Rusiyanın şərqində yerləşən Kamçatka yarımadası tarixinin ən sarsıcı günlərindən birini yaşayır.
8,8 bal gücündə zəlzələdən sonra 600 ildir aktiv olmayan Kraşeninnikov vulkanı gecə saatlarında anidən püskürməyə başlayıb. Bu, vulkanın tarixdə qeydə alınan ilk püskürməsidir.
Daha.az xəbər verir ki, həmin zəlzələdən sonra bölgənin ən aktiv vulkanı olan Klyuçevskoy vulkanında da yenidən lava püskürməsi müşahidə olunub.
Rusiya FHN açıqlayıb ki, Kraşeninnikovdakı püskürmə nəticəsində 6 min metrə qədər yüksələn kül təbəqəsi yaranıb və Sakit okean istiqamətində hərəkət edir. Hələlik yaşayış məntəqələri üçün təhlükə törətməsə belə hava şəraitinə ciddi təsir göstərdiyi üçün “narıncı kod” elan olunub.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu, sadəcə, başlanğıc ola bilər. Zəlzələnin gücü və bir-birinin ardınca aktivləşən vulkanlar Kamçatkanın yaxın günlərdə daha böyük təhlükələrlə üzləşə biləcəyini göstərir.