Sənət tarixinin ən məşhur əsərlərindən biri olan “Scream – Qışqırıq” tablosu ekspressionizmin ən yaxşı nümunələrindən biri sayılır. Bu rəsm, şübhəsiz ki, sənət tarixinə marağı olmayanlara belə yaxşı tanışdır. Buna səbəb başı əlləri arasında və ağzı açıq olan bu insan fiqurunun bir çox yerdə əks olunmasıdır. Rəsm əsəri o qədər ustalıqla yaradılıb ki, “Qışqırıq” tablosu haqqında heç bir məlumatı olmayanlar da rəsmə baxarkən şərh verib, müəyyən fikir bildirə bilirlər.
Tablonun müəllifi, ekspressionizm cərəyanının görkəmli nümayəndələrindən olan rəssam Edvard Munkdur. Rəsmlərində duyğuları çox gözəl əks etdirən norveçli rəssam, tək bir mövzu və məzmunla məhdudlaşmamış, daxili hissləri zahiri ifadələrlə özünəməxsus və maraqlı şəkildə təsvir etmişdir
“Qışqırıq”, Munkun öz ekzistensial sıxıntısını və əzabını ən yaxşı şəkildə təsvir etdiyi əsəridir. Narıncı və qırmızı tonların hakim olduğu tabloda, başını əlləri arasında tutan fiqur təsvir olunur. Kişi və ya qadın olması aydın olmayan bu fiqurun üz cizgiləri olduqca qorxunc görünür. Bu insan qışqırır, amma onun arxasında duran iki nəfərin çox sakit olması diqqət çəkir. Eyni zamanda uzaq məsafədə görünən gəmidə də təşvişə dair heç bir iz yoxdur. Şəkildəki iki nəfər və gəmi sakit görünsə də bütün atmosferə qorxu hakimdir.
Güclü emosiyalar yaşayarkən, özünü cilovlaya bilməyərək qışqırıb qulaqlarını əlləri ilə örtən bu insanın sirri, daim hər kəsin marağına səbəb olmuş və üzərində uzun illər tədqiqat aparılmasına gətirib çıxarmışdır. Araşdırmalar zamanı, tablonun yuxarı sol küncündə sirli bir qeyd tapılmışdır. Bu yazının nə haqqında olduğu məlum olduqda, rəsm əsərindəki obrazın müəllifin özü olduğu ilə bağlı bir sıra şərhlər meydana çıxmışdır. Şəklin yuxarı sol hissəsində “Yalnız bir dəli tərəfindən çəkilə bilər.” cümləsi qeyd edilmişdi.
Munk yazırdı ki, bir gün axşama yaxın gəzintiyə çıxarkən batan günəş birdən buludları al qırmızı rəngə boyadı və o, “təbiətdən yüksələn əbədi qışqırığı” eşitdi. Tədqiqatlar zamanı rəsmdə təsvir olunan Osloya baxan fyordun yeri müəyyən edilmişdir. Narıncı səma üçün isə vulkan püskürməsi və Munkun bacısının yaxınlıqdakı ruhi xəstəxanaya yerləşdirilməsinə psixoloji reaksiyası kimi bir sıra izahlar verilmişdir.
Bu tablo anidən yaranan bir sənət nümunəsi deyil, Munk bu əsərində həyatı boyu şahidi olduğu, yaşadığı, gördüyü və eşitdiyi hər şeyi təsvir edib. Çox güman ki, Munch bu tablonu çətin vaxtlarında yaratmışdır. Rəsmdəki qışqıran fiqurun cinsinin bilinməməsi də səbəbsiz deyil. Rəssam bununla sıxıntıların, yaşananların, duyğuların cinsiyyətlə deyil, insan olmaqla əlaqəli olduğunu vurğulayır.
Munk rəsmin iki yağlı boya, iki pastel variantı və litoqrafını hazırlamışdır. Onun litoqrafiya üsulu ilə çap olunmuş bir neçə əsəri günümüzə qədər gəlib çatmışdır. 2012-ci ildə pastel versiyalardan biri hərracda indiyə qədər bir sənət əsəri üçün təklif edilən ən yüksək qiymətə satılmışdır.