Daha.az Frans Kafkanın “Qəsr” romanı haqqında Fəxri Uğurlunun “Fələyin administrasiyası” essesini təqdim edir.
Əsərin rəmzləri bir çox hallarda buradakı Qəsri xatırladır. Bu rəmzlərə gedən yolları tapmaq mümkün deyil. K. Qəsrə yol axtardıqca daha çox azır. Azadlığa can atdıqca onu daha çox itirir.
K. hansı uzun bir yollasa gəlib Kəndə çıxıb. Kənddən Qəsrə getdiyi yolu sübut edir ki, o əslində bir dairə ətrafında hərəkət eləyirmiş. Bütün yollar Qəsrə aparıb çıxarır (məntiqə görə, çıxarmalıdır). Lakin Qəsrə gedən yolları hansı mifik qüvvəsə nəhəng bir dairənin cizgisinə salır. Bu məntiqsiz dünyada dairədən başqa heç nə yoxdur. Hər şey dairə ətrafında fırlanır. Bu dünyanın məntiqi dairədir!
K. niyə Qəsrə can atır? İnsanlar niyə o Qəsri görmək istəyirlər? Axı bu, onların nəyinə gərəkdir? K. Qəsri görməklə bəlkə dünyanın, tanrının və deməli, özünün mövcudluğuna inanmaq istəyir. Əsərdə bütün bunlar sual olaraq qalır…
Qəsrin və ona məxsus Kəndin həyatında hər şey qabaqcadan müəyyənləşdirilmiş qaydada inkişaf edir. Burada təsadüfilik yoxdur, hətta K. da təsadüfi deyil. Lakin katiblər inanırlar ki, təsadüf ola bilər (olacaq) və onların yanına gələn kimsə xahişinə cavab ala bilər. Qəsrin saysız-hesabsız katibləri bunu bilir və bundan qorxurlar, çünki bu, onların yaratdığı dairəvi sistemi təhlükə altına ala bilər.
Paşa Əlioğlunun “Kafkanın qəsri” essesindən
“Məhkəmə” (“Proses”) romanının sonlarında balaca bir pritça nağıl olunur – bu roman haqqında yazanda həmin epizodun üstündə durmamışdıq. Pritçanı əsərin qəhrəmanı Yozef K.-ya kilsədə keşiş danışır. Müəllifin keşişin dilindən söylədiyi mifik hekayənin məzmunu budur:
“Qanunun darvazası ağzında gözətçi keşik çəkirdi. Bir kəndli gəlib gözətçidən xahiş elədi onu Qanunun hüzuruna buraxsın. Gözətçi cavabında dedi ki, indi onu içəri buraxa bilməyəcək. Kəndli bir az fikrə gedib yenidən soruşdu: haçansa sonra içəri keçə biləcəkmi?
– Ola bilər, – gözətçi dedi, – ancaq indi mümkün deyil.
Fəqət Qanunun qapısı həmişəkitək açıq idi, keşikçi də bir az kənarda dayanmışdı, odur ki, kəndli darvazanın arasından boylanıb Qanunun dibini, bətnini, təkini görməyə çalışırdı. Bunu sezən gözətçi gülüb dedi:
– Əgər gözləməyə səbrin çatmırsa, mənim sözümə baxma, özünü təp içəri. Ancaq biləsən: mənim gücüm, qüdrətim çox böyükdür. Hərçənd o biri keşikçilərə baxanda mən acizin, əfəlin biriyəm. Oranın hər dayanacağında bir-birindən azman gözətçilər qarovul çəkir. Təkcə elə üçüncü keşikçini görəndə mənim qorxudan dizlərim əsir.
Kəndli yolun belə əngəlli olacağını gözləmirdi: “Axı Qanunun qapısı hər vaxt hamının üzünə açıq olmalıdır”, – deyə düşünürdü. Ancaq qarovulçuya, onun ağır kürkünə, sivri donqar burnuna, yağlanmış uzun qara monqol saqqalına zənlə baxanda qərara gəldi ki, içəri girmək üçün icazə veriləcəyi vaxtı gözləsə yaxşıdır.
Gözətçi ona balaca bir oturacaq verib darvazanın ağzından azca aralıda əyləşməyə yer göstərdi. Kəndli o deyilən yerdə günlərlə, illərlə oturub gözlədi. Bu müddətdə gözətçiyə dönə-dönə yalvardı, kişini bezdirincə dil çıxardı ki, onu Qanunun dərgahına buraxsın. Keşikçi də hərdən onu sorğu-suala tutub haradan, kimlərdən olduğunu soruşur, ancaq sualları elə verirdi ki, elə bil o, ağa, kəndli nökərdir, aldığı cavablar onu əsla maraqlandırmır. Sorğu-sualın axırı həmişə eyni cür qurtarırdı: gözətçi həmişə dediyini bir də təkrar deyirdi ki, hələlik onu içəri buraxa bilməz.
Kəndli səfərə ehtiyatlı çıxmışdı, özüylə qiymətli daş-qaş götürmüşdü, heç birini də gözətçini ələ alıb yola gətirmək üçün ondan əsirgəmirdi. Gözətçi də verilənin hamısını götürüb hər dəfəsində deyirdi:
– Bunları səndən ona görə alıram ki, sonra əlindən gələn nəyisə eləmədiyini düşünməyəsən.
İllər keçir, kəndli gözünü keşikçidən çəkmirdi. Yadından çıxmışdı ki, bundan o yana hələ başqa gözətçilər də var, nədənsə ona elə gəlirdi ki, məhz bu birinci gözətçi onu Qanunun yanına düşməyə qoymur. Siftə-siftə o özünün yarımamış bəxtini bağıra-bağıra lənətləyirdi, ancaq illəri yola verib qocaldıqca öz-özünə deyinməkdən başqa əlindən bir şey gəlmirdi.
