On beş min səhifəlik romanın müəllifi – Əbədi guşənişin haqqında İLK DƏFƏ

Daha.az amerikalı yazıçı və ekspressionist rəssam, 15000 səhifəlik “Qeyri-real səltənət” adlı fantastik romanın müəllifi, ölümündən sonra məşhurlaşan Henri Darcerin həyat və yaradıcılığı haqqında məqaləni təqdim edir.

 

Henri Darcer

Qarı sovuran külək Çikaqo küçələrində uğuldayır. Hündür boylu cavan oğlan Müqəddəs İosif hospitalından çıxıb yavaş-yavaş mənzilinə – kirələdiyi balaca otağa gedir. İçəri girib əynindəki əsgər şinelini soyunur, stol arxasına keçib oturur. Stolun üstündə dəstə-dəstə kağızlar və qəzetlərdən, jurnallardan, komikslərdən, açıqcalardan kəsilmiş şəkillər qalaqlanıb.

Cavan oğlanın adı Henri Darcerdir.

Amma soyadının yazılışı dəqiq deyil. Bir qonşusunun dediyinə görə, onun əsil soyadı “Darger”dir, o biri qonşu isə soyadın “Darjer” olduğunu iddia edir.

Məlumatlarda 1892-ci il aprelin 12-si anadan olduğu yazılır. Dörd yaşı olanda anası doğuş vaxtı vəfat edir və təzə doğulan qızı başqa ailəyə himayəyə verirlər, Henri onu heç vaxt görmür.

Anasının ölümündən sonra Henri axsaq atasının, yəni böyük Henri Darcerin himayəsində qalır. Məcburən hər şeyi öyrənməli olur: evi yığışdırır, bazarlıq edir və atasının müxtəlif qulluqlarını yerinə yetirir. Əvəzində atası ona yazıb-oxumaq öyrədir ki, bu da ona məktəbin birinci sinfindən birbaşa üçüncü sinfinə keçməsinə kömək edir.

Henrinin səkkiz yaşı olanda atası da xəstələnir və bir müddətdən sonra öləcəyi Müqəddəs Avqustin adına yoxsullar sığınacağına göndərilir. Henri isə yetimxanaya verilir. Bəzi mənbələrdə Henrinin özündən böyük iki qardaşının olduğu deyilir, amma onların taleyi naməlumdur. Bu məlumatların dəqiq olub-olmadığını bilmirik, amma hər halda, Henri heç vaxt qardaşları və bacısı ilə görüşmür.

Məktəbdə “ağzı və burnu ilə müxtəlif səslər çıxartdığı” üçün onu həkim müayinəsinə göndərirlər. Nəticədə, on iki yaşlı Henri psixi xəstəliyi olan uşaqlar üçün sığınacağa yerləşdirilir. Sığınacaqdakı uşaqlarla pis rəftar edir, ağır ferma işləri gördürürlər. Henri bir ildən sonra qaçır, gizləndiyi yük vaqonundan tutulub fermaya qaytarılır və cəza kimi ata bağlanıb ferma boyu sürüdülür.

İkinci cəhdi də uğursuzluqla nəticələnir. Nəhayət, on yeddi yaşı olanda həyata keçirtdiyi üçüncü cəhdi uğurlu alınır və Henri Çikaqoya qayıdır. Müqəddəs İosif hospitalında dalandar və təmizlikçi vəzifəsinə düzəlir, təqaüdə çıxana qədər burda işləyir. Henrinin həyatında başqa diqqətəlayiq hadisə yoxdur. Ya da yox, biri var. Onu Birinci Dünya Müharibəsi dövründə qısa müddətlik orduya çağırırlar, sonra təzədən Çikaqoya qayıdır. Ömrü boyu guşənişin həyat sürür. Yeganə dostu sığınacaqda tanış olduğu Uilyam Şlöder olur. Onlar kimsəsiz uşaqlar üçün sığınacaq açmaq istəsələr də, bu istəyə nail olmurlar, amma məktublaşma vasitəsilə saxladıqları dostluq Şlöder ölənə qədər davam edir.

