Fəlsəfəsiz dünya mənasız dünyadır!
Fəlsəfə necə yarandı və bizə nə öyrədir? Bilinən fəlsəfənin iki min beş yüz yaşı var. Fəlsəfə yunanca “Filosofiya” (“Philosophia”) sözündəndir. Dilimizə filo-sevgi, sofia-hikmət kimi tərcümə olunaraq “Hikmət, müdriklik sevgisi” mənasına gəlir. “Fəlsəfə” sözü “philosophia”nın ərəb dilinə uyğunlaşdırılmış formasıdır.
Fəlsəfə insanın sual vermək marağının adıdır. İnsandan başqa heç bir canlının sualları yoxdur. Sualları olmayan insan yaşamış sayılmaz.
İlk filosoflardan biri Platon ( eramızdan əvvəl 428/27 – 348/47-ci illərdə yaşayıb. Şərqdə ona Əflatun da deyirlər) deyirdi ki, fəlsəfənin maraq göstərməkdən başqa başlanğıcı yoxdur. Platonun şagirdi, digər antik dövr filosofu Aristotel (eramızdan əvvəl 384—322-ci illərdə yaşayıb.
Şərqdəki adı Ərəstundur) isə özünün məşhur “Metafizika” əsərində insanların fəlsəfəyə olan marağını izah edərək yazırdı: “Bütün insanlar mahiyyəti etibarilə bilmək istəyir”. İnsanın ilk sualı ilk marağından doğmuşdu. İlk sualı kəşf edən adam ilk filosof idi. “Bu adamdır” demək fəlsəfə deyil, “Bu niyə adamdır?” demək fəlsəfədir. Fəlsəfə görünənlərdə görünməyəni, deyilənlərdə deyilməyəni axtarmaqdır.
Fəlsəfə həmişə ağıla ikinci gələn fikirdir. Antik fəlsəfənin başlanğıcı sayılan Sokrat (eramızdan əvvəl 469 – 399-cu illərdə yaşayıb) xalqın qarşısında mübahisə etdiyi başqa bir filosof Evtidemdən soruşur:
“De görüm, yalan danışmaq əxlaqsızlıqdırmı?”
“Əlbəttə” – Evtidem cavab verir.
Sokrat deyir: “Əgər bir dostun özünə xətər yetirmək istəyirsə, sən də onun silahını oğurlayıb gizləyir və “sənin silahından xəbərim yoxdur” deyib, onu xilas edirsənsə, budamı əxlaqsızlıq saylır?”
“Xeyr” – əlacı kəsilən Evtimed sözünü geri götürür.
Sokrat bu dialoqda yalan haqqında ikinci bir fikir yaradır. Burada səslənən Evtimedin birinci fikri qaydadır, Sokratın ikinci fikri fəlsəfə.
Deməli, fəlsəfə bizə bir şey haqqında saysız-hesabsız fikrin olduğunu öyrədir. Fikirlərin sonsuzluğunu nəzərə alaraq alman filosofu İmannuel Kant (1724-1804) deyir ki, “Öyrənilə bilən fəlsəfə yoxdur. Yalnız fəlsəfi düşünməyi öyrənmək olar”.
Fəlsəfi bilgi elmi, təcrübi, texniki, bədii və ya dini bilgi deyil, fəlsəfi bilgi, bilginin özü haqqında bilgidir, mənanın özü haqqında mənadır. Fəlsəfi bilgiylə ən çox qarışıq salınan bədii və dini bilgidir. Məsələn, Şərqin “İrfan” fəlsəfəsinə baxaq, “irfan” ərəbcə “bilmək, tanımaq, düşünərək dərk etmək” deməkdir, amma əksər irfan filosofunun bildiyi, tanıdığı, düşünərək dərk etdiyi şey dini və bədii bilgidir, daha doğrusu, bədiiləşdirilmiş dini bilgidir. Din suallar yox, cavablar dünyasıdır.
Fəlsəfi düşüncənin qaynağı şübhədir, sual vermək marağı bu şübhədən yaranır. Fəlsəfə hazır cavablar axtarırsa, bu, fəlsəfə deyil, imandır, etiqaddır. Şühbə etməyən fəlsəfənin özü də şübhəlidir. Fəlsəfəyə üz tutan insanın məqsədi bilməkdir, dinə tapınan insanın məqsədi inanmaq. İman şübhə etməyən fəlsəfi dünyagörüşüdür. Fəlsəfə şübhədən başlayır, din inamdan. Fəlsəfə suallar dünyasıdır, din cavablar. Fəlsəfi yol hikmətə aparır, dini yol imana.