Axıra macal kəndli uşaqlaşmışdı, ötən illər ərzində nəinki gözətçiyə, hətta onun kürkünün yaxasındakı bit-birəyə də yaxşıca bələd olmuşdu, o bitlərə belə yalvarırdı ki, gözətçini yola gətirməkdə ona kömək dursunlar. Artıq gözlərinə toran çökmüşdü, bilmirdi dünya qaranlığa bürünüb, yoxsa gözləri onu aldadır. Yalnız indi, bu qaranlıq içindən baxıb gördü ki, Qanunun darvazasından eşiyə sönməz bir işıq sızır.
Beləcə, onun ömrü sona çatırdı. İllər uzunu çəkdikləri, gördükləri, duyduqları ölümqabağı yığılıb gəlib bir suala dirənmişdi – bu sualı keşikçiyə bir dəfə də verməmişdi. Kəndli gözünün işarəsiylə qapıçını yanına çağırdı – üzülmüş canı daha sözünə baxmadığından yerindən qalxa bilmirdi. Gözətçi onun üstünə əyilməyə məcbur oldu, çünki artıq dilənçi kəndli onun yanında cırtdana bənzəyirdi.
– Daha nə bilmək istəyirsən, doyumsuz insan? – gözətçi soruşdu.
– Axı bütün insanlar Qanuna can atır, – kəndli dedi, – bəs necə oldu ki, bu illər ərzində məndən savayı heç kəs bura gəlib içəri girməyə cəhd göstərmədi?
Gözətçi gördü artıq kəndlinin həniri batır, ona görə də var gücüylə bağırdı ki, qocanın qulağı tıxanmamış cavabı ona çatsın:
– Bura heç kimin girişi yoxdur, bu darvaza ancaq səndən ötrü açıq qoyulmuşdu! İndi gedirəm o qapıları bağlayam…”
***
Aydın məsələdir ki, “Qanun”u xüsusi isimə çevirməklə müəllif fiziki aləmin qanunlarını, təbiətin qanunauyğunluğunu, fələyin gərdişini şəxsləndirmək istəyib. “Aydın məsələdir” dedim, dərhal da yadıma düşdü ki, Kafkada aydın olan heç bir şey yoxdur; Kafkanın yaradıcılığında aydın olan tək məzmun, mətləb budur ki, məzmun, mətləb aydın deyil; insanın varlığında, təbiətin xislətində, dünyada, kainatda heç nəyin aydın, şəffaf, səlis mənası yoxdur, hər şey qatı, sirli qaranlığa bürünüb. Yəni Kafka həyatın insana aydın olmadığını aydın bir dil-üslubla qələmə alıb.
Bax elə misal gətirdiyimiz pritçanı götürək: nə biləsən ki, o kəndlinin gerçək təyinatı, halal qisməti o qapıdan içəri girməkdir, yoxsa girməmək, eləcə darvaza ağzında oturub ömür boyu kor, dilənçi taleyinin qulluğunda durmaqdır? Qapılar üzünə açıqdır, di gəl, o qapıdan içəri keçməyə imkan verilmir – insan özündən asılı olmadan dünyaya gəlib, ağılla, şüurla, nitqlə silahlandırılıb, kainatın qapıları üzünə taybatay açıqdır, yaranışın sirli-soraqlı olduğunu qanır, ancaq o sirrin dərgahına yetişməyə, Fələyin qəbuluna düşməyə ixtiyarı çatmır. Niyə? Beləydisə insan da qalan canlılar kimi sirdən, ölümdən, aqibətdən, keçmişdən-gələcəkdən xəbərsiz yaşayaydı, bu suallar da ortalığa çıxmayaydı. İnsanı çıxılmaz oyuna, çözülməz işə salmaq, beynini cavabsız tapmacalarla yükləmək, kainata trilyonlarla tənha ulduz buraxıb atəşfəşanlıq eləmək, sonra da bəşər övladını bu bayramdan kənarda qoymaq kimin nəyinə lazımdır axı?
Üstəlik, Qanun hər şeyi, hər kəsi zəncirə vurub, zərrədən günəşə qədər bütün varlıqlar filosofların determinizm, filosof olmayanların təsadüf dediyi səbəb-nəticə zəncirinə bağlıdır, bu zəncirdən bir an qopmaq, qırılmaq imkanı yoxdur. Belə çıxır ki, burada heç bir səhvə, yanlışa yol verilmir, verilə də bilməz; sabahımızın qədəri dünəndən yazılıb, bizim yanlış, ya doğru davranmaq seçimimiz yoxdur; davranışlarımızı bizim yerimizə təbiət, xislət seçir, əgər bir sözümüz, əməlimiz səhv sayılarsa belə bunun səhv olduğunu, bizim suçumuz üzündən baş verdiyini bir kimsə sübuta yetirə bilməz.
Bizi oynadırdılarsa, otarıb kökəldib sonra da kəsəcəkdilərsə, barı bunu dərk eləməyə ağıl verməyəydilər; yox, başımızda işığı qaranlıq fələyin gözünü qamaşdıran çıraq yandıracaqdılarsa, onda həqiqəti bir alınmaz qalada gizlədib üstünə qaranlıq pərdə çəkmək nədən ötrüydü? Qanunun zülmət bətninə yol axtaran bədbəxt bəndəni darvaza dibində qocaldıb ələ salmaq üçünmü? O yazıq nə bilsin ki, fələyin sirrinə əl aparmaq istəyi bunca qəddarcasına, ağır cəzalanacaq? Əgər qapı ondan ötrü açıq qoyulmuşdusa, niyə adam içəri keçə bilmədi? İradəsi, qüdrətimi çatmadı? Xilqətdən pay verilməmiş iradəni, qüdrəti o haradan almalıydı?
