2000-ci illəri dövriləşdirmək, yaxud Metamodernizm necə yarandı?

Daha.az Robin van der Akker və Timoteus Vermyulenin “2000-ci illəri dövriləşdirmək, yaxud Metamodernizmin yaranması” essesini təqdim edir. 

 

 

ixtisarla

“Onun haqqında biryolluq neqativ və ya pozitiv düşünmək də bir cür başlanğıcdır, ancaq ehtiyacımız olan şey yeni lüğət tərkibidir. Bir vaxtlar siyasət və mədəniyyət haqqında danışarkən karımıza gələn dillər indiki tarixi məqamda bizə kifayət etmir.” [1]

 

Sosial nəzəriyyəçi Frensis Fukuyama 1989-cu ildə “National interest” jurnalında “Tarixin sonudur?” adlı mübahisəli bir məqalə çap etdirdi. Məqalədə kommunist imperiyanın yaxınlaşan çöküşü ilə böyük “T” hərfiylə yazılan “Tarixin” (yəni təkcə xronologiya olaraq zamanın yox, bəşəriyyətin təkamül prosesinin də) yekunlaşacağını iddia etdi. “Liberal demokratiyanın qətiyyətli zəfəriylə” birlikdə sonrakı kitabı “Tarixin sonu və Sonuncu İnsan”ı da ərsəyə gətirmiş oldu: “Bəşəriyyət ən təməl və ən dərin arzularını doyuran ictimai bir sistem qurmağı bacarmışdı… Bu o demək deyildi ki, həyatın təbii sirkulasiyası olan yaşam və ölüm bitəcək, artıq vacib hadisələr baş verməyəcək, ya da bu vacib hadisələri yayımlayan qəzetlər nəşr olunmayacaq. Əslində, bu o demək idi ki, bütün böyük problemlər həllini tapacaq deyə, təməl prinsiplərdə və başlıca müəssisələrdə bundan artıq inkişaf olmayacaq.”

Fukuyama, təxminən, iyirmi il sonra, 2012-ci ildə, “Tarix” haqqında başqa bir məqalə daha yazdı. “Foreign Affairs”də çap olunan məqalənin adı, “Tarixin gələcəyi” idi. Burada Fukuyama keçmişə baxanda liberal demokratiyanın qeydsiz-şərtsiz zəfərini elan edən və bir xeyli səs-küy qoparan “Tarixin sonu” iddiasını bir az tez ortaya atdığını qəbul və etiraf etdi. Bütün dünyada sayları hər gün artan demokratik dövlətlər vədlərini yerinə yetirmədilər; xeyli milli iqtisadiyyat inkişaf edə bilmədi. İnkişaf etməməkləri bir yana, durğunluq yaşayırlar və ya geniş planda baxanda çöküş meyilləri göstərirlər; siyasi aşırılıqlar (sol və sağ, liberal və mühafizəkar; sekulyar və dindar) yüksəlişə keçib; XX əsrin ənənəvi qalası olan orta siniflər kiçilirlər və sosial media XX əsrin azad media və ifadə azadlığı anlayışlarını problemli hala gətirir. Əlavə olaraq, geopolitik hegemonluq sahəsində yeni bir rəqib ortaya çıxıb: Çinin dövlət nəzarətindəki bazar sistemi. Başqa cür desək, cavablanası xeyli “böyük sual” var.

