Daha.az Filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “İNTERNET FOLKLORU: NƏZƏRİ-METODOLOJİ KONTEKST VƏ FOLKLORİK MƏNA YARADICILIĞI” elmi əsərindən bəzi paraqrafları təqdim edir.
…İnternet folkloru adından da göründüyü kimi, insanlar, cəmiyyətlər, dövlətlər, millətlər, xalqlar arasında kommunikasiyanın “apogeyi” hesab olunan İnternetin – qlobal şəbəkənin üzərində qurulmuşdur. Odur ki, İnternet folkloru anlayışının dərki və izahı ilk növbədə bəşəriyyətin keçdiyi tarixi mərhələlər kontekstində kommunikasiya texnologiyalarının meydana gəlməsi və həmin texnologiyaların cəmiyyətin, sosial münasibətlərin formalaşmasına, sosial-mədəni mühitə və yaradıcılığa təsiri ilə birbaşa bağlıdır. Çünki bəşəriyyət hazırkı çağa qədər epoxal dəyişikliklərə səbəb olan elmi-texnoloji tərəqqinin təsiri ilə şifahi mədəni mühitdən yazılı mədəniyyətə, oradan isə elektron sivilizasiyaya keçid etmişdir. Lakin epoxal dəyişmələr və bütün sferalarda gedən transformasiyaların əsas hərəkətverici qüvvəsi elmi-texnoloji inkişafın nəticəsi olan kommunikasiya faktorudur. V.Onq, haqlı olaraq, mədəniyyətin tipologiyasının müəyyənləşdirilməsində kommunikasiya faktoruna (səs-söz; ağız-qulaq; yazı-göz) diqqət yönəldir. İnternet kommunikasiya texnologiyalarının meydana gəlməsi və şifahi biliyin ötürülmə kanallarının genişlənməsi təkcə xalq biliyinin formasında deyil, eyni zamanda məzmununda da dəyişikliklər yaratmışdır.
Belə bir vəziyyət Alan Dandesin sosial-antropoloji baxışları işığında İnternet folkloru problemini təhlil etməyi zəruri edir. Alan Dandes xalqı “sosial qrup” kimi konseptləşdirərək yazırdı: “ “Xalq” termini ən azı bir ümumi faktoru paylaşan hər hansı bir insan qrupuna aid edilə bilər”. Xalq və biliyə bu rakursdan yanaşma İnternet mühitində meydana gələn sosial-mədəni prosesləri, folklorik məna yaradıcılığını, kibersosial qrupları öyrənmək üçün geniş perspektivlər yaradır.
Məlum olur ki, sosial media informasiyası ilə “qidalanan” insanın ixrac etdiyi bilik də, şübhəsiz ki, həm məzmun, həm də forma baxımdan öz qaynağına bənzəməkdədir. Belə bir şəraitdə vaxtilə kəndin (“kəndlinin”), daha sonra şəhərin (“şəhərlinin”) real sosial mühitin “güzgüsü” olan folklor, hazırda virtual-sosial mühitin (“virtual insanın”) gerçəkliyinin təcəssümüdür.
…Şifahi nitq şifahi yaddaşa əsaslandığından onun zaman və məkan baxımından miqyası olduqca məhdud olmuş, yazının kəşfi isə “informasiyaların qeydiyyatı, uzun müddətə yadda saxlanması, məkan və zamana görə yayılması üçün… geniş imkanlar yaratmaqla həm də fərdiliyə, fərdi üslub və mövqeyin ortaya çıxmasına təkan vermişdir.
Kitab çapının meydana gəlməsi isə kollektiv təcrübə və biliyin daha yaxşı qorunması və tirajlanmasını asanlaşdırmaqla onun həm məkan, həm də zaman baxımından daha uzaq məsafələrə çatmasına, daha böyük kütlələrə ötürülməsinə şərait yaratdı. Təbii ki, kommunikasiyanın inkişafı sahəsində ən fundamental kəşf kompüterin və İnternetin meydana gəlməsi ilə xarakterizə olunur. İnternetin çox sürətlə genişlənməsi, virtual kommunikasiya imkanlarının artması virtual aləmin meydana gəlməsinə, insanın bu mühitdəki təcrübəsinin formalaşması isə virtual reallığı özündə əks etdirən mədəniyyətinin yaranmasına gətirib çıxarmışdır.
İnternet folkloru, əslində, dünyanı və özünü anlamağa çalışan insanın virtual gerçəkliyi müxtəlif məna və metaforalarla, assosiasiya və işarələrlə qavramasının və kollektiv yaradıcılıqda ifadə etməsinin nəticəsidir.