Binəva kəndlinin bəxti gətirmişdi ki, Qanunun darvazasından girə bilməmişdi. Biz içəri girməyə çalışdıq, elə ayağımızı qoymaqla labirintə düşüb azdıq. Ancaq qəti qorxusu yoxdur, Kafkanın labirintindən çıxmaq üçün Ariadnanın yumağının bir ucunu əlimizdən buraxmamışıq. Kafkanın suallarının ardınca getməyin faydası yoxdur, çünki o sualların cavabı bizi heç vaxt aydınlığa çıxarmayacaq; o suallara cavab axtarmaqdansa sualların qoyuluşunu dəyişmək lazımdır. Böyük Frans Kafkanın aydın zehni, ayıq-sayıq təfəkkürü bu həqiqəti hamıdan yaxşı anlayırdı. Ona görə də o, fələklə döyüşməyin ən doğru üsulunu tapmışdı – döyüşə girməmək, döyüşməmək! Onun alternativi özü üçün həyat normasına çevirdiyi zahidlik, asketizm idi.
***
Şərti ad versək, “Qanunun qapısı qarşısında” (“Fələyin darvazası ağzında” da demək olar) adlandıra biləcəyimiz pritçanı “Məhkəmə” romanından “Qəsr”ə keçid də saya bilərik. Pritçanın qəhrəmanından fərqli olaraq romanın qəhrəmanı Fələyin administrasiyasına, ya da heç olmasa kanselyariyasına yol tapmağa aktiv şəkildə çalışır, bundan ötrü ciddi cəhdlər göstərir. Bu adam Qəsrdə qəbul olunmaq üçün, yuxarılarda saya salınmaq üçün hər yola, hər üsula əl atmağa hazırdır. Qəsrə qarşı üsyana qalxmaq, asi düşmək, qaydaları dəyişmək K.-nın xəyalından da keçmir, o sadəcə, qoyulmuş qaydaları mənimsəyib göydə Qəsrin, yerdə Kəndin bir parçasına çevrilmək, burada yaşamağın mənasını, məntiqini tutmaq istəyir. Məna, məntiq isə yoxdur.
Zavallı K. axı kəndə öz xoşuyla gəlməyib, onu bura, bu dünyaya təyinatla göndəriblər, onu yerölçən vəzifəsinə təyin eləyiblər. Di gəl, nə Kənddə, nə Qəsrdə belə bir vəzifəyə ehtiyac yoxdur, buna baxmayaraq ona iki köməkçi də ayrılıb. Yerölçən K. gəldiyi yerdə artıq adama çevrilib, qalmağa, yatmağa yer tapmağı belə müşkülə dönüb. Üstəlik, qışın oğlan çağıdır, kənddə qar qurşağa çıxır, yer üzü sonsuz kainat kimi soyuqdur.
Bəri başdan deyim ki, roman başdan-ayağa, hər sözünə, vergülünə qədər rəmzi-metaforik mahiyyət daşıyır. Bu səbəbdən ona səhih, dəqiq rasional yozum vermək çətindir. Əsərin süjeti, təhkiyəsi də on doqquzuncu əsrdə formalaşmış nəsr ənənəsindən tamam seçilir. Ancaq Kafka ədəbiyyat meydanına paraşütlə enməyib, möhkəm bir təməl üstündə yenilik yaradıb. Diqqətlə gözdən keçirsək, onun əsərlərində Hofman, Qrimm qardaşları, Balzak, Flober, Dikkens, Qoqol, Dostoyevski, Çexov kimi sələflərinin həm barmaq izlərini, həm də onların yaratdığı personajların reinkarnasiyasını sezə bilərik.
Kafka əsərlərinin forması, təhkiyəsi, dediyimiz kimi, özündən əvvəlkilərdən köklü şəkildə fərqlənir, burada pozitivist-realist bünövrə üzərində formalaşmış düzxətli, deterministik təhkiyədən söhbət gedə bilməz, baş verənlər eynən yuxuda olduğutək anaxronik, xaotik, qatmaqarışıqdır, sağlam məntiqə, normal ağıla sığan deyil. Bu səbəbdən onun adı Prustla, Coysla yanaşı modernizm bayraqdarlarının ön sırasında yer tutur.
***
Kafka təkcə ədəbiyyatdan, adını çəkdiyim-çəkmədiyim yazıçılardan təsirlənməmişdi; onun ilham qaynaqlarından biri də fəlsəfəydi, xüsusən də yeni Avropa fəlsəfəsi. Artur Şopenhauer bu pleyadanın başında dururdu. Yeri gəlmişkən, ötən yazıda ekzistensializmin banisi Sören Kyerkeqorla Kafka arasında bənzərliklərə dair misallar gətirsəm də, yazıçının bu mütəfəkkirin əsərlərini oxuyub-oxumadığını bilmədiyimi demişdim; aradan keçən iki ildə Kafkanın Danimarka filosofunun yaradıcılığına, fikirlərinə yaxşı bələd olduğunu, onun traktatlarını sevə-sevə oxuduğunu öyrəndim, gündəliklərinə bu barədə yazdığı bəzi qeydləri gözdən keçirdim, üstəlik, sevindim ki, zənnim məni aldatmayıb.