“Tarix”in qırılmadığı və sabit qalmadığı fikri 2000-ci illərin əvvəlindən etibarən daha geniş şəkildə ifadə edilir: Fərqli siyasi cinahdan olan müəlliflər “Tarixin sonu”ndan sonra fərqli şeylər irəli sürdülər, məsələn, Kaqan “tarixin qayıdışı”, Miln “tarixin intiqamı”, Badio “tarixin doğuşu” haqqında kitablar yazdı: bu müəlliflər son dövrdəki ekoloji, iqtisadi və (geo)politik təbiətin, qlobal böhranlarla Tarixin, əsasən, yenidən başladıldığı ilə bağlı həmfikirdirlər. Arkillanın “Tarixin bükülməsi” anlayışı indiki tarixi vəziyyəti, bəlkə də, ən konkret şəkildə ifadə edir: Tarixin bükülməsi eyni zamanda iki mənaya birdən gələ bilər: Tarixi fərqli bir istiqamətə və formaya zorla döndərmək, (klassik) teleoloji narrativin az-çox düzxətli yolundan sapmasına səbəb olmaq. Bu baxış mədəniyyət orbitində gözdən qaçırdığımız bir şeyin olmasıyla bağlı günü gündən artmaqda olan qavrayışa tən gəlir, onu təsbit edir. Yenə də bu şeyin  (müəyyən mənada sözügedən bükülmənin arxasında gizlənmiş bu şeyin) nə olduğundan hələ də əmin deyilik (həqiqətən də sonra anlayacağıq).

Müəyyən mənada bu kitab Tarixin bükülməsiylə və onunla bağlı olan aktual mədəni istehsalı və siyasi diskursu təyin etməyə yarayan “bükülmənin dərki” haqqındadır. “Bükülmənin dərki” ifadəsini istifadə etməyimiz, əlbəttə, Fredrik Ceymisonun kanonik kitabı “Postmodernizm və ya gec kapitalizmin kulturoloji məntiqi”nə həm göz vurmaq, həm də ehtiram göstərməkdir. Ceymison sözügedən məqaləsində o vaxtlar postmodern sənət, mədəniyyət və siyasətdə geniş istifadə edilən “onun və ya bunun sona çatmasının dərki” ifadələrini cəmləşdirməyə çalışıb. Ceymisonun fikrincə, bütün bu postmodern “sonun dərki” söhbətlərində əsas zərər görən “tarix” və tarix anlayışıdır.

Madam ki, tarix yenə (uğurla) xilas edilərək işə düşdü, postmodern diskursun dəyişən sosial vəziyyətimizi (konteksti) ifadə etməkdə get-gedə daha uğursuz və faydasız olduğu isbatlanmış olur. Bu yetərsizlik təkcə tarixlə bağlı mübahisələrdə yox, sənət mübahisələri üçün də keçərlidir. Bu məqamda düşünə bilərik ki, müxtəlif postmodern instinktlərin təsiri azalıb. Bu instinktlər (Ceymisonun “yekunla bağlı dərki” kimi qəbul edə bilərsiniz) populyar sənət və dekonstruktivist konseptual sənət (Cek Kuns vasitəsilə Vorholdan Hirstə); pank, yeni dalğa və populyar musiqidə Qranjın şübhəçiliyi, kinonun müxalif minimalizmi; memarlığın dəbdəbəli formalizmi; ədəbiyyatın metafiksiyalı ironiyası və bütün elmi-fantastik əsərlərin insansızlaşdırılmış virtual reallığa etdiyi vurğu ilə müəyyən mənada oxşarlıq göstərirlər. Üstəlik, 2000-ci illərin başından etibarən sənətdə Yeni Romantizm, əl sənətlərində Yeni Üslubçuluq, dizaynerlikdə yeni Estetika, ədəbiyyatda Yeni Səmimiyyət, “New sincerity”, musiqidə the New Weird və ya Nu-Folk, Quirky Cinema and Quality Television cərəyan/yanaşmalarıyla yanaşı, memarlıq üçün yeni sahələrin kəşfi kimi tez-tez gündəmə gələn, müxtəlif yeni estetik fenomenlərin yaranmasını görürük. Bu yanaşmaların hər birinin əsas xarakteristikası postmodern stilistikanı və rəsmi formaları birləşdirərkən onları ötüb keçmək cəhdidir. Bu yerdə realist və modernist formaların, texnikaların və arzuların geri dönüşünə şahidlik edirik. Ki, bunlarla metamodernizmin əlaqəsi postmodernizmlə əlaqəsindən tamamilə fərqlidir.