…Trevor Blank “Folklor və internetin araşdırılmasının konseptual əsasları” adlı məqaləsində Riçard Dorsona istinadən yazır ki, “çox az müddətdən sonra nə folklor, nə də onu öyrənmək üçün folklorşünasa ehtiyac olmayacaq”. Təbii ki, belə bir münasibət zamanla öz təsdiqini tapmadı və Kirşenblatt-Gimblettin müasir dövrdə folklora hər yerdə – “mediada və şəhərdə” rast gəlinməsi ilə bağlı baxışının doğru olduğunu sübut etdi. Riçard Dorsonun folklorun məhv olaraq aradan qalxması fikrini tənqid edən Kirşenblatt-Gimblett yazır ki, “folklor texnologiya, xüsusilə də kommunikasiya texnologiyaları hesabına yaranmış və müəyyənləşmişdir”. Dan Ben Amos isə folklorun araşdırma mövzusunun yoxa çıxması ilə əlaqədar olaraq onu öyrənən elmin də həmin taledən qaçmasının mümkün olmadığını yazırdı.
Dan Ben Amosun və Riçard Dorsonun folklora belə münasibətini tənqid edən Alan Dandes yazır: “Amma folklor məhv olmur, əksinə, elektron poçt və internet üzərindən yayılmanın inkişafı hesabına müasir dünyada canlı və diri qalmağa davam edir”. Dan Ben Amosun folklorun meydana gəlməsindəki “üz-üzə ünsiyyət” şərtinə qarşı S.Bruner rəqəmsal folklor “üz-üzə qarşılıqlı əlaqə”-dən doğan folklor fikrinə etiraz yaratmaqdadır” deyirdi. Beləliklə, şəhərləşmə, sənayeləşmə, bütövlükdə texnoloji inkişaf folklor yaradıcılığına nəinki neqativ təsiri olmuş, əksinə, folklorun diferensiallaşması, yeni mövzu və məzmunlar kəsb etməsi, yeni forma və qəliblərdə ifadə olunması, daha sürətli yayılması və ötürülməsi üçün həyati əhəmiyyət kəsb etmişdir.
…“Yazmaq”, yoxsa “danışmaq”?” Ənənəvi kommunikativ mühitdə folklorun ifası söz, səs və ya hərəkətlə müşayiət olunur, bilik şifahi yolla ötürülür. V.Onqa görə, dilin dəyişməyən ən mühüm mahiyyəti onun “təməldən şifahi – sözlü olmasıdır” Hətta alim yazır ki, “yazı heç vaxt şifahi təbiətindən əlaqəsini qopara bilməz”. Deməli, hər hansı bir folklor mətninin yazılı şəkildə olması onu folklorun şifahilik prinsipindən, sözün şifahilik təbiətindən məhrum edə bilməz. Çünki şifahi mətn kollektiv reaksiya və ortaq maraqlara söykənməsindən tutmuş, yayılma, ötürülmə, dövretmə, variantlaşma və s. parametrlərinə qədər bütün əlamətləri ilə yazılı mətndən fərqlənir. Hazırda xalq biliyinin bütün potensialı rəqəmsal texnoloji vasitələr hesabına “üz-üzə” söhbətdən daha çox, virtual ünsiyyətdə reallaşmaqdadır.
Virtual kommunikasiyada xalq biliyi yazı, şəkil, rəsm, video, animasiya, fotomontaj, “caps” və s. ilə təcəssüm olunur. S.Brunerin də qeyd etdiyi kimi, “birinin lətifə “danışmaq” üçün klaviaturadan istifadə etməsi” yazı yazmaqdan daha çox, söhbət etmək, danışmaq təəssüratını yaradır. Bu halda “klaviatura və ekranın birləşməsindən doğan vernakular kommunikasiya” ortaya çıxır ki, bu da birbaşa olaraq təfəkkürün “danışıq”, “söhbət” modelinə əsaslanır. Rus alimi M.V.Zaqidullina internet məkanındakı ünsiyyəti “folklor təbiətli kommunikasiya” adlandırır. S.Bruner yazır ki, “İnternet kompüter monitoru vasitəsilə ənənəni asanlaşdırır, əlaqələndirir və yaxud yaradır”. Əslində, burada söhbət ənənənin və yaxud da folklorun yaranması, yayılması və ötürülməsinin yeni reallıq – kompüter və İnternetin hesabına asanlaşmasından gedir.
…İnternet folklorunun anonimliyi məsələsini təhlil etmək üçün ilk öncə Aşıq yaradıcılığının folklor təbiətini nəzərdən keçirmək lazımdır. Hesab olunur ki, aşıq yaradıcılığı nümunələrinin müəllifinin bəlli olması, eləcə də aşıqların konkret bir zaman kəsiyində yaşayıb-yaratması folklorun anonimlik prinsipinə uyğun gəlmir. Lakin nəzərə almaq lazımdır ki, “aşıq şeiri şifahi şəkildə daha çox yayılır, variantlaşır”53. Eyni zamanda aşıq şeirindəki təkrarlanmalar onu yazılı ədəbiyyatdan fərqləndirən xüsusiyyətdir.
