Unudulmuş misralardan doğan mətn – Cavanşir Yusifli

Daha.az Cavanşir YusiflininUnudulmuş misralardan doğan mətn” yazısını təqdim edir.

Hər bir ciddi kitab gələcəyindir. Kimsə uzaq və ya yaxın gələcəkdə onu dizləri üstünə alıb möhtaccasına oxuya bilər; kitab unudula da bilər, oxunmaya bilər, ona tələbat gecikər, onu işlədən saat yatar (saatı quranlar da yatar…), onun hansı mətndən başlanması aydın bilinməz. Hər bir kitab üzdən əvvəlki və sonrakı hansısa mətnin doğrultusunda oxunur; dünyada tək oxunan kitab yoxdur. İnsanın içindəki tənqid ruhu, ağıl nişanəsi, düşüncə çevikliyi, ağrı və iztirab — bütün bunlar yalnız həmin kitabın işığı altında düzgün oxuna bilər. Sənin yazdığın kitabın hansı mətnin hansı ilk sözü və ya hərfindən başlaması baş tutunca, yerdən göylərin yeddinci qatına bir ah bülənd olar…

Hər şey iztirabla bağlıdır: ondan doğar, onunla şərh olunar, onun içində boğular.

Yusif Səmədoğlunun “Qətl günü” romanının da güc alıb başlandığı, eyni zamanda keçmişdə itməkdə olan nöqtələrini gün işığına çıxaran mətnlər mövcuddur. Keçmişdən diqqətimizi çəkən hər şey kitabdır, gələcək üçün isə onlar mətn formasına düşür.

İstənilən ciddi nəsr mətnində, görünür, iki əsas qat var: keçmişə qayıdış, onu ələkdən keçirmək və bu ana qədər yaşananları — içini ağrıdan, bəzən sel kimi, bəzən daş-kəsəklə axan hadisələrin hənirini — dəqiq təsvir etmək, içini boşaltmaq. Yusif Səmədoğlu ona görə az yazırdı ki, bu prinsipinə sadiq qalsın: yazı məqamında elə bir detal tapılsın ki, onun ardınca bütün ağrı və iztirab seli görünən hala gəlsin.

Bəzən hansısa nasirin bütün həyat və sənət təcrübəsini ümumiləşdirən romanı uzaq əsrlərin birində yaşamış, indi unudulmuş bir şairin ikicə misrasının mənasını ifadə etməyə xidmət edir. Həmin roman o misraların söykəndiyi dərinliyin şərhi kimi səslənir. İllər boyunca oxuduğumuz romanlarda bu hissi yaşayırıq; sətirlər, səhifələr və fəsillər arasında nələrinsə gözə görünüb yox olduğunu duyuruq. Ədəbiyyat tarixi beləcə möhtəşəmliyi unudulmuşluğun, ovuc içində torpaq kimi gövrəlib toz olmağın yanında təsvir və hifz etməklə məhdudlaşır. Və bundan sonra o misralar tənhalıqdan xilas olur, böyük bir romanın möhtəşəmliyinin içində yaşayır.

Hər bir yeni əsər, böyük istedadla yazılmış hər bir bədii mətn ötən əsrlərdə bizim dildə yaranmış və unudulmuş nəsnələri hifz edir. Kiminsə dodaqlarından qopan istedadlı sözlər, misralar, qocaların çəkdikləri bayatılar, ağılar heç zaman unudulmur; sonrakı əsrlərin bədii mətnlərində yaşamağa davam edir. Yeni əsərlər də məhz o iki misraya, insanların əlacsız halda dedikləri ağılar, bayatılar və xüsusən qoşmalara borcludur.

Söhbət Yusif Səmədoğlunun “Qətl günü” romanından gedir. Bu əsərdə müəllif üçün yaxın və uzaq keçmişin bağlantısından danışmaq mümkündür. Onun üçün yaxın keçmiş atası Səməd Vurğunun “Komsomol” poemasının dərin qatlarında gizlənən mənaların üzə çıxarılmasıdır. Buna iki dəfə cəhd edir: birincisi “Yeddi oğul istərəm” filminin ssenarisində, ikincisi “Qətl günü” romanında. Uzaq keçmiş isə yalnız yazıçının bildiyi misralardır; tarixin unutduğu misralar bu möhtəşəm romanın içində, onun ayrılmaz tərkib hissəsi kimi yaşayıb nəfəs alır.