İrəlidə biz pozitivist fəlsəfədən danışarkən fəlsəfənin elmi bilgilərə söykəndiyini, təcrübi biliklərə sığındığını da görəcəyik.
Yunan filosofu Heraklitə görə, müdrik olmaq ali fəzilətdir. Hikmət insanın təbiəti bilməsi və özünü sorğu-sual edərək əməllərini ona uyğunlaşdırmasıdır. Aristotel fəlsəfəni “varlıq haqqında varlıq elmi” adlandırırdı. Varlıq kainatdakı hər şeyin ümumi adıdır. Filosof Senekanın fikrincə, fəlsəfə danışmağı yox, əməl etməyi (davranmağı) öyrədir.
Karl Yaspersə (1883-1969) görə, fəlsəfənin sualları cavablarından daha dərindir və hər cavab yeni bir suala çevrilir.
Beləliklə, fəlsəfi bilginin nə olduğu haqqında bunları söyləmək olar:
- Fəlsəfi bilgi ağıldan qaynaqlanır; Tənqidi və araşdırıcı xarakterə malikdir.
- Fəlsəfi bilgi mütəşəkkil və sistemli bilgidir.
- Fəlsəfi bilgi bir bütünləşdiricidir, universaldır, sonda yeni bir dünyagörüşü ortaya qoyur.
- Fəlsəfi bilgidə mütləqlik və əminlik yoxdur. Heç bir məsələ ilə bağlı son söz deyilməyib və deyilməz.
- Fəlsəfi bilgi əldə olunan və toplanan məcmu bilikdir.
- Fəlsəfi bilgiyə əsaslanan fəlsəfi təfəkkür şəxsi və yaradıcıdır.
- Fəlsəfi bilgi təcrübi deyil, yoxlanılmaz.
Fəlsəfə kainatı, təbiəti, təbiətdəki varlıqları, cəmiyyəti, dövləti, bütün bunların əlaqələrini, insana aid bütün anlayışları və buradan doğan bilgini, sənəti, ətraf mühiti, haqq və hüququ, ünsiyyəti, dili, mənanı, sülhü, savaşı, sağlamlığı, azadlığı araşdırır. Fəlsəfənin mövzular elm, varlıq, əxlaq, siyasət, incəsənət, din, dil, təhsil, hüquq, dövlət, cəmiyyət, iqtisadiyyat, insan, azadlıq, ünsiyyət, tarix, məna, ətraf mühit və s. kimi çoxşaxəlidir.
Bu müxtəliflik fəlsəfənin bilik fəlsəfəsi, elm fəlsəfəsi, varlıq fəlsəfəsi, əxlaq fəlsəfəsi, siyasi fəlsəfə, sənət fəlsəfəsi, din fəlsəfəsi, hüquq fəlsəfəsi, dil fəlsəfəsi, məna fəlsəfəsi, iqtisadiyyat fəlsəfəsi, insan fəlsəfəsi, azadlıq, ünsiyyət fəlsəfəsi, ətraf mühit fəlsəfəsi, zehin fəlsəfəsi, dövlət və sosial fəlsəfə kimi sahələrə ayrılmasına yol açır.
Fəlsəfi düşüncənin mənşəyi şüurun varlıq qarşısında heyrətidir.
Fəlsəfə tarixi antik yunan fəlsəfəsini öyrənməklə başlayır. Bunun səbəbi, ilk dəfə bilgiyə, saf bilgi müstəvisində yunanların dəyər verməsidir. Yəni digər mədəniyyətlər bilgini hər hansı sahədə praktikada fayda üçün dəyərləndirib. İnsanlıq tarixinin Roma imperiyasının süqutuna qədərki dövrü antik dövr adlanır. Özünə “filosof” deyən ilk yunan Pifaqordur. Antik yunan fəlsəfəsinin qaynağı özündən əvvəlki Mesopatamiya və Misir mədəniyyəti hesab olunur.
