Daha.az Həmid Herisçinin “Əsl film” adlı yeni yazısını təqdim edir.
Bilmirəm, ötən il idi, yoxsa inişil…
Köhnə televizorumun batıq, nasaz düyməsini var gücümlə basdım. Hə, yaxşı yadımdadı…
Düymə nasazdı deyə ilk cəhdlərim uğursuz alıındı.
Gərək düyməni bir də basıb, barmağımı bir müddət üzərində saxlayardım.
Neynək.
Bunu da təkrarladım. Xeyri yoxdu.
Axır acıqlanıb lap cin atına mindim.
Dədə-baba yolunu seçib bir-iki yumruq ilişdirdim televizorumuzun təpəsinə.
Əclaf sanki buna bəndmiş.
Bayaqdan, demə, elə bu yumruğumu gözləyirmiş.
Bir saniyə keçdi aradan… iki saniyə…
Nəhayət, ekranda bir Hollivud kinofilmi canlandı.
Əvvəlcə təəccüblü heç nə yox idi izlədiyim bu filmdə…
Sadə, adi kriminal film idi, vəssəlam.
Belələrindən, necə deyərlər, itinətök… çoxdu bizim indiki özəl telekanalların mavi, sapıq ekranlarında.
Qəfildən içimdə nəysə oyandı… gözlərim hədəqəsindən çıxıb yapışdı ekrana…
Hadisələr 74 saylı binada baş verirdi… Mənzilin nömrəsi 69 idi…
Bu isə… vayvayvayyyy… gözlərimə inanmırdım… eynən bizim ev ünvanımız idi axı…
Ünvanın sahibi Pol Emmet, yaxud Ebbot… həəəə… ABŞ MKİ-sinin üst rütbəli rəsmisi, “Xarici resurslar” şöbəsinin tam məxfi, gizli əməkdaşıdır.
Adı da mənimkinə oxşayır: Emmet… yəni Həmid…
Demək, ünvan da eynidir, adlarımız da.
Düzü, elə mənin də ünvanım sadə deyil. Bu mənzili rəhmətlik dədəmə – yəni siyasi mühacirə SSRİ Qızıl Xaç və Aypara cəmiyyəti Təbrizdə itirdiyimiz evimizin əvəzinə verib. Atam da Pol Ebbet kimi, – elə bil ki, İran Kommunist Partiyası “Tudə”nin “Xarici resurslar” şöbəsinin rəhbəriydi.
Dediyim kinokadrlar, yadda saxlayın, Hollivud kinorejissoru Roman Polanskinin “Kabus yazıçı” (“The Ghost Write”) filminin 1-18-ci dəqiqəsindədir. Bir də baxın bu dramatik, müəmmalı filmə.
Süjetin qısa məzmunu, başınızı çox da ağrıtmayım, belədir: Mənim kimi adsız, bəxtsiz bir yazar bir gün London pablarının birində təsadüfən yad dirsək zərbəsinə məruz qalır.
Söhbət anında qızışır.
Axır, çox sıfırlı bir sifarişlə, qonararla nəticələnir.
Yazar, məşhur Britaniya siyasətçisi, sabiq baş nazir Adam Lenqin bioqrafı olmalı, təcili Atlantik okeanı üzərindən uçaraq ABŞ-yə getməli, “uzaq yaşıl ada”da öz müəmmalı qəhrəmanı ilə görüşüb, eşitdiklərini usta qələmiylə kağıza köçürməlidir.
Sifarişin ilk namizədi Maykl Makera okean sularına qərq olsa da…
Növbəti qurbana çevrilmək qorxusu bizim canındankeçmiş yazarı əsla qorxutmur.
Şələ-küləsini tələm-tələsik yığaraq hədəfinə, yaxud öz ölümünə tələsir.
***
İndiyədək yadımdadır.
Atamla anam “yuxarılara” ərizə yazırdı. Xahiş edirdilər ki, mənzil şəraitimizi yaxşılaşdırsınlar.
Yuxardakılar xahişimizə əməl etdilər.
“74, 69” numerologiyası bu cür girdi həyatıma.
Tale şifrəqramıydı. Rəqəmlərdə taleyimiz, ömrümüz şifrələnmişdi.
Valideynlərimin hər ikisi 74 yaşında vəfat etdi.
Evimiz 6 bloklu, 9 mərtəbəliydi.
Yay istiləri düşəndə… başım gicəllənən vaxt, bir başqa cür baxıram bu hadisəyə. Bu şifrəqrama.
Hollivud kinorejissoru Roman Polanskinin “Kabus yazıçı” filminə.
Tale teleqramları kimi baxıram bu tamaşaya.
Əsl film budu.
Barəmdədi.
Avtobioqrafiyamdı.
***
Filmlə reallıq arasında sərhədləri itirmisənsə…
Düz yoldasan.