Deməli, keçmişin tənhalığında yaşayan gözəl və unikal, çox vaxt adsız qalmış bir-iki qızıl misra qopduğu məkanı axtarır və onu tapdıqda artıq həmin mətnin ayrılmaz hissəsinə çevrilir. Həsrət bitirmi? Xeyr. Həsrət məhz burada başlayır. Əsl iztirab qovuşma anının içindədir. Qürbətdə uzun bir ömür yaşamaq olar; lakin Vətənə qayıtdığın, onun torpağına, meyvəsinə, çiçəyinə toxunduğun an gözlərin yumulur. Bu, ölüm deyil — bitib-tükənməz yuxulara dalmaqdır; qürbətdə çəkilmiş iztirab filmlərinə bənzər, Martin Skorsezenin filmləri kimi yuxulara…

Başqa bir cəhət də var: Səməd Vurğunun dərd içində dünyadan köçməsi “Qətl günü” müəllifini ömrünün sonunadək təqib edir. Bu roman oxucuya ədəbiyyatda hər hansı məsələyə müxtəlif mövqelərdən yanaşmağı öyrədir.

Bu misralara diqqət edək:

Kürün qumsal sahilində
qaşlarını çataraq,
qamçısını döyür suya
hiddətindən
Gəray bəy…

Üç aydır ki, ormanların
arasında yataraq
əl üzmüşdür vətənindən,
millətindən Gəray bəy.
Qamçısını döyür suya
hiddətindən Gəray bəy!

Gecənin zil qaranlığında Kürün dəli sularına çırpılan qamçının səsi, şübhəsiz ki, “Qətl günü” romanında və yazıçının hekayələrində ifadəsini tapır. Bu səsi bədii mətnin hansısa konkret parçasında fiksə etmək çətindir; çünki barmağını qoymaq istədiyin anda o artıq başqa bir yerdə çarpacaq. Ümumi axarda, mətnin hər bir nöqtəsində bu səs — gecənin qatılığında qara sulara çırpılan qamçının səsi — hiss olunur.

Bədii mətndə təkrarlanan detallar

Fikrimizcə, Yusif Səmədoğlunun “Qətl günü” romanı eyni zamanda onun digər bədii mətnlərinə yazılmış şərhdir və ya şərhlərdən doğan mətndir. Yazıçı yalnız o zaman oxunmaq və başa düşülmək ehtiyacı yaradır ki, bütün əsərləri vahid bir sistem kimi ortaya çıxsın.

“Qətl günü” romanında insanı təşvişə salan heybətli külək ilk dəfə 1960-cı illərdə yazılmış “Soyuq daş” hekayəsində əsir. Burada təbiət hadisələri sadəcə təsvir funksiyası daşımır; insanın daxili vəziyyətinin semantik ekvivalenti kimi çıxış edir. Gecə və gündüzün növbələşməsi, temperatur dəyişməsi, ay işığının cansız obyekt — daş üzərində yaratdığı vizual effektlər qəhrəmanın psixoloji transformasiyasını ifadə edən struktur elementlərə çevrilir. Daşın tədricən soyuması insan münasibətlərindəki mənəvi məsafənin obyektivləşdirilmiş forması kimi oxunur.

Bu estetik prinsip sonrakı mərhələdə, xüsusilə “Astana” hekayəsində daha sistemli və dərin şəkildə reallaşdırılır. Burada təbiət–insan paralelləri mətnin semantik karkasını formalaşdıran əsas mexanizmə çevrilir. Qəhrəmanın davranış modeli ekzistensial qorxu ilə izah olunur: onun əsas motivi cəzadan qaçmaq yox, mənasız əzabla yaşamaq perspektivini rədd etməkdir. Əşyalar utilitar deyil, qərarın dönməzliyini göstərən semiotik işarələr kimi təqdim olunur.

Retrospektiv xatirələr mətnin strukturunda mühüm yer tutur. Keçmişə qayıdışlar xətti zaman anlayışını pozur və şüurun fragmentar işləmə prinsipini ön plana çıxarır. Ananın zəifliyi, pilləkənlərdə dayanması, nəfəs dərməsi kimi detallar nostalji deyil, varoluş yükünün nəsillərarası ötürülməsini göstərən metaforik çərçivə yaradır.

Təhkiyənin tempi ilə psixoloji gərginlik arasında paradoksal münasibət qurulur: hadisələr sürətlə inkişaf etsə də, daxili monoloqlar lənglik effekti yaradır. Bu, insan şüurunun kritik vəziyyətlərdə zamanı subyektiv qavramasının bədii ekvivalentidir.

“Soyuq daş” və “Astana” hekayələrinin müqayisəsi göstərir ki, birincidə münasibətlərin tədricən sönməsi, ikincidə isə həyat və ölüm, günah və qaçılmazlıq kimi fundamental fəlsəfi kateqoriyalar ön plana çıxır.

Nəticə

Nəticə etibarilə, Yusif Səmədoğlunun nəsrində təbiət və insan arasında qurulan paralellik estetik seçim deyil, ontoloji mövqedir. Təbiət burada neytral mühit yox, insan şüurunun və mənəvi vəziyyətinin obyektivləşdirilmiş formasıdır. Bu yanaşma yazıçının nəsrini psixoloji realizmdən fəlsəfi realizm səviyyəsinə yüksəldən əsas amillərdən biri kimi qiymətləndirilə bilər.

OXŞAR XƏBƏRLƏR