Mirzə Fətəli Axundov: modernist müqəddəsin carçısı

Daha.az Orxan Vəliyevin “Mirzə Fətəli Axundov: modernist müqəddəsin carçısı” essesini təqdim edir.

I

Bu günlərdə akademik  jurnalın dəvəti ilə Mirzə Fətəli Axundovla bağlı ingilis dilində yazılmış bir məqaləyə rəy verdim. Müəllif məqaləsində bir anlamda Mirzə Fətəli Axundovun kim olduğuna dair əsaslandırma etmişdi. Məqalə, çoxdandır yazmağı planlaşdırdığım Axundov yazısını da yazmağa sövq etdi.

Hərçənd də Sakarya Universiteti siyasi elm və dövlət idarəçiliyi kafedrasında müdafiə etdiyim dissertasiyamda (2020) Azərbaycanın milli kimlik inşası konteksində tədqiq etdiyim şəxsiyyətlərin birincisi məhz Axundov idi. Dissertasiyam sonralar iki dəfə türk dilində, ardınca Azərbaycan və fars dillərinə tərcümə edilərək nəşr edildi. Lakin monoqrafiya akademik bir üslubda dar bir oxucu kütləsi üçün nəzərdə tutulmuşdu. Halbuki Axundovu daha geniş oxucu kütləsi üçün də yazmaq lazımdır. Əslində, yazıçı Aqşin Yeniseyin dəvəti ilə Daha TV-də milli kimliklə bağlı müzakirəmizin sonunda Axundovun mənim nəzərimdə kimliyi ilə bağlı qısa girizgah etmişdim. Lakin yazmaq artıq labüd oldu.

Heç unutmuram, dissertasiyamı yazarkən  nüfuzlu akademik bir jurnal üçün elmi rəhbərim Prof. Bünyamin Bezci ilə Axundovun Azərbaycan milli kimlik inşasında yerini siyasi yöndən təhlil edən bir məqalə (türk dilində) yazmışdıq. Sonradan həmin jurnalda nəşr olunan məqaləmizə rəyçilərin birisinin reaksiyası illər sonra mənim baxışımın nisbətən fərqli, daha doğrusu, ortadan bir mövqe olduğundan həmin rəyçinin sərt reaksiya verdiyini anladım. Biz həmin məqalədə Axundovu nə millətçi, nə də konkret olaraq ateist sinifləndirməsi içinə məhkum etməmişdik. Ona görə ki, modernizasiya həm millətçilikdən həm də dinə olan subyektiv münasibətdən daha böyük bir hadisədir. Qısası, mən bu yazıda Axundovu nə millətçi, nə ateist kimi nəzərdən keçirməyəcəm. Əksinə, Axundovu siyasi (millətçi) bir hədəfə sahib ola bilməyib. Çünki siyasi hədəfin formalaşması üçün müəllifin cəmiyyətlə təmas qurması zəruri idi. Halbuki Axundovun cəmiyyətlə bir əlaqəsi olmamışdır. Mən bu yazıda Axundovu Azərbaycanın modernləşmə prosesinin intellekual qurucusu, başlanğıc nöqtəsi kimi, yaxud başlıqda ifadə edildiyi kimi, modernist müqəddəsin carçısı kimi qəbul edəcəyəm.

II

Axundov mənsubu olduğu müsəlmanları maarifləndirmək, aydınlatmaq istəyirdi. Məkan olaraq Azərbaycan həmin mərhələdə siyasi bir kimlik qazanmadığından, müsəlmanlar deyəndə siyasi olaraq əsasən Tehran və İstanbulu nəzərdə tuturdu. Çünki əlifba layihəsinə dəstək ancaq bir dövlət tərəfindən verilə bilərdi. Yəni, İranda yaxud Osmanlıda layihə qəbul edilsə, həmin ölkələrdə dilin dəyişikliyi baş verə bilərdi. O səbəblə, siyasi dəstək (təsdiq) üçün əlifba layihəsini Tehran və İstanbula aparmışdı.