Bundan başqa, Kafka yaradıcılığıyla Ziqmund Freydin kəşf elədiyi Edip kompleksi (ata kompleksi də demək olar) arasında paralellər də aparıb, yazıçının bu mütəfəkkirin nəzəriyyəsiylə tanış olub-olmadığını bilmədiyimi də söyləmişdim. Bu aralar öyrəndim ki, Kafka Freydin təliminə nəinki bələd olub, üstəlik, onun Erosu kainatın mərkəzinə çəkməsinə, varlığın taxtına çıxarmasına, elmi dillə desək, panseksualizm nəzəriyyəsinə tənqidi yanaşıb. Burası mənə qətiyyən təəccüblü gəlmədi, çünki Freyd epikürçü idi, ehtirasların əliylə qorxuları sıxışdırıb candan çıxarmaq, psixikanı senzuranın çəkdirdiyi əzablardan, travmalardan sağaltmaq onun başlıca vəzifəsiydi. Kafka isə ruhunun konstitusiyasına görə stoik idi, üstəlik, yəhudi-xristian mədəniyyəti zəminində boy atmışdı, günah, vicdan əzabı, xəcalət kimi duyğular ondan ötrü zədədən çox quduz ehtirasları, vəhşi istəkləri tormozlayan başlıca mexanizmlər, ontoloji dərman vasitələriydi (Maraqlıdır ki, hər iki mütəfəkkirin Avstriya-Macarıstan imperiyasında yaşayan yəhudilərə xas psixoloji komplekslərin sözçüsü olduğunu iddia eləyənlər də vardı, bu gün də var).
Kafkanın əsərlərində qadınla kişi arasında cinsi münasibəti xoşbəxtliyin, azadlığın, məhəbbətin ifadəsi kimi tərənnüm eləyən, onu həyatın cövhəri səviyyəsinə qaldıran mülahizələrə, səhnələrə rast gəlinməz; əksinə, ondan ötrü bu münasibət iyrənc eqoist heyvani akt, cana can calayıb əlavə bədənlə yüklənmə, puç, mənasız illüziya, faydasız, səmərəsiz axtarış demək idi. Bu, klassik idealist məhəbbət formulundan köklü şəkildə fərqlənən bir düsturdur, burada eşq, fədakarlıq, özünü özgədə tapma, başqasında zühura gəlmə kimi möcüzəli metamorfozlar yoxdur; tam tərsinə, sevişmə səhnəsi döyüş səhnəsitək təsvir olunur, tərəflər bir-birini talamağa, bir-birindən nəf götürməyə, rəqibini başının üstündə dikəltdiyi çadır kimi, büründüyü yorğan kimi təkliyinin hücrəsinə çevirib “onun qoynunda ondan gizlənməyə” (Salam Sarvan) çalışır, küllükdə eşələnən it sayağı hər biri yem axtarır, xudbin cismani həzzin zirvəsinə can atır:
“Frida K.-nın boynuna sarılıb yenə nəsə söyləmək istədi, amma gerisini gətirə bilmədi, kürsü düz çarpayının yanında olduğundan səndələyib ora yıxıldılar. Beləcə uzanıb qaldılar, ancaq o gecəki kimi bir-birilərinə sarmaşmadılar. Qız da nəsə axtarırdı, K. da. Acıqlı-acıqlı, üz-gözlərini əyişdirə-əyişdirə, başlarıyla bir-birinin sinəsində eşələnə-eşələnə axtardılar, amma bu dəfə qucaqlaşmadılar da, səyriyən gövdələri də onları məst edə bilmədi, əksinə, axtarış duyğularını itilədi; it acıqlı-acıqlı yeri eşələdiyitək onlar da bir-birinin bədənini eşələdilər, əli hər yerdən üzülmüş mağmınlar kimi. Son xoşbəxtliyə yetmək üçün hərdən dilləri bir-birinin sifətində gəzdi. Yalnız yorğunluq onları bir-birindən doyurub sakitləşdirə bildi”. (“Qəsr”, tərcümə Çərkəz Qurbanlınındır)
Bu cümlələri yazan müəllifin evlənməkdən çəkinməsi, neçə kərə nişanını pozması, təkliyini heç kimlə bölüşmək istəməməsi gərək kimsədə təəccüb doğurmasın…
***
Romanın otuz-otuz beş yaşlı qəhrəmanı K. təyinatla göndərildiyi Kəndə bir qış axşamı çatır. Aralıdan gördüyü Qəsrin üstündə qara-qara qarğalar leş iyi alıbmış kimi dövrə vururlar (buna bənzər mənzərə Markesin “Patriarxın payızı” romanının başlanğıcında da var). Ancaq burada ölən yoxdur, hər halda bu haqda bir şey deyilmir (kimsə həmin səhnəni Tanrının ölümü haqqında Nitsşe tezisinə illüstrasiya kimi şərh eləməyə çalışmışdı). Qarğaların paradını biz yalnız yoza bilərik, məsələn, belə: fələyin qəsri gecə-gündüz məxluqatın ət maşınından keçirildiyi qəssabxana, ömürlərin baltalandığı ölüm fabrikidir.
Əslində, bu Qəsr adlandırdıqları heç qəsrə də oxşamır: “Bu, nə qədim cəngavərlik qəsri, nə də yeni, cah-cəlallı tikiliydi; çoxusu bir-birinin qoynuna qısılmış evlərdən, az qismi isə ikimərtəbə binalardan ibarət ətrafa yayılmış bir qalaydı. Qəsrliyini bilən olmasaydı, elə düşünərdi ki, balaca bir şəhərcikdir. K.-nın gözünə təkcə bir qüllə sataşdı, yaşayış binasınınkıydımı, ya kilsəninkiydimi, bilmək olmurdu. Başında da qarğalar dolaşırdı”.
K.-nın ilk döndüyü yer kənd meyxanası olur. Yad adamın gəlişindən məmnun qalmayan meyxana sahibinin narazı tövrünə baxmayaraq o burada, kəndlilər arasında gecələyir. Gecə yarısı qalabaşı köməkçisinin oğlu Şvartser onu yuxudan oyadıb nəzakətlə nəzərinə çatdırır ki, həm Qəsrin, həm də Kəndin ağası qrafın icazəsi olmadan burada qalmağa, gecələməyə heç kimə rüsxət verilmir. K. əvvəlcə bu ultimatuma məhəl qoymur, sonra qarlı-şaxtalı gecədə çölə atılacağından qorxub səsini başına atır, deyir ki, buralara məhz qrafın çağırışıyla, yerölçən vəzifəsində çalışmaq üçün gəlib. Çox keçməz, onun cihazlarını daşıyan köməkçiləri də gəlib çıxarlar.