Başda Şərq alimi və filosofu Fərabi olmaqla əksər fəlsəfə tarixçiləri yunan fəlsəfəsinin Şərqdən təsirləndiyini söyləyir. Falesin riyaziyyatı Misirdən öyrəndiyi, Demokritin Misirə, Pifaqorun Hindistana etdiyi səyahətlər nəticəsində ensiklopedik biliklər qazandığı artıq şübhə doğrmur. Məsələn, alman hindoloqu Valter Ruben (1899-19820 “Fəlsəfənin başlanğıcı” adlı əsərində yazır ki, fəlsəfə e.ə. 700-550-ci illərdə ortaya çıxdı.
Bu dövrdə Hindistanda 110 tanınmış filosof yaşayırdı. Onlardan təxminən 100 il sonra Ege sahillərində Fales, Anaksimandr və Anaksimenesdən başqa heç bir filosof yox idi. Ruben öz kitabında yunan filosoflarının fikirlərini hind filosofları ilə müqayisə edərək, yunan düşüncəsinin əsas mənbəyinin hind fəlsəfəsi olduğunu göstərməyə çalışır. Şərq fəlsəfəsinə Hindistan, Çin, İran, Misir və İbrani fəlsəfələri daxildir. Şərq fəlsəfəsinin ümumi xüsusiyyətləri bunlardır:
- Şərq fəlsəfələrin tipik özəllikləri dini məzmun daşımasıdır.
- Şərq fəlsəfəsi dini əxlaq qaydaları yaratmaq və fəzilətli, mistik insanlar yetişdirmək məqsədi daşıyır. O, dünya ilə maraqlanmamağı və əbədi həyata hazırlaşmağı önə çıxarır. Fikirlər çox vaxt simvol və bənzətmələrlə ifadə olunur.
Fəlsəfə adına ilk dəfə eramızdan əvvəl VI əsrdə Qədim Yunanıstanda, İoniya adlı bölgədə (indiki İzmirdə) rast gəlirik. Burada bir sıra mütəfəkkirlər var ki, “Təbiət haqqında” başlığı altında (peri physeos) fəlsəfi əsərlər yazıblar. Bu əsərlər təbiətin və kainatın elmi təhlilini aparan və hərfi mənada təsvirini verən, dini dünyagörüşündən fərqli fəlsəfə nümunələridir. Deməli, qədim Yunanıstanda fəlsəfə təbiət fəlsəfəsi və təbiəti araşdıran filosoflarla başlayır.
Başda Fales olmaqla onlar özlərinə “Sofos”, düşüncələrinə isə “sofia” yəni “Hikmət sahibi” deyirdilər. Onlar bizim “sofist” dediyimiz düşünürlər və şairlər idi. İlk dəfə Pifaqor özünə “Filo sofos” yəni “Hikməti sevən” adam dedi. Hind mistikasını mənimsəyən Pifaqora görə, insan “hikmət sahibi” ola bilməzdi, hikmət sahibi olmaq allaha məxsus özəllikdi, insan yalnız hikməti sevə bilərdi.
- Şərq fəlsəfəsi şeir və mifologiya ilə qarışmış, adət-ənənələrə, məsəllərə çox yer vermişdir. Fəlsəfənin ən fərqli özəllikləri olan azad və tənqidi düşüncəyə Şərq fəlsəfəsində çox az rast gəlinir.
Aristotelin də “Təbiət filosofları” dediyi Miletli Fales, Anaksimandr və Anaksimenin ortaya çıxmasının səbəbi Yunanstanın liman şəhərlərində yaşamalarıydı ki, həm Hindistana, Babilə, Misirə səyahət edə bilirdilər, həm oradan səyahətə gələnlərlə tanış olurdular. Platon etiraf edir ki, misirlilər yunanları müdriklik sarıdan özləriylə müqayisədə uşaq hesab edirmişlər.
Antik yunan fəlsəfəsi Sokratdan əvvəlki Helenik, yəni “təbiət filosofları (Fales, Pifaqor, Heraklit və s.) fəlsəfə dövrünə və Sokratdan sonrakı Helenistik, yəni əxlaq filosofları (Sokrat, Platon, Aristotel və s.) fəlsəfə dövrünə bölünür. Helenistik dönəmlə yunan fəlsəfəsinə Misir və Hind dinləri təsir etməyə başlayır və Helenik fəlsəfəylə Helenistik fəlsəfənin qarışığından ortaya xristianlıq dini çıxır, bununla da antik yunan fəlsəfəsi başa çatır. Sokratdan başlayıb, Aristotelin ölümünə qədər davam edən bu fəlsəfi dövrə “Helenistik fəlsəfə” dövrü deyilir. Helenistik fəlsəfə yalnız əxlaq probleminə yönəlmiş praktik bir fəlsəfədir. Bu fəlsəfə gerçəkliyin bəzi hallarda anlaşılmaz olduğunu qəbul edən skeptik (şübhəçi) fəlsəfə, bəzən isə ağılı tərk edərək mistik bir fəlsəfə şəklini alır.
