Daha.az Mimi Keyvin “Holland” filmi haqqında Fərid Doğanın “Röyadan kabusa” yazısını təqdim edir.
“Holland” filmi rejissor Mimi Keyvin ikinci tammetrajlı filmidir. Uğurlu debüt filmi “Fresh” ilə tanınan rejissor Keyv bu dəfə Nikol Kidmanı şəhərkənarı həyatın içində itib-batan bir qadın rolunda göstərir. Hadisələr Miçiqan adlı uydurma bir qəsəbədə cərəyan edir və film 2000-ci illərin əvvəllərini xatırladan nostalji atmosferdə keçir. Filmdə Nikol Kidmanla yanaşı, Metyu Makfadyen, Qael Qarsia Bernal kimi aktyorlar da iştirak edir.Vizuallığı ilə təsiredici bir təcrübə vəd edən film Nensi adlı evdar qadının şübhələrinin izinə düşərək öz dünyasını sorğulaması ilə başlayır. Lakin bu səyahət nə qədər cəlbedici başlasa da, ssenaridəki pərakəndəlik və açıq qalan suallar “Holland”ın öz potensialına tam çatmasına mane olur.
Şüurun dəhlizlərində itmək
Mimi Keyv “Holland” filmində şəhərkənarı həyatın saxta rahatlığını kabusa döndərməyi çox yaxşı bacarır. Bir tərəfdən film Holland qəsəbəsini lalələrlə dolu, yel dəyirmanlı bir nağıl kimi təqdim edir, digər tərəfdən isə Keyvin kamerası bu ideal mənzərəni darmadağın edir. Maili rakurslar, kəskin montaj keçidləri və reallıqdan qopan anlar tamaşaçını Nensinin zehninin labirintlərində azmağa sövq edir. “Fresh”də qeyri-adiliklə incəliyi uzlaşdıran Keyv bu filmdə öz istedadından daha qarışıq hekayə danışmaq üçün faydalanır.
Film tamaşaçını 2000-ci illərə qaytarmaqla, sadəcə, nostalji bir görüntü yaratmır, bu həm də Nensinin həyatındakı durğunluq kimi zamanın dayandığı bir məkanı təsvir edir. Köhnə bir monitor və ya kaset səsi…
Bütün bunlar Nensinin həyatı kimi dəyişməkdən inadla imtina edən qəsəbənin ruhunu təcəssüm etdirir. Keyv bu incəliklərlə şəhərkənarı həyatın əsas həqiqətini ortaya qoyur: bərq vuran zahiri görünüşün altında bir çürümüşlük gizlənir. Bu çürümə Nensinin şübhələri ilə üzə çıxarkən, film də onun dünyagörüşünü tamaşaçıya sırımağa çalışır.
Təəssüf ki, Keyvin vizual estetikadakı məharəti Endrü Sodroskinin yazdığı ssenaridəki boşluqlar ucbatından kölgədə qalır. Film bir yerdən sonra, sanki, məqsədini itirir; şəhərkənarı həyatı tənqid etməyə çalışır, yoxsa, sadəcə, bir personaj dramıdır? Əsas sirrin ifşa olunduğu səhnə gərginliyini kulminasiya nöqtəsinə çatdırmalı olduğu halda, əksinə, süjeti darmadağın edir. Keyvin vizual dili bu pərakəndəliyi aradan qaldırmağa çalışsa da, bu, kifayət etmir. “Holland” əvvəldə rejissora məxsus bir nağıl təsiri bağışlasa da, yekunda tamaşaçının gözləntilərini doğrultmur.
Rejissorun qəsəbənin sakit təbiətini gərgin bir atmosferlə əvəz etmək istedadı filmi cəlbedici edən əsas amildir. Lakin hekayə nəqlindəki boşluqlar bu rejissor baxışının tam mənası ilə çiçəklənməsinə imkan vermir. Keyvdən gələcək işlərində vizual məharətini daha güclü bir ssenari ilə birləşdirməsini gözləyirik.