Bu kitab (Metamodernizm: Postmodernizmdən sonra Tarixilik, Affekt və Dərinlik) bu gündən uzaq keçmişə və uzaq gələcəyə istiqamət götürən “narrativ”in özüylə bərabər obyektiv şərtlərimizin cəmi kimi, “Tarix”in (tənqidi kontekstdə və populyar təsəvvürdə) geri qayıtması və bükülməsinin müxtəlif duyğularla bağlı kulturoloji, mədəni səbəblərini təyin etmək və konseptuallaşdırmaq məqsədi daşıyır. 70-80-ci illərdə Linda Hatçion, Çarlz Cenks, Hal Foster və Brayn MakHeyl kimi tənqidçilər postmodernizm ilə bağlı (onunla nəyi nəzərdə tutduqlarını nəzərə almadan) danışmağa başladılar, çünki modernist fikirlərin, metodların və anlayışların başqa bir şey tərəfindən tamamilə sıradan çıxdığına inanmışdılar. Digər çağdaş araşdırmaçılarla yanaşı, biz də postmodern kontekstlərin (söhbət çağdaş sənətləri, mədəniyyəti, estetikanı və siyasəti anlamaqdan düşəndə) tənqidi dəyərini itirdiyini düşünürük. Altermodernizm mövzusunda yazan Sörlün də dediyi kimi, “Postmodernizm ölüdür, ancaq tamamilə daha qəribə bir şey onun yerini tutdu.” Beləliklə, ehtiyacımız olan şey, tamamilə daha qəribələşən gerçəkliyi və onun hələlik qəribə olan mədəni təbiətini sözə çevirə biləcəyimiz yeni bir dildir.

Bu kitab mövcud tarixi rakursumuzu (indiki anımızı və vəziyyətimizi) anlamaq üçün, bildiyimizi düşündüklərimiz ilə gündəlik həyatda sınaqdan keçirdiklərimiz arasında konsensusa gəlmək üçün imkan verən bir dili, ya da ən azından uyğun dialektlər silsiləsini formalaşdırmaq cəhdidir. Bizim fikrimizcə, bu dil “metamodernizm”dir. Budur, nəhayət, dedik. Şübhəsiz, tarixi bir anı təsvir etməyin və sosial vəziyyətin bir başqa “-izm” bucağından təsvirinin qüruru ən yaxşı ehtimalla, homervari qəhqəhələrə, ən pis ehtimalla isə sərt təhqirlərə tuş gəlir. Əslində, Barker və Ceynin yazdığı “Cultural studies”in (Mədəniyyət tədqiqatları) kitabının ən sonuncu nəşrində göstərdikləri kimi, bu cür təşəbbüslərə lağ edənlər çox olur. Bəli, bu belə ola bilər və biz tənqid oxlarının hədəfində olmaqdan məmnunuq, amma təşəbbüsümüzün niyə lağdan daha artığına layiq olduğunu izah edək:

Bu kitab davam etməkdə olan bir tədqiqat layihəsinin bir hissəsidir. Bu layihədəki məqsədlərimiz bunlardır: 1) Sənət vasitəsilə bu günümüzün aparıcı kulturoloji yeniliklərini təyin etmək; 2) bu aparıcı duyğu, fəaliyyət və düşüncə yollarını müzakirə etmək üçün yetərli bir dil (söz dağarcığı) formalaşdırmaq; 3) bu çağdaş anlayışları, qavrayışları və effektləri Qərb kapitalist cəmiyyətlərinin yenidən qurulma prosesi ilə əlaqələndirmək. Diaqnoz, tərcümə və yer təyinetmə ilə bağlı araşdırmalar çağdaş mədəniyyətdəki əsas üslubları (buna bağlı olaraq da onun eyham vurulan, ya da sətir aralarında gizlənmiş duyğuları, yaxud fikirləri) müzakirə etmək üçün lazımdır. Başqa cür desək, müştərək bir dil (söz dağarcığı) vasitəsilə çağdaş mədəniyyətdəki aparıcı formaların müzakirəsi mümkünləşir. Bu, bir tərəfdən xeyli fərqli, amma ikinci dərəcəli xüsusiyyətlərin də varlığına və birgəliyinə zəmin yaradır. Bu cür bir dil formalaşdırmaq bu gün Qərb kapitalist cəmiyyətlərinin və qlobal kapitalizmin yenidən qurulması işığında “nə etmək olar-düşünmək olar” və “nə etmək olmaz-düşünmək olmaz”ın anlaşılmasına imkan verəcək.