529-cu ildə sonuncu Afina məktəbi “Platonun akademiyası”nın bağlanmasıyla fəlsəfədə Orta əsrlər dövrü başlamışdır deyə bilərik. Orta əsrlərdə fəlsəfəni iki kateqoriyada qiymətləndirmək olar:
- Patristik fəlsəfə
- Sxolastik fəlsəfə
Patristik fəlsəfə bütpərəst mədəniyyətlərin geniş yayıldığı eramızın I-VI əsrlərini əhatə edir. Sxolastik fəlsəfə isə VIII-XIII əsrlər dövrünə təsadüf edir. Bu iki dövr arasında IV-VIII əsrləri Sxolastik fəlsəfə üçün mənbə olacaq mətnlərin formalaşdığı dövr hesab etmək olar. Patristik dövrdə fəlsəfə neoplatonizmin, yeniplatonçuluğun təsiri ilə formalaşıb ağlı inancın üzərinə yerləşdirməyə çalışırdı. Sxolastik dövrdə fəlsəfə Aristotelə qayıdır və inancı ağıl üzərinə yerləşdirməyi hədəfləyirdi. Çağdaş fəlsəfədən fərqli olaraq, Orta əsrlər fəlsəfəsi ağıl-inanc və teologiya-fəlsəfə bütünlüyünü üzə çıxarmaq məqsədi daşıyır. Orta əsr filosofları ağılı müstəqil və azad bir fenomen kimi qəbul etməsələr də, inancla müqayisədə ağıla ikinci dərəcəli bir dəyər kimi baxmaqdan uzaq dayanmağa çalışırdılar, təbii ki, hamısı deyil.
Orta əsrlərin ilk böyük filosofu Müqəddəs Avqustin (354–430), bu dövrü bitirən filosof isə müasir fəlsəfi dövrün banisi və təşəbbüskarı Rene Dekartdır (1596–1650). Orta əsrlərin son bir neçə əsri modern dövrə keçidi təmin edən İntibah dövrüdür. Orta əsrlərin mövzuları ümumilikdə ritorika, məntiq, metafizika və ilahiyyat olduğu halda, İntibah fəlsəfəsi Platonçu bir mövqeylə elmi və humanist əsaslı antik dövrü yenidən kəşf etməyə çalışırdı. Orta əsr düşüncəsi ilahiyyata maraq göstərdiyi halda, İntibah fəlsəfəsi diqqəti elmə və insanın ağlının önəminə verirdi.
Orta əsrlər fəlsəfəsinin əsas ideyası budur: bilmək üçün inanmaq lazımdır. Xristianlığı fəlsəfi bilginin qaynağı kimi görən Müqəddəs Avqustinin irəli sürdüyü Orta əsr fəlsəfəsinin əsas fikrini Müqəddəs Anselm (1033-1109) “anlamaq üçün inanıram” (“Credo ut intelligam”) prinsipiylə ifadə etdi.
Akvinalı Tomas, Böyük Albert, Dnus Skot və s. kimi Orta əsr xristian filosofları həm filosof, həm də teoloq, yəni ilahiyyatçı idilər. Həyatın, kainatın var olması haqqında bilgini Allahın dini kitablarla göndərdiyinə inanırdılar və o ilahi bilgiyə çatmaq üçün mistik yollara baş vururdular. Məsələn, belə filosoflardan biri Orta əsr fəlsəfəsinin ikinci böyük filosofu olan Boetçi (480-524) teoloji əsərlərini yaza-yaza, ümumiyyətlə, inancından uzaqlaşıb bütpərəst olmuşdu.
