Karl Marks və Stüart Mill Şərqə eyni gözlərlə baxır – İLK DƏFƏ

DAHA.az məşhur şərqşünas Eduard Səidin “Orientalizm” (“Şərqşünaslıq”) kitabından növbəti hissəni təqdim edir.

Qeyd edək ki, “Orientalizm” ilk dəfə Azərbaycan dilində təqdim edilir. 
Kitabı dilimizə Aqşin Yenisey uyğunlaşdırıb. 

ƏVVƏLİ BURADA 

“Onlar özlərini təmsil edə bilməzlər, onları təmsil etmək lazımdır”.
Karl Marks, “Lui Bonapart”

“Şərq (özlüyündə) bir peşə (sahəsidir).”
Benjamin Dizrayeli, “Tankred”

 

İndi bəhs etdiyim öz həqiqətlərimin üç əsas cəbhəsindən danışacağam və bu araşdırmalara niyə başladığımı, bu kitabı niyə yazdığımı izah edəcəyəm.

  1. Xalis bilgi ilə siyasi bilgi arasındaki fərq: Şekspir və Vordsvordun sahib olduqları bilgiləri Çin və SSRİ-nin (keçmiş) sahib olduqları bilgilərlə müqayisə etmək və birincilərin siyasi olmadıqlarını, ikincilərin isə tamamilə siyasi münasibətlər olduğunu irəli sürmək çox asandır. Rəsmi və peşəkar etiketimə görə mən bir “hümanistəm”, yəni “insanlıq” məsələləri ilə məşgulam. İnsanı maraqlandıran bilgilər mənim çalışdığım sahədir. Buna görə də peşəkar fəaliyyətimin heç bir halda siyasətlə bağlı ola bilməyəcəyi bir həqiqətdir. İstifadə etdiyim deyimlərin və əsaslandığım etiketin hər kəsə açıq olmadığını bilirəm, ancaq burada izah etməyə çalışdığım umumi reallığı hər kəs çox yaxşı bilir. Vordsvorddan yazı yazmağın, yaxud Kits haqqında fikir bildirməyin siyasətlə yaxından-uzaqdan bir əlaqəsinin olmayacağını deyirlər, belə qəbul olunur ki, bu fəaliyyətlərin gündəlik həqiqətlərə bir o qədər təsiri yoxdur. Məsələn, sovet iqtisadiyyatı (keçmiş) sərhədləri aydın olan bir araşdırma mövzusudur və sadəcə, hökuməti maraqlandırır.Tədqiqatçının işləri və fikirləri siyasətçilər və hökumət idarələri tərəfindən gözdən keçirilir, müxtəlif təşkilatlarda vəzifə daşıyan iqtisadçılar tərəfindən yararlı hala salınır, faydalanmaq üçün peşəkarlara və təhlükəsizlik orqanlarına təklif olunur. Humanistlərlə, işi və ya fəaliyyət sahəsi siyasətlə bağlı şəxslər arasındakı detalların siyahısını daha da uzatmaq mümkündür. Bundan ötrü, məsələn, birincilərin siyasi rəngi ikincilər üçün heç bir dəyər daşımaya bilər. Tədqiqatçının stalinçiliyə, faşizmə, yaxud həddən artıq liberallığa bağlılığı öz əhatəsi və dostları üzərindəki təsir imkanları üçün vacib olmaya bilər. Halbuki ikinci şəxslər ideologiyalarını məslək seçmiş adamlardır. Amerika universitetlərində iqtisadiyyat, siyasət və sosiologiya ideoloji elmlər kimi öyrədilir, buna görə də bu sahələr tamamilə “siyasi” olaraq xarakterizə olunur.