Lakin valideynlərindən birinin İrandan olması, həmçinin Səfəvi keçmişi coğrafi yaxınlıqdan ötrü İrandan daha çox bəhs etməyinə səbəb olmuşdu. Çünki modern mütəfəkkirlər məkan anlayışına sahibdirlər. Con Lokkun əsərlərindən çəpərləmələri bilirik. Alman mütəfəkkir Karl Şmitt də çəpərləmənin torpaq üzərində modern hakimiyyət olduğunu yazdı: “Bura mənimdir”. Bu məsələyə sonra geri qayıdacağam. Müsəlmanları modernləşdirib çağı yaxalamağını istəyən Axundovun əlində iki “silah” var idi. Ancaq bir məsələyə təkrar toxunum ki, Axundovun İranlılığı əsaslandırılması müşkül bir məsələdir. Çünki bir vətən anlayışı olaraq İran 1925-ci ildən sonra ortaya çıxmışdır. Axundovun İran anlayışı isə coğrafiyada keçmişdə mövcud olmuş dövləti ifadə edir.

Əlifbanın sadələşdirilməsi

Aydın məsələdir ki, kapitalist iqtisadi quruluşun inkişafı dinlərin daha dar zümrə üçün funksional olan dillərini tədricən ortadan qaldıraraq, yerli dillər (vernacular) əsasında milli dillərin yaranmasını zəruri etmişdir. Çünki klasik kapitalizm kütləvi istehsala (mass production) əsaslandığı üçün kitab çapı artıq ənənəvi formada davam edə bilməzdi. Qaldı ki, buna uyğun olaraq, qısa müddətdə Avropada kitab çapında inqilabi dəyişikliklər baş verdi. Xülasə, modern dünyaya inteqrasiya olunmanın ilkin şərtlərindən biri məhz əlifbalardakı modernizasiya olmalı idi ki, oxumaq asanlaşsın. Qaldı ki, Benedict Anderson millətşünaslığın klasik əsərlərindən qəbul edilən “Xəyali İcmalar” (Imagined Communties – 1983) əsərində dinlərin və xanədanların siyasi olaraq ömürlərini başa vurduğunu və yeni boşluğu çap kapitalizmi vasitəsilə xəyal edilən millətlərin doldurduğunu yazıb.

Axundov ilk olaraq Qafqaz canişininin “sifarişi” ilə ana dildə (Azərbaycanlı oxucu Axundovu əsasən bu komediyaların müəllfi kimi tanımaqdadır) komediyalar yazdı. Ancaq dünyanın gedişatını dərk edən ki, bu, onu millətçi və ya ateist kimliklərinə həbs etməkdən son dərəcə əhəmiyyətli və vacib məsələdir, Axundov əlifba ilə bağlı layihə hazırladı. Layihənin siyasi dəstək tapa bilməməsinə baxmayaraq, həm Tehranda həm İstanbulda müzakirə edildi. Azərbaycanın sonrakı intellektualları üçün isə bir başlanğıc rolunu oynamış oldu. Axundov Kazımbəyin bu məsələdə ilk kitab yazmağına baxmayaraq, Axundovun layihəsi sonrakı nəsillər üzərində, beləliklə, Azərbaycanın modern əlifba anlayışının formalaşmasında daha təsirli olmuşdur.

Dünyəvilik

Müqəddəslik toxunulmazlıq deməkdir. Bu isə siyasətin, ona görə şəkilləndirilmiş hüququ rəhbər tutaraq müdafiəsi ilə mümkün olur. Modernizm Konstantinin paganizmə etdiyinə oxşar şəkildə dinlərin hakimiyyətinin nişanələrini ortadan qaldıraraq siyasi və hüquqi gücünü əlindən almış oldu. Avropada Volterin, Azərbaycanda isə Axundovun yazdıqlarını bu çərçivədə dəyərləndirmək mümkündür. Dünyəviləşməni müdafiə edən maarifçilər insan həyatını əhatə edən hər şeyin, əslində isə dini doktrinanın ağlın mühakiməsindən keçməsinin qaçılmaz olduğunu yazırdılar. Volter bu məqsədlə məşhur Fəlsəfə Lüğəti əsərində din adamlarına ağlın mühakiməsinin gələcəyi günə, daha doğrusu insanın ağlını başına alacağı günə qədər möhlətlərinin olduğunu yazırdı. Bir anlamda Kantın Sapare Aude (ağıldan istifadə) anlayışını daha sadə və kəskin formada ifadə etmişdi. Axundov da istər Məktublar əsərində, istərsə də digər əsərlərində bu mövqedən çıxış edirdi.