Qərbdə neoplatonçu və Avqustinist, yəni ilahi bilgiyə əsaslanan fəlsəfə yarananda Şərqdə İslam dini ortaya çıxdı və sürətlə Yaxın Şərqə, Şimali Afrikaya, İrana, Hindistana və Anadoluya yayıldı. Müsəlmanlar Sasani imperiyasını fəth etdikdə burada nəhəng kitabxanaları ələ keçirdilər ki, buradakı kitabların çoxu V əsrdən etibarən Bizans imperiyasında bağlanan yunan məktəblərindən qovulan son yunan mütəfəkkirləri tərəfindən yazılmış və şərh olunmuş antik yunan filosof və alimlərinin əsərləri idi. Ona görə də Orta əsrlər İslam fəlsəfəsi Allahı “İlk Ağıl” adlandıran ilk müsəlman və ərəb filosofu əl-Kindinin (796-866) Aristotelin “De Anima” (“Ruh haqqında”) əsərinə həsr etdiyi fəlsəfi bir kitabla başladı və Aristotel məntiqindən yola çıxan İslam fəlsəfəsi varlığını Fərabinin (870–950) və İbn Sinanın məntiqə əsaslanan metafizik fəlsəfələriylə yoluna davam etdi. Bu o deməkdir ki, ilk islam filosofları Orta əsr xristian filosoflarından fərqli olaraq həqiqətə məntiq yoluyla çatmaq istəyirdilər; vəhyə deyil, bilgiyə əsaslanırdılar.
Ancaq get-gedə islam Şərqində də eynən Orta əsr Qərb fəlsəfəsində olduğu kimi “bilmək üçün inanan” filosoflar və fəlsəfi məktəblər yarandı. Həqiqətə məntiqlə deyil, intuisiya və vəhy yoluyla çatmağın mümkünlüyünü iddia edən Qəzzali (1058-1111) islam teoloji fəlsəfəsini inkişaf etdirdi. O, elmi və məntiqi yolun yaradıcı və tərəfdarı olan filosofların rasional fikirlərini sərt tənqid edən əsərlər yazdı və İslam fəlsəfəsinin istiqamətini təyin etdi.
Qəzzalinin ölümündən 25 il sonra dünyaya Əndəlüs xilafətində göz açan, avropalı müsəlman filosof İbn Rüşd (1126-1198) “din və fəlsəfə süd qardaşlarıdır” desə də yenidən ağıla, Aristotel məntiqinə önəm verən, sələfi Qəzzalinin təklif etdiyi həqiqətə vəhy yoluyla çatmağın mümkünlüyünü tənqid edən fəlsəfi kitablar yazmağına baxmayaraq İslam filosoflarına ciddi təsir edə bilmədi. Tam əksinə, İbn Rüşdün müsəlmanlara ünvanladığı kitablar Qərb aydınlarını və fəlsəfi mühitini dərindən təsirləndirdi və müasir Qərb fəlsəfəsinin ortaya çıxmasına səbəb oldu.
Bu təsir o qədər böyük idi ki, Qərb aydınları latın dilini unutduqları üçün Aristoteli yenidən müsəlman İbn Rüşdün əsərlərindən öyrənirdilər. Yəni İbn Rüşd olmasaydı, Qərb Aristotelin əsərlərindən xəbər tutmayacaq və bəlkə də, indiki modern fəlsəfi irsə heç vaxt nail olmayacaqdı.
Orta əsrlər İslam fəlsəfəsini iki qola; Şərqi İslam və Qərbi İslam fəlsəfəsinə bölmək mümkündür. Şərqi İslam fəlsəfəsinə Kindi, Fərabi, İhvani Səfa, İbn Sina, Qəzzali və Sührəvərdini, Qərbi İslamı fəlsəfəsinə İbn Bacce, İbn Tufeyl, İbn Rüşd və İbn Xəldunu aid edə bilərik.
Orta əsrlər fəlsəfəsini bir cümlədə ifadə etsək deyə bilərik bu fəlsəfə həm Qərbdə, həm Şərqdə helenistik mədəniyyətin yerini ibranistik (yəhudi) mistisizmin tutması hadisəsidir. İstər Orta əsr xristian dünyası, istər Orta əsr İslam dünyası antik çağda ortaya çıxsa da orta əsrlərdə xristianlıq və islam kimi təktanrılı dinlərə qaynaq olan yəhudiliyin yaradılış təliminə söykənirdi. Bu təlimin devzi belə idi: Varlığı tanrı yaradıb, dünyanın əvvəli və sonu var. Əbədi var olan yalnız allahdır, yaradandır. İnsan onu yaradan tanrının xidmətindədir.