Günümüzdə Qərbdə istehsal olunan məlumatın çoxu (xüsusilə ABŞ-ı nəzərdə tuturam) bərk-bərk sərhədləndirilib. Bu məlumatların qeyri-siyasi, elmi, akademik xarakterli, tərəfsiz olması və hər cür dar düşüncədən, tərəf saxlayan doktrinar fikirlərdən uzaq olduğunu göstərmək üçün dəridən-qabıqdan çıxırlar. Bəlkə də, bu davranışı ifadə edən nəzəriyyədə bu barədə heç bir kəlmə yoxdur, amma praktikadakı həqiqət heç də bu cür deyil. Heç kim elm adamının həyatın reallıqlarından necə uzaqda qalacağını müəyyən etməyib. Şübhəsiz ki, o, fərqində oldu-olmadı hansısa bir zümrənin insanıdır.

Hansısa inanc küliyyatının içində, sosial bir həyatın tən ortasında, yaxud, ən azından, yaşadığı cəmiyyətin üzvləri arasındadır. Bütün bunlar tam ağırlığı ilə onun peşəkar fəaliyyəti üzərinə çökür. Elm adamının araşdırmaları gündəlik həyatın çətinliklərini aşaraq görünən azad bir müstəvi əldə etsə belə bu araşdırmaların tam bir müstəqilliyə nail olduğunu demək düzgün olmaz. Bilgi hər tərəfdən həyat şərtləri ilə əhatələnir. Bilgiyə sahib olan, yaxud onu istifadə etmək istəyən heç bir insan bu şərtləri dəyişdirə bilməz. Bununla belə, haqqında danışdığımız bilgi zənn olunduğu qədər siyasətdən kənar da deyil.

Ədəbiyyat və klassik filologiyaya aid polemikalar siyasi işarələrə sahibdirlərmi? Yaxud bu polemikalar yaşanan siyasi şərtlərdən tələm-tələsik təsirləniblərmi? Bu geniş suala başqa bir əsərimdə (5) cavab verməyə çalışdım. Məni burada  maraqlandıran həqiqi bilginin təməldə siyasi olmadığını (bunun əksi olaraq siyasi bilginin də həqiqi bilgi olmadığını) iddia edən və bu cür mütəşəkkil şəkildə hazırlanmış siyasi şərtləri pərdələyərək, hətta qaranlığa qərq edərək həqiqi bilginin yaranmasının qarşısını alan ortaq anlayışı üzə çıxarmaqdır. Bu gün siyasətin fövqünə qalxa bilən obyektiv bir işin hər cür fəaliyyətə kölgə sala biləcək hər hansı “siyasət” etiketi ilə damğalandığını anlamaq çətindir. Yaşadığımız mədəni cəmiyyətdə bilginin müxtəlif siyasi sahələrdə getdikcə daha çox qiymətləndirildiyini iddia edə bilərik. İqtisadi ifadələrlə asanlıqla işıqlandırıla bilən bir sahəyə xüsusi siyasi diqqət göstərilir. Eyni sahə siyasi cəmiyyətin güc mənbələri ilə əlaqəlidirsə, aktuallıq daha da artır.

Məsələn, Sovet Sosialist Respublikaları İttifaqının (keşmiş) enerji potensialının gələcəyi və bu potensialın ölkənin hərbi gücünə təsirləri barədə bir araşdırma ABŞ-da hökumət tərəfindən maliyyələşdirilir və nəticədə bu iş real siyasi güc qazanır. Aydındır ki, Tolstoyun ilk romanları ilə bağlı bir araşdırma heç vaxt belə bir maliyyə mənbəyinə sahib olmayacaqdır. Tolstoy yalnız müstəqil bir təşkilatdan yardım ala bilər. Buna baxmayaraq, birinci tədqiqatçı mühafizəkar iqtisadçı, digəri isə ədəbiyyat tarixinin mütərəqqi bir mütəxəssisi olduğu halda, sivil cəmiyyət hər iki əsəri vahid bir müstəvidə görür və bu müstəvini rusşünaslıq kimi dəyərləndirir. Demək istədiyim odur ki, ümumiyyətlə, mövzu “Rusiya” “iqtisadiyyat” və ya “tarix” olduqda  daha incə detallarla siyasi prioritet qazanır, çünki Qramşinin anladığı mənada “siyasi cəmiyyət” sivil cəmiyyətin mövzularına yalnız bu mövzular onun maraq dairəsinə birbaşa aid olduqda diqqət göstərir.