Şvartser Qəsrin dəftərxanasına zəng vurub K.-nın dediklərini təsdiqləyən cavab alır. K. düşünür ki, Qəsrdə onun yerölçənliyini bu cür arxayın, inamlı qarşılamaqla onu daimi qorxu altında saxlaya biləcəklərini güman eləyirlərsə, əlbəttə, yanılırlar. Bu, ondan irəli gəlir ki, K.-nı yaxşı tanımırlar, o öz azadlığından geninə-boluna yararlanıb mübarizə aparacaq.
Sabah ertədən yerölçən təpənin üstündə qərar tutmuş Qəsrə yollanır. Yol uzandıqca uzanır, o getdikcə mənzil başı bir az da uzaqlaşır. Kəndin ana küçəsi o səmtə aparsa da, son ucu Qəsrə calanmır, qəfil döngəyə-dalana burulub yolçuları azdırır.
K. Qəsrə düşmək sevdasından əl çəkib meyxanaya qayıdanda görür ki, iki cavan oğlan onu gözləyir. Onlar özlərini K.-nın köməkçiləri kimi qələmə verirlər, hərçənd onun peşəsindən xəbərsizdirlər. K. anlayır ki, onları Qəsrdən onu izləmək üçün göndəriblər, köməkçi deyilən oğlanlar yuxarıların onu gecə-gündüz güdən bir cüt gözüdür.
K. onları da götürüb xizəklə Qəsrə getmək istəyir, ancaq köməkçilər deyirlər ki, xüsusi icazə almadan kənar şəxslərin Qəsrə girməsi qadağandır. Onda K. onlara tapşırır ki, Qəsrə zəng vurub qəbula düşmək üçün icazə alsınlar. Köməkçilərə dərhal rədd cavabı verilir. K. dəstəyi onlardan alanda telefon xəttiylə axıb gələn dolaşıq, anlaşılmaz səslər eşidir. Handan-hana ona cavab verirlər, K. nədənsə özünü özü kimi yox, öz köməkçisitək qələmə verir. Yuxarıdan gələn səs ona Qəsrə girməyi biryolluq qəti qadağan eləyir.
Bu vaxt çapar Barnabas Qəsrdən K.-ya məktub gətirir. Kanselyariya müdirinin imzaladığı məktubda ona məlumat verilir ki, K. Qəsr sahibinin yanında qulluğa götürülüb, onun birbaşa rəhbəri isə Kəndin kəndxudasıdır. K. qərara gəlir ki, məmurlardan uzaqda, Kənddə qalıb işləsin, sadə kəndlilərə qaynayıb qarışsın, girəvə düşdükcə Qəsrdən də nəsə çalıb qoparsın. Bununla belə məktubun tonundan bir hədə, mübarizəyə çağırış da sezilir.
***
Barnabasın böyük bacısı Olqanın əliylə K. mehmanxanaya yol tapır – bura Qəsrdən Kəndə iş dalınca gələn ağaların qalması üçün nəzərdə tutulub. Kənar şəxslərin mehmanxanada gecələməsi qadağandır, yerölçən yalnız bufetdə sığınacaq tapa bilər. Həmin axşam oteldə nüfuzlu məmurlardan biri – Klamm qalır, Kənddə onu tanımayan tapılmaz, hərçənd kəndlilərdən heç kəs Klammın üzünü düz-əməlli görməyib.
İstər ağalardan olsun, istərsə kəndlilərdən, hər cür müştərinin qulluğunda duran, onlara pivə süzən Frida adlı qız da mehmanxanada mühüm personadır. Çox gözəgəlimli olmasa da, cansız-cəsədsiz Fridanın kədərli gözləri var. Elə ilk baxışdan K. çox müşkülü çözməyə qadir olan o qəmli gözlərin tilsiminə düşür.
Frida K.-ya bufetə qonşu otaqda olan Klamma gizli gözlükdən baxmağı təklif eləyir. K. deşikdən baxanda Klammın kök, yöndəmsiz, yaşlandığından yanaqları sallanmış bir cənab olduğunu görür. Frida bu cənabın aşnasıdır, o səbəbdən Kənddə onun da hörməti, nüfuzu var, bufetçi vəzifəsinə qız birbaşa tövlə süpürməkdən gətirilib.
K. Fridaya Klammı atıb onun sevgilisi olmağı təklif eləyir. Frida razılaşır, K. gecəni bufetin piştaxtası altında, onun ağuşunda keçirir. Səhərə yaxın Klamm amiranə səsiylə qızı çağıranda Frida ona nümayişkaranə tonla cavab verir ki, yerölçənlə birlikdədir. Növbəti gecəni onlar karvansara hücrəsində, K.-nın köməkçilərinin nəzərləri altında keçirirlər. K. Fridayla evlənməyə tələsir, ancaq ona qədər qızın araçılığıyla Klammın qəbuluna düşmək istəyir. Həm Frida, həm də karvansara sahibəsi K.-nı inandırmağa çalışırlar ki, onun Klammla görüşməsi, danışması mümkün deyil, çünki Klamm Qəsrdən enmiş adamdır, ali cənabdır, K. isə heçkim, heçnədir, Qəsrə yolunun bağlanmağı bir yana, Kəndə də yad-yabançıdır, burada da artıqdır.
