2025-2026-cı illər “Tanpınar İli” elan edildi

“Hüzur”, “Saatları qurma institutu”, “Beş şəhər”, “Aydakı qadın” kimi əsərləri ilə məşhurlaşan görkəmli yazıçı Əhməd Həmdi Tanpınarın xatirəsi Bursada yad edilib.

Daha.az xəbər verir ki, Bursa Böyükşəhər Bələdiyyəsi 2025-ci ilin iyul ayından 2026-cı ilin iyuluna qədər olan dövrü türk ədəbiyyatının mahir qələm ustası Əhməd Həmdi Tanpınarın xatirəsinə həsr edərək “Tanpınar İli” elan edib.

Əsərlərində Bursa şəhərinə geniş yer ayıran və bir çox yazıçıya ilham mənbəyi olan Tanpınarın irsi bu dəfə musiqidən teatra, rəsm və plastik sənət nümunələrindən ədəbiyyata qədər bir çox istiqamətdə təqdim olunacaq. İl ərzində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur: yazıçılarla görüş və ustad dərsləri, musiqi, rəsm və digər incəsənət sahələrində ilham qaynağını Tanpınar yaradıcılığından götürən interaktiv tədbirlər, təhsil müəssisələrində şagirdlərlə “Tanpınarla tanışlıq” adlı görüşlər, “Beş şəhərin izi ilə” adı altında yazıçının həyat və yaradıcılığına bağlı bölgələrə ekskursiyalar, Tanpınarın əsərlərində adı çəkilən musiqi hissələrindən ibarət repertuarı olan konsertlər, rəqs teatrı, sənədli film və yazıçının əsərlərindən biri əsasında hazırlanmış xüsusi səhnə əsərinin nümayişi.

Qeyd edək ki, ilin sonunda keçiriləcək milli simpoziumla “Tanpınar İli” başa çatacaq və bu münasibətlə xüsusi mükafat təqdim olunacaq.

OXŞAR XƏBƏRLƏR