6 min il sonra üçün zaman kapsulu

ABŞ-ın Corciya ştatındakı Oglethorpe Universiteti gələcək sivilizasiyalara bugünkü dünya haqqında məlumat vermək üçün bənzərsiz bir zaman kapsulu hazırlayıb. “Crypt of Civilization” (Sivilizasiyanın şifrəsi) adlanan kapsul 1940-cı ildə möhürlənib və 8113-cü ildə açılması planlaşdırılıb.

Daha.az xəbər verir ki, layihə universitetin rektoru Tornvel Cekobs tərəfindən irəli sürülüb. O, antik sivilizasiyalardan günümüzə az sayda və natamam məlumatların çatdığını vurğulayaraq bu təşəbbüsü “gələcək nəsillərə arxeoloji borc” kimi təqdim edib.

Professor gələcəkdə ən böyük problemin dil baryeri olacağını əvvəlcədən nəzərə alıb və kapsulun içindəki məlumatların minilliklər sonra da asanca başa düşülməsi üçün “dil inteqratoru” adlı xüsusi bir cihaz hazırlayıb. Fonoqraf texnologiyası ilə işləyən bu portativ cihaz müxtəlif əşyaların şəkillərini və adlarını səslə izah edir.

Kapsulun içinə 6 min illik tarix və mədəniyyəti əks etdirən müxtəlif əşyalar qoyulub. Bu əşyaların arasında Caz ifaçısı Arti Şoun musiqi qeydləri, 1898-ci ildə çəkilmiş filmlər, mikrofilm formatında 100 ədəd kitab, Donald Dak fiquru və gündəlik əşyalar və bütün bu materialları izah edən qeyd kitabçası var.

Qeyd edək ki, kapsulun 8113-cü ildə açılması üçün seçilən tarix də təsadüfi deyil. Bu tarix Misir təqviminin başlanğıcı ilə kapsulun möhürləndiyi 1940-cı il arasında orta nöqtə olaraq hesablanıb. Məqsəd mədəniyyətlərin keçmişi və gələcəyi arasında simvolik körpü qurmaqdır.

OXŞAR XƏBƏRLƏR