York şəhərində tarixi bir binanın “ölkənin ən böyük müstəqil kitab mağazasına” çevrilməsi ilə bağlı planlar mədəni irsə zərər verəcəyinə dair etirazlara baxmayaraq təsdiq olunub.
Topping & Company şirkətinə York şəhərində, Museum və Blake küçələrinin küncündə yerləşən II dərəcəli tarixi binada 6000 kvadrat fut (557 kvadrat metr) sahəsi olan bir mağaza açmaq üçün icazə verilib.
Daha əvvəl, binaya aralıq mərtəbə əlavə edilməsinin onun orijinal quruluşuna zərər verə biləcəyi və tarixi izlərin silinməsinə səbəb ola biləcəyi ilə bağlı narazılıqlar bildirilmişdi. Ancaq bu həftə baş tutan iclasda şirkətin Böyük Britaniyada dörd ədəd başqa mağaza işlətdiyi və tarixi məkanlarda zövqlə dizayn edilmiş kitab mağazaları yaratmaq sahəsində uğurlu təcrübəsi olduğunu söylənilib. Binanın getdikcə dağılan bir tarixi abidə kimi qalmağındansa, dəyişiklik nəticəsində gələcəkdə də istifadəsinin mümkün olacağı variantı müzakirə edilib.
1860-cı ildə tikilmiş bu bina əvvəlcə York Kasıblara Yardım İttifaqının qərargahı kimi istifadə olunub və daha sonra turizm məlumat mərkəzi kimi fəaliyyət göstərməyə başlayıb. Hal-hazırda 4 ildir ki, istifadəsiz qalıb.
Şirkət yeni mağazada 30 iş yeri yaradılacağını və 75000 adda kitabın rəflərdə yer alacağını bildirib.
Mağazanın payız aylarında açılması planlaşdırılır.