Nəzəriyyəçilik müstəvisində daha çox dirənərək bu məsələlərə daha çox vaxt ayırmaq istəmirəm. Naom Xomski kimi orijinal və qətiyyətli davranaraq ifadə etmək istədiyim fikirlərimin dəyər və etibarlılığını ortaya qoya biləcəyimi düşünürəm. Xomski öz əsərində Vyetnam müharibəsi zamanı Amerika hökumətinin silah araşdırmaları üçün ayırdığı vəsaitlərin mənbəyini axtararkən bu müharibə ilə obyektiv elm arasındakı maddi əlaqəni tam aydınlığı ilə izah edə bildi. (6) Çünki Böyük Britaniya, Fransa və indi də Amerika Birləşmiş Ştatları imperialist güclərdir. Onların içlərindəki siyasi və mədəni cəmiyyətlər hər zaman bir-biriylə təmasda olmalıdır. Siyasi olan mədəni olanla siyasi bir həyat yaşamağa məcburdur.

Bu ikili oyun zamanı siyasi cəmiyyətin imperialist mənafeyini maraqlandıran hər məsələnin, xüsusən xarici ölkələrdə təhlükəli nəticələrə səbəb olduğu söylənilə bilər. Yalançılıqda ittiham olunacağımı düşünmədən XIX əsrin sonlarında yaşayan və Hindistan, yaxud Misirlə maraqlanan bir ingilis vətəndaşının bu ölkələrin ingilis müstəmləkələri olduğunu bir an belə unutmadığını iddia edə bilərəm.

Bunları söyləmək Hindistan və Misir haqqında bilinənlərin az və ya çox dərəcədə kobud siyasi reallıqlara məruz qaldığını, təsir altına salındığını və təhrif olunduğunu söyləməklə eyni şey olmaya bilər, amma mən bu kitabın sətirlərində məhz bu həqiqəti ifadə etmək istəyirəm. Çünki ictimai elmlərdə ərsəyə gətirilən hər hansı bir əsərin yaradıcısı, yaşadığı cəmiyyətin insanlarından biri olmağa məhkumdur və bunu gözardı etmək mümkün deyil. Müəllif həyat şərtləri ilə məhdudlaşır. Şərqi araşdıran şəxslər, istər avropalı olsun, istərsə amerikalı, “öz” gerçəklərinin qoyduğu əsas qaydalardan kənara çıxa bilməzlər. Onlar Şərqlə əvvəlcə avropalı və ya amerikalı kimi qarşı-qarşıya gəldiklərini, sonra onu təkbaşına araşdırdıqlarını unutmamalıdır.

Bu şərtlər altında avropalı və ya amerikalı olmaq da tamamilə əhəmiyyətsiz deyil. Bu vəziyyət şəxsin dumanlı da olsa vaxtilə Şərqdə mühüm maraqları olan bir cəmiyyətin üzvü olduğu düşüncəsinə sahib olması deməkdir və bu, indi də belədir. Bəlkə, bundan da vacib olan digər məqam isə qərbli tədqiqatçının, Homer dövründən üzü bəri Şərqlə əlaqələrini qoruyan bir torpaq parçasının insanı olduğunu bilməsidir.

Beləliklə, ifadə olunan siyasi həqiqətlər maraqlı olmaq üçün, doğrudan da, hələ də yetərincə izah edilməyib və ümumi anlayışlar səviyyəsində qalıb. Biz bu həqiqətləri qəbul edə bilərik, amma onların “Salambo”nu yazarkən Flober və ya “İslamda Müasir Təmayüllər” kitabını yazarkən H.A.R. Qibb üçün çox əhəmiyyətli olduğu inandırıcı deyil. Çətinlik budur ki, təsvir etdiyim mütləq reallıqla gündəlik həyatın diqqətlə araşdırılıması lazım olan detalları arasındakı fərq olduqca böyükdür. Bir roman və ya bir elmi əsər yazarkən müəllif hər zaman bu təfərrüatlı həqiqətlərin içində itib-batmaq təhlükəsi ilə üzləşir.