Fridanın dağ kimi kişini atıb bir fərsizə, yurdsuza calanmağı karvansara sahibəsini yandırır. Qadın boynuna alır ki, iyirmi il bundan qabaq Klamm onu üç dəfə yanına çağırıb. Klammın bağışladığı dəsmalı, onun göndərdiyi çaparın şəklini sahibə hələ də göz bəbəyitək qoruyub saxlayır. Qadın ərə də Klammın xeyir-duasıyla gedib, illər boyu hər gecə ərinə aşnasından danışıb. Xidməti işlə şəxsi həyatın belə uzlaşması K.-nı heyrətləndirir.
***
Kəndxuda K.-ya deyir ki, yerölçənin gəlişinə hazırlıq görmək barədə tapşırığı hələ neçə il əvvəl alıb. Dərhal da Qəsrin dəftərxanasına cavab göndərib ki, Kənddə heç kimə yerölçən gərək deyil. Görünür, cavab məktubu lazımi ünvana çatmayıb, nəsə dəyişik düşüb, hərçənd bu barədə qəti danışmaq olmaz, çünki kanselyariyanın səhvə yol vermə ehtimalı sıfıra bərabərdir. Ancaq nəzarətçi instansiya sonradan-sonraya səhvini boynuna alıb, məmurlardan biri xəstəlik tapıb. K.-nın gəlişindən az əvvəl, nəhayət, məsələ müsbət həllini tapıb, yerölçəndən imtina olunması rəsmən təsdiqlənib.
İndi K.-nın qəfildən peyda olması neçə illik gərgin əməyin üstündən xətt çəkir. Kəndxudanın evində, anbarlarda Qəsrin arxivi qorunur, onun arvadıyla yerölçənin köməkçiləri bütün sənədləri töküb-töküşdürüblər, di gəl, K.-nın təyinatıyla bağlı sərəncamı tapa bilməyiblər. Fridanın təzyiqi altında K. kəndxudanın məktəbə qarovulçu düzəlməklə bağlı təklifini qəbul eləməyə məcbur olur, hərçənd müəllimin deməsinə görə, məktəb gözətçisi Kəndə heç də yerölçəndən artıq gərək deyil. Amma gələcək ər-arvadın qalmağa yeri yoxdur, odur ki, Frida məktəbdəki sinif otaqlarından birini ailə ocağına çevirməyə çalışır.
Klammı tutmaq üçün K. mehmanxanaya gedir. Bufetdə o, Fridanın xələfi Pepi ilə tanış olur, ondan Klammın yerini öyrənir. Qəsrdən enmiş məmuru soyuqdan dona-dona küçədə gözləyir, ancaq Klamm quyruq ələ vermir. Klammın katibi istintaq aparırmış kimi onu sorğu-suala tutur, sən demə, bu sualların cavabı Qəsrin dəftərxanasında tərtib olunan protokola salınacaqmış. Klammın vaxt azlığından protokolları oxumadığını biləndə K. oradan qaçır.
Yolda o, Klammdan məktub gətirən Barnabasla qarşılaşır; məktubda Klamm yerölçənin onun tapşırığıyla gördüyü işlərdən razı qaldığını bildirir. K. deyir ki, burada nəsə bir dolaşıqlıq, anlaşılmazlıq var, Barnabas bunları Klamma izah eləməlidir. Fəqət çapar əmindir ki, Klamm heç onu da dinləməyəcək.
***
K. Fridayla, köməkçiləriylə birlikdə məktəbin idman zalında gecələyir. O duyur ki, birgə yaşadıqları bu dörd gündə sevgilisi gözəçarpan dərəcədə dəyişib. Klammın yanında olanda qız tər çiçəktək pardaqlanırdı, amma K. onu dərəndən soluxmağa başlayıb. Fridaya əzab çəkdirən budur ki, K. Qəsrin elçilərindən, yaxud müfəttişlərindən olan Klammla görüşməyi hər şeydən çox arzulayır, əslində, onun ayrı arzu-diləyi heç yoxdur da. İşin qorxulu yanı budur ki, əgər Klamm hansısa işini aşırmağın müqabilində Fridanı qaytarmağı ondan istəsə, K. buna dərhal razılıq verəcək. Üstəlik, Frida nişanlısını Barnabasın bacısı Olqaya qısqanır.
Olqa diribaş, fədakar qızdır, öz ailəsinin kədərli tarixçəsini K.-ya uzun-uzadı nağıl eləyir:
Üç il qabaq Kənddə keçirilən bir bayram şənliyində Sortini adlı yüksək məmur Olqanın kiçik bacısı Amaliyadan gözünü çəkmirmiş. Ertəsi gün çapar Amaliyaya əxlaqsız təkliflərlə dolu bir məktub gətirir, məktubu göndərən Sortini Amaliyadan onun mehmanxanadakı otağına gəlməyi tələb eləyirmiş. Mənliyi alçaldılmış qız məktubu cırıb çaparın sifətinə çırpır. Sortini əslində bundan razı qalır, çünki Amaliyanın gözəlliyi onu mühüm işlərdən yayındırdığına, fikrini dağıtdığına görə kişi ona da, özünə də qəzəbliymiş, indisə qız məmurun beynində tutduğu yeri boşaltmışdı. Buna qədər Kənddə Qəsrin heç bir nümayəndəsini sinəsindən geri itələyən olmayıbmış. Amaliyanın qüruru ailənin lənətinə çevrilir, Kənddə hamı onlardan üz döndərir. Kəndin ən yaxşı çəkməçisi sayılan ataları sifarişsiz, gəlirsiz qalır. Kişi bütün günü yol qırağında, Qəsrin darvazası ağzında durub, gələn-gedən məmurlardan mərhəmət dilənir, fəqət heç birinin çarəsiz qocaya ürəyi yanmır, onu dinləyən belə olmur. Ailəyə başqa cəza verməyə daha ehtiyac qalmır, dərd-qüssədən ata da, ana da sürətlə qocalıb evin içində əlilə, zəlilə dönür. Olqa başa düşür ki, camaat Qəsrin qəzəbinə gəlməkdən qorxduğuna görə onları boykot eləyib. Əgər onlar günahlarını yuyub səhvlərini qansalar, el yenə bu ailəylə mehriban dolanacaq…
Hələliksə ailəlikcə ev dustağıdırlar, təkcə Barnabas yuxarıların hiddətinə tuş gəlməyib. Bütün ailə onun Qəsrdə rəsmən qulluğa götürülməyinə gözünü dikib, ancaq bunu da dəqiq bilmək mümkün deyil. Doğrudur, Barnabasın dəftərxanaya girişi var, ancaq o dəftərxana qonşuluqdakı bir başqa kanselyariyanın, o da özündən daha böyüyünün bir hissəsidir. Bu dəftərxanaya buraxılan kəs o biri kanselyariyalarda nələr baş verdiyindən xəbər tutmur, heç kim öz vəzifəsindən, özünə aid işlərdən başqa bir işə qarışmır. Qəsrdə olanda Barnabas ağzını açıb bir kəlmə də danışmır.