Nensinin kövrəkliyi
Nikol Kidman “Holland” filmində Nensi rolu ilə bir daha mürəkkəb bir qadın obrazı yaradır. Zahirən o, tipik şəhərətrafı anasıdır: oğlu ilə vaxt keçirir, ərinə dəstək olur və ev işləri ilə məşğuldur. Lakin Kidman bu adiliyin pərdəsi arxasında gizlənən kövrəkliyi və boğulmuş qəzəbi heyranedici şəkildə təcəssüm etdirir. Nensinin şübhələri – əvvəlcə itmiş bir sırğa, daha sonra ərinin sədaqətsizliyi – onun beynində bir domino effekti yaradır.
Nensinin ən diqqətçəkən cəhəti isə öz reallığını sorğulamaq cəsarətidir. Gördükləri həqiqətdir, yoxsa, sadəcə, qorxularının təzahürüdür? Kidman bu qeyri-müəyyənliyi üz ifadələri ilə mükəmməl əks etdirir: bir səhnədə məsum bir təbəssüm, digərində isə panika dolu bir baxış. Xüsusilə əri Fredlə üzləşmə səhnələrində səsindəki titrəyiş və əllərinin narahat hərəkəti Nensinin daxili çırpıntılarını aşkar edir. “Big Little Lies” kimi nümunələrdə də gördüyümüz kimi, Kidman ideal görünən həyatların pərdə arxasındakı qüsurları üzə çıxaran obrazları canlandırmaqda tayı-bərabəri olmayan bir aktrisadır.
Lakin ssenaridəki qüsurlar Nensi obrazının tam açılmasına imkan vermir. Film onun keçmişinə dair bəzi işarələr (məsələn, bir travma və ya itki) versə də, bu mövzuları dərinləşdirmir. Nəticədə tamaşaçı Nensinin kim olduğunu anlamaqda çətinlik çəkir və sual açıq qalır: o, həqiqəti görən bir qadındır, yoxsa öz qurduğu təxəyyül dünyasında itib-batan biridir? Kidman bu ssenari boşluqlarını möhtəşəm aktyor oyunu ilə doldurmağa cəhd etsə də, material onun istedadını tam göstərməsinə şərait yaratmır.
Kidmanın “Holland” filmindəki iştirakı filmin ən böyük üstünlüyüdür. Məhz onun sayəsində Nensinin hekayəsi klişeyə çevrilməkdən xilas olur və tamaşaçını özünə cəlb edir. Yenə də insan düşünmədən dərk edə bilmir ki, bu performans daha möhkəm bir ssenari ilə nələrə nail ola bilərdi. Kidman əlindən gələnin ən yaxşısını edir, lakin “Holland” ona layiq olduğu səhnəni təqdim edə bilmir.
Şübhə və sədaqət arasında
Metyu Makfadyen Nensinin əri Fred rolunda sakit, lakin narahatedici bir ab-hava yaradır. Makfadyenin ustalığı ondadır ki, o, Fred obrazını məsumluqla günahkarlıq arasında bir yerdə saxlayır və bu tərəddüd səhnələrə psixoloji gərginlik qazandırır. Nensi şübhələndikcə Fredin o təmkinli davranışı saxta görünməyə başlayır və bu, onun obrazını daha da təhdidkar edir.
Qael Qarsia Bernal isə Deyv rolunda Nensinin həm cinayət yoldaşı, həm də gizli pərəstişkarı kimi hekayəyə daha emosional bir çalarlıq qatır. Deyv qəsəbədə, sanki, yad bir adamdır; Bernal bu özgəliyi obrazına incə bir melanxoliya ilə həkk edir. Nensiyə olan cazibəsi onu təhlükəli bir oyuna çəkir və Bernal bu ümidsiz bağlılığı kiçik jestlərlə – bir baxış, bir anlıq tərəddüdlə – ifşa edir. Deyvin sədaqəti filmin ən insani tərəflərindən biridir.