Bununla yanaşı, imperialist üstünlüyün mədəniyyət və fikir dünyası kimi qarışıq bir mövzu üzərində mexaniki və qəti təsirləri lap siftədən kənara atılacağı təqdirdə, qarşımızda əhəmiyyətli bir tədqiqat mətninin ortaya çıxmağa başladığını görəcəyik. Mən öz payıma bəzi bilinən tarixi həqiqətlərə söykənərək burada göstərməyə çalışdığım kimi, əvvəlcə Avropanın, sonra Amerikanın Şərqdəki maraqlarının siyasi olduğunu düşünürəm. Ancaq bu mənafe əlaqələrinin yaratdığı mədəniyyət həlqəsi dinamikdir. Sərt siyasi, iqtisadi və hərbi səbəblərə söykənir. Bu həlqə Şərq adlanan dəyişkən və kompleks bir varlığı yaratdı. Mənim “Şərqşünaslıq” dediyim budur.

Şərqşünaslıq, göründüyü kimi, mədəniyyət, elm və qurumlar tərəfindən səssizcə ortaya atılan sadə bir mövzu, yaxud siyasi bir məsələ deyil. Şərqə aid yazılmış əsərlərin geniş yayılmış kolleksiyası da deyil… Qərbin “Şərq”dünyasını əzmək üçün təşkil etdiyi xain bir “imperialist sui-qəsd” də deyil və bu düşüncəni da təmsil etmir. Şərqşünaslıq estetik, elmi, iqtisadi, sosioloji, tarixi və filoloji mətnlər vasitəsilə “ötürülməyə” çalışılan, bir növ, geoiqtisadi baxışlar sistemidir. Şərqşünaslıq coğrafi bölgü deyil – dünya Şərq və Qərb olmaqla qeyri-bərabər iki hissəyə bölünüb – bir silsilə “maraqlar” məcmusudur. Bu maraqlar yaradılmaqla yanaşı, eyni zamanda, elmi kəşflər, filoloji tədqiqatlar, psixoloji təhlillər, coğrafi təsvirlər və sosioloji izahlarla varlığı qorunan təsisatlardır. Bu sistem ayrı bir dünyanı idarə, istifadə etmək və hətta əritmək üçün göstərilən bütün cəhdləri açıq şəkildə əhatə edir.

Orientalizm ümumilikdə siyasi güclə əlaqəli görünməyən bir xitabdır, lakin müxtəlif güclərin güc fərqliliyindən irəli gələn və bu şəkildə mövcudluğunu qoruyan qeyri-bərabər bir mübadilə platformasıdır. Bu mübadilə müəyyən dərəcədə müstəmləkəçi və imperialist idarələrdə olduğu kimi siyasi güclə; dil, müqayisəli anatomiya və ya müasir siyasi elmlərdən hər hansı biri kimi dəqiq elmlər sahəsində intellektual güclə; din, qanunlar, dəyərlər, milli zövq və ədəbiyyat sahəsində mədəni güclə; “Biz” və “onlar” prinsipinə əsaslanan fikirlərin əhatəsində əxlaqi güclə davam edir. Nəticə olaraq, mənim Şərqşünaslığa dair tezisim, mədəniyyət, siyasət və dəbdə olan modern intellektual fikirlər çərçivəsində çox geniş yayılmış, ancaq “bizim” dünyamızla həqiqi “Şərq” arasında çox az əlaqəsi olan bir nöqtədə cəmlənib. Şərqşünaslıq mədəni və siyasi bir varlıq olduğu üçün arxivlərdən məhrum boş bir yer deyil. Əksinə, Şərq haqqında düşünülən, söylənilən və ya icra olunan hər şey intellektual bir yanaşma əsasında konkret qəliblərə yerləşdirilib.

