Avstraliya hökuməti 16 yaşdan aşağı şəxslərin sosial media istifadəsini məhdudlaşdıran qaydalarına YouTube platformasını da əlavə edib. Yeni qərara əsasən, 10 dekabrdan etibarən 16 yaşdan aşağı uşaqlar YouTube-da hesab aça bilməyəcək, lakin platformanı qonaq kimi izləməyə davam edə biləcəklər.
Bu dəyişiklik ölkənin internet təhlükəsizliyi üzrə qurumu eSafety Komissarlığının tövsiyəsi ilə həyata keçirilib. Aparılan araşdırmalara əsasən, Avstraliyada 10–15 yaşlı uşaqların 75%-i YouTube-dan istifadə edir və zərərli məzmuna məruz qalan uşaqların 37%-i bu məzmunu məhz YouTube platformasında görür.
Baş nazir Entoni Albanese məsələ ilə bağlı sosial medianın gənclər üçün ciddi təhlükə yaratdığını və bu addımı onların təhlükəsizliyini təmin etmək üçün atdıqlarını bildirib.
YouTube isə bu qərara etiraz edərək öz platformasının sosial media deyil, video paylaşım xidməti olduğunu vurğulayıb.
Qeyd edək ki, bu qadağa daha əvvəl TikTok, İnstagram, Facebook, Snapchat və X (keçmiş Twitter) kimi platformalara da tətbiq olunmuşdu.