Lakin dinlər ortadan qalxmadı ki Axundov da Məktubların girişində bunu etiraf edir. Tədricən din daxil hər şey modernizmin prinsipinə uyğun modernləşdi. Dünyəvilik tədricən geniş mənada millətləri modern siyasi təşkilatlanmanın mərkəzi prinsipinə çevirən, modernizmin müqəddəslik qazanan narrativinə çevrildi. Bunu görən, dərk edən Axundovun dinə dair fəlsəfi tənqidinin kökündə də bu yanaşma dururdu. Axundov əxlaqa, biliyə və varlığa dair Kant kimi əsərlər ortaya qoyaraq fəlsəfə ilə məşğul ola bilmədi. Daha doğrusu Axundovun institusional olaraq bir filosof olduğunu iddia etmək, əsaslandırmaq doğru olmazdı. Qaldı ki özünü filoloq olaraq sinifləndirmişdi. Lakin xüsusilə Məktublarda azlıq bir zümrə üçün agah olan fəlsəfi dekonstruksiya ilə məşğul olur. Yəni, Axundov təsirləndiyi Fransız maarifçiləri kimi filosof olmaq əvəzinə, mövcud sistemi dekonstruksiya edəcək şəkildə fəlsəfə ilə məşğul oldu. Bu metodun da əsasını suallar təşkil edir. Beləliklə, mövcud olana qarşı fəlsəfi dekonstruksiya ilə, əslində, müsəlmanlar üçün yeni dünyəvi müqəddəsliyin qapısını açmağa çalışırdı. Bu baxımdan, bu gün Azərbaycan konstitusiyasında dövlətin mahiyyətini müəyyən edən müddəalar arasında yer alan dünyəvilik məhz Axundovun mətnlərində ortaya çıxmışdır. Dünyanın gedişatındakı kəskin dəyişikliyə, siyasətin din ilə təkrardan ayaqlaşmalı olduğu bir dövrün yaşanmasına baxmayaraq dünyəvilik hələ də əhəmiyyətini qorumağa davam edir.

III

Axundovun kimliyi ilə bağlı məsələlərdən biri də məhz onun “iran [fars]” millətçiliyinə xidmət edib etməməsi məsələsidir. Hər şeydən əvvəl Axundov istəsə də, açıq şəkildə bir siyasi mövqe (millətçilik) ortaya qoya bilməzdi. Digər tərəfdən unutmamaq lazımdır ki, Axundov Azərbaycan dilində ilk komediyaları yazmışdır. Bununla bərabər, xüsusilə Məktublarda modernizasiya üçün İran məkanını seçir. Bunun iki səbəbi var:

  1. Azərbaycan coğrafi olaraq siyasi bir kimlik qazanmamışdı və müstəmləkə reallığı ən kəskin formasında davam edirdi. Halbuki, Axundovun dini doktrinaya (saf din anlayışı deyil) dair tənqidinin əsaslandırılması üçün keçmişdən progressiv nümunə verə bilməli idi. Modern Qərb mədəniyyəti də min illik dini doktrina hakimiyyəti mərhələsini adlayaraq, özünü qədim Yunanın pagan keçmişində inşa etmişdir. Bu məqsədlə, Axundovun doğrudan İrançı adlandırılması özü ideoloji yanaşma və intellektual əksiklik göstəricisi olaraq dəyərləndirilə bilər. Xüsusilə, tarixi zəfər qazanmış Azərbaycanın intellektualları Axundov kimi modern keçmişin qurucu fiqurlarına qarşı ürkək və ideoloji davranmaqdan qaçınsa, daha ciddi dəyərləndirmələr ortaya çıxa bilər.
  2. Cümhuriyyət istisna olmaqla, Azərbaycan müstəqil bir dövlətçilik ənənəsinə uzun on illər sahib ola bilmədiyindən İran millətçiliyi mövqeyindən yazılan mətnlər davam etmişdir. Xüsusilə, ingilis dilli nəşrlərdən Axundovun İranlı tədqiqatçılar tərəfindən yazılmış mətnlərin sayı üstünlük təşkil edir. Türkiyədə belə Axundov haqqında Azərbaycnalı doktorantların yazdığı keyfiyyətli işlərə son illərdə təsadüf edilməyə başlandı.