Bu nöqtədə müxtəlif incəliklər və nüanslar gözə çarpır. Sözügedən nüanslar, bütövlüyü təmin edən hissələr üzərində ağır bir intellektual təzyiq elementidirlər. Güman edirəm ki, əksər humanistlər mətnlərin üzə çıxardığı ümumi göstəricilərdən çox məmnundurlar. Qaydaların ağırlığı, keçmiş nəsillərin yaratdığı əsərlər, ifadə formaları şəklində meydana gələn fərqli üslublar tədqiqatçını müsbət istiqamətdə yığcamlaşdırır. Valter Benjamin bu hadisəni “Yaradıcılıq prinsipi adına yaradıcının həddən artıq xərclənməsi” adlandırır… Bu prinsip həm də şairin öz əsərini başqa bir əsərə müraciət etmədən yaratdığı və bu əsərin onun saf təxəyyülündən qopub gəldiyi mənasına gəlir. Ümumi fikrə görə, siyasi, təşkilati və ideoloji problemlər hər kəsə olduğu kimi, yazıçı dünyasına da mənfi təsirlər göstərir. Balzakı yaxşı anlamaq üçün bir humanist “Bəşəri Komediya” əsərində Joffrua Sent-İler və Kyuve arasındakı ziddiyyətdən təsirləndiyini deyə bilər, ancaq eyni humanist Balzakla bağlı araşdırmalarına davam edərkən kökü dərində olan irticaçı monarxist baxışların onun dühasını kölgədə qoyacağını düşünüb bu məsələni araşdırmağa ehtiyac hiss etməz.

Eduard Səid

Eyni şəkildə – Harri Bricenin də göstərdiyi kimi – Lokk, Hyum kimi müəlliflərin və emprizmin müzakirəsində iştirak edən filosoflar, onların fəlsəfi təlimləri ilə irqçi nəzəriyyələr, köləliyin müdafiəsi və müstəmləkəçilik maraqları arasında paralellik olduğunu, sanki, unudublar. Bütün bunlar müasir elmin öz saflığını qorumasına aid nümunələrdir.

Mədəniyyətin burnunu siyasət palçığına soxmaq cəhdləri bəzən ağrılı nəticələrə gətirib çıxarıb. Üzərində işlədiyim mövzuya aid ədəbiyyatın sosial baxımdan şərhi bəzi hallarda qabaqcıl texniki analizlərlə birlikdə işlənməyib. Ancaq qeyd edə bilərəm ki, ümumiyyətlə, ədəbi tədqiqatlar və xüsusən Amerika Marksistləri kitabların və tarixin təhlilinə əsaslanan elmi işlərdə üst quruluşlar və təməl səviyyələr arasındakı boşluğu ciddi şəkildə doldurmaq zəhmətindən yayınıblar.

Başqa bir əsərimdə mədəni və ədəbi əsərlərin, ümumiyyətlə, imperializm və mədəni əlaqələri bir tədqiqatda araşdırlımasından imtina etdiklərini də iddia etmişdim. Şərqşünaslıq bizi birbaşa bu məsələyə cəlb edir. Siyasi imperializm tədqiqatlarda, təsəvvürlərdə və elmi təşkilatların mövzularında o qədər güclü bir idarəetmə çarxından istifadə edir ki, nə tarixi, nə də elmi baxımından bunun qarşısını almaq mümkün deyil. Bunu bu şəkildə də bilməliyik. Ancaq bütün bunlardan qurtulmaq üçün ədəbi bir çarə də var… Bir ədəbiyyat mütəxəssisinin və ya bir filosofun siyasi və ideoloji təhlil üçün deyil, yalnız ədəbiyyat və fəlsəfə üçün yetişdirildiyini unutmamalıyıq. Əks təqdirdə, mütəxəssis tərəfindən irəli sürülən dəlillər çox geniş və mənim üçün çox ciddi olan intellektual perspektivin sərhədlərini xeyli daraldacaqdır.