Henri Darcer işə gedib-gəlir, hər gün kilsə ibadətlərində iştirak edir və qalan boş vaxtını otağında keçirir. Otuz il ərzində həyatının ən vacib əsərini, qul uşaqların quldarlara qarşı mübarizəsindən bəhs edən “Qeyri-real Səltənətdə qul uşaqların üsyanları nəticəsində baş vermiş Qlandeko-Angelin müharibəsinin fırtınası fonunda Vivian bacılarının hekayəsi” romanını yazır. Üsyanların təşkilatçısı Vivian soyadlı yeddi bacıdır. Violetta, Coys, Cenni, Ketrin, Deyzi, Heti və Yevangelina adlanan qızlara əjdaha da kömək edir. Dörd illik müharibədən sonra uşaqlar qələbə qazanır, amma bacılardan çoxusu müharibənin gedişatında həyatını itirir.

Roman düz on beş min yüz qırx beş  səhifədən ibarətdir. Hadisələr Qeyri-real səltənət adlanan ayrıca planetdə baş verir, Yer kürəsi həmin planet üçün Ayı əvəz edir. Darcerin mistik dünyasında çox şey var: kəpənək qanadlı uşaqlar, uçan ilanlar, uşaqlara əziyyət verən, işlədən, onları ölmüş uşaqların ürəyini yeməyə məcbur edən quldar generallar və s.

Henri romanı yazmaqla bərabər, onun mövzusunda yüzlərlə şəkil də çəkir. Bəzən akvarellə, bəzən isə qəzet və jurnallardan kəsdiyi şəkillərin üstünə əlavələr etməklə. Şəkillərdə, adətən, əziyyət görən çılpaq qız uşaqları təsvir olunur və nə üçünsə qızların penisi var. Romanı iyirmi yaşlarında aldığı yazı makinasında çap edib hər biri min səhifədən ibarət on beş cilddə tikir. Elə həmin makinada da bu romanın davamı olan “Ağılsız ev”i yazır. O cəmisi yeddi cilddir – yeddi min səhifə.

1913-cü ildə şahidi olduğu tornadonu isə axırıncı romanında təsvir edir. “Şirin piroq” adlanan bu roman o birilərə nisbətən daha qısadır – dörd min səhifə. Bundan başqa, ədəbi irsinə bir neçə onillik ərzində tutduğu hava proqnozu gündəliyi və başqa gündəliklər daxildir. Bir də otağından hospitaldan gətirdiyi bir neçə min şüşə dərman qabı tapılır…

Ömrünün son bir ilini qocalar evində keçirir. Kirələdiyi otağın yiyəsi onun yanına gəlib otaqdakı kitabları və yüzlərlə şəkli nə etmək lazım olduğunu soruşanda Henri soyuqqanlıqla deyir: “Nə istəyirsən elə”.

Ölümündən sonra məşhurlaşan və hazırda Amerikanın ən məşhur andeqraund rəssamlarından hesab olunan Henri Darcer 1973-cü il aprelin 13-ü dünyasını dəyişir. Baş daşında “Rəssam. Uşaq hüquqları müdafiəçisi” yazılır.

Deyirlər, onun romanlarını axıra qədər oxuyanlar var. Həmin əsərlər Darcerin ev muzeyində qorunur. “Qeyri-real səltənət” isə çox sadə bir səbəbdən ötrü – hər hansı bir nəşriyyat tərəfindən çap edilmədiyi üçün dünyanın ən uzun romanları siyahısına düşə bilmir.

İllərdir tədqiqatçılar onun rəsmlərini tədqiq edib müxtəlif versiyalar irəli sürür. Henri Darcerin adına ruhi xəstəlik də daxil olmaqla müxtəlif xəstəliklər yazılır, hətta onun seriyalı qatil olduğunu iddia edənlər də var. Rəsmlərinin qiyməti isə günü-gündən artır.

…Qarı sovuran külək Çikaqo küçələrində uğuldayır. Hündür boylu cavan oğlan Müqəddəs İosif hospitalından çıxıb yavaş-yavaş mənzilinə – kirələdiyi balaca otağa gedir. İçəri girib əynindəki əsgər şinelini soyunur, stol arxasına keçib oturur. Gözünə yeddi balaca qız uşağı görünür. Qızlar ona deyirlər: “Bizi xilas elə!” Cavan oğlan başını tərpədib yazmağa başlayır…

Həmid Piriyev

OXŞAR XƏBƏRLƏR