 

METAMODERNİZM          

Əvvəl də tərif verdiyimiz kimi, metamodernizm bir hiss strukturu olaraq 2000-ci illərdə ortaya çıxıb və Qərb kapitalist cəmiyyətlərinin aparıcı kulturoloji məntiqi halına gəlib. Metamodernizm termini həm müxtəlif mədəni və estetik seçimlərlə bağlı ortaq müstəvidə həmrəy olmaq məqsədiylə intuitiv bir etiketdir, həm də sözügedən seçimləri təsnif edəcək bir anlayışdır. Başqa cür desək, bu kitab nə konkret bir sənət sahə üçün Qrinberqçi bir ifadədir, nə də fərdi memarlığın Cenkvari ört-basdır edilməsidir. Bu kitab Ceymisonun postmodernizm üçün etdiyi kimi, Qərb kapitalist cəmiyyətlərinin təkamülündəki müəyyən bir mərhələnin aparıcı mədəni məntiqini bütövlükdə sərhədləri müəyyənləşmiş bir plan içində göstərmək cəhdidir. Ancaq bu, sənət sahələri vasitəsilə mədəniyyət, estetika və siyasətin yanında bu günün şərtləri daxilində ortaq bir müstəvidə həmrəy olmaq üçün qüsurlu təşəbbüsdür.

Metamodernizm qətiyyən yeni termin deyil. Qərbi Avropa, Şimali Amerika və Asiyaya qədər müxtəlif fərqli coğrafi kontekstlərdə; eksperimental şeir, texnologiya tədqiqatları, fizika, iqtisadiyyat, riyaziyyat və Şərq spiritualizmi kimi müxtəlif sahələrdə istifadə edilib. Başqa cür desək, bu termin uzun və geniş sahəyə saçılmış bir tarixə və konkret təsbit edilməli bir kökə sahibdir. Abramson terminin istifadə olunduğu bəzi köhnə mənbələri üzə çıxarıb. Abramsona görə, termini ilk dəfə Zavarzadə “interpretasiyaçı modernist romanın irəlisinə keçmək meyli”ni ifadə etmək üçün istifadə edib. Zavarzadənin termini istifadə etdiyi məna bu gün eləcə metamodernizmin çeşidlərindən biri sayıla bilər. Zavarzade metamodernizm terminini Alen Rob-Qriye, Bart, Bartelmi, Vulf kimi yazıçılar vasitəsilə və qara yumor, parodiya, dərinlik modellərinin tərk edilməsi, metaroman kimi aşırılıqlar yoluyla icmallaşdırır. Bizim kitabımız metamodernizm termininin kökünə, bu kökün arxeologiyasına fokuslanmış bir araşdırma deyil, amma yenə də bu termindən hansı formada istifadə etmək və bizim istifadə şəklimizin post-postmodern üçün olanlardan nə qədər fərqləndiyini göstərmək üçün yerimiz var.