Düşünürəm ki, burada iki hissəli sadə cavab hazırlamalıyıq. Heç olmasa, imperializm, yaxud mədəniyyət və ya şərqşünaslıq baxımından. Hər şeydən əvvəl XIX əsrin yazıçılarının (əvvəlki dövrləri də aid edə bilərik…), ən azından, çoxunun imperiya anlayışı içərisində yaşadığını bilməliyik. Bu dərindən öyrənilmiş bir mövzu deyil. Halbuki Viktoriya dövrünün hər hansı müasir mütəxəssisi, Con Stüart Mill, Metyu Arnold, Carleyl, Nyuman, Makoley, Ruskin, Corc Eliot və hətta Dikkens kimi böyük liberal mədəniyyət ustalarının düşüncələrində irqlər və imperializm haqqında köklü fikirlərə sahib olduğunu etiraf edəcəkdir. Əsərlər göz qabağındadır. Bunun üçün bir mütəxəssis, məsələn, Millin “Azadlıq və Təmsilçi Hökumət” adlı əsərlərində hindlilərin mədəniyyətinin geridə qaldığı və irqlərinin inkişaf etmədiyi üçün öz fikirlərinin Hindistanda tətbiq edilə bilməyəcəyini açıq şəkildə yazdığını söyləyə bilər. (Üstəlik, Mill ömrünün əhəmiyyətli bir hissəsini məmur olaraq Hindistanda keçirmişdi…)

Bu kitabda göstərməyə çalışdığım kimi eyni ziddiyyətləri Marksda da görmək mümkündür. Digər bir məqam: imperializmin timsalında siyasətin ədəbi yaradıcılığa, elmi araşdırmalara, ictimai nəzəriyyələrə və tarixşünaslığa kobud təzyiq göstərdiyinə inanmaq, mədəniyyətin getdikcə korlandığını iddia etməklə eyni şey deyil. Əksinə: demək istədiyim budur ki, mədəniyyət ağır təzyiq altında olsa da, yazıçılar və düşünürlər yaradıcılıqlarına davam edə bilirlər. Bu həqiqəti dərk etdikdə hegemonluğun niyə inadkar və davamlı olduğunu da başa düşərik. Bu fikri Qramşi açıq-aşkar, Fuko və Reymond Uilyams isə hər biri özünəməxsus şəkildə şərh edirdilər. Uilyams “Uzunmüddətli İnqilab”ın “İmperatorluğun İstifadəsi” bölümündə, sadəcə, bir və ya iki səhifədə on doqquzuncu əsrin bütün mədəni zənginliklərini, uzun-uzadı veriləcək bütün məlumatlardan daha çox faydalı bir şəkildə aydınlaşdırmağı bacardı. Bütün bu səbəblərdən mən şərqşünaslığı, ayrı-ayrı müəlliflər və İngiltərə, Fransa,  Amerika imperatorluqlarının yaratdığı geniş siyasi məkan arasında dinamik bir mübadilə şəbəkəsi kimi nəzərdən keçirirəm. Bir alim kimi məni ən çox maraqlandıran quru siyasi faktlar deyil.

Daha çox detallara diqqət yetirirəm. Məsələn, Leyn, Flober və ya Renan kimi müəlliflərdə maraq doğuran məqamlar Şərqin və ya Qərbin üstünlüyü kimi mübahisəsiz reallıqlar (onlara görə) deyil, əsərlərini yazarkən detallar üzərində tərəddüd etmədən yol verdikləri təhriflərdir. Bu şəkildə yaradılan saxta reallıq bəzən bütün əsəri əhatə edən ölçülərə çatır… Bir nümunə: Eduard Uilyam Leynenin “Müasir Misirlilərin adət və ənənələri” adlı əsəri tarix və antropoloji tədqiqatların klassikləri arasında qeyd olunursa, bunun səbəbi əsərin üslubu və çox müdrik, parlaq detallarla zəngin olmasıdır, müəllifinin irqi üstünlüyünün nəticəsi deyil…

OXŞAR XƏBƏRLƏR