2002-ci ildən bu günə qədər 13 minə yaxın tarixi əsər Türkiyəyə təhvil verilib. 2025-ci ilin əvvəlindən etibarən isə müxtəlif ölkələrdən 23 dəyərli əsər ana vətəninə qaytarılıb.
Daha.az xəbər verir ki, əsərlərin qaytarılması Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin koordinasiyasında həyata keçirilir. Nazirliyin mütəxəssisləri muzeylər, auksion kataloqları və sənət ticarəti ilə məşğul olan qurumların saytlarını mütəmadi olaraq izləyir, əsərlərin izinə düşür, sonra isə hüquqi prosedurlar başladılır.
Tarixi əsərlər Bəhreyn, Kanada, ABŞ, İngiltərə və İsveçrə kimi ölkələrdən Türkiyəyə gətirilib. Bəziləri könüllü şəkildə təhvil verilən mədəniyyət nümunələri arasında saxsı və gil qablar, qəndil, qolbaqlar, keramika lövhələr, Helenistik dövrə aid kiçik bir məzar daşı, Son Tunc dövrünə aid qızıl heykəlciklər, qızıl sırğalar, Roma dövrünə aid şüşə qablar, 1268-ci ilə aid İbn Berrecana məxsus əlyazma da var. Ən diqqət çəkən tarixi əsər isə Roma imperatoru Mark Avreliyə aid bürünc heykəldir.
Qeyd edək ki, Türkiyəyə təhvil verilən 23 əsər hazırda müxtəlif muzeylərdə nümayiş olunur.