2008-ci ildə “Metamodernizmlə bağlı qeydlər” adlı ilk məqaləmizi yazanda, metamodern təsəvvürümüz Reymon Vilyamsın “hissin strukturu” anlayışı (və onun, Fredrik Ceymison və Devid Harvinin gec kapitalizm və postmodern mədəniyyət arasındakı qarşılıqlı əlaqə ilə bağlı işlərdəki funksiyası), Jos de Mülün modernizm və postmodernizmin romantik kökləriylə bağlı fundamental araşdırması və 2000-ci illərin əvvəlində vizual sənətlərdəki neo-romantik meyillər kimi özüllər üstündə inşa edildi. Anlayışı araşdırarkən metamodernizmlə bağlı ən azı iki istifadə formasından xəbərdar idik. Birincisi Furlaninin detallı araşdırması “Postmodernizm və sonrası: Qay Davenport”dur. Bu kitabda Furlani, yazıçı Qay Davenportun külliyatını tamamlayıcılıq və postmodern nizamsızlığı ötüb keçmək məqsədi güdən nizama çevrilən əksliklər baxımından təhlil edir. İkincisi isə “İnterconnections in Blakean and Metamodern Space” adlı məqaləsində Dumitresku, metamodernizmi holizm, konnektivizm və inteqrasiya ilə modifikasiya edilən “tumurcuqlanan mədəni paradiqma” olaraq təsvir edilib. Dumitresku bir-birindən tamamilə fərqli iki yazıçı (Bleyk-Uelbek) ilə bağlı araşdırma apararaq, postmodernizm əleyhinə formalaşdırdığı üç məqama vurğu salıb: konnektivizm (bir düşüncə forması kimi), başlatma (initialize) (bağlantıları müəyyənləşdirmə şəklində) və üst-üstə düşmə… Dumitresku bunların olsa-olsa metamodernizm görüntüsünü təqdim etdiyini ortaya çıxarıb. Furlani və Dumitresku, postmodernizmin bədii dalanları və mədəni zəiflikləri kimi qəbul etdikləri şeylər üçün alternativ həll yolları formalaşdırmağa çalışırlar və hər ikisi də sənətin köhnə və/və ya təcrid olmuş formaları üçün seçimləri araşdırırlar. Bu ikili (modern və postmodern) üsullar arasında bir növ sintez, ya da adaptasiyanı proqnozlaşdırırlar. Terminləşmənin ortaq istifadəsini nəzərə alanda, təbii şəkildə, onların və bizim istifadəmiz arasında uyğunluq olduğu görünür. Bununla birlikdə bizim “metamodernizm” terminindən istifadəmiz ən az üç şəkildə fərqlidir: 1) Məqsədi və sorğu-sual xətti; 2) mədəni mətnlərin və tətbiqlərin seçimi, eləcə də qaçılmaz şəkildə ortaya çıxan fərqlər; 3) (ön) kəşflər.

Əvvəla, metamodern olaraq ifadə etdiyimiz mədəni mətnlər və tətbiqlər bizim fikrimizcə, postmodern probleminə bir həll yolu təklif etmir (qavrayışı isə postmoderndir). Əks iddialara baxmayaraq, metamodernizmi konseptuallaşdırmağımız sosial hərəkatlar (İşğal et hərəkatı, Çay dəstgahı), formal ifadələr (New Sincerity, Freak Folk) və yanaşma (Spekulyativ realizm, OOO) kimi qəbul ediləcək bəzi yeniliklər hesaba qatılsa da, o, nə bir manifest,  nə bir sosial hərəkat, nə formal bir ifadə, nə də yanaşmadır. Metamodernizm qlobal kapitalizmin bugünkü səviyyəsinə uyğun gələn kulturoloji məntiq olduğu kimi, eyni zamanda, postmoderninin içindən çıxaraq ona reaksiya göstərən duyğu strukturudur. Beləliklə, metamodernizm məhsuldar ziddiyətlərdə, azalan gərginliklərdə, ideoloji formasiyalarda və  – dürüst olsaq – qorxunc yeniliklərdə də (get-gedə dəbə minən əcnəbi düşmənçiliyi ilə mübarizə aparmaqdakı çatışmazlığı ağla gətirir) özünə yer tapmaqdadır. Bəzi baxımlardan optimist olmağımız üçün səbəblər var; xeyli cəhətdən isə əvvəlkindən daha betər bir vəziyyətdə olduğumuzu düşünürük. Buna görə də, nə postmodernin sonuna çatmaqda olduğunu bayram etdiyimizi, nə də zorla metamodern bir gündəm yaratdığımızı qeyd edirik.

