Yanğın nəticəsində yaranan dağıntılar o qədər böyükdür ki, insanı qorxudur. Yazmaq yavaş, sakit, yaradıcı bir prosesdir. Bunun əksinə, yandırmaq sürətli, səs-küylü və son dərəcə dağıdıcıdır. İllərlə çəkilən əziyyəti bir saniyənin içində məhv edə bilir. Kitabı yandırmaq və onun alov içində görünüşünü seyr etmək insana mənfi təsir göstərir. Kompüter ekranından təsadüfən silinən səhifələr hansısa formada saxlanıla bilər, amma yandırılanı geri qaytarmaq, küldən təmizləyib bərpa etmək mümkün deyil.
Tarixin müəyyən dövrlərində kitabların kütləvi yandırılması hər kəsə məlumdur. Bu proses təkcə oxuculara yox, yazıçılara da güclü təsir göstərmişdir. Çəkdikləri zəhmətə əhəmiyyət vermədən kitablarını yandırmaq istəyən iki yazıçı var ki, bu istək hər birinin yaradıcılığında özünəməxsus rol oynamışdır.
İlk olaraq, Nikolay Qoqol. Puşkinin ölümündən sonra populyarlığının daha da artması Qoqolda liderlik hissi yaradır və o, cəmiyyəti dəyişmək, insanlara yol göstərmək kimi missiyalarını öhdəsinə götürür. Bu dövrdə əvvəlki dəsti-xəttin
dən uzaqlaşaraq dinə marağı artır və hətta əvvəllər tənqid etdiyi kilsəni belə tərifləməyə başlayır. Bu davranışı oxucularının marağına səbəb olur. Əsərlərində dini mövzulara yer verərək Allaha yaxınlaşmağa davam edən yazıçı oruc tutmağa da başlayır.
Qoqol 1848-ci ildə Avropadan qayıdanda yazılarındakı sürrealizm onu məşhurlaşdırsa da, əsərlərinin yalnız absurd komediya kimi yadda qalmasını istəmir. Dantenin “İlahi Komediya”sının şərəfinə “Ölü Canlar” trilogiyasını yazmağa qərar verir. Birinci cildi “Cəhənnəm”, ikinci cild “Araf” adlandırmağı planlaşdıran yazıçı, ikinci kitabdan qətiyyən razı qalmır. Yaradıcılığının bu dövründə o, yazı yazmağı “şeytanın işi” hesab edən rahib Matvey Konstantinovskinin təsiri altına düşür. 1852-ci ildə müxtəlif xəstəliklərə, depressiyaya, bir yazıçı kimi məhsuldarlığının aşağı düşməsinə görə təəssüf hissi keçirərək əlyazmalarının əksəriyyətini, o cümlədən “Ölü canlar”ın ikinci cildini yandırır.
Əslinə qalanda, romanı yandırmaq niyyətində olub-olmadığı hələ də dəqiq bilinmir. Bəzi mənbələrə görə Qoqol bu hadisədən sonra səhv etdiyini deyərək, peşmanlığını şeytana aldandığını etiraf edərək dilə gətirib. Bir müddət oruc tutan yazıçı son günlər yemək-içməkdən tamamilə uzaqlaşaraq kitablarını yandırdıqdan on gün sonra 42 yaşında dünyasını dəyişib. Bəlkə də Qoqolun ədəbiyyat dünyasındakı əfsanəvi portreti məhv etdiyi kitablar sayəsində bu günə qədər öz aktuallığını qoruyur.
Digəri isə məşhur rus yazıçısı Vladimir Nabokovdur. O, yarımçıq qalmış “Lauranın əsli” romanının çapa hazır olduğunu düşünmədiyi üçün ölümündən sonra həyat yoldaşı tərəfindən yandırılmasını xahiş edir. Nabokov o qədər məşhurlaşmışdı ki, özündən sonra qoyduğu hər bir yazının böyük diqqəti cəlb edəcəyinə əmin idi. Çox güman ki, bu yarımçıq qalmış kitabının ədəbi aləmdəki mövqeyinə mənfi təsir edəcəyini düşünürdü.
Ancaq buna baxmayaraq, həyat yoldaşı Vera Nabokovanın ərinin istəyini reallaşdırmağa ürəyi gəlmir. Oğlu Dmitrinin dediyinə görə, onun əlyazmaları yandıra bilməməsinin səbəbi təkcə yaşlılığı, zəifliyi ilə deyil, həmçinin əvəzsiz sevgisi ilə bağlı idi. O, yazıları nə nəşr etdirir, nə də yandırır, əvəzində uzun illər İsveçrədəki bir bank hesabında saxlayır. Atasının istəyinin əksinə, 2009-cu ildə Dmitri bu kitabı nəşr etdirmək qərarına gəlir. Kitab nəşr olunduğu andan çox sayda tənqidlə qarşılanır, əksər ədəbi tənqidçilər müəllifin arzusunun yerinə yetirilməli olduğunu dönə-dönə vurğulayırlar. Müsbət qiymətləndirənlər isə kitabın orta səviyyəli olduğu fikri ilə razılaşırlar. Hətta hər hansı bir romanı tənqid etməkdən çəkinən Martin Amis “Guardian”da belə yazır: “Yazıçı yolunu azmağa başlayanda asfaltda təkər izləri və sınmış şüşələr axtarırıq. Nabokovda isə bu vəziyyət özünü nüvə qəzası şəklində göstərdi.” Deyəsən, Nabokov kitabının yandırılmasını istəməkdə haqlı idi.
Əlbəttə, əksər yazıçıların əsərlərini yandırmağına səbəb onların yazdıqlarını heç kimin oxumasını istəməmələridir. Yandırma prosesi gələcək nəsilləri nəzərə alaraq həyata keçirilsə də, müəlliflər heç də hər zaman nəzərdə tutduqları məqsədə çatmırlar. Qoqol kitablarını yandıraraq ədəbi dünyada şöhrətinə şöhrət qatsa da, Nabokov yandırılmasını istədiyi kitabının nəşri ilə tənqid atəşinə tuş gəldi.