Britaniyalı yazıçı Endryu Miller tarixi romanlara verilən nüfuzlu Valter Skott mükafatını qazanıb. O, bu mükafata daha əvvəl iki dəfə namizəd göstərilmişdi, lakin qalib ola bilməmişdi. Bu dəfə isə Melrouzdakı Borders Kitab Festivalında keçirilən tədbirdə qalib elan edilib və 25 min funt sterlinq pul mükafatı ilə təltif olunub.
Millerin qalib olan əsəri “The Land in Winter” (Qışda Həyat) 1962–1963-cü illərdə keçən soyuq və çətin bir qış dövründə ucqar bir İngiltərə kəndində yaşayan insanların həyatından bəhs edir. Əsər müsabiqənin tələbinə əsasən ən azı 60 il əvvəl baş verən hadisələri əks etdirməli olan “tarixi roman” kateqoriyasına güclə uyğun gəlsə də, seçicilərin rəğbətini qazanıb.
Miller özü bildirib ki, bu əsəri yazarkən mərhum valideynlərinin gənclik illərindən və onların tanıdığı insanlardan ilham alıb.
“Yaşlandıqca insanın şəxsi keçmişi artıq tarixə çevrilir və roman yazmaq üçün material olur” – deyə yazıçı əlavə edib.
Xatırladaq ki, 2009-cu ildən bəri təqdim olunan Valter Skott mükafatı Böyük Britaniya, İrlandiya kimi ölkələrdə tarixi romanlara verilir.