İkincisi və ən vacibi, hissin strukturu və kulturoloji məntiq olaraq metamodernizm, köhnə, təcrid edilmiş hadisələrdən daha çox, çağdaş sənət və mədəniyyət istehsalında aparıcı meyillərin sistematik şəkildə təhlil edilməsiylə formalaşdırılıb. Üstəlik, ortaq zəmində həmrəy olmağın qeyri-mümkünlüyünə, sürüşkənliklərə və postmodern məcazlara bağlılıqlarına görə bu meyillər, Furlani və Dumitresku tərəfindən ifadə ediləndən (əslində, burada bəhs etmədiyimiz digərlərinin fikirlərindən də) xeyli cəhətdən fərqlidir. 2000-ci illərin əvvəlində vizual sənətlərdə baş verən romantik transformasiyalarla bağlı araşdırmamız buna ən tipik nümunədir. Bu araşdırma fərdi əsərlərdən külliyatlara, hibrid sərgilərdən muzey sərgilərinə qədər çoxsaylı çağdaş kulturoloji mətndən ibarətdir. Şübhəsiz ki, yenə də çatışmazlıqları var. Məsələn, Deni Rudolfun açıq-aşkar şəkildə neo-romantik olan araşdırmasıyla ortaya çıxan çağdaş mədəniyyətdəki millətçi (amma faşist olmayan) meyilləri öz işimizə daxil etməkdə uğursuz olduq. Araşdırmamızın və bu kitabdakı hissələrin tutarlı xüsusiyyəti, mövcud tarixi anın təndiqi üçün başlanğıc nöqtəsi olması və mədəni mənada aparıcı hadisələrin mətn analizini ehtiva etməsidir.

Üçüncüsü, intuitiv və təsnifləşdirici bir təyin kimi metamodernizm, sintez, harmoniya, konsensus və s.-dən daha çox, “yırğalanma” ilə xarakterizə edilmişdir. Yırğalanma, bu günün sənət təqdimatlarında, mədəni mediasiyada (vasitəçilik) və siyasi diskursda təzahür edən aparıcı istiqamətləri üçün icmal xarakterli təyindir. Postmodern “Holiday from history” – Qlobal Şimalın əmtəələşmiş və birləşmiş konfort zonalarında dialektikanın durma nöqtəsinə gəldiyini bəyan edərkən, indiki tarixi an, dialektikanın yenidən hərəkətə gəldiyini, ya da nataraz təbiəti ucbatından indiyə qədər konkret və sabit olanı fasiləsiz şəkildə aşıb keçən və dağıdan mütəmadi yırğalanma halında olduğu hissini yaradır.

 

Hissin strukturu

Əvvəlki mübahisələrimizdən aydın olduğu kimi, metamodernizmi ilk növbədə və hər şeydən vacib şəkildə, Reymond Vilyamsın diliylə desək, “bir hiss strukturu” kimi başa düşürük; həssaslıq, emosional təsirlənmə, strukturun formasını təyin edəcək qədər nüfuzedicidir, intensivdir. “Hiss strukturu” müəyyən mənada fikir qarışdıran anlayışdır… Okonnorun da dediyi kimi, tədqiqatçılar onu, əksəriyyəti bir-biriylə harmonik olmayan xeyli formada istifadə ediblər. Bəziləri ondan, klassik marksist qavrayışdakı kimi mədəni bir üst qurum, daha Qramşiçi düşüncənin tərəfdarları isə ondan mədəni hegemonik ünsür kimi söz açıblar. Hissin strukturu bəzən həssaslıq, bəzən də ədəbi strategiya xüsusiyyəti göstərməkdədir. Bundakı qəbahətin bir hissəsi Vilyamsın boynuna düşür. Sözügedən anlayışın Vilyamsın düşünmə formasının nə qədər mərkəzində olduğunu nəzərə alsaq, təəccüblü şəkildə Vilyamsın “hiss strukturu”nu heç vaxt sistematik şəkildə inkişaf etdirmədiyini görüləcək. Mövzunu, digər düşüncə formalarını izləmədən, kitablar və məqalələr boyunca necəgəldi ifadə edib. Simpsonun dediyi kimi, nəticədə hissin strukturu açar anlayış kimi, bəzən ümumi cəhətləriylə təməl problemləri və həll olunmayan qeyri-müəyyənlikləriylə birgə istifadə edilib.