Təsadüfi deyildir ki, burada musiqinin xüsusi rolu, sazın sakral spesifikası, “bədahətən söz demə” məsələləri xüsusi fərqləndirilir. Beləliklə, şifahi ünsiyyətin bu şəkildə işləmə mexanizmi mədəni yaradıcılığı fərddən kollektivə doğru dəyişir. Virtual kommunikasiyanın təbiəti ilə bağlı aparılan tədqiqatlarda ünsiyyətin bu tipinin yazılı olması barədə yekdil fikir mövcud deyildir. Məlum olur ki, virtual kommunikativ mühit rəqəmsal, yazılı, qrafik işarəli və s. olmasına baxmayaq, buradakı ünsiyyətin psixoloji prototipində şifahilik – danışmaq, söhbət etmək emosiyası dayanır. Şübhəsiz ki, virtual kommunikasiya üz-üzə ünsiyyətdən fərqli spesifikaya malikdir. Təsadüfi deyildir ki, T.Blank A.Bakutelliyə istinadən yazır ki, “rəqəmsal performans üz-üzə ünsiyyət kontekstindən daha fərqli sosial dinamikaya malikdir”. Əslində sosial şəbəkələrin strukturu (İstifadəçi-İnformasiyakommunikasiya mühiti) folklorun üz-üzə icrasındakı tərəfləri (Söyləyici-Mətn-Auditoriya) xatırladır. Lakin virtual folklor performansı “İnternet vasitəsilə uzaqdan-uzağa və fərddən fərdə ötürülmə şəklində” özünü göstərir. İnternet istifadəçisi virtual folklor performansında həm folklor faktını yaradan, həm də paylaşan (söyləyən) kimi çıxış edir.
S.Bruner bu vəziyyəti – bilik istehsal edənlə istehlak edənin bir statusda birləşməsi kimi xarakterizə edir. Düşünürük ki, bu proses folklorik resursun çox sürətlə dəyişdirilməsinə və variantlaşmasına gətirib çıxarır. Nəticədə, cari situasiya və maraqlar kontekstində ortaya çıxan folklorik faktın ilkin mənbəyi öz əhəmiyyətini itirir. Odur ki, rəqəmsal folklor performansında yaradılan, paylaşılan və ya dəyişdirilən folklor faktları müəllifliyə “iddiasızlıq” emosiyası çərçivəsində ortaya çıxır.
…Azərbaycandilli virtual mühitdə yaranan atalar sözləri və deyimlər, əslində, atalar sözlərinin parodiyası – triksterik interpretasiyası kimi izah olunmalıdır. Anoloji vəziyyətlə “Bikarçılıq böyük nemətdir”, “Arvadın qocaldı, qulluqçuya yanaş”, “Yazıçı qəmiş olar” kimi parodik atalar sözlərinin – triksterik interpretasiyanın yer aldığı “Molla Nəsrəddin” jurnalında qarşılaşırıq. İnternet atalar sözləri və deyimlər istər leksikonu, istər ifadə etdiyi məna və məzmunu, istərsə də forması baxımından ənənəvi nümunələrdən tamamilə fərqlənir. İnternetdə meydana çıxan “qaqalar sözü” və “analar sözü” əslində, atalar sözlərinin parodik interpretasiyası olub, ənənəyə metaforik-simvolik planda protestin ifadəsidir. Azərbaycandilli virtual mühitdə meydana çıxan “Bu günün işini sabaha saxlama, o birisi günə saxla, iki gün beynin dincəlsin”, “Suyun lal axanı, adamın manitora baxanı”, Eynşteynin dilindən deyilən “Yaxşı oğlan şortik geyinməz” və “Kişilər üçün ən gözəl idman arvad sözüylə oturub durmaqdı” və s. kimi nümunələr, əslində, ənənəvi kollektiv mədəni yaddaşda mövcud olan analoji deyimlərin parodiyasıdır. P.Seçkin bu tipli nümunələri “anti atalar sözləri” kimi təhlil edir.
Beləliklə, İnternet mühitinin anonimlik imkanı, istifadəçilərin əsasən gənclərdən təşkil olunması, kollektiv düşüncə və rəylərin fərdi interpretasiya və mövqe üzərindən ifadəsi, informasiya cəmiyyəti ideologiyasının fəlsəfi olaraq yeniliyə, alternativ baxış və mövqeyə söykənməsi atalar sözlərinə münasibətdə də yeni reallığın – anti-atalar sözləri, parodik atalar sözləri, ironik atalar sözlərinin ortaya çıxmasına səbəb olmuşdur. …Azərbaycandilli virtual mühitdə meydana çıxan yeni obrazlardan biri Albert Eynşteyndir. Burada Eynşteyn kollektiv düşüncəni təcəssüm etdirən müdrik obraz kimi özünü göstərir. Lakin bu müdriklik ağsaqqallıqla triksterliyin vəhdətində, ciddiliklə komikliyin kəsişməsindədir.
Bu mənada Eynşteynin folklorik obrazı Molla Nəsrəddini xatırladır. Albert Eynşteyn obrazı təbiəti etibarilə qlobal xarakterli olsa da, aktuallaşdığı məqamda yerli və lokal spesifika kəsb etməkdədir. Azərbaycandilli virtual mühitdə Albert Eynşteyn obrazı sosial tribuna funksiyasını həyata keçirir.