Bu üç obraz arasındakı əlaqə “Holland”ın əsasını təşkil etməli idi: Nensinin şübhələri, Fredin müəmmalı təmkini və Deyvin təzadlı duyğuları. Məsələn, Nensi və Deyvin gizli şəkildə Fredi izlədiyi səhnələr həm gərginliyi, həm də aralarındakı məhrəmliyi çox yaxşı çatdırırdı. Lakin ssenari bu üçlüyün yollarını birləşdirmək əvəzinə, onları bir-birindən ayırır; sanki, hər biri öz hekayəsində azıb qalır.
Hekayədəki Nensinin oğlu və qəsəbə əhli kimi digər obrazlar isə əsas üçlüyün hekayəsinə dərinlik qatmaq əvəzinə, sanki unudulur. Makfadyen və Bernal kimi güclü aktyorlar belə, zəif material qarşısında aciz qalır və onların personajları ssenaristin əlində cansız bir kukladan o tərəfə keçə bilmir. “Holland” bu üçlükdən bir faciəyə, yaxud qaranlıq bir drama çevrilə biləcək güclü bir enerji alsa da, bu potensialı sona çatdıra bilmir.
Narrativ boşluq
“Holland” filminin əsas gücü onun vizual dilindədir; bu səbəbdən qəsəbənin lalə zəmiləri, yel dəyirmanları və köhnə dəbli ev interyerləri, sanki, bir röyanın parçaları kimi təqdim olunub. Keyvin operator Pavel Poqojelski (“Hereditary”, “Midsommar”, “Fresh”) ilə birgə işi sayəsində hər kadr bir rəsm əsərini xatırladır: Nensinin evinin ensiz dəhlizləri qapalı məkan qorxusu yaradır, çöl isə əksinə, aldadıcı bir rahatlıq hissi verir. Məhz bu təzad filmin əsas fəlsəfi sualını görüntünün dili ilə soruşur: Gördüyümüzlə həqiqət eynidirmi?
Aleks Somersin (“Honey Boy”, “Fresh”, “Nickey Boys”) bəstələdiyi musiqilər isə bu vizual dünyanı mükəmməl şəkildə tamamlayır. Zərif melodiyalarla başlayan musiqi zamanla təhdidkar bir tona çevrilir və Nensinin zehnindəki qarmaqarışıqlığı sanki səsə çevirir. Səs və görüntünün harmoniyası sayəsində “Holland” tamaşaçını öz dünyasına həbs edən, bəzi anlarda isə hipnotik təsir bağışlayan bir film olur. Rejissor bütün bu sinematoqrafik üsullarla şəhərətrafı həyatın nə qədər riyakar olduğunu göstərməyə çalışır.
Lakin bu vizual ziyafətin arxasında bir boşluq gizlənir. Hekayə Nensinin şübhələrinin izinə düşərkən əsas məcrasından yayınır. Qəsəbənin gizli önyarğıları, Fredin keçmişi və Deyvin motivləri tez-tez gündəmə gəlsə də, heç birinin üzərində ətraflı dayanılmır. Əsas sirr ortaya çıxanda isə bu qarmaqarışıqlıq daha da nəzərə çarpır; çünki “tvist” (gözlənilməz dönüş) gərginliyi aradan qaldırmaq əvəzinə hekayəyə zərər vurur.
“Holland” estetik cəhətdən təsiredici bir film kimi izlənilməyə dəyər, lakin hekayə nəqli baxımından çox zəifdir. “Prime Video”da yayımlanan bu film gözqamaşdırıcı bir görüntü təqdim etsə də, süjet baxımından tamaşaçını qane etməsi çox çətindir. Şübhəsiz ki, Keyv istedadlı rejissordur, amma o, bu istedadını boşuna sərf etmək əvəzinə, onu layiq olduğu səviyyədə bir ssenari ilə tamamlamalıdır.