Orta əsrlərlə modern dövr arasında keçid olan Renessans anlayışının mənası “antik dövrə aid mədəniyyətin yenilənməsi və yenidən doğulması” deməkdir. Bu dövr sxolastikanın süqutunu və fəlsəfənin dinə, kilsəyə tabe olmasının sonunu gətirən keçid dövrüdür, Renessans, təxminən, 1453-cü ildə İstanbulun türklər tərəfinfən fəthindən 1690-cı ildə Maarifçiliyin başlanğıcına qədər uzanır.
Renessans fəlsəfəsinin əsas cərəyanları; humanizm, platonizm, aristotelçilik, atomizm və skeptisizmdir. Humanistlər antik yunan mədəniyyətini diriltməyə çalışarkən, əsasən müşahidə metodlarına və rasional ixtiralara güvənirdilər.
Məşhur humanistlər arasında Leonardo da Vinçi (1452-1519), Pikodella Mirandola (1463-1494), Nikkola Makiavelli (1469-1527), Martin Lüter (1483-1546), Hohenheymli Teofrast (Parasels) (1493-15) Flip Melankton (1497-1560), Con Calvin (1509-1564), Cordano Bruno (1548-1600), Tommaso Campenella (1568-1639), Jacob Böhme (1575-1624) kimi aydınlar yer alır. Elmi məktəbin təmsilçiləri arasında isə Qalileo Qaliley (1564-1642), Frensis Bekon (1561-1626), Huqo Qrotius (1583- 1620), Tomas Hobbs (1588-1679) və İsaak Nyuton (1588-1679) kimi məşhurlar var.
Renessans fəlsəfəsində birinci dərəcədə dəqiq təbiət elmlərinə, ikinci dərəcədə məntiqə və metafizikaya yer verilir. Renessans mütəfəkkirləri varlığın izahında Orta əsrlərin verdiyi gizli və sehrli olan bilgilərə etibar etmirdilər. Cavabları təbii qanunauyğunluqlarda axtarırdılar. Məsələn, planetlərin hərəkətinin sirrini riyazi yolla açan Kepler planetlərin orbitlərini kəşf etməklə Orta əsr astrologiyasını astronomiya elminə çevirdi.
Robert Boyl atom nəzəriyyəsini kimyəvi yolla araşdırırdı, nəticədə özü də kimyagər olmasına baxmayaraq, Orta əsrin mistik kimyagərliyinə son qoydu. Bütün bu teleoloji olmayan düşüncə xətti on doqquzuncu əsrdə Darvinin nəzəriyyəsi ilə kulminasiya nöqtəsinə çatdı. Darvin min illərdir birlikdə yol gələn İnsanla Tanrının yollarını ayırdı, insanın heyvani bir mənşədən gəldiyini elmi-təcrübi dəlillərlə iddia edən təkamül nəzəriyyəsini ortaya atdı.
Gəldik Modern fəlsəfəyə. Modern fəlsəfə tarix, elm və varlıq fəlsəfəsidir. Modern fəlsəfə elmin güclü təsiri altındadır və elmi inkişafa paralel olaraq dəyişir. Modern fəlsəfəyə görə, insanlar Allahın müdaxiləsindən asılı olmayan dünyanın hadisələrini araşdıra bilərlər. Modern fəlsəfəyə görə əxlaq tanrıdan deyil, birbaşa insanın özündən gəlir.
Ən məşhur təmsilçiləri arasında Frensis Bekon, Rene Dekart, Blez Paskal, Tomas Hobbs, Nikol Malebrans, Spinoza və Vilhelm Leybniz yer alır. Modern fəlsəfə insanı tanrının qulu kimi deyil, azad və yaradıcı bir fərd kimi görür. İnsan mərkəzli fəlsəfə olduğundan, modern fəlsəfə rasionalizmə gətirib çıxarır və rasionalist bir perspektiv təqdim edir.
Modern fəlsəfə, bir növ, insanı orta əsr fəlsəfəsinin mənəvi köləliyindən qurtaran xilaskar fəlsəfədir. Modern fəlsəfənin bilgi qaynağı olan elmi metodun biri empirik, digəri deduktiv olan iki ölçüsü var. Bekon təcrübə ilə ağıl arasındakı sıx əlaqəni gözəl bir bənzətmə ilə belə izah edir: “Empirist filosof hər şeyi qarışqa kimi bir yerə toplayır; Rasionalist filosof isə hörümçək kimi torunu öz içindən hörür. Ancaq əsl təbiət filosofu isə orta yolu tapandır, yəni “çiçəklərdən, bağlardan, tarlalardan topladığı maddəni arı kimi öz gücü ilə bala çevirəndir”.