Mənim qənaətim belədir ki, Axundov birbaşa heç bir millətçiliyi müdafiə etməmişdir. Müqayisə üçün Fransız maarfçisi Volteri Fransız millətçisi kimi qələmə vermək doğru olmayacaqdır. Hərçənd, yazdıqları modern Fransanın formalaşmasında həlledici rol oynayan mətnlər arasında qəbul edilir. Volter açıq şəkildə bir millət, milli kimlik yaratmaq mübarizəsi aparmamışdır. Axundovun əsas xidməti modernizasiya prosesini başladacaq modern anlayışları (əlifba, dünyəvilik, tərəqqi, patriotizm, demokratiya və.s) təqdim etmək olmuşdur ki, bu anlayışlar sonrakı illərdə millətçi intellektualların sığınacağına çevriləcəkdi. Axundovu ora-bura çəkib, ateist, millətçi, irançı və s. kiçik kimliklərin içinə həbs etməkdənsə modern başlanğıc nöqtəsi kimi qəbul etmək lazımdır. Coğrafi və ailə bağları etibarilə Azərbaycan və İran bağlılığı yazdıqlarının hər iki ölkədə qarşılıq tapmasına vəsilə olmuşdur. Digər tərəfdən, unutmamaq lazımdır ki, Axundov İran olaraq kodladığı məkan Orta Əsrlər boyu məhz türk xanədanları tərəfindən idarə olunmuşdu. Qorxmaq yerinə Axundovu modern Azərbaycanın inşasında intellektual başlanğıc kimi yazılan ciddi mətnlərlə sahiblənmək lazımdır. Bir Azərbaycanlı türkün yazdığı mətnlərin modern İranın inşasında dəyərləndərilməsindən qorxmaq əvəzinə fikir ixracı kimi baxmaq lazımdır. Digər tərəfdən, Azərbaycanlı tədqiqatçı keçmişə coğrafi olaraq hakim olmalıdır. Belə ki, Axundov Şəkidə dünyaya gəlmiş, İranda bir müddət yaşamış, Tiflisdə isə yazmışdır. Bu geniş məkan keçmişdə həm siyasi həm də mədəni olaraq Azərbaycan türklərinin qurduğu siyasi istablişmentin bir parçası olmuşdur. O səbəblə Azərbaycanlı tədqiqatçı modern keçmişin intellectual başlanğıcı olan Axundova qarşı daha cihanşümul bir yanaşma ortaya qoya biləcək potensiala (fəlsəfi, siyasi. ədəbi, tarixi və s. anlayışlardan xali olmalıdır) sahib olmalıdır.

Axundovun mətnləri, xüsusilə Məktublar əsəri və digər məktublaşma və məqalələri, diqqətlə oxunub təhlil edilərsə, düşüncə istiqamətini yaşadığı dövrə görə müəyyən etdiyi anlaşılacaqdır.

Qaldı ki, Axundovun müdafiə etdiyi modern dünya və anlayışları da artıq siyasi-iqtisadi olaraq ömrünü tamamlamış, dördüncü sənaye inqilabı ilə insanlıq yeni bir axtarışa yönəlmişdir. Bu isə ayrı bir yazının mövzusudur.

Sonda isə yazımı həm Axundovun rolunu, töhfəsini, həm də ümumən cümhuriyyəti şərtləndirən modernizasiya, millətləşmə prosesinə dair kitabımdan bir tablonu paylaşaraq tamamlamaq istəyirəm.

Millətləşmə prosesi: Ümumi quruşulu və xülasəsi

Mənbə: O. Valiyev. Azerbaycan’da Milliyetçilik. 1-ci nəşr. Ankara: Türkiye Notları Yayınevi. s. 221.

OXŞAR XƏBƏRLƏR