İlk ətir şüşələri – Şərqdən Qərbə yayılan qoxu

Antalyanın Qaş rayonu sahillərində aparılan arxeoloji qazıntılar zamanı, təxminən, 1100 il əvvələ aid şüşə ətir qabları tapılıb.

Daha.az xəbər verir ki, tapılan 485 artefakt Beynəlxalq Arxeologiya Simpoziumu və Arxeologiyanın Qızıl Dövrü sərgisində ilk dəfə nümayiş etdirilib.

Sərgidə Abbasilər dövrünə aid hündürlüyü 6-7 santimetr olan 15 ədəd ətir şüşələri ziyarətçilərin xüsusi marağına səbəb olub.

Ehtimal olunur ki, bu tapıntılar Qəzza və Fələstinin digər şəhərlərində istehsal olunmuş zeytun yağı dolu amforaları daşıyan gəminin qalıqlarıdır.
Bu şüşə qablar Şərqdən Qərbə ətir ixracının ən qədim nümunələrindən biri ola bilər.

Qazıntılar zamanı, həmçinin zeytun çəyirdəkləri olan amforalar və o dövrün məşhur ətirləri – gül yağı, müşk və ənbər saxlandığı ehtimal edilən qablar aşkarlanıb. Mütəxəssislər bildirib ki, həmin dövrdə Avropada hələ ətir mədəniyyəti formalaşmamışdı, şüşə və ətir texnologiyası isə Şərqi Aralıq dənizi bölgəsindən Qərbə doğru yayılırdı.

OXŞAR XƏBƏRLƏR