Oğlan artıq Qəsrdə qulluğa girə biləcəyinə inamını itirib, ona görə də məktubları həvəssiz aparıb-gətirir. Olqa lənətə gəlmiş ailəsinin taleyinin Qəsrdən, qardaşının qulluğa götürülüb-götürülməyəcəyindən asılı olduğunu anladığına görə məmurların nökərləriylə tövlədə gizli görüşlər keçirir ki, onlardan nəsə bir xəbər, məxfi məlumat qopara bilsin.
***
K.-nın avaragor qalmasından, həyatını, yaşayışını qura bilməməsindən bezən Frida yenidən əvvəlki işinə qayıtmağı qərara alır, özüylə K.-nın köməkçilərindən birini də aparır ki, bir işə əllərini ilişdirəndən sonra evlənsinlər.
Klammın katibi Erlanger K.-nı gecə mehmanxanadakı otağında qəbul eləmək istəyir. Dəhlizdə bir xeyli adam, o cümlədən K.-nın tanışı mehtər Gerşteker növbə tutub gözləyir. Hamı gecə dəvətindən məmnundur, hamı anlayır ki, Erlanger onları dinləməyi özünə borc bildiyinə görə canına cəfa basıb yuxusuna haram qatır – axı onun xidməti iş cədvəlində Kəndə səfər üçün vaxt ayrılmayıb. Ona görə məmurların bir çoxu belə eləyir – kimisi bufetdə, kimisi otel nömrəsində, kimisi yemək masası ətrafında, kimisi də yataqda sakinləri qəbul eləyir.
Dəhlizdə K. Fridayla rastlaşır, qızın könlünü yenidən almağa çalışırsa da, cəhdi səmərə vermir, Frida onu çıxdaş olunmuş bədnam ailənin qızlarıyla xəyanətinə görə qınayıb K.-dan biryolluq aralanır. Onunla görüşdən sonra K. Erlangerin otağının nömrəsini unudur, çaşıb ayrı otağa girir. Burada başqa bir məmur mürgüləyir. Məmur dinləyici tapdığına sevinib K.-ya “xidməti prosedurun aramsızlığı” mövzusunda mülahizələrini söyləyir.
Az sonra Erlanger onu yanına çağırır. Qapı ağzında dayanıb getməyə hazırlaşan katib deyir ki, Fridanın əlindən süzülən pivələri içməyə alışmış Klamm yeni bufetçi gələndən özünə yer tapa bilmir, bu da onun ağır məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməsinə ciddi əngəl törədir. Odur ki, K. Fridanı geri qaytarsa, bu, onun karyerasının inkişafına müsbət təsir göstərə bilər. Bütün cəhdlərinin havayı olduğunu yavaş-yavaş qanan K. dəhlizdə məlul-məlul boynunu büküb durur.
Səhər saat beşdə mehmanxanada bir canlanma yaranır. Məmurların qapılar arxasından gələn səsləri K.-ya toyuq fermasında dan yeri sökülən vaxt quşların oyanışını xatırladır. Nökərlər arabalarla qalaq-qalaq sənəd gətirib otaqlarda məmurlara paylayırlar. Mehmanxana sahibi K.-nı dəhlizdə görcək onu özgə qoruğuna girmiş danatək qovur. Sən demə, gecə qəbullarının məqsədi bu imiş ki, məmur ağalar gündüz onlarda ikrah doğuran sakinləri qaranlıqda tezbazar yola versinlər. K.-nın Qəsrdən gəlmiş iki katibin qəbulunda olduğunu biləndə mehmanxana sahibi ona pivə salonunda yatmağa rüsxət verir. Burada o, Fridadan sonra bufetçi işləyən alyanaq Pepiylə xeyli söhbətləşir, qız ona həyatından, Fridanın məkrindən gileylənir.
