Bu gün XX əsrin görkəmli katolik yazıçılarından biri, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Fransua Moriakın anım gündür.
Daha.az bu münasibətlə müəllifin “Keçmiş zamanların yeniyetməsi” romanı haqqında Kənan Hacının “Əbədi suallar, dərinlikdə işaran cavablar” yazısını təqdim edir.
Fransız yazıçısı Fransua Moriakın “Keçmiş zamanların yeniyetməsi” romanını oxudum. Əsəri Azərbaycan dilinə Zahid Sarıtorpaq tərcümə edib.
İndiyə qədər duymadığım qeyri-adi hisslərin burulğanına düşdüm. Məni uzun müddət öz təsirində saxlayan çox az əsər olub. Dino Bussatinin “Tatar çölü”, Alber Kamyünün “Yad”, Patrik Züskindin “Ətriyyatçı”, Bernard Şlinkin “Qiraətçi” romanlarını oxuyandan sonra günlərlə bu əsərlərin havasıyla yaşamışam.
F.Moriakın romanı da insanın ruhuna toxunan bir əsərdir. Bu roman bir az mənə K.Makkalounun “Tikanlıqda şərqi deyənlər”ini xatırlatdı (dini qadağalarla insan hisslərinin mübarizəsi baxımından), amma qətiyyən bu iki əsəri bir-birilə müqayisə etmək fikrim yoxdur. Moriakın yaradıcı dühası həqiqətən möhtəşəmdir.
Fransua Moriakın özü də başqalarının bilmədiyi sirlərdən yazan yazıçı idi. Bir dəfə onun “Qurbanlıq quzu” romanı haqqında yazı yazmışdım. Amma açığını deyim ki, o əsər mənə “Keçmiş zamanların yeniyetməsi” qədər güclü təsir bağışlamamışdı. Bu roman yaddaşımda dərin iz buraxdı. Əsər atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Atasından qalan böyük təsərrüfatı anası idarə edir, o isə ruhi təlatümlərin burulğanında çabalayır. Qeyri-iradi İnqmar Berqmanın “Qış işığı” filmindəki inancını itirmiş rahibi xatırladım.
Ondan yardım istəyən bir kişiylə söhbətində rahib öz sirrini faş edir, Tanrıya skeptik münasibətini açıq-aşkar büruzə verir. Həmin adam isə rahibin yanından çıxaraq gedib özünü güllələyir. Bu səhnə məni o qədər sarsıtmışdı ki, uzun müddət filmlərə baxa, kitab oxuya bilmədim. Çıldırmış rahibin dəli tövrü, özünü güllələyən adamın daş kimi ifadəsiz sifəti gözlərimin önündən çəkilib getmək bilmirdi.Alenin anası ərindən qalmış təsərrüfatı bacarıqla idarə edir, böyük oğlu Loran vərəm xəstəliyindən erkən həyatını itirdikdən sonra biçarə ana bütün ümidlərini ona bağlayır və onu varlı ailədən olan bir qızla evləndirmək niyyətindədir. Alen isə mənsub olduğu burjua mühitinə nifrət edir, o, öz arzuları, xəyallarıyla yaşayır. Anasının onun üçün gözaltı etdiyi varlı qızı Janetta Serisi görmək belə istəmir. Alen təhsil almaq haqqında düşünür.
Əsərdə yüksək katolik dairələrin həyatı bütün mənfi və müsbət tərəfləriylə birgə qələmə alınıb. Ümumiyyətlə, Moriakın demək olar ki, bütün əsərləri katolik kilsəsi tərəfindən narazılıqla qarşılanıb. Onun bioqrafiyasına nəzər saldıqda görürük ki, yazıçı hələ yeniyetmə ikən Müqəddəs Məryəm məktəbində təhsil alarkən özünü bədbəxt hiss edirmiş və onun dini inancı hələ o zamanlardan sarsılmışdı. Bu baxımdan “Keçmiş zamanların yeniyetməsi” romanını avtobioqrafik əsər kimi də səciyyələndirmək mümkündür. Çünki Alenin xarakterindəki ziddiyyətli məqamlar onun özünün də həyatında dərin iz buraxıb və yazıçı sonra yazdığı əksər romanlarında bu ziddiyyətlərdən yaxa qurtara bilməyib yaxud bu ziddiyyətləri yaratdığı obrazlara köçürüb. Romanda burjua mühiti ilə rəiyyət arasındakı əbədi ziddiyyətlər, Tanrı ilə insanın arasında bütün əzəmətiylə ucalan kilsənin soyuq təması Moriakın özünün şəxsi şübhələrindən keçərək bədiiləşir.
Fransua Moriak özünün yaratdığı qüsursuz dünyada həm də çox ustalıqla, yazıçı hiyləgərliyi ilə bir şübhə labirinti yaradır. Yazıçı sanki başladığı işi oxucunun öhdəsinə buraxır, oxucunun duyumu, fəhmi vasitəsilə onu əsərinin önəmli bir üzvü kimi yaxalayır. Sən özün də bilmədən hadisələrin içinə daxil olursan, özünü skeptik dolanbaclarda bir çıxış yolu axtaran vəziyyətdə görürsən. Hadisələrin iştirakçısıymış kimi günah duyğusundan, vicdan əzabından xilas olmaq, əsərin qəhrəmanına bəraət qazandırmaq istəyirsən.
Romanda qəhrəman bir neçə dəfə buna bənzər fikirlər söyləyir və bu da bir daha diqqəti əsərin avtobioqrafikliyinə yönəldir. F.Moriak insanın ruhuna xitab edən, insanda çoxlu suallar doğuran və onu israrla bu suallara cavab tapmağa təhrik edən yazıçılardandır.