Daha.az “Ədəbiyyatımızın kədərli dəqiqələri” rubrikasından Fərid Hüseynin Abbas Səhhət haqqında yazdığı “Həqiqətə könül verməyin axırı…” adlı yazısını təqdim edir.
Atası məktəbdar olan Abbas Səhhət ondan müəllimliyi – daim öyrətməyin yollarını, bilgilərini paylaşmağın dürlü-dürlü üsullarını öyrənmişdi. Anası isə mərsiyyəxan idi, ondansa xalqın dərdlərinə ağlamağı, yanmağı əxz etmişdi. Bu iki həyat müəllimindən öyrəndikləri bütün ömrü boyu onun taleyinə “işıq tutdu”. Amma o taleyə işıq tutdu ki, o tale, o bəxt yazısı öz-özlüyündə nur parçası olsa da, sahibi üçün ucsuz-bucaqsız qaranlıq zəminlər yaratdı. O qaranlıq zəminin, sadəcə, bir vaqeəsini nağıl edəcəyəm, onsuz da onun bütöv ömür hekayətinin acı dəhşəti çoxlarımıza gizli deyil.
***
Abbas Səhhət Tehranda Tibb Universitetini bitirəndən sonra könülsüz də olsa maddi çətinliklərini aşmaq, bir az pul toplayıb Şamaxıya qayıtmaq üçün İranda həkimlik edir. Abbas Səhhətin tehranlı günləri barədə şair, maarifçi ədib Cəmo bəy Cəbrayılbəyli “Xatirələrim” adlı kitabında (Bakı: Azərnəşr, 1966, səh. 112-114 (192 s.) şairin dilindən eşitdiyi bir xatirəni yada salır: “Tehran Universitetini qurtarıb həkimlik diplomu aldım. Məqsədim vətənə qayıtmaq idi. Lakin məndən asılı olmayan səbəblərə görə məşhur Qaşqay xanı Zərqam üs-Səltənənin saray həkimi işləməli oldum. Bu, çox ağır vəzifə idi. Mən bədəncə çox zəif olan xanın səhhətinin keşiyində durmalı, onun həyatı üçün məsuliyyət daşımalı idim. Bunun üçün isə onun yaşayış tərzini, psixologiyasını yaxşı öyrənmək, ciddi tibbi rejim gözləmək lazım idi. Xan vücudca çox zəif idi. Arabir quru öskürək də onu narahat edirdi. İştahası çox pis idi. Xüsusilə, qidalı yeməklərdən qaçırdı. Buna görə də çox arıq və əsəbi idi… Xana qəlyan çəkmək olmazdı. Onun ciyərləri zəif idi. Qəlyan isə bədənini davamlı olaraq zəhərləyirdi… Cürətimi toplayıb dedim:
– Xan həzrətləri! …Səhhətiniz üçün birinci növbədə qəlyanı atmaq lazımdır. Qəlyan sinənizə çox zərərdir. Sinə narahatlığınızın əsas səbəbi qəlyandır. Bu bəndənizin həkim kimi qəti fikridir.
Xanın birdən-birə dodaqları əsdi, bütün bədəni titrəməyə başladı və cingiltili səslə qışqırdı:
– “Pədər soxtə” (atası yanmış – F.H.), sən nə danışırsan? Sinə mənə qəlyan çəkmək üçün lazımdır. Qəlyan çəkməkdən məni məhrum edən sinə nəyimə lazımdır?!”
Və qəzəblənən xan Abbas Səhhəti döydürür və şair ordan canını birtəhər qurtarıb Vətənə qayıdır.
***
Bura qədər yazdıqlarım ağrılı bir reallıqdan doğan faktdır. Bu hadisə haqqında danışılıb da, bu vaqeənin üstündən sükutla keçilib də, Abbas Səhhət barədəki bəzi mənbələrdə bu dəhşət zaman-zaman pərdələnib də. Amma məni düşündürən başqa məsələdir.
Abbas Səhhət həmin illərdə İranda fars ədəbiyyatının ustadları ilə həmnəfəs ola-ola “Şeyx Sədi” və “Xacə Hafiz” şeirlərini yazan, Lafontenin təmsillərini fransızadan dilimizə tərcümə edən, bir sözlə başdan-başa ədəbiyyatla dolu, Füzuli hafizinə çevrilən biri pulsuzluq ucbatından xanın o murdar vücudunun qeydinə qalmalı olub, ədəbiyyatdan, sözdən az müddət də olsa, uzaqlaşıb.
Ədəbiyyat vasitəsi ilə dünyanın ağır dərdləri, çözülməz müşkülləri ilə uğraşmalı ikən qanmaz, dilbilməz bir xana qəlyan çəkməyin ziyan olduğunu, bu bəsit həqiqəti anlatmağa çalışıb, onu da “bacara bilməyib” və nəticədə kötək yeyib, dildən pərgər olan xan onun atasını yamanlayıb.
Abbas Səhhət Tehranda olarkən Abdulla Şaiqə yazdığı məktubda Şərqdə klassiklərə qiymət verilmədiyini ürəyi yana-yana vurğulayır. Bu acı həqiqət onun könlünü yamanca incidir. Ancaq görün, öz dövründə zamandaşları tərəfindən başı nələr çəkib. Hikkəli xan elə bilirmiş ki, qəlyan çəkməsə, xanlıq əzəmətini, heybətini itirəcək, daha onun əvvəlki qətiyyətli görkəmi olmayacaq.
Abbas Səhhət isə həm fiziki, həm də mənəvi cəhətdən xanın içini, daxili aləmini duyur və vicdanla öz işini görürmüş.
Mənimçün aqilin qanmazı qandırmağa çalışdığı – Abbas Səhhətin xana qəlyan çəkməyin ziyan olduğunu anlatdığı, sağlam ağlın xəstə zehniyyəti sağaltdığı, mübarək vucudun gərəksiz bir ət parçasının xidmətində dayandığı vaxt, vecsiz səlahiyyət sahibinin hüdudsuz mənəvi aləm yiyəsi ilə sinə-döş olduğu, könlüdolu adamın içiboş adama möhtac qaldığı an ədəbiyyatımızın ən kədərli dəqiqələrindəndir.
Elə mühtiş, elə qorxunc dəqiqə ki, o dəqiqə əbədiyyətəcən uzanmaqdadır…
Abbas Səhhət bir şeirində şairliyin düsturunu verirmişcəsinə yazırdı: “Şair oldur ki, həqiqətlərə dildadə ola”. Yəni əsl şair həqiqətə könül verməli, ancaq və ancaq ona bağlanmalıdır.
Fəqət bu kəlmələr sadə bir şeirdə deyilirdi. Həyat isə başqa söz deyirdi, özgə bir gerçəkliyik mənzərəsi yaradırdı axı: “Buyur! Bu da həqiqətə könül verməyin axırı”.