Mehtər Gerşteker K.-ya tövlədə iş təklif eləyir. K. anlayır ki, Gersteker onun vasitəsiylə Erlangerdən nəsə qoparmaq istəyir. Gerşteker niyyətini danmır, K.-nı evinə gecələməyə aparır…
Bu epizodda əsərin əlyazması qırılır. Romanın sonluğuyla bağlı müxtəlif versiyalar var. Mərhum filoloq alim Paşa Əlioğlu bu ehtimallar haqda belə yazır: “Əsərin iki sonluğu olacağını görürlər. Birincisi: K. Qəsrə heç bir yol olmadığını görüb təslim olur. İkincisi: K. Kənddə yaşamaq hüququ qazanır. Qəsrə gedən yolda nəyəsə nail olur. Lakin bu hüquq təslim olub qüvvəsini itirmiş, ölməkdə olan bir adama verilir… Məncə, bu iki sonluğun heç biri əsərin məntiqinə uyğun deyil. Əsər məhz sonluqsuz olmalı idi. Bu natamamlıq son səhifələri düşmüş əlyazmanın natamamlığı deyil, romanın məzmunu ilə bağlı yarımçıqlıqdır. K.-nın çıxılmazlığı, vəziyyətinin bütün faciəviliyi sonluqsuz əsərdə daha düzgün əksini tapıb. Eyni zamanda, natamam əsərin ümumiyyətlə təqdim olunmaq haqqına, belə bir sonluqsuz faciənin oxucuya təqdim edilə bilmək hüququna malik olub-olmaması Kafkada böyük şübhələr oyadırdı (bu, onun bir sıra başqa əsərlərinə də aiddir). Buna görə də o, natamam olacaq əsərini natamam saxlasa da (yarımçıq romanın son cümləsi yarımçıq qalıb, lakin bu, onun bitəcəyini sübut etmir), ölümündən sonra çap etdirilməsinə razı olmadı”.
***
Qəsrin nəyi simvolizə elədiyi bu günəcən müzakirə, mübahisə mövzusudur. Kimi bunu yerüstü bürokratiyanın, konkret desək, Avstriya-Macarıstan imperiyasında qurulu saat kimi işləyən total nəzarət aparatının, əzici, rəhmsiz dövlət mexanizminin rəmzi (repressiyaların şıdırğı vaxtı anadan olmuş bir sovet ədəbiyyatçısı demişdi ki, biz Kafkanın yuxularını çin çıxarmaq üçün dünyaya gəlmişik), kimi də amansız kosmik idarəçilik sisteminin, hətta Allahın obrazı kimi qavrayır. Birinci baxış, zənnimcə, romanı konkret ictimai-siyasi dövrün reallıqları çərçivəsinə salmaqla Kafka yaradıcılığının miqyasını kiçiltmək, əhəmiyyətini azaltmaq olar.
İkinci yanaşmaya gəlincə bu, Kafkanın ümumi yaradıcılığı kontekstində həqiqətə çox yaxın yozum kimi görünür, ancaq kiçicik bir düzəlişlə: Kafkanın düşüncə sistemində Allah deyə bir qüvvə yoxdur, hətta onun adına Allah desələr də. Bizə tanış olan Tanrı obrazı yer üzünə, insanlara Günəş kimi sevgi, mərhəmət, nur saçan xilaskar bir qüdrətdir, Kafkanın fövqəlbəşər qüvvəsi isə bəşər övladlarını Ay kimi soyuq, yalançı, saxta parıltısıyla aldadan İblis, Şeytan, Fələk obrazına daha çox bab gəlir. O qüvvə qurtarıcı yox, əzici, dağıdıcı; cəfakeş, əzabkeş yox, cəfa çəkdirən, ağrı, əzab verən qüvvədir.
Bu, başqa məsələ ki, yer üzündə açılan hər tüfəng, atılan hər top göylərin hökmünü yerinə yetirməyə hazır şeytan qurğusu kimi, başqa sözlə, yer administrasiyası (Kənd) göy administrasiyasının (Qəsr) icraçı orqanı, yaxud filialı kimi də təqdim oluna bilər. Əslində, romanda elə belədir, Kəndin vəzifəli, səlahiyyətli şəxsləri Qəsrdən təyin olunur, bütün əmrlər, sərəncamlar yuxarıdan verilir. Gerçəkdən, ikinci yozum birinci yozumu nəinki istisna eləmir, əksinə, onu da içinə alır.
Xəfifcə toxunduğumuz iki populyar yanaşmadan başqa populyar olmayan bir yozum da var ki, ona cidd münasibət bəsləməyi doğru saymıram: guya Kafkanın Qəsrə yol tapmağa can atan qəhrəmanı Avropa sivilizasiyasına inteqrasiya olunmağa çalışan, özlərini qoca qitədə qərib sayan yəhudilərin ümumiləşdirilmiş obrazıdır. Hərçənd bu yozumun da özünə görə yaşamaq haqqı var…
Romanın qəhrəmanı K.-nın yerölçən olması da, zənnimcə, rəmzi məna daşıyır: ayağımız yer tutandan hamımız yer ölçürük. İndi artıq insanın addımlarını sayan qol saatları da icad olunub, odur ki, ömrümüzü addım-addım ölçməklə addımlarımızı ömrümüzün boyuna tuta bilərik.
K.-ya ayrılan iki köməkçini xeyir-şər mələkləri kimi qələmə verənlər də var. Mənə elə gəlir mələklərə Kafka teatrının səhnəsində rol nəzərdə tutulmayıb, K.-ya təhkim olunmuş bir cüt köməkçi fələyin hər bir canlıya hələ ana bətnindəykən qarovulçu qoyduğu iki instinktin rəmzidir. Freyd bunlara Eros-Tanatos deyərdi, ancaq bunlar bir-birinə qarşı duran iki ayrı ehtiras növü də deyil, özünüqoruma instinkti adında bir bölünməz bioloji silahın, ikibaşlı qılıncın bir ucuna ehtiras, o biri ucuna qorxu deyilən iki başı, bir cüt qütbüdür.
O köməkçilər bundan irəli “Məhkəmə” romanının qəhrəmanı Yozef K.-nı da doğum günündən (həbsi ona ad günündə elan olunmuşdu) edamınacan müşayiət eləmişdilər. Özü də qarı Fələyin bu məkrli casusları insanı ölümünə təkcə yola salmırlar, həm də aparırlar. Oynada-oynada gözübağlı aparırlar, çapa-çapa könüllü aparırlar, elə aparırlar ki, məxluqat öz sonuna bayram ziyafətinə tələsən kimi tələsir…