Vilyams hissin strukturu anlayışını ilk dəfə 1954-cü ildə Maykl Orra ilə birlikdə yazdığı kino tənqidi ilə bağlı kiçik kitabda ifadə edib. “Filmə önsöz” kitabı, bəlkə də, nəzəri zəifliyi ucbatından ciddiyə alınmasa da, yenə də Vilyamsın hissin strukturu anlayışını izah edərkən qabartmaqda israrlı olduğu kəskin bir fəhm daşıyır. Vilyams hissin strukturu ilə bağlı belə deyib: “O, həyatlarımızın içində basdırılıb. Onu təkbaşına çıxartmaq və yığıb-yığışdırmaq mümkün deyil; bəlkə də, ancaq sənətdə (bu, sənətin əhəmiyyətidir) bütöv bir təcrübə kimi təsbit edilə və başqalarına ötürülə bilər.” Başqa cür desək, hissin strukturu bir hissiyatdır, hamının bölüşdüyü və hamının fərqində olduğu, amma bəziləri elə düşünməyəndə/hiss etməyəndə də açıq şəkildə niyə o cür düşünməli/hiss etməli olduqlarıyla bağlı çətinə düşməyəcəkləri bir hissdir. Hiss strukturunun mənası zaman və məkanın ortaq təcrübəsini ifadə etmək bacarığına sahib olan sənətdə müşahidə oluna bilər. Əgər bu vəziyyət bu gün, yəni poststrukturalizmdən və humanitar elmlərin kvantifikasiyasından on illər sonra hələ də qeyri-müəyyən görünürsə, Vilyamsın demək istədiyi dəqiq şəkildə budur: “Keçmiş dövrün tədqiqatında həyatın müəyyən tərəflərini ayıra bilər və onlara sanki müstəqildirlər kimi yanaşa bilərik, ancaq bu vəziyyətin onların necə təcrübədən keçirildikləriylə bağlı yox, onlar barəsində necə tədqiqat aparılmasıyla bağlı olduğu aydındır. Hər ünsürü bir çöküntü kimi analiz edirik, ancaq zamanın yaşanan təcrübəsində hər element bütöv bir zamanın ayrılmaz hissəsi olan məhlulda idi. Sənətin təbiəti baxımından sənətçinin təsvir etdiyi bu cür bütövlük düzgün görünməkdədir; əvvəla, hissin dominant strukturu olan bütövlüyün təsiri sənətin içində mövcuddur və sənətdə ifadə edilir. Bir sənət əsərini göz önündəki bütövlüyün hər hansı hissəsiylə əlaqələndirmək müxtəlif cür yararlı ola bilər, amma istənilən bir adamın bir işi ən kiçik hissələrinə qədər bölüb ölçdüyü hallarda, yenə də ən kənarda bənzərsiz bəzi elementlərin qalması təhlillərdə tez-tez rast gəldiyimiz haldır. Bu element “bir dövrün hissiyatının strukturu” şəklində adlandırdığımız şeydir.”

Səməni (malt) və taxılın sintezindən əldə edilən viskini içənlərin bildiyi kimi, bir çəlləkdən doldurulan viskilər ilə sahil viskiləri duza görə müəyyənləşən ləzzətləriylə təyin edilir/tanınırlar. Ancaq bu viskilər tərkiblərini elan edərkən duzdan bəhs etməzlər. Bir çəlləkdən doldurulan bütün viskilər kimi, alkaqol təkcə cücərmiş taxıl (əksərən arpa, bəzən də çovdar) mayası və suyundan ibarətdir. Tərkibində yazılmasa da, içindəki bəlli duzluluq, güman ki, dəniz küləyi ilə mayaya qarışır. Vilyams “Filmə önsöz” kitabında hissin strukturu anlayışını eyni cür izah edir: mədəniyyətin bir elementi olaraq hissin strukturu mədəniyyəti əhatə edir, ancaq bütövün ayrıca inqridiyenti kimi görünmür. (…)

________

[1] Postmodernizm haqqında Ceymisonun ifadəsi, Stefanson 1988, səh. 3-30

 

Tərcümə edən: Qismət   

OXŞAR XƏBƏRLƏR