhrəmanlıqdır. Bu o demək deyil ki, jurnalist bu adi proseduru qəhrəmanlıq sayır. Yox, sadəcə, həmin məqamı ifadə edən uyğun sözü tapa bilmədiyindən nitqin səthindəki ən əlçatan ifadəyə əl atır. Bu nitq xətası isə xeyli tamaşaçıda anlayış haqda yanlış qənaət yaradır: pafos hərəkətin mənasını böyüdərək anlayışın dəyərini kiçildir. Ona görə də hətta küçədə axtardığı ünvanı bizdən soruşan adama da cavab verərkən böyük fədakarlıq elədiyimizi düşünürük.

OXŞAR XƏBƏRLƏR