Göründüyü kimi, modern fəlsəfə antik çağda olduğu kimi filosofu və alimi yenidən bir şəxsiyyətdə birləşdirməyi hədəfləyir. Eynən Dekart kimi. Riyaziyyatçı Dekart özünü həndəsə və cəbrə həsr edən filosof olmaqla yanaşı, metafizika ilə məşğul olan həndəsə və cəbr alimiydi. Onun fəlsəfəsi, sadəcə, ümumiləşdirilmiş riyaziyyat təqdim etmək idi; Dekart riyazi metodu universal elmə tətbiq edərək bunu fəlsəfi metoda çevirmək istəyirdi. Dekart “anlamaq üçün inanıram” deyən Orta əsr filosoflarının əksinə, “anlamaq üçün şübhə edirəm” deyirdi.
“Fəlsəfə əsri” adlanan 18-ci əsrin maarifçiliyinin əsas xüsusiyyəti dünyəvi dünyagörüşünü özünün şüurlu təməlinə çevirməsi və bu dünyəvi baxışı həyatın bütün sahələrində ardıcıl şəkildə həyata keçirməyə çalışmasıdır. Bu, Volterdən başlayaraq Kanta qədər davam edən ağılın fəlsəfi meydanda yeganə güc qaynağı olduğu dövrdür.
Maarifçilik hərəkatı ilk dəfə İngiltərədə başladı və oradan Fransaya keçdi; Burada o, çox radikal xarakter aldı, çünki o zaman bu ölkənin ictimai-siyasi reallığına çox zidd idi. Almaniyaya qismən Fransadan, qismən də birbaşa İngiltərədən gələn bu hərəkat bu üç böyük Avropa ölkəsinin ictimai-tarixi özəlliklərinə uyğun formalar aldı: Maarifçilik İngiltərədə daha çox emprist, Fransada daha çox rasionalist, Almaniyada isə daha çox mistik realist mövqeyə sahib idi. Ən məşhur təmsilçiləri Con Lokk, Corc Berkli, Devid Hyum, Volter, Russodur.
XIX əsr fəlsəfədə “alman əsrdir”. Kant, Hegel, Fixte, Şopenhaur, Nitsşe, Şellinq, Marks və s. kimi alman filosofların əsas mövzusu insanın mənliyi və onun özünüdərkidir. Alman fəlsəfəsinə görə, dünya hərtərəfli mənəvi təbiətə malikdir və o, əslində kosmik mənlik kimi bir şeydir; istər mənlikdə, istərsə də dünyada ən mühüm şey ağıldan daha çox, iradə və əxlaqdır. Buna görə də alman idealist metafizikasında fəlsəfənin vəzifəsi özünü və mənəvi kainatı dərk etməkdir. XIX əsr eyni zamanda ingilis filosofların utilitarizm, yəni faydaçılıq, praqmatizm fəlsəfəsi yaratdıqları bir əsrdir.
“Ən yaxşı əməl ən çox insana xoşbəxtlik gətirəndir” prinsipinə əsaslanan ingilis fəlsəfəsinin ən böyük nümayəndəsi Con Stürat Milldir. Millin “Qadınların Asılılığı” kitabı da diqqətəlayiqdir. Qızların oğlanlarla bərabər şəraitdə böyüdülməsinin lazım olduğunu iddia edən Platondan sonra qadınlar üçün bərabərlik istəyən yeganə şəxs Epikur idi. Bundan sonra, 18-ci əsrə və Fransız İnqilabını yaradan liberal baxışların ortaya çıxdığı iki min il boyunca bu mövzuya Milldən başqa toxunan olmamışdı.
XIX əsrdən başlayan daha bir fəlsəfi hərəkat olan Pozitivizm Fransada Ogüst Kont tərəfindən yaradılmışdı ki, bu da konkret elmi-təcrübi bilikləri yeganə həqiqi bilgi hesab edirdi.
XX əsrdə fəlsəfəyə, analitik fəlsəfə, dil fəlsəfəsi, hermenevtika, dekonstruksiya, ekzistensializm, məntiqi pozitivizm, nihilizm, fenomenologiya, strukturizm, tənqidi nəzəriyyə kimi yeni ideya və cərəyanlar gəldi ki, gələcəkdə onlara da toxunacağıq.