Yer tarixinin ən qısa günlərindən biri

 

Siz mikrosaniyəlik fərqi hiss etməsəniz də bu gün – 5 avqust, çərşənbə axşamı tarixdə qeydə alınmış ən qısa günlərdən biri olacaq. Planetin fırlanması o qədər sürətlənib ki, bu gün adi bir gündən 1,25 millisaniyə daha qısa olacaq.

Əksəriyyət üçün “ilin ən qısa günü” adətən 21 dekabr – Günəşin ən gec doğub ən tez batdığı gündür. Lakin 2025-ci ilin ən qısa günləri əslində iyul və avqust aylarına təsadüf edir. Bu yay Yer kürəsi öz oxu ətrafında daha sürətlə fırlanır.

Alimlər uzun illərdir ki, Yer fırlanmasının sürətindəki dəyişiklikləri izləyir. Ayın cazibə qüvvəsi və planetin daxili nüvəsindəki hərəkətlər bu sürətə təsir edə bilir. Amma bu dəfəki sürətlənmə müvəqqəti dalğalanma deyil, tendensiyaya çevrilə bilər.  Əgər Yer fırlanma sürətini beləcə artmağa davam etsə, qlobal iqlim tarazlığı və insan biologiyası ciddi şəkildə təsirlənə bilər. Planet daha sürətlə fırlandıqca mərkəzdənqaçma qüvvəsi artır, bu da okean sularının qütblərdən ekvatora axmasına səbəb olur. Nəticədə ekvator zonasında dəniz səviyyəsi santimetrlərlə yüksələ bilər, bu isə sahilyanı şəhərlər üçün dağıdıcı nəticələr doğura bilər. Bu hal quru sahələrin su altında qalma təhlükəsini aktuallaşdırır.

Yer kürəsində bir gün 24 saatdır və insan orqanizmi bu ritmə uyğunlaşmışdır. Əgər fırlanma daha da sürətlənərsə və günlər məsələn, 22 saata düşərsə, yuxusuzluq, hormonal pozuntular, xroniki yorğunluq və psixoloji gərginliklər baş qaldıra bilər. Mütəxəssislər hesab edir ki, bu cür bioloji və psixoloji dəyişikliklərə insanların tam uyğunlaşması çətin, bəziləri üçün isə demək olar ki, mümkünsüz olacaq.

Atom saatları ilə aparılan dəqiq ölçmələr göstərir ki, bu cür mikrosaniyəlik sapmalar son illərdə artmaqdadır. Elm insanları hələlik ciddi təhlükə siqnalı verməsə də, diqqətli olunması barədə xəbərdarlıq edir. Əgər bu sürət artımı davam edərsə, 24 saatlıq gün anlayışı gələcək nəsillər üçün sadəcə nostalji xatirəyə çevrilə bilər.